Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-707/2023 07.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(015)-995/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 07 sentyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 27 may 2021-ci il tarixli CC/83131/80/18 nömrəli kredit sazişindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 20 faiz olmaqla 36 ay müddətinə 8000 manat kredit verilmişdir.
2. İddia tələbinin azadılmasına dair ərizədən görünür ki, Cavabdeh ödənilməmiş 7203,55 manat əsas, 220,52 manat faiz borcu yaranmışdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən 7264,55 manat əsas, 1284,69 manat faiz, 250,27 manat cərimə olmaqla, cəmi 8799,51 manat borc və ödənilmiş 109 manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 27 may 2021-ci il tarixli CC/83131/80/18 nömrəli kredit sazişi bağlanmış və sonuncuya illik 20 faiz olmaqla 36 ay müddətinə 8000 manat kredit verilmişdir. Cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və müqavilə üzrə öhdəliklərini yerinə yetirmir. Borclu pul öhdəliklərinin icrasını gecikdirdikdə bank vaxtından əvvəl icrasını tələb edə bilər.
5. İddiaçı ASC iddia tələbinin azadılmasına dair ərizə verərək, kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh 7203,55 manat əsas, 220,52 manat faiz borcunun və ödənilmiş 109 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Ağstafa Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(015)-995/2022 nömrəli (hakim N.Abbasov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 27 may 2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi; Cavabdeh 7203,55 manat əsas, 220,52 manat faiz borcu olmaqla, cəmi 7424,07 manat və 109 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 425, 442, 448.2, 449.1 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 213-214, 216-220, 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, 3000 manat ödənişi nəzərə alınmamışdır. Borcun düzgün hesablanması üçün məhkəmə mühasibatlıq ekspertizasının təyin olunması barədə vəsatət təqdim etsədə, nəzərə alınmamışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, 16 avqust 2022-ci il tarixdə cavabdeh tərəfindən1600 manat ödəniş olmuş, həmin məbləğin 250,27 manatı cərimə, 1288,73 manat isə faiz borcundan silinmişdir. X1 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
14. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.
15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
17. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
19. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
20. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
21. Maddə 449 Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
22. Maddə 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.
23. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.
24. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1. maddəsinə görə, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
30. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər;
Apellyasiya baxışının hədləri
32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, qətnamə borcun düzgün hesablanmamsına dair hissədə mübahisələndirilmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi əsas və faiz borc, eləcədə cəmi borcun tutulması hissələrdə dəyişdirilməlidir.
36. İlk öncə məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).
37. İş hallarından müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 27 may 2021-ci il tarixli CC/83131/80/18 nömrəli kredit sazişinə əsasən sonuncuya illik 20 faiz olmaqla 36 ay müddətinə 8000 manat kredit verilmişdir. Müqavilə öhdəliklərinin cavabdeh tərəfindən pozulması əsası ilə kreditor hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmişdir.
38. Cavabdeh apellyasiya şikayətində (eləcədə işə əlavə olunmuş vəsatətdə) kredit müqaviləsi üzrə ödəniş etdiyini, lakin bu ödənişlərin nəzərə alınmadığını qeyd edərək iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasını xahiş etmişdir. Ona görədə iddia ərizəsinin məhkəməyə verildiyi müddətə, yəni 26 avqust 2022-ci il tarixə cavabdehin kreditora olan borcunun müəyyən olunması üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
39. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 iyul 2023-cü il tarixli 9/2868 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh 26 avqust 2022-ci il tarixə İddiaçı ASC-yə 6941,96 manat əsas, 38,57 manat faiz borcu var.
40. Yuxarıda da qeyd olunduğu kimi kreditor 27 may 2021-ci il tarixli CC/83131/80/18 nömrəli kredit sazişi üzrə Cavabdeh 7203,55 manat əsas, 220,52 manat faiz borcu tələb etmişdir. Göründüyü kimi borc düzgün hesablanmamışdır. Kollegiya ekspert rəyini sübut növü kimi qəbul edərək hesab edir ki, 27 may 2021-ci il tarixli CC/83131/80/18 nömrəli kredit sazişi üzrə əsas borc 6941,96 manat, faiz borcu isə 38,57 manat müəyyən edilməlidir.
41. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 iyul 2023-cü il tarixli 9/2868 nömrəli ekspert rəyinə əlavə olunmuş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 145 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN 140155071, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ013601**********3944 SFİFT BİK: CTREAZ22 nömrəli hesabına ödənilməlidir.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(015)-995/2022 nömrəli qətnaməsi “7203,55 manat əsas, 220,52 manat faiz borcu olmaqla, cəmi 7424,07 manat” hissədə dəyişdirilsin. 27 may 2021-ci il tarixli CC/83131/80/18 nömrəli kredit sazişi üzrə əsas borc 6941,96 manat, faiz borcu 38,57 manat, cəmi borc 6980,53 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 145 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN 140155071, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ013601**********3944 SFİFT BİK: CTREAZ22 nömrəli hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.