Məhkəmə qərarları › İş №2(104)-696/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-696/2025

17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-696/2025 17.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işi üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-3586/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları İddiaçı cavabdehin qardaşı Bayram Qasımovla evlənmiş, birgə nikahdan bir nəfər uşaqları doğulmuşdur. X3 xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində ölmüşdür. Bundan sonra iddiaçıya ailə başçısının itirilməsinə görə müavinət təyin edilmiş, həmin müavinət "xxxx" ASC tərəfindən iddiaçının adına olan kart hesabına köçürülmüşdür. İddiaçı bildirməsinə görə cavabdeh iddiaçının verdiyi etibarnamə əsasında həmin kartı götürmüş və anasına vermişdir. Cavabdeh iddiaçının adına olan kart hesabından 1453 manat pulu götürmüşdür. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1453 manat pulun və ödənilmiş 34,53 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X3 xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Həmin vaxt ailə başçısının itirilməsinə görə dövlətin aidiyyatı qurumu tərəfindən müvafiq müavinət təyin edilmiş, həmin müavinət "xxxx" ASC tərəfindən onun adına olan kart hesabına köçürülmüşdür. Ərinin ölümü ilə bağlı mərasim davam etdiyi üçün bank kartını götürməsini qayını Cavabdeh xahiş etmiş, bu məqsədlə onun adına etibarnamə vermişdir. Qayını isə kartı götürərək anası Aytənə vermişdir. X6 mərasimi bitdikdən sonra cavabdehin ailə üzvləri onunla kobud davranmış, bu səbəbdən xx.xx.2024-cü il tarixdə azyaşlı uşağını da götürərək atası evinə getmişdir. 2024-cü ilin iyun ayında cavabdehin adına verdiyi etibarnaməni ləğv etdirmiş, həmçinin kartı blok etdirmişdir. Bundan sonra banka müraciət edərək yeni kart almışdır. Həmin vaxt müavinəti çıxarmaq istəmiş, lakin pul vəsaitində çatışmamazlıq olmasını görmüşdür. Bundan sonra bank hesabından çıxarış əldə etmiş və 29 may 2024-cü il tarixdə 3 dəfə olmaqla, cəmi 1.453 manat pulun çıxarılmasını bilmişdir. Bu səbəbdən Şəmkir RPŞ-yə müraciət etmiş, lakin tələbi mülki xarakterli olması səbəbindən ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Dəfələrlə cavabdehdən və anasından pulun tələb etsə də, onlar pulu qaytarmaqdan imtina etmişlər. Bu səbəbdən məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Odur ki, Cavabdeh 1.453 manat pulun və ödənilmiş 34,53 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahatında bildirmişdir ki, qızı Yamən cavabdehin qardaşı Bayram Qasımovla evlənmiş, birgə nikahdan bir nəfər uşaqları doğulmuşdur. X1 xx.xx.2024- cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Onun vəfatından sonra ailə başçısının itirilməsinə görə dövlətin aidiyyatı qurumu tərəfindən müvafiq müavinət təyin edilmiş, həmin müavinət "xxxx" ASC tərəfindən iddiaçının adına olan kart hesabına köçürülmüşdür. İddiaçı həmin kartın götürülməsinə görə cavabdehin adına etibarnamə vermiş, lakin cavabdeh iddiaçının razılığı olmadan həmin kartı öz anasına vermişdir. Eləcə də, qızının qayınanası onu yola verməmiş, bu səbəbdən qızı xx.xx.2024-cü il tarixdə onların evindən çıxmışdır. Bundan sonra, yəni xx.xx.2024-cü il tarixdə cavabdeh iddiaçıya məxsus bank kartından 1.453 manat pul çıxarmışdır. Bundan sonra təmsil etdiyi şəxs dəfələrlə cavabdehə müraciət edərək həmin pulu tələb etsə də, cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Cavabdeh nümayəndəsi məhkəmə iclasında izahatında bildirmişdir ki, oğlu Bayram Qasımov xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Onun vəfatından sonra, yəni xx.xx.2024-cü il tarixdə gəlini İddiaçı azyaşlı uşağını da götürüb onların evindən çıxmışdır. Oğlunun ölümündən sonra ailə başçısının itirilməsinə görə müavinət təyin edilmiş, xx.xx.2024-cü il tarixdə həmin müavinətin 1.453 manatını çıxarmışlar. Hazırda iddianı əsassız hesab edir. Belə ki, oğlunun vəfatından sonra onlar 3 ay iddiaçıya baxmış, onun tələbatlarını qarşılamışdır. Belə olan halda həmin məbləğ onlara çatmalıdır. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-3586/2024 nömrəli qətnaməsi ilə (hakim Z.Allahyarov) iddia təmin edilmiş, Cavabdeh 1.453 (bir min dörd yüz əlli üç) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş manat dövlət rüsumu cavabdehə aid edilməsi,. Cavabdeh 34,53 (otuz dörd manat əlli üç qəpik) manat məbləğində pul alınıb İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıya məxsus bank kartında olan 1.453 manat pulu çıxarmış və anasına vermişdir. Şəmkir RPŞ-də aparılan araşdırma zamanı da Cavabdeh izahatında həmin halı etiraf etmiş, xx.xx.2024-cü il tarixdə Yamənə məxsus kartdan 1.453 manat pulu çıxarıb anası Aytənə verməsini bildirmişdir. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157,1091-ci maddələrinə istinad etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı onun kartında olan 1453 manat pulu kartdan çıxardığını göstərib hazırda həmin məbləğdə pulu ondan tələb etsə də, onun iddiaçıya məxsus pulu həqiqətən əldə edərək, ona maddi ziyan vurmağını təsdiqləyəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirdi ki, onlar kartı və pulu iddiaçıya vermişlər. 1453 manat pulu kartdan çıxarmışıq. İddiaçı ata evində gedəndən sonra oğluna zəng edərək pulunun olmadığını bildirmiş və onlar kartı, pulu ona vermişlər. İddiaçı puln ona verilmədiyini sübut etsin. İddiaçı məhkəmə iclasında izahatımnda bildirdi ki, 27 may tarixində onu evdən çıxardıqdan sonra zəng edərək kartını istəmişdir. Kartı qaytardıqdan sonra icində 63 qəpik pul olduğunu aşkar etmişdir. Cavabdeh sübut etsin ki, ona pul vermişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.... Maddə 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdehin qardaşı Bayram Qasımovla nikaha girmiş və birgə nikahdan bir uşaqları doğulmuşdur. X3 xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində ölmüşdür. Bundan sonra ailə başçısının itirilməsinə görə müavinət təyin edilmiş, həmin müavinət "xxxx" ASC tərəfindən iddiaçının adına olan kart hesabına köçürülmüşdür. Eyni zamanda müəyyən edilmişdir ki, həmin kart hesabına dair plastik kart cavabdehdə olmuş və cavabdeh tərəfindən kart hesabından 1453 manat pul götürülmüşdür. Müəyyən edilmiş hallar işin mübahisəsiz halları olmaqla tərəflər bu halların həqiqiliyini mübahisələndirmir. İşin cavabdeh tərəfindən mübahosələndirilən halı ondan ibarətdir ki, iddiaçıya maddi ziyan vurulmadığı və 1453 manat pulun iddiaçıya qaytarıldığından ibarətdir. Məhkəmə qeyd edir ki, hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. İddiaçının ona plastik kart hesabından cavabdeh tərəfindn 1453 manat pulun götürüldüyünə dair iddia dəlilləri cavabdeh tərəfindən qəbul olunduğundan sübut olunmuşdur. Lakin cavabdeh tərəfindən 1453 manat pulun iddiaçıya qaytarıldığına dair dəlilləri hər hansı sübutlarla təsdiq olunmur ki, iddiaçı bu halı inkar edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində sonuncu əsassız varlanmışdır ki, əsassız varlanma nəticəsində əldə edilənlər eyni ilə qaytarılmalıdır. Məhkəmə qeyd edir edir ki, cavabdeh heç bir hüquqi əsas olmadan pul vəsaitini əldə etdiyindən pul vəsaitini iddiaçıya qaytarmaq öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz. Belə ki, tələb olunan məbləğ 5000 manatdan azdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-3586/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar