Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-701/2024 29.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası - hakimlər Hüseynzadə Afiq Hüseyn oğlunun sədrliyi və məruzəsi, Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2(015)-1066/2023 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 3.706,28 manat əsas, 4.411,17 manat faiz, 2.750,11 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 93.69 manat faiz borcu, cəmi 4338.17 manat borcun və iş üzrə ödənilmiş 124.23 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 005355 saylı Bank Xidmətləri Müqaviləsi bağlanmışdır. Bank Xidmətləri Müqaviləsi üzərindən bağlanmış KM032T08170042 saylı xx.xx.2017-ci il tarixli əlavəyə əsasən cavabdehə şəxsi ehtiyaclar 36 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 4000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla Cavabdeh3 və Cavabdeh2 arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh3 və Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Cavabdehlər üzərlərinə düşən öhdəliyi yerinə yetirməmişlər və müqavilənin şərtlərini pozmuşlar. Öhdəliyin yerinə yetirilməməsi nəticəsində Cavabdeh1 xx.xx.2023-cü il tarixə kredit üzrə 3.706,28 manat əsas, 4.411,17 manat faiz, 2.750,11 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 540.60 manat faiz borcu, cəmi 11408.16 manat təşkil edir. Ağstafa Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2(015)-1066/2023 saylı qətnaməsi ilə (hakim Z.Rəsulov) iddiasının rədd edilməsi və iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Mülki işdə olan sübutlar: İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 005355 saylı Bank Xidmətləri Müqaviləsi üzərindən KM032T08170042 saylı xx.xx.2017-ci il tarixli Əlavəyə əsasən cavabdehə şəxsi ehtiyaclar üçün 36 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 4.000 manat məbləğində kredit verilmiş, cavabdeh isə kredit məbləğini müəyyən olunmuş müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2017-ci il tarixli zaminlik müqavilələrinə əsasən Cavabdeh3 və Cavabdeh2 (zamin)lər müqavilə üzrə borcalanın öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Apellyasiya şikayətinin dəlilləri: Ağstafa Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2(015)-1066/2023 saylı qətnaməsindən narazı qalan iddiaçı apellyasiya şikayəti verilərək, Ağstafa Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2(015)-1066/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edilmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər 21 avqust 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağstafa Rayon Məhkəməsinə elektron qaydada göndərilmişdir. Bildirirlər ki, iddia müddətinin keçməsinə görə iddianı rədd etmiş məhkəmə iddiaçının tələbi üzrə dəlilləri araşdırmadan yalnız iddia müddətinin keçməsinə əsaslanaraq iddianın rədd edilməsi barədə qərar qəbul etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 005355 saylı Bank Xidmətləri Müqaviləsi üzrə KM032T08170042 saylı xx.xx.2017-ci il tarixli əlavəyə əsasən kredit cavabdehə 36 (otuz altı) ay müddətinə verilmiş, kredit müqaviləsinin icra müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Göründüyü kimi, iddia müddətinin axımı xx.xx.2020-ci il tarixdən başlanmaqla xx.xx.2023-cü il tarixədək təşkil etmiş, iddiaçı tərəfindən isə iddia ərizəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xx.xx.2023-cü il tarixdə Ağstafa Rayon Məhkəməsinə müraciət edilmişdir. Həmçinin bildirirlər ki, iddia müddətinin keçməsinə görə iddianı rədd etmiş məhkəmə iddiaçının tələbi üzrə dəlilləri araşdırmadan yalnız iddia müddətinin keçməsinə əsaslanaraq iddianın rədd edilməsi barədə qərar qəbul etmişdir. Bu təcrübəni düzgün hesab etmirlər. Belə ki, məhkəməyə müraciət etmək hüququnun məzmununa, mənasına görə iddia müddətinin tətbid edilməsi barədə ərizənin verilib-verilməməsindən asılı olmayaraq məhkəmə iddiaya mahiyyəti üzrə baxmalı, işin hallarını və sübutları araşdırmalı idi. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, Cavabdeh1 müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh bankdan kredit vəsitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin apellyasiya məhkəməsində verdiyi izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddia ərizəsinin “Elektron məhkəmə” informasiya sistemində məhkəməyə 07 sentyabr 2023-cü il tarixdə daxil olmasının görünməsinin həmin sistemin problemi ilə bağlıdır. Məhkəmənin suallarına cavabdında isə bildirmişdir ki, müvafiq sorğu verməklə iddia ərizəsinin məhz 21 avqust 2023-cü il tarixdə məhkəməyə gönrədilməsi ilə bağlı aidiyyəti orqandan məlumat almaq imkanları yoxdur. Bununla yanaşı əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 387.1. Öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 474.1. Əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Ağstafa Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2(015)- 1066/2023 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2(015)-1066/2023 saylı qətnaməsi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı iddianın rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia tələbi digər əsasla rədd edilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı tərəf iddia ərizəsini 21 avqust 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağstafa Rayon Məhkəməsinə elektron qaydada göndərildiyini iddia etsə də bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. “Elektron məhkəmə” informasiya sistemindən isə görünür ki, iddiaçının iddia ərizəsi 07 sentyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı pdf format adlandırdığı iddia ərizəsinin surətini məhkəməyə təqdim etmişdir ki, həmin ərizədə iddia ərizəsinin göndərilmə tarixi 21 avqust 2023-cü il tarixi göstərilmişdir. İş materiallarında olan iddia ərizəsində isə həmin göndərilmə tarixi qeyd olunmamışdır ki, bununla da sonradan məhkəməyə təqdim edilmiş iddia ərizəsindəki göndərilməyə dair məlumat sübut qismində qəbul edilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 münasibətdə iddia müddətinin ötürülməsi əsası ilə iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Lakin, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə mübahisəyə iddia müddətinin ötürülməsi əsası ilə Mülki Məcəllənin 373-cü maddəsini tətbiq edərək iddianı rədd etmişdir ki, bununla da birinci instansiya məhkəməsi mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normasını düzgün tətbiq etmişdir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsi 22 avqust 2017-ci il tarixdə bağlanmış, müqavilə üzrə öhdəliyin icrasının son müddəti 22 avqust 2020-ci il tarixinədək şərtləndirilmişdir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göğründüyü kimi Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbinə əsasən zaminliyə xitam verilməsinin əsaslarından biri zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddətinin qurtarmasıdır. Hazırkı iş üzrə bağlanmış zaminlik müqaviləlsində onun verilmə müddəti öhdəliyin icrasının son müddətinədək müəyyən olunmuş, iddiaçı isə öhdəliyin icrasının son müddəti bitdiyi tarixdən 1 il ərizndə cavabdehlərə qarşı iddia qaldırmamış və bununla da zaminliyə xitam verilmişdir. Hərçənd ki, bu şərt müqavilənin 5.1.4-cü bəndi ilə də şərtləşdirilmişdir.
Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddəti birgə borclular üçün ortaq müdafiə vasitəsi deyildir. Bu imkandan sadəcə müddətin tətbiqi haqqında ərizə vermiş cavabdeh yararlana bilər. Odur ki, cavabdehlərdən birinin iddia müddətini tətbiq etməsi, bu barədə ərizə verməmiş cavabdehə qarşı iddianın rədd edilməsinə əsas ola bilməz. Hazırkı işdə isə əsas zamin olan cavabdehlər onlara qarşı yönəlmiş tələbdən özünümüdafiə vasitəsi olan iddia müddətinin tətbiqinə dair ərizə verməmişlər. Həmçinin, artıq zaminliyə xitam verildiyindən, həmin öhdəlik üzrə iddia müddətinin tətbiqi də mümükün deyildir. Buna görə də Ağstafa Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2(015)-1066/2023 saylı qətnaməsi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı iddianın rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia tələbi qeyd olunan əsasa görə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
QƏTETDİ:
Ağstafa Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2(015)-1066/2023 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2(015)-1066/2023 saylı qətnaməsi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı iddianın rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.