Məhkəmə qərarları › İş №2(104)-701/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-701/2025

29.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-701/2025 29.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X11 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) Vəkil2 və Cavabdeh nümayəndəsi (vəkil) Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(125)- 752/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Kirovabad şəhəri Xalq deputatları Sovetinin İcrayə Komitəsi tərəfindən verilmiş 15 aprel 1980-ci il tarixli, 127 nömrəli orderin surətinə əsasən Cavabdeh istifadəsinə ünvan 1 ünvanı verilmişdir. Ailə üzvləri 5 nəfərdən ibarətdir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəli 05 avqust 2010-cu il tarixli, **********96-05101-093014 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən ünvan 1 ünvanı tam pay olmaqla, Cavabdeh mülkiyyətindədir.

3. X4 10 mart 2006-cı il tarixdə doğulmuşdur. Atası: X5, anası: İddiaçıdır.

4. 3 iyul 2023-cü il tarixli qonşu 4-cü mikrorayon, bina 17, mənzil 41 ünvanında yaşayan X15, qonşu 4-cü mikrorayon, bina 17, mənzil 52 ünvanında yaşayan X12 və qonşu 4-cü mikrorayon, bina 17, mənzil 60 ünvanında yaşayan X16 tərəfindən imzalanaraq tərtib edilmiş aktın surətinə əsasən 4-cü mikrorayon, bina 17, mənzil 48 ünvanında qonşuları olan Cavabdeh gəlini olmuş İddiaçı 2006-cı ildə anadan olmuş oğlu X3 da 2020-ci ilin dekabr ayından götürüb çıxıb getmişdir. Həmin vaxtdan bu günə qədər İzafət və oğlu X27 adına olan 4-cü mikrorayon, bina 17, mənzil 48 ünvanında yaşamırlar.

5. Gəncə Şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(125)-414/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə X5 arasında xx.xx.2002-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində 462 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, tərəflərin nikahından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X4 İddiaçı yanında saxlanılması və X1 xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

6. Gəncə İnzibati Məhkəməsinin 5 oktyabr 2023-cü il tarixli, e-2-1(114)-3430/2023 nömrəli qərarı ilə iddiaçı Cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinə qarşı İddiaçı, X2 ünvan 1 üvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanına istifadə hüququnun tanınması və xx.xx.2006-cı il təvəllüdlü övladı X4 ilə birlikdə həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun və oğlunun pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinin üzərinə qoyulması haqqında iddia irəli sürmüşdür. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 3430/2023 saylı qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Hazırda iş, Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır. Apellyasiya Məhkəməsindəki icraat zamanı istifadə hüququnun olduğu məlum olmuşdur. Odur ki, Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. Qeyd edir ki, bu mübahisə mənzil mübahisəsidir. Cavabdeh onun keçmiş qaynanasıdır. Belə ki, həyat yoldaşı X5 ilə 2002-ci ildə rəsmi nikaha daxil olaraq evlənmişdir. Həmin vaxt ünvan 1 ünvanındakı mənzilə gəlin köçmüşdür. Bu nikahdan xx.xx.2003-cü il təvəllüdlü X7 və xx.xx.2006-cı il təvəllüdlü X4 adlı iki övladı vardır. 01 dekabr 2020-ci il tarixdə nikahları pozulmuş və onu zorla gecə vaxtı iki uşaqla evdən çıxartmışlar. Xüsusi olaraq qeyd edir ki, o, bu evə gəlin köçəndə mübahisəli mənzil özəlləşməmişdir. Mənzil 2010-cu ildə özəlləşmişdir. Ayrılandan sonra, yəni 2020-ci ilin dekabr ayından etibarən uşaqlarla birlikdə kirayə mənzilə yerləşmişdir. 2021-ci ilin fevral ayında yoldaşı Heydər gəlib onunla barışmış və onlar birlikdə kirayə mənzildə yaşamağa başlamışlar. 2021-ci ilin sentyabr ayında isə yoldaşı yenə ondan ayrılmışdır. Həmçinin, böyük oğlu Anar da, mübahisəli mənzilə getmiş və orada yaşamağa başlamışdır. Beləliklə, kiçik oğlu ilə birlikdə hazırda ikisi hələ də, kirayə mənzildə yaşayırlar. Halbuki, mübahisəli mənzilin saxlanmasında, təmirində və ev əşyalarının alınmasında onun əməyi olmuş və bu işlərə real maddi vəsait xərcləmişdir. Həmçinin, mənzildən onu zorla, onun iradəsinə zidd olaraq çıxartmışlar.

9. Gəncə Şəhər Məhkəməsinin (hakim Zaman İmanov) 2 aprel 2024-cü il tarixli, 2(125)-752/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı və xx.xx.2006-cı il təvəllüdlü X2 ünvan 1 ünvanına istifadə hüquqları tanınmaqla, onların həmin mənzilə köçürülməsi, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı iddia tələbinin təmin edilməsi üçün işin tədqiq edilmiş halları üzrə kifayət qədər əsaslar mövcuddur. İddiaçı və xx.xx.2006-cı il təvəllüdlü X2 ünvan 1 ünvanına istifadə hüquqları tanınmaqla, onlar həmin mənzilə köçürülməlidir.

11. Məhkəmə gəldiyi nəticəni 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş 1982-ci il redaksiyalı Mənzil Məcəlləsinin 123-cü maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsi “X9rşı” xx.xx.1986-cı il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Mülkiyyət hüquqları 2010-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı onun keçmiş gəlini olmuşdur. İddiaçı onun oğlu X5 ilə 2002- ci ildə ailə qurmuşdur. Onların birgə nikahlarından 16 oktyabr 2003-cü il tarixdə X8, 10 mart 2006-cı il tarixində isə X4 adlı uşaqları dünyaya gəlmişdir. Lakin, sonradan onlar ayrılmışlar və 2022-ci ildə məhkəmə qətnaməsinə əsasən nikahları pozulmuşdur. Hələ məhkəməyə müraciət etməzdən təxminən iki il öncə İddiaçı kiçik oğlu X3 da, özü ilə götürüb ona məxsus evi tərk etmişdir. Daha sonra isə məhkəmədə ona qarşı iddia qaldıraraq cehiz əşyalarının evdən çıxarılmasını tələb etmişdir. Lakin, artıq üç ildir ki, iddiaçı və övladı ona məxsus mənzildə yaşamamaqlarına baxmayaraq, bu günə kimi pasport qeydiyyatından çıxmamışlar. Bu isə əlavə kommunal xərclər yaradır. Həmçinin, iddiaçının ona məxsus mənzildə qeydiyyatda qalması mülkiyyəti üzərində sərəncam hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən İddiaçı və sonuncunun oğlu X2 evdən pasport qeydiyyatından çıxarılmaları üçün məhkəməyə müraciət etmişdir. Yalnız bundan sonra İddiaçı məhkəmədə hazırkı iddianı qaldıraraq həm özünün, həm də oğlu X2 istifadə hüququnun tanınması və evə köçürülməsini xahiş etmişdir. Lakin nə qədər absurd olmasına baxmayaraq, məhkəmə hər hansı bir araşdırma aparmadan, işin faktiki hallarını nəzərə almadan və təqdim edilmiş sübutlara qiymət vermədən iddianın təmin edilməsi barədə qətnamə çıxartmaqla maddi və prosessual hüquq normalarını, eləcə də onun qanunla qorunan mülkiyyət hüquqlarını kobud surətdə pozmuşdur. Ona məxsus mənzil 2010-cu ildə adına qeydiyyata alınmışdır və belə olan halda mübahisəyə xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməli idi. Bundan başqa, İddiaçı özünün və yetkinlik yaşına çatmış oğlu X2 yaşamağa başqa yeri olmadığına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya instansiya məhkəməsində birinci icraat

15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İslam Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Şamil Rzaquliyev) 25 iyun 2024-cü il tarixli, 2(104)- 1290/2024 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Gəncə Şəhər Məhkəməsinin 2 aprel 2024-cü il tarixli, 2(125)-752/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının 2020-ci ilin sonlarında mübahisəsi gedən evdən çıxarıldığı işin mübahisə olunmayan halıdır. İddiaçı bu halı həyat qaynanası tərəfindən mənzildən qovulması ilə əlaqələndirmiş, mənzildən daimi getmək niyyətinin olmadığını, hazırkı dövrədək cehiz əşyalarının orada olmasının da buna dəlalət etdiyini vurğulamışdır. Kollegiya, uşaqları olan və başqa yaşayış sahəsinin olduğu müəyyən edilməyən iddiaçının yaşadığı mənzildən könüllü və birdəfəlik çıxıb getməsinin ağlabatan olmadığını da nəzərə almaqla onun arqumentini inandırıcı hesab etmişdir. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli qərarında da məhkəmələrə tövsiyyə olunmuşdur ki, bu cür mübahisələr zamanı məhkəmə, şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsini və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini sübut edən sənədləri (şəxsin yaşayış yerindən qeydiyyatdan çıxmasını, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməsini, yeni iş yerində mənzillə təmin edilməsini və s. bu kimi halları təsdiq edən sənədləri) tələb etməlidir; hazırki işdə isə belə sənədlər mövcud deyildir. Bu baxımdan kollegiya hesab etmişdir ki, İddiaçı mübahisəli mənzildən daimi yaşamaq üçün getdiyi qənaətinə gəlməyə əsas verməməklə, mənzilə dair hüquqlarının itirilməsinə münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olmadığını təsdiq etmişdir.

17. Məhkəmə gəldiyi nəticəni 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123, 53, 54, 60, 87, 123-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır.

Kassasiya instansiya məhkəməsində icraat

18. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarı eynilə cavabdeh tərəfin vəziyyətini əks etdirir. Belə ki, cavabdehə məxsus olan mənzil də yalnız 2010-cu ildə adına qeydiyyata alınmışdır və belə olan halda Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməli idi. Lakin məhkəmə kollegiyası belə bir qərarın mövcudluğuna hər hansı bir əhəmiyyət verməyib Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun sərgilədiyi hüquqi mövqeyə zidd olaraq iddianın təmin edilməli olduğu barədə qanunsuz və əsassız bir qətnamə çıxarmışdır. İddiaçının oğlu olan X4 qətnamə çıxarılmazdan əvvəl yetkinlik yaşına çatmağına baxmayaraq, məhkəmə kollegiyası onun hər hansı iddiası olmadan, yalnız İddiaçı iddiası əsasında X4 evə istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədə qətnamə çıxarmışdır ki, bu da çox ciddi prosessual pozuntudur. İşə baxan məhkəmə kollegiyası qətnamədə əvvəlcə İddiaçı mübahisəli mənzildə yalnız 2011-ci ildən pasport qeydiyyatında olduğunu, daha sonra isə mənzil cavabdehin adına özəlləşən zaman iddiaçının buna rəsmi razılıq verməsini qeyd etmişdir. (7-ci səhifə, 4-cü abzas) Əslində isə sözügedən mənzil 2010-cu ildə Cavabdeh adına özəlləşdirilmiş və məhkəmə kollegiyasının özünün qeyd etməsinə görə bu zaman iddiaçı evdə qeydiyyatda olmamışdır. Təbiidir ki, belə olan halda iddiaçı evin cavabdehin adına özlləşməsinə razılıq verə bilməzdi. Çünki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə görə, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Elə əvvəllər Gəncə İnzibati Məhkəməsində işə baxılan zaman məhkəmənin sorğusuna əsasən qeydiyyat orqanının məhkəməyə təqdim etdiyi sənədlərdən də açıq-aydın görünür ki, mənzil cavabdehin adına özəlləşən zaman iddiaçı hər hansı bir razılıq ərizəsi verməmişdir. Lakin işə baxan məhkəmə kollegiyası məhz iddiaçının mənzil özəlləşən zaman razılıq ərizəsi verməsini əsas götürərək sözügedən qətnaməni çıxarsa da, öz qətnaməsində hansı əsasa və hansı sübuta istinad edərək belə bir qənaətə gəldiyini, belə bir sübutun olmadığı təqdirdə nə üçün ondan istifadə etdiyini əsaslandıra bilməmişdir. İddiaçı özünün və yetkinlik yaşına çatmış oğlu X2 yaşamağa başqa yeri olmadığına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, buna baxmayaraq məhkəmələr hər hansı bir sübuta əsaslanmadan sözügedən qanunsuz qətnaməni çıxarmışdır. Məhkəmə kollegiyası ümumiyyətlə qətnamədə hər hansı bir əsaslandırma aparmadan iddianın təmin edilməli olduğu gənaətinə gəlmişdir ki, bu da çox ciddi prosessual pozuntudur. İşə baxan birinci instansiya məhkəməsi heç bir araşdırma aparmadan, işin faktiki hallarını nəzərə almadan və təqdim edilmiş sübutlara qiymət vermədən iddianın təmin edilməsi barədə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Apellyasiya instansiya məhkəməsi də öz növbəsində bu qanunsuz qətnaməni qüvvədə saxlamaqla maddi və prosessual hüquq normalarını, eləcə də cavabdehin qanunla qorunan mülkiyyət hüquqlarını kobud surətdə pozmuşdur.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X17 (məruzəçi), X10 və X6 ibarət tərkibdə) xx.xx.2024-cü il tarixli, 2(102)-3586/2024 nömrəli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyun 2024-cü il tarixli, 2(104)-1290/2024 saylı qətnamənin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

21. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı vəziyyətdə araşdırılmalı olan məsələ cavabdehin mübahisəli mənzilə münasibətdə əldə etmiş olduğu istifadə hüququnu saxlayıb-saxlamamasının müəyyən edilməsi ilə bağlıdır. Belə ki, yaşayış sahəsindən istifadə etmək hüququ yaranmış olsa belə, həmin hüququn sonradan qanuni əsaslarla aradan qalxması istisna deyil. Bu qayda 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 54-cü maddələri əsasında yaranmış istifadə hüququna da şamil edilirdi. Həmin Məcəllənin 60 və 87-ci maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həminyaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İddiaçının 2020-ci ilin sonlarında mübahisəsi gedən evdən çıxdığı işin mübahisə olunmayan halıdır. Məhkəməyə müraciət etməzdən təxminən iki il öncə İddiaçı kiçik oğlu X3 da özü ilə götürüb ona məxsus evi tərk etmişdir. Daha sonra isə məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq cehiz əşyalarının ona qaytarılmasını tələb etmişdir. Artıq üç ildir ki, iddiaçı və övladı cavabdehə məxsus mənzildə yaşamır. Buna görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının mənzilə yaranmış istifadə hüququnun itirilib-itirilməməsi məsələsinə yuxarıda göstərilən maddi hüquq normalarının tələbləri baxımından yenidən qiymət verilməli, iddiaçının bu müddət ərzində yaşayış sahəsinə ehtiyacının aradan qalxması, cavabdehə məxsus evdə yaşamaq kimi niyyətinin olmaması barədə cavabdehin etirazının dəlilləri üzrə ətraflı araşdırma aparılmalıdır. Apellyasiya instansiyası məhkəməsi işin mahiyyəti üzrə düzgün həll olunması üçün işin hallarını lazımi həddə araşdırmamış, işin faktiki hallarına, tərəflərin izahatlarına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxarır. Bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər-hansı hüquqi nəticəyə gəlinməsinə ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Bu baxımdan mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.

22. Məhkəmə gəldiyi nəticəni 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123, 53, 54, 60, 87, 123-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, oxşar məzmunlu izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, ev 2010-cu ilədək order əsasında Almaza məxsus olmuşdur. 2010-cu ildən isə DƏDKR publik hüquqi şəxsindən qeydiyyatdan keçmişdir. İddiaçı nikah pozulmasından əvvəl evdən çıxıb getmişdir. Nikah 2022-ci ildə pozulub, sonra Almaz cehiz əşyalarının çıxarılması ilə bağlı iddia qaldırmışdır. İddiaçı ilə cavabdehin ailə münasibətlərinə xitam verilmişdir və o, 3 ildir ki, cavabdehə məxsus evdə yaşamır.

24. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, 2022-ci ildə cavabdehin oğlu Heydər Allahverdiyevdən məhkəmə qaydasında boşanmışdır. Onu yola vermirdilər. Sonra barışmış və ərinin bacısıgildə qalmışlar. O, cehiz əşyalarından zəruri olanları tələb etmişdir, hamısını deyil. 2023-cü ilin avqust ayında bir dəfəlik ayrılmış və o, köçmüşdür. Hazırda yaşamağa yeri yoxdur.

25. İddiaçı nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı 2002-ci ildən mübahisə predmeti olan mənzilə köçərək daima orada yaşamışdır. Sözügedən mənzilin cavabdehin adına özəlləşdirməsinə iddiaçının da razılığı olmuşdur. İddiaçını mübahisə predmeti olan mənzildən məcburi çıxartmışlar. İddiaçı mənzildən çıxarıldıqdan sonra kirayədə yaşayır. İddiaçının mübahisəli mənzildən könüllü çıxmaq arzusu olmamış, o, zorla həmin evdən qayanansı tərəfindən çıxarılmışdır.

26. İş üzrə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nümayəndəsi olan vəkil vasitəsi ilə təmsil olunmuşdur. Məhkəmə bildirişi ilə ona hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəcəkləri təqdirdə işə onun iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

27. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi:

29. Maddə 123. Yaşayış evinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.

30. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirdər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

31. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

32. Maddə 60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış yeri 6 ay saxlanılır.

33. Maddə 87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

34. Maddə 123. Yaşayış evinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

35. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

42. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

43. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

44. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

45. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

46. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

47. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

48. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

49. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(125)-752/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.

51. İşə baxan kassasiya instansiya məhkəməsinin qərarında şərh edilən göstərişləri əsas götürən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı vəziyyətdə araşdırılmalı olan məsələ cavabdehin mübahisəli mənzilə münasibətdə əldə etmiş olduğu istifadə hüququnu saxlayıb-saxlamamasının müəyyən edilməsi ilə bağlıdır. Belə ki, yaşayış sahəsindən istifadə etmək hüququ yaranmış olsa belə, həmin hüququn sonradan qanuni əsaslarla aradan qalxması istisna deyil.

52. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı keçmiş qaynanasıdır. Cavabdehin oğlu X5 ilə 2002-ci ildə rəsmi nikaha daxil olaraq evlənmişlər. İddiaçı həmin vaxt ünvan 1 ünvanındakı mənzilə gəlin köçmüşdür. Mənzil 2010-cu ildə özəlləşmişdir. 01 dekabr 2020-ci il tarixdə tərəflərin nikahları pozulmuşdur. Ayrılandan sonra, 2020-ci ilin dekabr ayından etibarən uşaqlarla birlikdə kirayə mənzilə yerləşmişdir. 2021-ci ilin fevral ayında əri Heydər gəlib onunla barışmış və onlar birlikdə kirayə mənzildə yaşamağa başlamışlar. 2021-ci ilin sentyabr ayında isə yoldaşı yenə ondan ayrılmışdır.

53. İddiaçının mənzilə yaranmış istifadə hüququnun itirilib-itirilməməsi məsələsinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçının 2020-ci ilin sonlarında mübahisəsi gedən evdən çıxması işin mübahisə olunmayan halıdır. İddiaçı 2020-ci ildən mənzili tərk etmiş və nikahın pozulması barədə məhkəmədə iddia qaldırmışdır. Bundan başqa, iddiaçı mübahisəli mənzildən cehiz əşyalarının da qaytarılmasını tələb etmişdir. İddiaçı mübahisəli mənzildən cavabdehin zor tətbiq etməsi ilə qovulduğunu qeyd etsə də, bu arqumentlərini təsdiq edə biləcək heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Bu isə kollegiyaya onun mübahisəli mənzili könüllü tərk edərək kirayəyədə yaşamağa başlamasını deməyə əsas verir.

54. İddiaçının bu müddət ərzində yaşayış sahəsinə ehtiyacının aradan qalxması məsələsinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçının başqa yaşayış yeri olmadığı halda 18 il yaşadığı mənzili könüllü tərk edərək kirayəyədə yaşaması ağlabatan və inandırıcı deyil. Bundan başqa, məhkəməyə müraciət etməzdən təxminən iki il öncə İddiaçı kiçik oğlu X3 da özü ilə götürüb ona məxsus evi tərk etmişdir. Daha sonra isə məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq cehiz əşyalarının ona qaytarılmasını tələb etmişdir. Artıq üç ildir ki, iddiaçı və övladı cavabdehə məxsus mənzildə yaşamır. İddiaçı özünün və yetkinlik yaşına çatmış oğlu X2 yaşamağa başqa yeri olmadığına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarına görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən, 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

55. Cavabdehə məxsus evdə yaşamaq kimi niyyətinin olmaması barədə cavabdehin etirazının dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçının mübahisəli mənzildə yaşamaq niyyətinin olması istisna edilmir. Lakin iddiaçı hazırda mənzilin mülkiyyətçisinin ailə üzvü deyildir. Mübahisəli mənzilə yaranmış istifadə hüququnu isə iddiaçı həmin mənzili tərk etməklə və özünə başqa yaşayış yeri seçməklə itirmişdir.

56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, gəldiyi nəticəni işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi rədd edilməlidir.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi: Gəncə Şəhər Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(125)-752/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(125)-752/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar