Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-703/2025 01.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: pul vəsaitinin qaytarılması; əsassız varlanma Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli 2(125)-6006/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 01 aprel 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2021-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh İddiaçı 21375 manat və 1.000 ABŞ dolları məbləğində pul vəsaitini borc aldığını qeyd etmişdir;
2. Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş Cavabdeh xx.xx.2021-ci il tarixli, 8İ-3251 reyestr nömrəli ərizəsinin surətindən görünür ki, Cavabdeh İddiaçı ödəməli olduğu 21375 manat və 1000 ABŞ dolları məbləğində pul vəsaitini xx.xx.2024-cü il tarixədək tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilməmiş əsas borcun əvəzi qismində 21.375 manat, 1.000 ABŞ dolları məbləğində pul vəsaitinin və ya onun manat ekvivalentində dəyərinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 161 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh uzun müddətdir tanıyır. O, cavabdehin bacısı ilə yaxın rəfiqə olmuşdur və bu vasitəsi ilə cavabdehlə tanış olmuş, yaxın əlaqə qurmuşdur. Cavabdeh ona oğlunun avto-qəza hadisəsi törətdiyini və təcili pul lazım olduğunu bildirərək, 2018-ci ilin iyul ayında ondan borc pul istəmişdir. O, Cavabdeh etibar edərək 21375 manat və 1000 ABŞ dolları məbləğində pul vəsaitini 1 il müddətində qaytarmaq şərti ilə borc vermişdir. Sonradan Cavabdeh verdiyi vədə əməl etmədiyi üçün notariat qaydada ərizə verərək borcunu 2024-cü ilin sentyabr ayının sonunadək ödəcəyini bildirmiş, lakin vədinə əməl etməmişdir. Bununla bağlı o, məhkəməyə müraciət etsə də, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023- cü il tarixli qətnaməsi əsasında öhdəlik müddətinin bitməməsi səbəbi ilə iddiası təmin olunmamışdır. Hazırda öhdəlik müddəti bitsə də cavabdeh heç bir ödəniş etməmişdir. Bununla bağlı Cavabdeh ilə əlaqə saxlamağa çalışsa da buna nail ola bilməmişdir.
5. Gəncə Şəhər Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli 2(125)-6006/2024 nömrəli qətnaməsi ilə (hakim Camal Quliyev) İddiaçı iddiası təmin edilərək, Cavabdeh ödənilməmiş əsas borcun əvəzi qismində 21375 (iyirmi bir min üç yüz yetmiş beş) manat məbləğində pul vəsaiti, 1.000 (bir min) ABŞ dolları məbləğində ödəniş anına Azərbaycan manatı məzənnəsi ilə manat ekvivalentində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 161 (bir yüz altmış bir) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.1, 337.5, 385.1, 739.1, 740.2, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı borc pul almışdır. Onlar arasında müəyyən razılaşma olmuşdur ki, borc məbləğini hissə-hissə ödəyəcəkdir. Hər dəfə iddiaçıya müəyyən məbləğdə ödəniş etmək isdədikdə, o, ödəmək isdədiyi məbləği qəbul etməmiş və bildirmişdir ki, borcu birdəfəyə ödəsin. Lakin onun maddi imkanı buna yol vermədiyi üçün borcunu birdəfəyə ödəyə bilməmişdir. Birinci instansiya məhkəməsində üzrlü səbəbdən, yəni səhhətində olan problemlərə görə iştirak edə bilməmişdir. Bu barədə məhkəməyə məlumat verərək işə baxılmasının təxirə salınmasını xahiş etmiş, lakin məhkəmə işə onun iştirakı olmadan baxaraq çəkişmə prinsipini pozmuşdur. Məhkəmə iclaslarında iştirak etsəydi iddiaçıya məhkəmə qətnaməsində göstərilən məbləğdə borcu olmayacaqdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Mıəhkəmə icraarı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı həmişə ona köməklik göstərib hörmət etmişdir. Hər dəfə lazım olduqca ona maddi köməklik göstərib. Bu səbəbdən də iddiaçı ona iddiada göstərilən məbləğdə pul verməsə də, lakin ona etibar edərək xx.xx.2021-ci il tarixli əlyazma qəbz yazmışdır. İddiaçıdan aldığı pulu ərinin ağır xəstəliyi ilə əlaqədar ödəyə bilməmişdir. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçıdan 2018-ci ildən hazırkı tarixədək ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla 3000-5000 manat civarında pul almışdır. Lakin, borcun verildiyi tarix və borc məbləğləri yadında deyildir. İddiaçıdan 1000 ABŞ dolları pul almışdır. Qalıq borc vəsaiti ilə bağlı bildirir ki, həmin pulun hamısı ona verilməyib, o pulun yarı hissəsi bankın borcuna çıxılıb. Verilən pullara görə iddiaçı ondan əlavə faiz tələb etməyib. İddiaçıya razılığa gəlməyi təklif etsə də, razılaşmamışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, 2016-cı ildə insanlıq naminə öz qızıllarını girov qoyub lombarddan və bankdan öz adına pul götürüb cavabdehə vermişdir. Cavabdeh sələmə düşmüşdür, evdə problemləri olmuşdur. İnsanlıq edib ona pul vermişdir, lakin hazırkı vaxtadək cavabdeh ona pulları geri ödəməmişdir. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, 2016-cı ildə öz qızıllarını lombarda girov qoyub 9500 manat məbləğində pul götürüb cavabdehə vermişdir. Borcları 2016-2021-ci illər aralığında vermişdir. Cavabdeh borcunu qaytarmadığından 2023-cü ildə məhkəməyə müraciət etmiş, lakin borcun qaytarılması müddəti bitmədiyindən məhkəmə iddianı təmin etməmişdir. 2016-cı ilin yay ayında "xxxx" ASCdən 5000 manat kredit götürüb cavabdehə vermişdir. Bundan başqa, 2018-ci ildə bir dəfə 3780 manat, daha sonra isə 1000 ABŞ dolları cavabdehə borc vermişdir. Digər verdiyi borcların məbləğini və hansı tarixdə verildiyini xatırlamır. Ancaq, cavabdehin ümumilikdə ona 21375 manat və 1000 ABŞ dolları borcu olmuşdur. Cavabdeh borcundan ödəniş etməmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
16. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
18. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
19. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
20. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
21. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 28. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
22. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Cavabdeh İddiaçı müxtəlif vaxtlarda və müftəlif məbləğdə olmaqla, ümumilikdə 21375 manat və 1000 ABŞ dolları məbləğində pul borc almış və borcunu xx.xx.2024cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Bu barədə Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli əlyazma qəbz tərtib edilmişdir. Eyni zamanda, Cavabdeh Gəncə şəhəri 1 saylı notariat ofisində verdiyi xx.xx.2021-ci il tarixli, 8İ-3251 reyestr nömrəli ərizə ilə bir daha bu faktı təsdiq etmişdir. İddiaçı cavabdehin ona olan borcunu qaytarmadığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də iddia tələbini təmin etmişdir.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
34. Yuxarıda da göstərildiyi kimi Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş əlyazma qəbzlə, o cümlədən onun Gəncə şəhəri 1 saylı notariat ofisində verdiyi xx.xx.2021-ci il tarixli, 8İ-3251 reyestr nömrəli ərizə ilə müəyyən olunur ki, Cavabdeh İddiaçı ümumilikdə 21375 manat və 1000 ABŞ dolları məbləğində pul borc almış və borcunu xx.xx.2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.
35. Apellyatorun dəlili ondan ibarət olmuşdur ki, əslində iddiaçı ona iddia ərizəsində göstərilən məbləğdə borc verməmiş, sadəcə olaraq iddiaçıya etibar etdiyindən guya ona 21375 manat və 1000 ABŞ dolları məbləğində borc verməsinə dair əlyazma qəbz yazdırmışdır.
36. Məhkəmə kollegiyası apellyatorun bu dəlilini əsassız sayaraq qeyd edir ki, əvvəla Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş əlyazma qəbzlə, o cümlədən onun Gəncə şəhəri 1 saylı notariat ofisində verdiyi xx.xx.2021-ci il tarixli, 8İ-3251 reyestr nömrəli ərizə ilə iddiaçı tərəfindən cavabdehə 21375 manat və 1000 ABŞ dolları məbləğində borc verilməsi müəyyən olunur. Digər tərəfdən isə, apellyator bu dəlilini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir.
37. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
38. Həmin Məcəllənin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
39. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
40. Lakin, cavabdeh bu sübut etmə öhdəliyinin öhdəsindən gələ bilməmiş və irəli sürdüyü dəlili sübuta yetirə bilməmişdir.
41. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, İddiaçı Cavabdeh hissə-hissə ümumilikdə verdiyi 21375 manat vəsaiti konkret olaraq hansı məbləğlərdə olması aydın deyildir. İşin məlum olan tərəfi odur ki, iddiaçı tərəfindən cavabdehə 21375 manat və 1000 ABŞ dolları vəsait verilmiş, lakin sonuncu həmin vəsaiti qaytarmamışdır. Bununla yanaşı, cavabdeh iddiaçıdan aldığı vəsaiti borc şəklində aldığını bildirmişdir.
42. Göstərilən hallarla bağlı məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, 21375 manat vəsaitin borca verilməsi ilə bağlı tərəflər arasında yazılı kredit müqaviləsi bağlanmamışdır. Həmin vəsait şifahi kredit müqaviləsi əsasında verilmişdir və həmin vəsaitin qaytarılması ilə bağlı iddiaçının tələbinin hüquqi əsasını Mülki Məcəllənin borc hüquq münasibətlərindən bəhs edən 739-cu maddəsi təşkil edir. 21375 manat vəsaitin borca verilməsi ilə bağlı tərəflər arasında yazılı kredit müqaviləsi bağlanmadığından işin halları Mülki Məcəllənin 740.2-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Başqa sözlə, həmin vəsaitin miqdarı 3000 manatdan çox olduğundan və vəsaitin verilməsinə dair tərəflər arasında borc müqaviləsi yazılı formada bağlanmadığından iddia olunan 21375 manat məbləğ cavabdeh tərəfindən hər hansı hüquqi və müqavilə əsası olmadan əldə edilmişdir ki, bununla da cavabdeh iddiaçının (məhrum olanın) hesabına həmin məbləğdə əsassız varlanmışdır. 1000 ABŞ dolları borc məbləğinin qaytarılması hissədə isə işin halları Mülki Məcəllənin 740.2-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşır. Belə ki, həmin məbləğ 3000 manatdan az olduğundan bu borc məbləğinin şifahi kredit müqaviləsi əsasında verilməsi mülki qanunvericiliyin tələblərinə zidd deyildir.
43. Şərh olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etmişdir. Məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli 2(125)-6006/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.