Məhkəmə qərarları › İş №2(104)-699/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-699/2023

08.02.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-699/2023 08.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, Bərdə Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli 2(021)-2222/2022 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: Bərdə Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2(021)-2222/2022 nömrəli qətnaməsi ilə (hakim Qamət Əbilov) iddianın təmin edilməsi, İddiaçı və ailə üzvlərinə qarşı qonşuluq hüquqlarının pozulmasına yönəlmiş qeyri-qanuni hərəkətlərinə, Bərdə rayon Əmirli kəndində yerləşən eni 4 metr, uzunluğu 25 metr olan ümumi istifadədə olan yoldan sərbəst gediş-gəlişlərinə Cavabdeh tərəfindən törədilən maneçiliyə son qoyulması, iş üzrə vəkil xidmətinə görə ödənilmiş 100 manat Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini xahiş etmiş, eyni zamanda prosessual müddətin bərpasına dair ərizə verərək apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, üzürlü səbəbdən qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, məhkəmə prosesində iştirak etməmiş, məhkəmədə onun iştirakı təmin edilməmişdir. Beləliklə də, məhkəmədə onun hüquqları, yəni, müdafiə hüququ pozulmuşdur. Həmçinin qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə həyat yoldaşı X1 dili batdığı üçün Bakı şəhərinə təcili olaraq aparmış, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Memorial Kilinikasında neyropatoloq Fəxrəddin həkimin qəbuluna düşmüş, xx.xx.2022-ci il tarixədək Bakı şəhərində həkim müalicəsində olmuş, xx.xx.2022-ci il tarixdə kəndə qayıtmış, evdə olan zaman yuxarıda qeyd edilən məhkəmə qətnaməsi zərfdə ona verilmişdir. Onun məhkəmə proseslərində iştirakı təmin edilmədiyindən, barəsində çıxarılmış məhkəmə qətnaməsindən xəbəri olmamışdır. Bakı şəhərində həyat yoldaşı Ülviyyənin yanında qalmalı olduğundan qətnaməni vaxtında almamışdır. Buraxılmış müddəti üzrlü hesab edib apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini və işin apellyasiya şikayəti ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli 2(021)-2222/2022 nömrəli qərardadı ilə ərizənin təmin edilməməsi, Cavabdeh Bərdə Rayon Məhkəməsinin 2(021)- 2222/2022 saylı 21 sentyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsindən imtina edilməsi və apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsi, qətnamədən verdiyi apellyasiya şikayətinin baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(021)-2222/2022 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarından aydın olur ki, Bərdə rayon Məhkəməsinin 2(021)- 2222/2022 saylı 21 sentyabr 2022-ci il tarixli qətnaməsinin surəti tərəflərə 23 sentyabr 2022-cu il tarixdə göndərilmiş, Cavabdeh həmin qətnaməni 21 oktyabr 2022-ci il tarixdə xəbərnaməyə imza etməklə almışdır. Apellyasiya şikayəti bundan 01 ay 07 gün müddət keçdikdən sonra məhkəməyə daxil olmuşdur. Cavabdeh ərizəsində məhkəmə prosesində iştirak etmədiyini, məhkəmədə onun iştirakı təmin edilmədiyini qeyd etsə də iş materiallarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəmə iclasında iştirak etmiş, xx.xx.2022-ci il tarixdə saat 11:00-da keçiriləcək məhkəmə iclası barədə məlumatlandırılmış və iltizama imza etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh ərizəsində həyat yoldaşının xəstə olması ilə bağlı apellyasiya şikayəti vermə müddətini ötürdüyünü qeyd etsə də, ərizəyə xəstəliyi ilə bağlı əlavə etdiyi sübutlarla onun stasionar şəraitdə müalicə olunması müəyyən olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikasının MPM-in 133.3-cü maddəsinə görə müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərmişdir ki, “qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən aslı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən aslıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhəddində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın”. Avropa İnsan Hüquqları Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” işüzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar”. Ona görə də, kollegiya şikayətin təmin edilməməsi və Bərdə Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli 2(021)-2222/2022 nömrəli qərardadının və onun əsasında çıxarılmış 22 dekabr 2022-ci il tarixli 2(021)-2222/2022 nömrəli qərardadının dəyişdirmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə, apelyasiya kollegiyası birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə konkret olaraq müəyyənləşdirilmişdir. Ona görə də hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 396, 397.2. 398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şikayət təmin edilməsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli 2(021)-2222/2022 nömrəli qərardadı və onun əsasında çıxarılmış 22 dekabr 2022-ci il tarixli 2(021)- 2222/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar