Məhkəmə qərarları › İş №2(104)-695/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-695/2025

26.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-695/2025 26.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: maddi zərər Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X2 ibarət tərkibdə, Məmmədov Miri Fazil oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi zərər tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2(076)-3267/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 26 may 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Şəmkir Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli 1(076)– 89/2024 saylı hökmündən görünür ki, Cavabdeh 23 iyun 2022-ci il tarixdə, saat 21 radələrində texniki cəhətdən saz vəziyyətdə olan ƏN-V N 859247 nömrəli, xx.xx.2021-ci il tarixli “Nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamə” və AE 344831 nömrəli, 28 dekabr 2019-cu il tarixdə verilmiş “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi “Ford tranzit yük” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir-Kür avtomobil yolunun Yeniabad kəndinin ərazisindən keçən hissəsinin 1-ci kilometrliyində, Şəmkir rayonu Kür qəsəbə istiqamətinə saatda 50 km sürətlə hərəkətdə olarkən “Yol hərəkəti hhaqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla, yəni hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və metroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda Qanununun qeyd olunan tələblərinə riayət etməyərək, həmin vaxt yolu ona tərəf hərəkət zolağında soldan sağa doğru istiqamətdə keçmək istəyən piyada İddiaçı vuraraq ehtiyatsızlıqdan zərərçəkmiş İddiaçı qapalı kəlləbeyin travması, təpə nahiyəsinin və sağ periorbital nahiyənin dərialtı hematoması, sağ maksiyar sinusun ön divarının xətti sınığı, alt dodağın və çənəlatı nahiyənin əzilmiş yaraları, baş beyinin orta dərəcəli əzilməsi, qarının qapalı küt travması, qaraciyərin intraparenximatoz hematoması, qaraciyərin və sağ böyrəyin laserasiyası, daxili qanaxma, sağ bud sümüyünün qapalı, qəlpəli, yerini dəyişmiş sınığı, sol əlin arxa səthinin sıyrığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına ağır zərər vurulmasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir.

2. X7 tərəfindən verilmiş 25 iyun 2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, İddiaçı həkim müayinəsi üçün 40 manat, bud sümüyünün rentgen müayinəsi üçün 60 manat ödənilmişdir.

3. X4 Mərkəzi tərəfindən verilmiş 26 oktyabr 2024-cü il tarixli 444 saylı arayışdan görünür ki, İddiaçı 24 iyun 2022-ci il tarixdən 23 yanvar 2023-cü il tarixədək X4 Mərkəzində müayinə və müalicə olunmuş və həmin müddətdə müayinə və müalicə üçün 9244 (doqquz min iki yüz qırx dörd) manat ödəniş etmişdir.

4. Ödəniş qəbzlərindən görünür ki, "xxxx" MMC-nə İddiaçı xidmət göstərilməsi üçün 28 iyun 2022-ci ildə 4300 manat, 24 iyun 2022-ci ildə 4700 manat, 08 iyul 2022-ci ildə 35 manat, 24 avqust 2022-ci ildə 25 manat, 03 oktyabr 2022-ci ildə 40 manat və 24 iyun 2022-ci ildə 482 manat ödəniş edilmişdir. a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı maddi zərər tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ona vurulmuş 5680.79 manat maddi zərərin və 77 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, 23 iyun 2022-ci il tarixdə saat 21 radələrində Gədəbəy rayonu Armudlu kəndindən Şəmkir rayonu Yeni Abad kəndində yaşadıqları evə gələrkən, Şəmkir rayonu Yeni Abad kəndi ərazisində avtomobildən düşüb yolun solundan sağına doğru əks istiqamətdə yolu keçmək istəyən zaman Cavabdeh idarə etdiyi “Ford Transit yük” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu vurmuşdur. Hadisə nəticəsinbdə qapalı kəllə-beyin travması, təpə nahiyəsinin və sağ periorbital nahiyənin dərialtı hematoması, sağ maksiyar sinusun ön divarının xətti sınığı, alt dodağın və çənəaltı nahiyənin əzilmiş yaraları, baş beyinin orta dərəcəli əzilməsi, qarının qapalı küt travması, qaraciyərin intraparenximatoz hematoması, qaraciyərin və sağ böyrəyin laserasiyası, daxili qanaxma, sağ bud sümüyünün qapalı, qəlpəli yerini dəyişmiş sınığı, sol əlin arxa səthinin sıyrığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almışdır. Aldığı xəsarətlərə görə dərhal Gəncə X3 yerləşdirilmiş və 12 gün orada müalicə aldıqdan sonra müalicəsini davam etdirmək üçün evə buraxılmışdır. Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsinə görə Azərbaycan Respublikasının CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib Şəmkir Rayon Məhkəməsinin 1(076)-89/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona maddi ziyan dəymişdir. Belə ki, X4 Mərkəzində stasionar və ambulator müalicə olunduğu müddətdə müayinə və müalicələri üçün 9064.95 manat ödənişlər etmişdir. Həmin ödənişlərdən 3484.16 manat Cavabdeh tərəfindən 30 iyun 2022-ci il tarixdə Gəncə X3 ödənilmişdir. Qalan xərc isə onun tərəfindən çəkilmişdir. Çəkilən xərcin əvəzini cavabdehdən tələb etsədə, lakin cavabdeh bundan imtina etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsindən iki ildən çox müddət keçməsinə baxmayaraq hələdə müalicəsi davam edir. 25 iyun 2024-cü il tarixdə də X5 müayinə olunmuş və 100 manat ödəniş etmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində onun tərəfindən çəkilən 5680.79 manat xərci cavabdehdən tələb edir. Çünki, cavabdehin təqsiri ucbatından baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ağır bədən xəsarətləri alaraq, sağlamlığından məhrum olmuş və qeyd olunan məbləğdə xərc çəkmişdir.

7. Şəmkir Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2(076)-3267/2024 nömrəli qətnaməsi ilə (hakim T.Musayev) İddia təmin edilməsi; Cavabdeh maddi zərərə görə 5680.79 (beş min altı yüz səksən manat yetmiş doqquz qəpik) manat məbləğində pul alınıb İddiaçı verilməsi; Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməsi; Cavabdeh 77 (yetmiş yeddi) manat məbləğində pul alınıb İddiaçı verilməsi qət olunmuşdur.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2-ci maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 213, 216-220, 233 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, onun təqsiri üzündən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı xəsarət alsada, lakin onun bütün müayinə və müalicə xərcləri onun tərəfindən ödənilmişdir. Buna baxmayaraq ddiaçı əsassız olaraq ondan əlavə pul tələb edir. İddiaçı tərəfin təqdim etdiyi ödəniş qəbzlərindəki pulların hamısını o ödəmişdir. Buna baxmayaraq məhkəmə iddianı təmin etmişdir. Əgər o, iddiaçının maddi zərərini ödəməsəydi vaxtında şikayət verərdi. İddiaçı sadəcə ondan istifadə edib maddi rifahlarını yüksəltmək istəyir. İddiaçının bu hərəkətlərinə görə o artıq iflic olmuş, infarkt keçirmiş və nəticədə bir tərəfi işləmir. Etdiyi əmələ görə məhkəmə hökmü ilə cəza çəkir. Lakin hazırkı məhkəmə qətnaməsi ilə hüquqları kobud şəkildə pozulmuşdur. İddiaçıya 30.000 (otuz min) manata qədər maddi zərər ödəsə də, sonuncu ondan əl çəkmir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsindən sonra zərərçəkin İddiaçı Gəncə X3 aparmış, həmin gün o xəstəxanaya getməmiş, 28 iyun 2022-ci il tarixdə qardaşı xəstəxanaya gedərək zərərçəkənin müalicəsi üçün 4300 manat ödəniş etmiş, daha sonra isə ümumilikdə təxminən 30000 manat ödənişlər etmişdir. Eləcədə iddiaçının ona verdiyi etibarnamə əsasında 1500 manat sığorta ödənişi almış və iki gün sonra iddiaçıya vermişdir. Barışdıqları üçün iddiaçı ondan şikayətçi olmamışdır. Buna baxmayaraq iddiaçı ona qarşı pul tələbinə dair iddia qaldırmişdir. Cavabdeh sonda apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətə görə ümumilikdə 9244 manat ödəniş etmişdir. 28 iyun 2022-ci ildə Gəncə X3 ödənilən ödəniş cavabdeh tərəfindən ödənilmişdir. Qalan pullar isə anası tərəfindən ödənilmişdir. Sığorta ödənişi alınması üçün cavabdehə etibarnamə vermiş, eləcədə ödəniş qəbzlərini həmin məqsədlə cavabdeh ondan istəmişdir. Cavabdeh ona çatası 1500 manat sığorta pulunu alsada, lakin həmin məbləğidə ona verməmişdir. Hal-hazırda da, müalicəsi davam etdirilir. Cavabdeh isə həmin ödənişdən əlavə ona heç bir ödəniş etmək istəmir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

17. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

26. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

27. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.

Apellyasiya baxışının hədləri

28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

32. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Cavabdeh 23 iyun 2022-ci il tarixdə, saat 21 radələrində idarə etdiyi “Ford tranzit yük” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir-Kür avtomobil yolunun Yeniabad kəndinin ərazisində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, həmin vaxt yolu ona tərəf hərəkət zolağında soldan sağa doğru istiqamətdə keçmək istəyən piyada İddiaçı vurmuşdur. Hadisə nəticəsində zərərçəkmiş İddiaçı qapalı kəllə-beyin travması, təpə nahiyəsinin və sağ periorbital nahiyənin dərialtı hematoması, sağ maksiyar sinusun ön divarının xətti sınığı, alt dodağın və çənəlatı nahiyənin əzilmiş yaraları, baş beyinin orta dərəcəli əzilməsi, qarının qapalı küt travması, qaraciyərin intraparenximatoz hematoması, qaraciyərin və sağ böyrəyin laserasiyası, daxili qanaxma, sağ bud sümüyünün qapalı, qəlpəli, yerini dəyişmiş sınığı, sol əlin arxa səthinin sıyrığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər almışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(076)–89/2024 saylı hökmü əsasında Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində müayinə və müalicəsi üçün xəstəxanaya ümumilikdə 9244 manat ödənildiyini, həmin məbləğin 3484,16 manatını cavabdeh, qalan hissəsi isə onun tərəfindən ödənildiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmişdir.

33. Kollegiya iddia tələbinin tam təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

34. Belə ki, iş üzrə Cavabdeh 23 iyun 2022-ci il tarixdə, saat 21 radələrində idarə etdiyi “Ford tranzit yük” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi yolnəqliyyat hadisəsi nəticəsində İddiaçı xəsarət alması, eləcədə sonuncunun aldığı xəsarətlə əlaqədar müəyinə və müalicəsi üçün Gəncə X3 ödəniş edilməsi işin mübahisəsiz halıdır.

35. İddiaçı iddia ərizəsində qeyd olunan məbləğin 3484 manatı cavabdeh tərəfindən ödənildiyini, cavabdeh isə həmin məbləğin bütünlüklə onun tərəfindən ödənilməsini iddia edir. Cavabdeh Gəncə X3 edilən bütün ödənişlərin onun tərəfindən edildiyini bildirsədə, lakin onun bu dəlili iş materialları ilə təsdiq olunmur. Belə ki, işdə olan ödəniş qəbzlərindən müəyyən olunur ki, Gəncə X3 təqdim edilmiş qəbzlər əsasında ümumilikdə 9582 manat ödəniş edilmişdir. Ödənişlərin hamısı İddiaçı adından olmuşdur. Buna baxmayaraq iddiaçı iddia ərizəsində 3484 manat cavabdeh tərəfindən verilməsini etiraf etmişdir. Lakin ödəniş qəbzlərinin tarixini, eləcədə xx.xx.2022-ci il tarixdə olan ödənişin cavabdeh tərədindən ödənilməsi barədə tərəflərin izahatlarını nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, ümumilikdə ödənilən 9582 manat ödənişin 4300 manatı cavabdeh tərəfindən ödənilmişdir.

36. Həmçinin məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı hadisədən sonra aldığı xəsarətə görə 1500 manat sığorta ödənişi olmuşdur. Həmin məbləğidə iddiaçının verdiyi etibarnamə əsasında Cavabdeh qəbul etmişdir. Sonuncu sığorta ödənişini aldıqdan iki gün sonra iddiaçıya verməsini bildirsə də, iddiaçı sığorta ödənişinin ona verilmədiyini bildirir.

37. Apellyasiya icraatı zamanı Cavabdeh ödənişlərin onun tərəfindən edilməsinin sübutu kimi xəstəxanadan görüntülərin götürülməsini məhkəmədən xahiş etmişdir.

38. "xxxx" Gəncə Xəstəxanasının 24 may 2025-ci il tarixli, № 229 nömrəli sorğuya cavabdan müəyyən olunmuşdur ki, İddiaçı xəstəxanaya müraciət etmiş, lakin 24 iyun 2022 - 04 iyul 2022-ci il tarixlərində olan video görüntülər artıq mövcud deyil.

39. Göründüyü kimi cavabdehin törətdiyi hüqazidd əməli nəticəsində, İddiaçı səhhətinə ziyan vurulmuşdur. Belə olan təqdirdə iş üzrə cavabdeh iddiaçıya dəymiş zərəri aradan qaldırmalıdır.

40. Yuxarıda da, qeyd olunduğu kimi iddiaçıya aldığı xəsarətə görə 1500 manat sığorta ödənişi verilmişdir. İşin bu halı tərəflərin izahatları ilə də, təsdiq olunur. Ümumilikdə Gəncə X3 İddiaçı müalicəsi üçün ödənilmiş 9582 manatın 4300 manatı cavabdeh tərəfindən ödənilmişdir. Belə olan təqdirdə iddiaçının ödədiyi məbləğ 5242 manat təşkil edirki, bundan da sığorta şirkəti tərəfindən ödənilən 1500 manat sığorta ödənişini də nəzərə alsaq, cavabdehdən iddiaçının xeyrinə ödənilməli olan məbləğ 3782 manat təşkil edir. İşə baxan birinci instansiya məhkəməsi isə işin qeyd olunan bu halını araşdırmadan iddianı tam təmin etmişdir.

41. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Şəmkir Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2(076)- 3267/2024 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmalı, İddiaçı Cavabdeh qarşı 5680,79 manat maddi zərər tələbinə dair iddia qismən təmin edilməli, Cavabdeh 3782 manat alınıb İddiaçı verilməli, eləcədə ödənilmiş dövlət rüsumunun əvəzi qismində cavabdehdən 57 manat manat alınıb iddiaçıya verilməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

43. İşdən görünür ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2(076)-3267/2024 nömrəli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı 5680,79 manat maddi zərər tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 3782 manat maddi zərər, eləcədə ödənilmiş dövlət rüsumunun əvizi qismində 57 manat alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar