Məhkəmə qərarları › İş №2(104)-7/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-7/2023

05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-7/2023 05.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Cavabdeh1 və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) X1 iştirakları ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli 2(043)-5277/2017 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 19 mart 2014-cü il tarixli 003mk/14 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh1 60 ay müddətinə ******* manat kredit xəti açılmışdır.

2. 29 yanvar 2015-ci il tarixli 003mk-2/14 nömrəli əlavə kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 19 faiz olmaqla 35000 ABŞ dolları kredit verilmişdir.

3. 09 iyun 2015-ci il tarixli 003mk-3/14 nömrəli əlavə kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 17 faiz olmaqla 64000 ABŞ dolları kredit verilmişdir.

4. 19 mart 2014-cü il tarixli 003mki/14 nömrəli sonrakı ipoteka müqaviləsinin sürətindən görünür ki, Cavabdeh1 məxsus Gəncə şəhəri Kəpəz rayonu Ziya Bünyadov küçəsi 1-ci döngədə yerləşən 10 nömrəli fərdi yaşayış evi və 0,0258 ha torpaq sahəsi 19 mart 2014-cü il tarixli 003mk/14 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinin təminatı məqsədilə "xxxx" KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmeti 120000 manat dəyərində qiymətləndirilmişdir.

5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 27 mart 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Gəncə şəhəri Kəpəz rayonu Ziya Bünyadov küçəsi 1-ci döngədə yerləşən 10 nömrəli fərdi yaşayış evi və 0,0258 ha torpaq sahəsi "xxxx" KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 yanvar 2019-cu il tarixli 29148 nömrəli ekspert rəyindən görünür ki, 23 avqust 2016-cı il tarixə Cavabdeh1 "xxxx" KB ASC-yə 29 yanvar 2015-ci il tarixli 003mk-2/14 nömrəli kredit müqaviləsi üzrə 21496,89 ABŞ dolları əsas, 2441,32 ABŞ dolları faiz borcu; 09 iyun 2015-ci il tarixli 003mk-3/14 nömrəli kredit müqaviləsi üzrə 49863,61 ABŞ dolları əsas, 5310,83 ABŞ dolları faiz borcu müəyyən edilmişdir.

7. "xxxx" MMC-nin 21 oktyabr 2022-ci il tarixli 224/UB/22 nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanında mülkiyyətində olan 0,0258 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar qiyməti 281400 manat, likvid qiyməti isə 260000 manat müəyyən olunmuşdur.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2023-cü il tarixli 10/7948-9/8769 nömrəli ekspert rəyindən görünür ki, Gəncə şəhəri Kəpəz rayonu Ziya Bünyadov küçəsi 1-ci döngədə yerləşən Cavabdeh1 məxsus 10 nömrəli fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə hazırki orta bazar qiymətinə uyğun likvid dəyəri təqribən 300000 manat məbləğində müəyyən edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 "xxxx" KB ASC-nin xeyrinə 19 mart 2014-cü il tarixli, 003mk/14 nömrəli əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 29 yanvar 2015-ci il taixli 003mk-2/14 nömrəli əlavə kredit müqaviləsinə əsasən 21760,43 ABŞ dolları əsas, 2377,17 ABŞ dolları faiz, 3793,39 ABŞ dolları cərimə olmaqla cəmi 27930,99 ABŞ dolları borc, 09 iyun 2015-ci il tarixli 003mk-3/14 nömrəli əlavə kredit müqaviləsinə əsasən 49915,35 ABŞ dolları əsas, 5082,06 ABŞ dolları faiz, 11912,68 ABŞ dolları cərimə olmaqla cəmi 66910,09 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat tutulması; Tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri Kəpəz rayonu Ziya Bünyadov küçəsi 1-ci döngədə yerləşən 0,0258 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 10 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 29 yanvar 2015-ci il tarixli 003mk-2/14 nömrəli əlavə kredit müqaviləsi üzə 27930,99 ABŞ dolları, 09 iyun 2015-ci il tarixli 003mk-3/14 nömrəli kredit müqaviləsinə görə 66910,09 ABŞ dolları borcu və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat tutularaq iddiaçıya ödənilməsi; İpoteka predmetin ilkin satış qiymətinin 120000 manat məbləğində müəyyən edilməsi; İpoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, Ziya Bünyadov küçəsi, 1-ci döngədə yerləşən 0,0258 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 10 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və onun ailə üzvləri X4 və X6 çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında 19 mart 2014-cü il tarixli 003mk/14 nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya 60 ay müddətinə ******* manat kredit xəti açılmışdır. Həmin kredit müqaviləsi çərçivəsində tərəflər arasında bağlanmış 29 yanvar 2015-ci il tarixli 003mk-2/14 nömrəli əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 19 faiz olmaqla 35000 ABŞ dolları kredit verilmişdir. Eləcədə 09 iyun 2015-ci il tarixli 003mk-3/14 nömrəli əlavə kredit müqaviləsinə əsasən "xxxx" KB ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 17 faiz olmaqla 64000 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 məxsus Gəncə şəhəri Kəpəz rayonu Ziya Bünyadov küçəsi 1-ci döngədə yerləşən 10 nömrəli fərdi yaşayış evi və 0,0258 ha torpaq sahəsi "xxxx" KB ASC-nin xeyrinə 19 mart 2014-cü il tarixli 003mki/14 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş və tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmeti 120000 manat qiymətləndirilmişdir. Kredit müqaviləsinə 1 saylı Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq banka ödənilməli olan kredit və faiz borcalanın həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Nəticədə Cavabdeh1 16 avqust 2016-cı il tarixə 29 yanvar 2015-ci il taixli 003mk-2/14 nömrəli əlavə kredit müqaviləsinə əsasən 21760,43 ABŞ dolları əsas, 2377,17 ABŞ dolları faiz, 3793,39 ABŞ dolları cərimə olmaqla cəmi 27930,99 ABŞ dolları borc, 09 iyun 2015-ci il tarixli 003mk-3/14 nömrəli əlavə kredit müqaviləsinə əsasən 49915,35 ABŞ dolları əsas, 5082,06 ABŞ dolları faiz, 11912,68 ABŞ dolları cərimə olmaqla cəmi 66910,09 ABŞ dolları borcu yaranmışdır.

11. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli, 2(043)- 5277/2017 nömrəli qətnaməsi ilə (hakim Y.Həşimov) iddia qismən təmin edilərək, Cavabdeh1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə – 29 yanvar 2015-ci il taixli 003mk- 2/14 nömrəli əlavə kredit müqaviləsinə əsasən 21760,43 USD əsas borc, 2377,17 USD faiz borcu və 50 USD cərimə borcu olmaqla cəmi 24187,6 USD, 09 iyun 2015ci il tarixli 003mk-3/14 nömrəli əlavə kredit müqaviləsinə əsasən 49915,35 USD əsas borc, 5082,06 USD faiz borcu və 300 USD cərimə borcu olmaqla cəmi 55297,41 USD olmaqla, hər iki müqavilə üzrə cəmi 79485,01 (yetmiş doqquz min dörd yüz səksən beş dollar bir sent) USD milli manat ekvivalentində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması; Tutmanın Gəncə şəhəri, Kəpəz rayonu, Ziya Bünyadov küçəsi, 1-ci döngədə yerləşən 0,0258 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 10 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlak açıq hərracda satılmaqla əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 120000 (bir yüz iyirmi min) manat dəyərində müəyyən edilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə edilən vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılması; İddia tələbinin digər hissədə rədd olunması qət edilmişdir.

12. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.7, 279, 295, 317.1, 319.1, 319.6, 385.1, 442, 443.1, 445.1, 448.1, 467, 741 maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 36, 39.3.3 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 214, 217, 216-220, 227, 357, 360, 362-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, kredit müqaviləsi üzrə borcu vaxtı-vaxtında ödəmiş, lakin manatın devalivasiyasına görə öhdəliklərini icra edə bilməmiş və bank tərəfindən heç bir güzəşt olmamışdır. Bank borcu şişirtmiş və faiz borcu düzgün hesablamamışdır. Cərimə borcunu birinci instansiya məhkəməsi azaltsada, yenədə yüksək maliyyə məsliyyəti yarada biləcək həddə saxlanılmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə razılaşsada, lakin ipoteka predmetinin likvid dəyərinin 300000 manatla satışa çıxarılmasına etiraz edir. Belə ki, həmin rəydə müəyyən olunması barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2023cü il tarixli 10/7948-9/8769 nömrəli ekspert rəyi ilə razılaşmır. Belə ki, həmin rəydə fərdi yaşayış evinin ümumi satış dəyəri 337000 manat göstərilmişdir. Ona görə də ev həmin qiymətlə satışa çıxarılmalıdır. Cavabdeh1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayəti üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) X3 da nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayəti üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

20. Maddə 317.1. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

21. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

22. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.

23. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

24. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

27. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

29. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

30. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

31. Maddə 449 Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

32. Maddə 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.

33. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.

34. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1. maddəsinə görə, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

35. Maddə 464.1. Kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər.

36. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

37. Maddə 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

“İpoteka haqqında” Qanun

38. Maddə 11. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur.

39. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır; 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

40. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.2. maddəsinə görə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası.

41. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır.

42. Maddə 37 İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır.

43. Maddə 41. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 41.4. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər.Hərrac açıq auksion formasında keçirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

48. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

49. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər;

Apellyasiya baxışının hədləri

51. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

52. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

53. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, qətnamə tamamilə mübahisələndirilmişdir. Ona görə də hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borcun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunan hissələrdə dəyişdirilməlidir.

55. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında 19 mart 2014-cü il tarixli 003mk/14 nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya 60 ay müddətinə ******* manat kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi çərçivəsində tərəflər arasında 29 yanvar 2015-ci il tarixli 003mk-2/14 nömrəli əlavə kredit müqaviləsi bağlanmış və bank tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 19 faiz olmaqla 35000 ABŞ dolları kredit verilmişdir. Eləcədə kredit xətti müqaviləsi çərçivəsində tərəflər arasında 09 iyun 2015-ci il tarixli 003mk-3/14 nömrəli əlavə kredit müqaviləsi bağlanmış və sonuncuya 24 ay müddətinə illik 17 faiz olmaqla 64000 ABŞ dolları kredit verilmişdir. Kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 məxsus Gəncə şəhəri Kəpəz rayonu Ziya Bünyadov küçəsi 1-ci döngədə yerləşən 10 nömrəli fərdi yaşayış evi və 0,0258 ha torpaq sahəsi 19 mart 2014-cü il tarixli 003mki/14 nömrəli sonrakı ipoteka müqaviləsi əsasında "xxxx" KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 2.4-cü bəndinə əsasən, tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmeti 120000 manat dəyərində qiymətləndirilmişdir. Kredit xətti müqaviləsi çərçivəsində bağlanmış hər iki müqavilə üzrə kreditor üzərinə düşən öhdəlikləri yerinə yetiesədə, lakin borcalan Cavabdeh1 götürmüş öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Ona görədə kreditor hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı qismən təmin etmişdir.

56. Apellyasiya icraatı zamanı məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 yanvar 2019-cu il tarixli 29148 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 23 avqust 2016-cı il tarixə Cavabdeh1 "xxxx" KB ASC-yə 29 yanvar 2015-ci il tarixli 003mk-2/14 nömrəli kredit müqaviləsi üzrə 21496,89 ABŞ dolları əsas, 2441,32 ABŞ dolları faiz borcu; 09 iyun 2015-ci il tarixli 003mk-3/14 nömrəli kredit müqaviləsi üzrə isə 49863,61 ABŞ dolları əsas, 5310,83 ABŞ dolları faiz borcu yaranmışdır..

57. Kreditor iddia tələbində 29 yanvar 2015-ci il taixli 003mk-2/14 nömrəli əlavə kredit müqaviləsi üzrə cavabdehdən 21760,43 ABŞ dolları əsas, 2377,17 ABŞ dolları faiz, 3793,39 ABŞ dolları cərimə olmaqla, cəmi 27930,99 ABŞ dolları, 09 iyun 2015-ci il tarixli 003mk-3/14 nömrəli əlavə kredit müqaviləsi üzrə isə 49915,35 ABŞ dolları əsas, 5082,06 ABŞ dolları faiz, 11912,68 ABŞ dolları cərimə olmaqla, cəmi 66910,09 ABŞ dolları tələb etmişdir.

58. Göründüyü kimi, hər iki müqavilə üzrə əsas borc düzgün hesablanmamışdır. Ona görədə məhkəmə kollegiyası hesab edir ki, hər iki müqavilə üzrə əsas borc münasibətdə ekspert rəyi nəzərə alınmalı, 29 yanvar 2015-ci il tarixli 003mk-2/14 nömrəli kredit müqaviləsi üzrə əsas borc 21496,89 ABŞ dolları, 09 iyun 2015-ci il tarixli 003mk-3/14 nömrəli kredit müqaviləsi üzrə isə 49863,61 ABŞ dolları müəyyən edilməlidir.

59. Ekspert rəyində faiz borci kreditorun tələb etdiyi məbləğdən çox göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ona görə də kollegiya hesab edir ki, faiz borcuna münasibətdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Həmçinin kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hər iki müqavilə üzrə kreditorun əmlak və digər əsaslı mənafelərini nəzərə alaraq cərimə borcunu azaltmaqda haqlı olmuşdur.

60. İpoteka predmetinin ilkin satış qiymətinin 120000 manat müəyyən olunması hissədə apellyasiya şikayətinin dəlilini kollegiya əsaslı hesab edir və bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə görə, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsində isə ilkin satış qiymətinin anlayışı verilmişdir: ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

61. “Likvid qiymət” dedikdə isə elə bir qiymət nəzərdə tutulur ki, girov əmlakın qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez realizə edilə (satıla) bilməsi mümkün olsun. Likvidlik sadəcə maddi dəyərləri (hazırki işdə girov əmlakı) pula çevirmək baxımından nəzəri imkan deyil, o həm də bunu cəld, rahat və maksimal dərəcədə faydalı şəkildə həyata keçirməkdir. Apellyasiya icraatı zamanı ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında mülkiyyətində olan 0,0258 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyərinin müəyyən olunması barədə qiymətləndirmə təyin edilmiş və "xxxx" MMC-nin 21 oktyabr 2022-ci il tarixli 224/UB/22 nömrəli rəyinə əsasən əmlakın bazar qiyməti 281400 manat, likvid qiyməti isə 260000 manat müəyyən olunmuşdur. Həmin rəylə razılaşmayan cavavdeh Cavabdeh1 vəsatətinə əsasən iş üzrə tikinti-texniki və məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və qiymətləndirmənin aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2023-cü il tarixli 10/7948-9/8769 nömrəli ekspert rəyi ilə Gəncə şəhəri Kəpəz rayonu Ziya Bünyadov küçəsi 1-ci döngədə yerləşən Cavabdeh1 məxsus 10 nömrəli fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə hazırki orta bazar qiymətinə uyğun ümumi dəyəri 337000 manat qeyd olunsada, likvid dəyər 300000 manat müəyyən edilmişdir. Kollegiya Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2023-cü il tarixli 10/7948-9/8769 nömrəli ekspert rəyini möhtəbər hesab edir. Bu da onu deməyə əsas verir ki, qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin 120000 manat dəyərində müəyyən edilməsi hissədə dəyişdirilməli və həmin hissədə ipoteka predmetinin likvid satış dəyəri 300000 manat müəyyən edilməlidir.

62. Eləcədə məhkəmə kollegiyası hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat (mühasibatlıq ekspertizası) və 100 manat (tikintitexniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası) olmaqla, cəmi 250 manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN 140155071, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ013601**********3944 SFİFT BİK: CTREAZ22 nömrəli hesabına ödənilməlidir.

63. Eləcədə ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı aparılmış tədqiqatın dəyəri 350 manat Cavabdeh1 alınaraq "xxxx" MMC-nin VÖEN **********, “Azərbaycan Beynəlxalq Bankı” ASC Abşeron filialı, VÖEN **********, m/h AZ03NABZ013501**********2944, kodu 805539, SWİFT Bik: İBAZAZ2X, H\h: AZ52İBAZ********************1 nömrəli hesaba ödənilməlidir.

64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli 2(043)- 5277/2017 nömrəli qətnaməsi “29 yanvar 2015-ci il taixli 003mk-2/14 nömrəli əlavə kredit müqaviləsinə əsasən 21760,43 USD əsas borc, cəmi 24187,6 USD, 09 iyun 2015-ci il tarixli 003mk-3/14 nömrəli əlavə kredit müqaviləsinə əsasən 49915,35 USD əsas borc, cəmi 55297,41 USD olmaqla, hər iki müqavilə üzrə cəmi 79485,01 (yetmiş doqquz min dörd yüz səksən beş dollar bir sent) USD” və “İpoteka predmetinin ilkin satış qiyməti 120000 (bir yüz iyirmi min) manat dəyərində müəyyən edilməsi” hissədə dəyişdirilsin. 29 yanvar 2015-ci il taixli 003mk-2/14 nömrəli əlavə kredit müqaviləsi üzrə əsas borc 21496,89 ABŞ dollar, cəmi borc 23924,06 ABŞ dolları müəyyən edilsin. 09 iyun 2015-ci il tarixli 003mk-3/14 nömrəli əlavə kredit müqaviləsi üzrə əsas borc 49863,61 ABŞ dolları, cəmi borc 55245,67 ABŞ dolları müəyyən edilsin. Hər iki, yəni 29 yanvar 2015-ci il taixli 003mk-2/14 nömrəli əlavə kredit müqaviləsi və 09 iyun 2015-ci il tarixli 003mk-3/14 nömrəli əlavə kredit müqaviləsi üzrə cəmi borc 79169,73 ABŞ dolları müəyyən edilsin. İpoteka ilə yüklü edilmiş Gəncə şəhəri Kəpəz rayonu Ziya Bünyadov küçəsi 1ci döngədə yerləşən 10 nömrəli fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə likvid satış qiyməti 300000 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 250 manat (150+100=250) (məhkəmə-mühasibatlıq və tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizaları) Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN 140155071, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ013601**********3944 SFİFT BİK: CTREAZ22 nömrəli hesabına ödənilsin. İpoteka predmetinin qiymətləndirilməsi ilə bağlı aparılmış tədqiqatın dəyəri 350 manat Cavabdeh1 alınaraq "xxxx" MMC-nin VÖEN **********, “Azərbaycan Beynəlxalq Bankı” ASC Abşeron filialı, VÖEN **********, m/h AZ03NABZ013501**********2944, kodu 805539, SWİFT Bik: İBAZAZ2X, H\h: AZ52İBAZ********************1 nömrəli hesaba ödənilsin. Qətnamə şikayət verilməzsə 2 (iki) ay müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar