Məhkəmə qərarları › İş №2(104)-713/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-713/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-713/2025 22.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X1 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-2373/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı müraciəti əsasında Gəncə şəhər BPİ 3-cü polis bölməsində araşdırılmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Cavabdeh2 izahatında göstərmişdir ki, 2023-cü ilin sentybr ayının əvvəllərində tanışı Gülçinin vasitəsilə tanış olduğu Sevdanın yaşadığı ünvan 1-ə gedərək Sevda ilə evinin əsaslı təmiri barədə söhbət etdiklərini, evin ümumi təmiri üçün 3500 manat pul verməli olacağını, Sevda isə işini yekunlaşdırdıqdan sonra 3400 manat pul və 1 ədəd dəmir qapı verəcəyi barədə razılaşdıqlarını göstərmişdir. Sevda isə bir neçə gün ərzində hissə-hissə ona ümumilikdə 2550 manat pul verib, yerdə qalan pulu işini yekunlaşdırdıqdan sonra verəcəyini demişdir. Daha sonra aralarında mübahisə yarandığından Sevda əsəbləşərək onu evdən qovmuş, əslində o Sevdanın evində işini yarımçıq qoymamışdır. Sevdanın hal-hazırda ona 1050 manat borcu vardır. Pulunu istədiyi üçün də, Sevda ona şər atmışdır.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2024cü il tarixli məlumatdan görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 45B ünvanında yerləşən 35 saylı mənzildə əlavə təmir işləri aparıldığından, ilkin vəziyyət saxlanılmadığından baxış keçirilməsi və qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır.

3. İddiaçı tərəfindən təqdim edilmiş 2 ədəd “CD” disk məhkəmə kollegiyası tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və müəyyən edilmişdir ki,

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 1600 manat və Cavabdeh1 800 manat pulun, habelə ödənilmiş 44 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı məhkəməyə ərizə təqdim edərək Cavabdeh1 cavabdeh qismindən çıxarılmasını və iddiaya Cavabdeh2 aid hissədə baxılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilin təmirə ehtiyacı olduğu üçün həmin mənzili təmir etdirmək qərarına gəlmiş və təmir ustası kimi fəaliyyət göstərən hazırki iş üzrə cavabdeh olan Tacəddin adlı şəxsi tanışı Gülçin məsləhət gördüyü üçün onu xx.xx.2023-cü il tarixdə yaşadığı ünvana dəvət edərək onunla evin əsaslı təmiri barədə söhbət etmişdirlər. Həmin vaxt hazırki iş üzrə Cavabdeh2 evin təmiri üçün 3500 manat pul verməli olacağını bildirmişdir. Bundan sonra o, cavabdehlə yemək pulu ilə birlikdə həmin məbləği verəcəyi barədə razılığa gəlmişdir. Sonradan Cavabdeh2 işə başlayandan sonra ona gündəlik yemək də, verməsini tələb etmiş, o da, məcbur olub ona gündəlik yemək hazırlamışdır. 12 sentyabr 2023-cü il tarixdə cavabdeh işə başladıqdan bir müddət sonra o, yaşadığı evdə Cavabdeh2 2400 manat pul və 150 manat dəyərində olan iran sobası vermişdir. Lakin cavabdeh bununla razılaşmayaraq ona bildirmişdir ki, “seyf qapını da, mənə verməlisən.” Sonradan ona məlum olmuşdur ki, o, evdə olmadığı müddətdən Cavabdeh2 sui-istifadə edərək evdə olan bəzi əşyaları və evin təmiri üçün alınmış materialları özü aparmışdır, hələ bu azmış kimi 17 noyabr 2023-cü il tarixdən işini dayandırıraq işləməyəcəyini bildirmişdir. O məcbur olub başqa usta çağırmış, həmin ustaya 1040 manat verib onun yarımçıq qalan işlərini yekunlaşdırmışdır. Odur ki, hazırda Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1600 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2373/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia rədd edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə iddiaçının izahatı, məhkəmə iclasında tədqiq edilmiş sübutlar və hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlmək olar ki, iddia sübuta yetirilmir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 77.1, 88 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

10. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2373/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüququ norması tətbiq edilmişdir, lakin məhkəmə tətbiq olunan maddi hüquq normanın mübahisə ilə bağlı nə üçün, normanın hansı tərəfindən pozulduğunu əsaslandırmamışdır. Məhkəmə mübahisə ilə bağlı digər maddi hüquq normalarını tətbiq etməli idi. Belə ki, tərəflər arasında şifahi podrat müqaviləsi bağlanmışdır. İşin mübahisəsiz tərəfi odur ki, tərəflər arasında 3500 manat müqabilində evin tam təmiri barədə razılaşma olmuşdur. Cavabdeh ondan muzd olaraq 2400 manat pul və 150 manat dəyərində bir ədəd soba almışdır (cəmi 2550 manat). Cavabdeh razılaşmaya görə muzdun 73%-ni almışdır, lakin cavabdeh evin tam təmirini təmin etdiyi halda həm təmirin 73% etməmişdir, həm də təmir üçün onun tərəfindən alınan ləvazimatların bəzilərini mənimsəmişdir, digərlərini isə zədələmişdir. Bununla da, məhkəmə tərəflər arasında razılaşdırılmış podrat müqaviləsinin hansı tərəfdən pozulduğunu düzgün araşdırmamışdır. Bu posessual hüquq normasını pozan məhkəmə sübutların düzgün, tam və hərtərəfli qiymətləndirməmişdir. Belə ki, iş üzrə təyin olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 45B ünvanında yerləşən 35 saylı mənzildə əlavə təmir işləri aparıldığından, ilkin vəziyyət saxlanılmadığından baxış keçirilməsi və qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Belə ki, o, ekpertizaya cavabdeh tərəfindən yarımçıq işlərin görülməsi barədə görüntünü təqdim etmişdir. Ekspert həmin görüntüyə baxmışdır və görülmüş işlərin keyfiyyəti və görülmüş işlərin neçə faiz olduğu barədə rəy yazacağını bildirmişdir. Lakin ekspert hazırki rəydə fərqli fikir bildirmişdir. Hesab etmişdir ki, ekspertin rəyi iş üzrə mübahisənin həlli üçün rəy vermədiyindən təkrar ekspertiza təyin edilməlidir.

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, uyğun məzmunlu izahat vermiş, apellyasiya şikayətininin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, ev 2 otaqlıdır. 1 otağı zamaskadan çıxarıb. O, ustaya 2400 manat pul verib qova bilməzdi. İddia ərizəsini o, yazmamışdır. Sonradan məlum olmuşdur ki, 3500 manat tələb olunur. Yenidən təmirə görə ustalara 1040 manat pul vermişdir. Yemək pulu ilə bağlı o, iddia ərizəsində heç nə yazmamışdır. O, cavabdehlə kafel metlak və boya işlərini danışmışdır. Ancaq cavabdeh kafel vurmağı bilmirmiş və aldığı tikinti materiallarını israf etmişdir. 2023-cü ilin avqust ayında işi başlayıb, noyabrın 17-də acıq edib getmişdir. Əlavə pul verməyəcəyi təqdirdə işin qalanını görməyəcəyini bildirmişdir. Razılaşdıqları pulun hamısını da, əvvəlcədən ondan almışdır. Məcbur olub bankdan kredit götürmüşdür ki, evin yarımçıq işlərini gördürsün.

14. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, işi ümumi 3600 manata danışmışlar. Evi tam söküb yenidən təmir etməli idi. Təxminən 60 kvm. kafel işi var idi. 1 kv.m 12 manata vurur. Kafel işini tam yekunlaşdırmışdır. Bircə oboy işi qalmışdır. İddiaçı ona qarğış etməyinə görə işləməmişdir. 1 otaq qalmışdır. Evin veşləri həmin otaqda olduğuna görə oranı sona saxlamışlar. Digər otaqlarda ancaq oboy işi qalmışdır. Mətbəxi köçürüb balkona qatdığına görə ev 3 otaq olmuşdur. 4-cü otağa, yəni yarımçıq qoyduğu işə görə 1040 manat verməli idi.

15. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə bildirişi ilə ona hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəcəyi təqdirdə işə onun iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

16. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

18. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

19. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

20. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

21. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

22. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

23. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

24. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

25. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

33. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

34. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəfin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-2373/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materialları və tərəflərin verdiyi izahatlar ilə müəyyən edilmişdir ki, tərəflər aralarında olan razılaşmaya görə cavabdeh iddiaçıya məxsus evi təmir etməyi bunun müqabilində isə 2400 manat ödənilməsini razılaşmışdırlar. Tərəflər arasında heç bir yazılı saziş və ya podrat müqaviləsi bağlanmamışdır. Cavabdeh iddiaçıdan 2400 manat və 150 manat dəyərində İran sobasını almış, lakin təmiri tam başa çatdırmamışdır. Müəyyən edilmişdir ki, o, malyar işlərini, kafel-metlak işlərini görmüş, oboy işləri və bir otağın təmir işləri görülməmişdir. Cavabdeh iddiaçı ilə bütün işlərin görülməsi üçün 3500 manata razılaşdıqlarını, ancaq iddiaçının onu evdən qovduğu üçün işləri başa çatdıra bilmədiyini göstərmişdir. İddiaçı isə cavabdehin qəsdən işləri yarımçıq qoyub getdiyini iddia etmişdir.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, hazırki iddia üzrə cavabdeh muzd müqabilində iddiaçıya müəyyən işlər görmüşdür. Lakin iddiaçı tərəfindən həmin işlərin keyfiyyətsiz olması və ya cavabdehin aldığı muzdun müqabilində yarımçıq qoyması iş materialları və təqdim olunmuş sənədlər ilə sübuta yetirilmir.

41. Kollegiya qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər şəxsi xarakterli olduğundan işin həqiqi hallarını müəyyən etmək üçün onların verdikləri izahatlar digər sübutlarla qarşılıqlı əlaqəli şəkildə araşdırılmalı və qiymət verilməlidir. Qanunvericiliyin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

42. Göründüyü ki, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin səs yazısına dair dəlili ilə bağlı qeyd edir ki, səs-yazısında cavabdeh iddiaçıya bildirir ki, materialları gətirərkən silikonlardan bir neçəsi qırılmışdır.

44. Həmçinin, məhkəmə kollegiyası apellyasiya şikayətinin yenidən ekspertiza təyin edilməsi ilə bağlı qeyd edir ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 45B ünvanında yerləşən 35 saylı mənzildə əlavə təmir işləri aparıldığından və ilkin vəziyyət saxlanılmadığından ekspertiza keçirilməsi əhəmiyyətsizdir. Birinci instansiya məhkəməsi tərəfindən də, təyin edilmiş ekspertiza üzrə əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli məlumatdan da, bunu görmək mümkündür.

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iddiaçı özü həm iddia ərizəsində, həm də, məhkəmə iclasında zidiyyətli izahat verərək cavabdehlə evin təmirini əvvəlcə 3500 manata razılaşdıqlarını və cavabdehə 2500 manat verdiyini, sonra isə ümumiyyytələ evin təmirini 2500 manata razılaşdıqlarını və həmin pulu cavabdehə ödədiyini qeyd etmişdir. Göründüyü kimi iddiaçının özünün izahatları ziddiyətli olduğundan cavabdehlə aralarında bağlanmış podrat müqaviləsinin şərtlərini dəqiq müəyyən etmək mümkün deyildir. Digər tərəfdən iddiaçı evi yenidən təmin etdirdiyindən cavabdehin onun evundə gördüyü işin həcmini də, müəyyən etmək mükün olmamışdır.

45. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyinə dair apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi: Gəncə Şəhər Məhkəməsinin 2(125)-2373/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2373/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar