Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-698/2025 16.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra QSC) Cavabdeh qarşı iş üzrə Açar sözlər: kredit müqaviləsinin ləğv edilməsi və pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(023)-1462/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 16 aprel 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 13 iyul 2023-cü il il tarixli karta dair xidmətlərin göstərilməsi haqqında LCO231940180 saylı müqaviləyə surətindən görünür ki, Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli karta dair xidmətlərin göstərilməsi haqqında LCO231940180 saylı müqaviləyə əsasən, cavabdehin sifariş ərizəsi əsasən onun adına X4 My Card debit növlü kart hesabı açılmış və 4302********9844 nömrəli kart cavabdehə təhvil verilmişdir.
2. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin 11 iyul 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 13 iyul 2023-cü il tarixli, LCO231940180 nömrəli X4 My Card kartı üzrə ödənilməmiş əsas borc qismində 186,26 EUR borcu yaranmışdır.
3. Hesabdan çıxarışın surətindən görünür ki, Cavabdeh 13 iyul 2023-cü il tarixli, LCO231940180 nömrəli X4 My Card kartı üzrə ümumi 10511,39 EUR mədaxil olmuş, 10697,65 EUR məxaric olunmuş və nəticədə qalıq borc 186,26 EUR təşkil etmişdir.
4. 25.11.2019-cu il tarixli Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”nə əsasən cavabdeh Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir.
5. “Kart məlumatlarının dəyişdirilməsi və yenidən buraxılması barədə” xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı QSC-yə kart hesabının bağlanması üçün müraciət edilmiş və bank tərəfindən qeyd olunan ərizə qəbul edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, 13 iyul 2023-cü il tarixli, LCO231940180 nömrəli kredit müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 186,26 EUR məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli karta dair xidmətlərin göstərilməsi haqqında LCO231940180 saylı müqaviləyə əsasən, cavabdehin sifariş ərizəsi əsasən onun adına X4 My Card debit növlü kart hesabı açılmış və 4302********9844 nömrəli kart cavabdehə təhvil verilmişdir. Kartın və PİN kodun Cavabdeh tərəfindən alınması təsdiq olunur. xx.xx.2024-cü il tarixində kart vasitəsi ilə cavabdeh tərəfindən aparılan əməliyyat zamanı texniki overdraft nəticəsində, yəni istinad olunan kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyat aparılmışdır. Belə ki, texniki overdraft nəticəsindən artıq məbləğdə aparılan əməliyyat 186.26 EUR təşkil edir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, cavabdeh overdraft nəticəsində yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli məktubla xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. Tərəflər arasında bağlanmış yuxarıda qeyd edilən ərizəyə əsasən, Cavabdeh Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmçinin Cavabdeh ərizə və ya istənilən digər öhdəliklər üzrə Banka ödəməli olduğu vəsaitin, o cümlədən göstərilmiş Bank Xidmətlərinə görə xidmət haqqının və bank hesabına səhvən mədaxil edilmiş məbləğlərin ödəmə tarixindən etibarən onun Bankdakı hesablarından birtərəfli qaydada Bankın xeyrinə silinməsinə etiraz etmədiyini bəyan etmişdir.
8. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(023)-1462/2024 nömrəli qətnaməsi (hakim Elçin Mansırov) ilə, iddianın təmin edilməsi, Cavabdeh İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə əsas borcun əvəzi qismində 186,26 EUR və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit məbləğini cavabdehə vermişdir. Cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən tutulmalıdır. Belə ki, iddiaçının (bankın) təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə verilmiş borcun ödənilməmiş hissəsini, ona hesablanmış faizlərin və cərimənin qaytarılmasını cavabdehdən tələb etməkdə haqlıdır.
10. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 13 iyul 2023-cü il tarixli, LCO231940180 nömrəli kredit müqaviləsi üzrə 186,26 EUR cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1, 448.1 və 739.1-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 107, 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(023)-1462/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçının tələbi də kredit müqaviləsi üzrə borcun ödənilməsi deyil, kartdan istifadə zamanı texniki overdraft nəticəsində yaranmış borcun ödənilməsindən ibarətdir. Lakin, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində məhkəmə araşdırmasının nəticəsi kimi “cavabdehin ikredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etmədiyini, ödəniş cədvəlini pozduğunu” qeyd edərək mübahisəyə tətbiq edilməməli olan maddi hüquq normasını tətbiq etmişdir. O, xx.xx.2023-cü ildə banka ərizə ilə müraciət edərək 4302********9844 №-li kart hesabını bağlatdırmışdır. Bu tarixdən sonra həmin kartla əməliyyat aparmamış və apara da bilməzdi. Ona görə də guya xx.xx.2024-cü ildə, yəni kart hesabı bağlandıqdan 2 ay 12 gün sonra kartla əməliyyat aparılması barədə iddiada göstərilənlər tamamilə əsassızdır. İddiaçının məhkəməyə təqdim etdiyi hesabdan çıxarışdan da görünür ki, xx.xx.2023-cü il tarixə günün sonuna kart hesabının qalığı 0.00 manat olmuşdur. Yəni, həmin hesabdan istifadə üzrə nə onun banka, nə də bankın ona borcu olub. Hesabdan çıxarışa əsasən bankın iddia etdiyi 186,26 avroluq əməliyyat xx.xx.2024-cü ildə 79.07 avro və 107.19 avro olmaqla İtaliyada aparılıb. Həmin tarixdə o Azərbaycanda olmuş və qeyd etdiyi kimi, ondan 2 ay 12 gün əvvəl kart hesabını bağlatdırmışdır. Lakin, birinci instansiya məhkəməsi bunu nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, o, xx.xx.2023-cü ildə banka ərizə ilə müraciət edərək 4302********9844 №- li kart hesabını bağlatdırmışdır. Bu tarixdən sonra həmin kartla əməliyyat aparmamış və apara da bilməzdi. Ona görə də guya xx.xx.2024-cü ildə, yəni kart hesabı bağlandıqdan 2 ay 12 gün sonra kartla əməliyyat aparılması barədə iddiada göstərilənlər tamamilə əsassızdır. İddiaçının məhkəməyə təqdim etdiyi hesabdan çıxarışdan da görünür ki, xx.xx.2023-cü il tarixə günün sonuna kart hesabının qalığı 0.00 manat olmuşdur. Yəni həmin hesabdan istifadə üzrə nə onun banka, nə də bankın ona borcu olub. Hesabdan çıxarışa əsasən bankın iddia etdiyi 186,26 avroluq əməliyyat xx.xx.2024-cü ildə 79.07 avro və 107.19 avro olmaqla İtaliyada aparılıb. Həmin tarixdə o Azərbaycan Respublikasına olmuş və qeyd etdiyi kimi, ondan 2 ay 12 gün əvvəl kart hesabını bağlatdırmışdır.
16. İş üzrə İddiaçı QSC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
21. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
22. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
23. Maddə 448. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
24. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
30. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
32. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
33. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
34. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
35. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
36. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
37. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
40. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
42. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
43. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına görə, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli karta dair xidmətlərin göstərilməsi haqqında LCO231940180 saylı müqaviləyə əsasən, cavabdehin sifariş ərizəsi əsasən onun adına X4 My Card debit növlü kart hesabı açılmış və 4302********9844 nömrəli kart cavabdehə təhvil verilmişdir. Kartın və PİN kodun Cavabdeh tərəfindən alınması təsdiq olunur. xx.xx.2024-cü il tarixində kart vasitəsi ilə cavabdeh tərəfindən aparılan əməliyyat zamanı texniki overdraft nəticəsində, yəni istinad olunan kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyat aparılmışdır. Belə ki, iddiaçı iddia edir ki, texniki overdraft nəticəsindən artıq məbləğdə aparılan əməliyyat 186.26 EUR təşkil etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, cavabdeh overdraft nəticəsində yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli məktubla xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır.
44. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi üzrə tərəflər arasında olan mübahisə, kredit kartı ilə bağlı yaranan mülki münasibətlər üzrə yaranmışdır. Ona görə də işin hallarına kreditlə bağlı qanunvericiliyə, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verilməlidir.
45. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in) 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.
46. Tərəflər arasında bağlanmış və yuxarıda göstərilən kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Azərbaycan Respublikasının MM-in 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir.
47. Azərbaycan Respublikasının MM-in 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
48. Azərbaycan Respublikasının MM-in 385-ci maddəsinə görə, kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə, isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır.
49. Azərbaycan Respublikasının MM-in 425.1-ci maddəsinin tələbinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
50. Azərbaycan Respublikasının MM-in 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
51. İş materiallarında olan sənədlərlə təsdiq olunur ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli karta dair xidmətlərin göstərilməsi haqqında LCO231940180 saylı müqaviləyə əsasən, cavabdehin sifariş ərizəsi əsasən onun adına X4 My Card debit növlü kart hesabı açılmış və 4302********9844 nömrəli kart cavabdehə təhvil verilmişdir.
52. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit məbləğini cavabdehə vermişdir. Cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən tutulmalıdır. Belə ki, iddiaçının (bankın) təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir.
53. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslı deyildir.
54. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
55. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
56. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
57. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
58. Belə ki, iş materiallarında olan “kart məlumatlarının dəyişdirilməsi və yenidən buraxılması barədə” xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı QSC-yə kart hesabının bağlanması üçün müraciət edilmiş və bank tərəfindən qeyd olunan ərizə qəbul edilmişdir.
59. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh və İddiaçı QSC arasında xx.xx.2023-cü il tarixli LCO231940180 nömrəli karta dair xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmış və həmin müqavilə əsasında cavabdehə 4302********9844 nömrəli X4 My Card növündə bank kartı təqdim edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixində banka müraciət edərək kart hesabının bağlanmasını rəsmən xahiş etmiş və bank bu müraciəti nəzərə alaraq kart hesabını bağlamışdır.
60. Beynəlxalq bank praktikası və Azərbaycan Respublikasının bank hüququ normalarına görə, istər kredit, istər debet kartı hesablarının bağlanması yalnız həmin hesab üzrə bütün mövcud öhdəliklər tam icra edildikdən sonra mümkündür. Bu hal həm də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 448.1 və 739.1-ci maddələrinin tələbləri ilə uyğunluq təşkil edir.
61. Halbuki, iş materiallarından göründüyü kimi, xx.xx.2023-cü il tarixli bank çıxarışında cavabdehin kart hesabının balansı 0.00 manat olmuş və bank tərəfindən həmin tarixdə cavabdehin kart hesabı faktiki olaraq bağlanmışdır. Bu hal bankın cavabdehə qarşı hər hansı aktiv pul tələbi olmadığını göstərir.
62. Əgər iddiaçının bildirdiyi kimi, cavabdehin bank qarşısında həqiqətən 186.26 EUR məbləğində mövcud borc öhdəliyi olsaydı, bank müştərinin müraciətinə baxmadan, bu borc tam ödənilənədək kart hesabının bağlanmasına icazə verməməli idi. Bu, bankların risk menecmenti siyasətinə, daxili nəzarət qaydalarına və kredit öhdəliklərinin icrasının təmin olunması prinsiplərinə ziddir.
63. Qeyd edilənlərlə yanaşı, iddiaçının təqdim etdiyi texniki overdraft əməliyyatları kart hesabı bağlandıqdan 2 ay 12 gün sonra – xx.xx.2024-cü il tarixində baş vermişdir. Bu tarixdə cavabdehin aktiv hesabı olmadığından və texniki overdraft bankın daxili əməliyyat prosedurları çərçivəsində gecikmiş emal nəticəsində yaranmışsa, onun cavabdehə qarşı hüquqi məsuliyyət doğurması hüquqi və iqtisadi cəhətdən əsassızdır. Bu, mülki hüquqda iradədən kənar risklər kimi qiymətləndirilə bilər və borclunun məsuliyyət daşıdığı hallar kateqoriyasına aid edilmir (MM 448.1).
64. Bundan əlavə, bankın təqdim etdiyi hesabdan çıxarış və borc barədə məktub kart hesabı bağlandıqdan sonra tərtib edilmiş və əvvəlki tarixli əməliyyatlara istinad etməklə sonradan formalaşdırılmışdır ki, bu da cavabdehin hüquqi vəziyyətinə birtərəfli müdaxilə kimi qiymətləndirilə bilər.
65. Hansı ki, texniki overdraft bankın əməliyyat texnologiyası nəticəsində yarandıqda, müştəri buna görə məsuliyyət daşımır, xüsusilə hesab bağlandıqdan sonra yaranan borclar kredit öhdəliyi doğurmur.
66. Yuxarıda qeyd olunanlar və təqdim edilən sənədlər əsasında məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin bank qarşısında mübahisələndirilən dövrdə (kartın bağlanma tarixi və ondan əvvəl) hər hansı mövcud və hüquqi qüvvəyə malik borc öhdəliyi olmamış, bank tərəfindən sonradan təqdim olunan texniki overdraft borcunun hüquqi əsasları iddiaçı tərəfindən sübuta yetirilməmişdir.
67. Texniki overdraft borcu iddiaçı tərəfindən ümumi şəkildə əsaslandırılmış, lakin onun yaranma səbəbi, tətbiq olunan valyuta əməliyyatının mahiyyəti, və cavabdehin bu əməliyyatla əlaqəsinin hüquqi sübutları iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikasının MPM-in 77-ci maddəsinə əsasən, iddianı irəli sürən tərəf iddiasını sübut etməli olduğundan, borcun hüquqi əsasları mötəbər sübutlarla təsdiqlənmədiyi üçün həmin tələblər təmin edilməmiş hesab olunur.
68. Nəticə etibarilə, cavabdehin kart hesabının bağlanması zamanı bank tərəfindən borcun olmaması təsdiqlənmiş, bu baxımdan iddiaçının təqdim etdiyi sonrakı texniki overdraft iddiaları hüquqi baxımdan əsaslandırılmamışdır.
69. Qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən texniki overdraft borcunun hüquqi əsasları sübuta yetirilmədiyindən, cavabdehin bu borca görə məsuliyyət daşıması mümkün deyildir.
70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
71. Azərbaycan Respublikasının MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olubolmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
72. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.
73. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
74. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
77. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir.
78. Eyni zamanda kollegiya qeyd edir ki, iddia təmin edilmədiyindən dövlət rüsumu Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçının özünə aid edilməlidir.
79. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
80. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 386, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(023)-1462/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.