Məhkəmə qərarları › İş №2(104)-710/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-710/2023

30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-710/2023 30.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, Tovuz Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(062)-288/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilə üzrə əsas borcun, dəymiş zərərin (əldən çıxmış faydanın), bank uçot dərəcəsinə uyğun əsas borca hesablanmış faizin, çəkilmiş xərclərin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 5000 manat məbləğində əsas borcun, 1000 manat məbləğində əldən çıxmış faydanın, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2021-ci il tarixdən müəyyən edilmiş 7% bank uçot dərəcəsinə uyğun əsas borca hesablanmış 350 manat məbləğində faizin, 110 manat məbləğində hüquqi müdafiə xərclərinin əvəzinin, xəbərdarlıq məktublarının poçtla göndərilməsinə görə ödənilmiş 2.60 manat məbləğində rüsumun əvəzinin və məhkəməyə ödənilmiş 95 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(062)-288/2022 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Zaur Hünmətov) iddia tələbi qismən təmin edilmiş, 5000 manat məbləğində əsas borc, 750 manat faiz borcu, 110 manat poçt xərci və ödənilmiş 95 manat dövlət rüsumu olmaqla, cəmi 5955 manat pulun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(062)-288/2022 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı verdiyi izahatında ona 5000 (beş min) manat məbləğində pul vəsaitinin verildiyini və bununla bağlı aralarında müqavilənin bağlandığını bildirmişdir. Lakin onun iddiaçıya heç bir borcu yoxdur, müqavilədə mövcud olan imza ona məxsus deyildir. İddiaçının izahatına əsasən sözügedən müqavilə 2019-cu ilin iyul ayında 2 ay müddətinə bağlanmışdır. Həmin pulu müqaviləyə əsasən 3 il ərzində qaytarmadığı halda həmin müddət ərzində iddiaçının ondan pul tələb etməməyi isə sual yaradır. İddiaçı işə baxılmanın vaxt və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kolelgiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh nümayəndəsi və vəkili X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, Tovuz Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(062)-288/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(062)-288/2022 nömrəli qətnaməsi 750 manat faiz borcu hissəsində dəyişdirilməli və həmin məbləğ 350 manat müəyyən edilməli, Cavabdeh 5000 manat məbləğində əsas borc, 350 manat faiz borcu, 110 manat poçt xərci və ödənilmiş 95 manat dövlət rüsumu olmaqla, cəmi 5555 manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh apellyasiya şikayətində Tovuz Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(062)-288/2022 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərində əslində iddianın qismən təmin edilmiş hissəsini mübahisələndirmişdir. Qətnamənin iddianın təmin edilməmiş hissəsi mübahisələndirilmədiyindən həmin hissə ilə bağlı araşdırma aparılmır. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbayacan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan 12 iyul 2019-cu il tarixli, H/Z-1 borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 2 (iki) ay müddətinə, yəni xx.xx.2019-cu il tarixədək qaytarmaq öhdəliyi ilə 5000 manat borc pul vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 may 2022-ci il tarixli rəyindən görünür ki, borc müqaviləsinin “borc alan”qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyasında müəyyən edildi ki, Cavabdeh 12 iyul 2019-cu il tarixli borc müqaviləsinə əsasən, İddiaçı götürdüyü 5000 manat məbləğində borcunu 12 sentyabr 2019-cu il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında borc münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşakarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formadabağlanır. 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğində asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı 12 iyul 2019-cu il tarixli, H/Z- 1 borc müqaviləsi ilə Cavabdeh 2 (iki) ay müddətinə, yəni xx.xx.2019-cu il tarixədək qaytarmaq öhdəliyi ilə 5000 manat borc pul vermişdir.Lakin cavabdeh həmin vaxtda borcundan heç bir ödəniş etməmişdir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, bu müqavilə ilə öz vəzifələrini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır və digər tərəfə vurduğu zərəri tam ödəməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli borc müqaviləsi 3 ay müddətinə bağlanmaqla, müqavilə üzrə ödənişlərin son tarixi xx.xx.2019-cu il müəyyən edilməsinə baxmayaraq, cavabdeh həmin müddət bitdikdən sonra da öhdəliyini icra etmədiyindən, iddiaçı tərəf cavabdehdən öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş zərərin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, ididaçı Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2021-ci il tarixdən müəyyən edilmiş 7% bank uçot dərəcəsinə uyğun əsas borca hesablanmış 350 manat məbləğində faiz tələb etmiş, birinci instansiya məhkəməsi isə, illik beş faiz olmaqla, hər il üçün 250 manat, cəmi 750 manat faiz borcunun tutulması qənaitinə gələrək, iddia tələbindən kənara çıxmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, icranın borclu tərəfindən gecikdirilməsi nəticəsində kreditora zərər dəydiyi üçün, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə, icranın gecikdirilməsinə görə məsuliyyət müəyyən etmiş və bu baxımdan iddiaçının xeyrinə kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5% dərəcəsi ilə hesablanmış faiz borcunun tutulması tələbi əsaslı sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi nəzərdə tutur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdehdən illik beş faiz olmaqla, hər il üçün 250 manat, cəmi 750 manat faiz borcunun tutulması mümkün olsa da, iddia həmin hissədə tələb həcmində müəyyən edilməli, yəni 350 manat həcmində təmin edilməlidir. Cavabdeh iddiaçıya heç bir borcunun olmaması, yəni müqavilədə olan imzanın ona məxsus olmaması ilə bağlı apellyasiya dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, onun həmin dəlili Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin işdə olan 20 may 2022-ci il tarixli rəyi ilə təkzib olunur. Belə ki, həmin rəylə müəyyən olunur ki, borc müqaviləsinin “borc alan”qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Həmin rəyin mötəbər olmaqla, heç bir şübhə doğurmur və iş materialları ilə müəyyən edilir ki, Cavabdeh 12 iyul 2019-cu il tarixli borc müqaviləsinə əsasən, İddiaçı götürdüyü 5000 manat məbləğində borcunu 12 sentyabr 2019-cu il tarixədək qaytaracağını öhdəsinə götürsə də, bu vaxtadək borcundan ödəniş etməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(062)-288/2022 nömrəli qətnaməsi 750 manat faiz borcunun Cavabdeh alınıb İddiaçı verilməsi hissəsində dəyişdirilməli və Cavabdeh 5000 (beş min) manat məbləğində əsas borc, 350 (üç yüz əlli) manat faiz borcu, 110 (yüz on) manat poçt xərci və ödənilmiş 95 (doxsan beş) manat dövlət rüsumu olmaqla, cəmi 5555 (beş min beş yüz əlli beş) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsin tərəfindən iş üzrə ekspertiza keçirilməsinə baxmayaraq, ekspertiza xərci həll edilməmişdir. Rəyə əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 124 manatdır. Azərbaycan Respublikası MPM-nin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə məhkəmə ekspertizası cavabdehin vəsatəti əsasında təyin edildiyindən və əldə edilmiş rəy ilə cavabdehin dəlilləri öz təsdiqini tapmadığından, ekspertiza xərci cavabdehə aid edilməli və aparılmış tədqiqatın dəyəri olan 124 manat Cavabdeh tutularaq Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE******************** hesabına köçürülməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 390, 392-393 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(062)-288/2022 nömrəli qətnaməsi Cavabdeh əsas borca hesablanmış faiz borcu olaraq 750 (yeddi yüz əlli) manat pulun alınıb İddiaçı verilməsi hissəsində dəyişdirilsin və həmin məbləğ 350 manat müəyyən edilsin. Cavabdeh Fəhad oğlundan 5000 (beş min) manat məbləğində əsas borc, 350 (üç yüz əlli) manat faiz borcu, 110 (yüz on) manat poçt xərci və ödənilmiş 95 (doxsan beş) manat dövlət rüsumu olmaqla, cəmi 5555 (beş min beş yüz əlli beş) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İş üzrə ekspertiza xərci cavabdehə aid edilsin və aparılmış tədqiqatın dəyəri olan 124 manat Cavabdeh tutularaq Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE******************** hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar