Məhkəmə qərarları › İş №2(104)-70/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-70/2024

19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-70/2024 19.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “Pakistan Milli Bankı”nın Bakı filialının Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli 2(040)-55/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Pakistan Milli Bankı”nın Bakı filialı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3586,54 manat əsas, 5661,32 manat faiz, cəmi 9247,86 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli 2(040)-55/2022 nömrəli qətnaməsi ilə (hakim Həsən Qəniyev) iddia tələbi təmin edilərək, Cavabdeh 30 dekabr 2009-cu il tarixli 93 saylı kredit müqaviləsi üzrə 3586,54 manat (üç min beş yüz səksən altı manat 54 qəpik) əsas, 5661,32 manat (beş min altı yüz altmış bir manat 32 qəpik) faiz, cəmi 9247,86 manat (doqquz min iki yüz qırx yeddi manat 86 qəpik) məbləğində borc alınaraq iddiaçı Pakistan Milli Bankının Bakı filialının xeyrinə verilməsi; İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi Cavabdeh alınaraq iddiaçı Pakistan Milli Bankının Bakı filialına verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikyəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2022-ci il tarixli 2(104)- 2105/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(040)-55/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2022-ci il tarixli 2(102)- 6165/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-2105/2022 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün göndərilməsi qərara alınmışdır. İşin faktiki halları: İddiaçı “Pakistan Milli Bankı”nın Bakı filialı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış 30 dekabr 2009-cu il tarixli 93 saylı kredit müqaviləsinə əsasən, sonuncuya 12 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 12000 manat kredit verilmişdir. Lakin borcalan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2021-ci il tarixə kredit müqaviləsi üzrə 3586,54 manat əsas, 5661,32 manat faiz borcu olmaqla, cəmi 9247,86 manat borcu yaranmışdır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, lakin müsbət nəticə olmamışdır. İş materiallarında olan: Kreditor “Pakistan Milli Bankı”nın Bakı filialı ilə borcalan Cavabdeh arasında bağlanmış 30 dekabr 2009-cu il tarixli 93 nömrəli kredit müqaviləsindən görünür ki, sonuncuya illik 20 faiz dərəcəsi ilə 12 ay müddətinə 12000 manat kredit verilmişdir; 30 dekabr 2009-cu il tarixli 93 saylı kredit müqaviləsinə 1 nömrəli Əlavədən (ödəniş qrafiki) görünür ki, Cavabdeh ona verilmiş kreditin əsas məbləğinin və ondan istifadə edilməsinə görə hesablanmış faizlərin ödənilməsi qrafiki üzrə hər ayın 30-dan gec olmayaraq hər ay dəyişilməz olaraq 1111,62 manat ödəniş etməli olmuşdur; Kreditor “Pakistan Milli Bankı”nın Bakı filialı tərəfindən tərtib edilmiş 01 sentyabr 2021-ci il tarixli hesabatdan görünür ki, Cavabdeh 30 dekabr 2009-cu il tarixli 93 saylı kredit müqaviləsinə əsasən 3586,54 manat əsas, 5661,32 manat faiz olmaqla, cəmi 9247,86 manat borcu vardır; Hazırkı apellyasiya baxışı zamanı alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 fevral 2024-cü il tarixli 9/92 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə “Pakistan Milli Bankı”nın Bakı filialı arasında bağlanmış 30 dekabr 2009-cu il tarixli 93 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu əsas borc üzrə 12000 manat, faiz borcu üzrə isə 2366,67 manat təşkil edir. Bundan başqa, hesabdan çıxarış məlumatlarından göründüyü kimi borcalan tərəfindən kreditora 28 fevral 2011-ci il tarixdə 12630 manat məbləğində ödəniş edilmişdir, lakin həmin məbləğ hazırkı ekspertiza tədqiqatı ilə borcun hesablanması zamanı nəzərə alınmamışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi yalnız iddiaçı tərəfindən təqdim edilən 01 sentyabr 2021-ci il tarixli hesabata istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Həmçinin məhkəmə tərəfindən onun məhkəmə iclasında iştirakı təmin edilməmiş, nəticədə mülki işlə bağlı iddia müddətinin tətbiqinə dair ərizə təqdim edə bilməmişdir. Bu hal isə işin birtərəfli aparılmamasına dəlalət edir və sonda verilmiş qətnamənin əsassız olmasına gətirib çıxartmışdır. Apellyasiya şikayəti üzrə izahatlar: 18 aprel 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 2009-cu ildə iddiaçı “Pakistan Milli Bankı”nın Bakı filialından 12000 manat kredit götürmüşdür. Həmin borcundan banka ödənişlər etmiş, lakin sonradan bankın fəaliyyəti dayandırılmışdır. İddiaçı iddia edir ki, 3586,54 manat əsas və 5661,32 manat faiz borcu vardır. İşə baxan məhkəmə heç bir araşdırma aparmadan ekspertiza rəyi almadan iddia tələbini tam təmin etmişdir. O, həmin borc üzrə 12000 manatdan artıq ödəniş etmişdir və bu hesabdan çıxarışla da öz təsdiqini tapır. Lakin iddiaçı hazırda 9247,86 manat pul tələb edir. Onun tərəfindən edilmiş ödənişlər nəzərə alınmamış, onun iddiaçıya 9247,86 manat məbləğdə borcu qalması mümkünsüzdür. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı “Pakistan Milli Bankı”nın Bakı filialı ilə aralarında bağlanmış 30 dekabr 2009-cu il tarixli 93 nömrəli kredit müqaviləsi üzrə borcunu tam şəkildə ödəmişdir. İşə baxan birinci instansiya məhkəməsi isə bu halı nəzərə almadan iddianı təmin etmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinn 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, Cavabdeh 30 dekabr 2009-cu il tarixli 93 nömrəli kredit müqaviləsi üzrə 1736,67 manat kredit borcu alınaraq iddiaçı “Pakistan Milli Bankı”nın Bakı filialına ödənilməsi müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor Pakistan Milli Bankının Bakı filialı ilə Cavabdeh arasında 30 dekabr 2009-cu il tarixli 93 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, kreditor tərəfindən cavabdehə məişət əşyalarının alınması məqsədilə 12 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə qaytarmaq şərtilə 12000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında qeyd olunan kredit müqaviləsi 1 saylı əlavə kimi tərtib olunmuş ödəniş cədvəlinə əsasən, borcalan kredit borcunu 29 yanvar 2010-cu il tarixdən başlamaqla, hər ay 1111,62 manat olmaqla, sonuncu ödənişi xx.xx.2010-cu il tarixdə etməklə tam ödəməli olmuşdur. Kreditor Pakistan Milli Bankının Bakı filialı borcalan Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyini əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri kredit ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına tərəflər arasında bağlanmış kredit və bank hesabı müqaviləsinə, habelə qanunvericiliyin borcla bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. İddia tələbinin kökündə tələb etmənin əsası 30 dekabr 2009-cu il tarixli 93 saylı kredit müqaviləsi dayanır. Məhz iddiaçı bank həmin müqaviləni rəhbər tutaraq hazırda cavabdehdən borc məbləğini tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları göstərməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranması üçün kredit müqaviləsinin bağlanması şərtdir. Çünki məhz müqavilə bağlanacağı halda iddia tələbi üzrə cavabdehin borcu qaytarmaq öhdəliyi yaranmış olacaqdı. Nəzərə almaq lazımdır ki, öhdəlik hüquq münasibətlərinin əmələ gəlmə əsasları dedikdə öhdəliyin əmələ gəlməsini şərtləndirən, onun yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Yəni öhdəliklər hüquqi faktlar əsasında meydana gəlir. Öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi faktların dairəsi geniş olsa da, ən genişi müqavilə olmasıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərə istinad edilən zaman müəyyən edilir ki, kreditor və borcalan arasında olan kredit müqaviləsi Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlamışlar və müqavilənin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Müqavilə nəticəsində iddiaçı kreditor, cavabdeh isə borcalan statusu əldə etmişdir. Həmin müqavilə onlar arasında yaranmış borc münasibətlərinin təməlini qoymuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. İş materiallarından görünür ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır. Ona görə də borcun kredit müqaviləsi üzrə tərəf olan borcalandan tələb edilməsi əsaslıdır. Lakin, iddia tələbinin tələb olunan həddə təmin edilməsi yolverilməzdir. Belə ki, kassasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı 13 dekabr 2022-ci il tarixli qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir ki, cavabdehin “borcun müəyyən olunması zamanı yalnız iddiaçının təqdim etdiyi hesabata istinad edilməsi” barədə dəlili hərtərəfli araşdırılmamışdır. Belə ki, tələb olunan borcun məbləğinə dair sübut kimi kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəli, 01 sentyabr 2021-ci il tarixə olan borcu barədə hesabat və hesabdan çıxarış əlavə olunub. Ödəniş cədvəlinə əsasən, cavabdehin gecikməyə yol vermədiyi halda 25 dekabr 2010-cu il tarixədək ödəməli olduğu ümumi məbləğ 13.339,37 manat (12000 manat əsas borc, 1.339,37 manat faiz borcu olmaqla) təşkil edir. İddiaçının təqdim etdiyi 01 sentyabr 2021-ci il tarixə olan borca dair hesabatda isə göstərilir ki, iddiaçı tərəfindən müqavilə üzrə borcdan 8413,46 manat əsas borc, 4216,54 manat faiz borcu ödənilib. Qalıq borc isə 3586,54 manat əsas borc və 5661,32 manat faiz borcu olmaqla, cəmi borc 9247,86 manat təşkil edir. İşə əlavə olunmuş hesabdan çıxarışda isə cavabdehin ödənişlərinin hansı tarixlərdə həyata keçirilməsi və hansı borcdan silinməsinə dair təsnifat əksini tapmamış, sadəcə 8413,46 manat əsas borc və 4216,54 manat faiz borcunun olması qeyd olunub. İşin hallarından, kreditor tərəfindən cavabdehə faizlərin hansı vaxtadək hesablandığı müəyyən edilmir. Bundan başqa, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikasi Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanında vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin silinməsi nəzərdə tutulmuşdur. Bu baxımdan, iddianın qanunauyğun həlli üçün məhkəmə tərəfindən həm də hesablanmış faizlərin hansı dövr üçün hesablandığını müəyyən etmək zəruridir. Hazırkı apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 fevral 2024-cü il tarixli 9/92 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə “Pakistan Milli Bankı”nın Bakı filialı arasında bağlanmış 30 dekabr 2009-cu il tarixli 93 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu əsas borc üzrə 12000 manat, faiz borcu üzrə isə 2366,67 manat təşkil edir. Bundan başqa, müəyyən olunmuşdur ki, hesabdan çıxarış məlumatlarından göründüyü kimi borcalan tərəfindən kreditora 28 fevral 2011-ci il tarixdə 12630 manat məbləğində ödəniş edilmişdir, lakin həmin məbləğ hazırkı ekspertiza tədqiqatı ilə borcun hesablanması zamanı nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 101.3 və 206.1-ci maddələrinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №-li Qərarının 3.3-cü bəndində göstərilmişdir ki, digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilən ekspert rəyini mötəbər sübut olaraq qiymətləndirərək qeyd edir ki, həmin rəydə Cavabdeh 25 dekabr 2010-cu il tarixə, yəni kredit müqaviləsi üzrə öhdəliklərin icrasının bitdiyi tarixə iddiaçı “Pakistan Milli Bankı”nın Bakı filialına 12000 manat əsas, 2366,67 manat isə faiz borcu olması göstərilsə də, lakin borcalan Cavabdeh tərəfindən 28 fevral 2011-ci il tarixdə kreditor “Pakistan Milli Bankı”nın Bakı filialına 12630 manat ödəniş edilmişdir. Ekspertiza tədqiqatı qarşısında kredit müqaviləsi üzrə əsas və faiz borcunun 25 dekabr 2010-cu il tarixə, yəni kredit müqaviləsi üzrə öhdəliklərin icrasının bitdiyi tarixə nə qədər olması barədə sual qoyulduğundan ekspert öhdəliklərin icrası müddəti bitdikdən sonra borcalan tərəfindən kreditora ödənilmiş 12630 manat ödənişi nəzərə almamışdır. İşin sadalanan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən 28 fevral 2011-ci il tarixdə iddiaçı “Pakistan Milli Bankı”nın Bakı filialına ödənilmiş 12630 manat vəsait tərəflər arasında bağlanmış 30 dekabr 2009-cu il tarixli 93 saylı kredit müqaviləsi üzrə borc məbləğindən çıxılmalıdır. Yuxarıda da göstərildiyi kimi ekspert rəyi ilə kredit müqaviləsi üzrə 12000 manat əsas, 2366,67 manat isə faiz borcu olması göstərilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, (12000+2366,67-12630=1736,67) tərəflər arasında bağlanmış 30 dekabr 2009-cu il tarixli 93 saylı kredit müqaviləsi üzrə qalıq borc məbləği 1736,67 manat məbləğində müəyyən olunmalıdır. Bu qənaətinə uyğun olaraq kollegiya apellyatorun kredit müqaviləsi üzrə borcun tam olaraq ödənilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, bu dəlil formal mülahizə olmaqla cavabdehin subyektiv mülahizəsinə söykənir. Belə ki, cavabdeh tərəfindən həmin dəlilini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbu ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə baxan birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunan və iş üzrə mühüm əhəmiyyət kəsb edən halları hərtərəfli, tam və obyektiv araşdırıb düzgün hüquqi qiymət vermədən iddia tələbini tam təmin etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, Cavabdeh 30 dekabr 2009-cu il tarixli 93 nömrəli kredit müqaviləsi üzrə 1736,67 manat kredit borcu alınaraq iddiaçı “Pakistan Milli Bankı”nın Bakı filialına ödənilməsi müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq iddia ərizəsinin verilməsi üçün ödənilmiş 6 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 24 manat isə iddiaçıya aid edilməlidir. Həmçinin kollegiya hesab edir ki, hazırkı apellyasiya baxışı zamanı keçirilmiş mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 384.0.2, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli 2(040)-55/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı “Pakistan Milli Bankı”nın Bakı filialının Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 30 dekabr 2009-cu il tarixli 93 nömrəli kredit müqaviləsi üzrə 1736,67 manat kredit borcu, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi 6 manat alınaraq iddiaçı “Pakistan Milli Bankı”nın Bakı filialına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar