Məhkəmə qərarları › İş №2(104)-714/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-714/2024

19.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-714/2024 19.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: zərərin ödənilməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh1 (həm də Cavabdeh2nin nümayəndəsi) iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-201/2023 saylı iş üzrə 11 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 19 mart 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İşdə olan Kəpəz rayonu Xalq deputatları sovetinin İcraiyyə Komitəsi tərəfindən verilmiş 407 nömrəli, xx.xx.1988-ci il tarixli orderin surətindən görünür ki, Gəncə şəhəri, H.Əliyev pr, 54B, 19 saylı mənzil 3 ailə üzvü ilə birlikdə İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan 13 nömrəli Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, həqiqətən ünvan 1 ünvanında yaşayan İddiaçı mənzilinə baxış keçirilmiş və aşkar olunmuşdur ki, mənzilə həqiqətən üst qonşudan mənzil 22-dən su axmış və nəticədə mənzilin yaşayış otağının taban hissəsinə, divarlarına, dəhlizin və mətbəxin tavan hissəsinə divarlarına ziyan dəymişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/1110 nömrəli ekspert rəyindən görünür ki, Gəncə şəhəri, H.Əliyev pr, 54B, 19 saylı mənzilin tavanı və divarları üzərində su sızma ləkələrinin, eləcə də mülki iş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyətinin 13 saylı xidmət əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın məlumatlarını nəzərə alaraq, Gəncə şəhəri, H.Əliyev prospekti, 54 B ünvanda yerləşən yaşayış evinin 19 saylı mənzilinə yuxarı mərtəbədəki 22 saylı mənzildən suyun sızması müəyyən olunur. Lakin 22 saylı mənzillin qapısı bağlı olduğundan, həmin mənzilə baxış keçirilməsi mümkün olmamış və bu səbəbdən də 19 saylı mənzilə dəymiş ziyanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Gəncə şəhəri, H.Əliyev prospekti, 54 B ünvanda yerləşən yaşayış evinin 19 saylı mənzilinin tikililərində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcu bazar qiymətlərinə uyğun olaraq təqribən 1643 manat məbləğində olduğu müəyyən edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən onun mülkiyyətində olan Gəncə şəhəri, H.Əliyev pr, 54B, 19 saylı mənzilə vurulmuş zərərin əvəzi qismində 2000 manat pulun alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 30 dekabr 1988-ci il tarixli 407 nömrəli orderlə ünvan 3 ünvanda yerləşən 19 nömrəli mənzil onun mülkiyyətindədir. Bina beşmərtəbəli olmaqla mənzilim 2-ci mərtəbədə yerləşir. 21 mart 2022-ci il tarixdə təxminən saat 17-18 radələrində mətbəxin, dəhlizin və otağın tavanından iri damcılarla su axmağa başladı. Dərhal üst mərtəbədə yerləşən 22 saylı mənzilə qalxıb suyu kəsmələri üçün qapılarını döymüş, lakin həmin ünvanda yaşayan Cavabdeh1 və Cavabdeh2 evdə olmadıqları məlum olmuşdur. Təxminən 2 saatdan sonra suyun axması barədə 22-ci mənzildə yaşayan qonşulara məlumat verə bilmişlər. Cavabdehlər gəldikdən sonra kombi istilik sisteminin borusu sıradan çıxdığını bildirib, mənzilin təmirinə köməklik göstərəcəklərini bildirmişlər. 2 ay cavabdehləri mənzilin təmir ilə bağlı gözləsələr də, köməklik göstərməmişlər. Cavabdeh1 maddi imkanının olmadığını və mənzilin təmirinə köməklik göstərə bilməyəcəyini, bir hadisədir olub, özünüz təmir edin söyləmişdir. 7-8 il əvvəl də cavabdehlər onların mənzilinə su axıtmışlar və həmin vaxt mənzilin təmirinə 1000 manat pul xərcləmişdir. Cavabdeh1 o zaman təmir işini aparan və qonşuda yaşayan ustaya 100 manat zəhmət haqqı ödəmişdir, qalan xərcləri isə ödəmişdir. Bir qonşu kimi aralarında narazılıq olmasın deyə hər dəfə təmir xərcini özü çəkmişdir. Ancaq onların son hərəkətləri, mənzilə vurduqları ziyanı ödəməkdən qəsdən boyun qaçırmaları, təmirə köməklik etməmələri, laqeydlik göstərmələri, sonuncu dəfə su axıttıqları zaman mənzilin, bir otağının, mətbəxin, dəhlizin və tavanına, divarlarına, otaqdakı əşyalara, paltarlara, yataq ləvazimatlarına ümumilikdə 2000 manatdan artıq ziyan vurmalarını və problemin aradan qaldırılmasından boyun qaçırmaları nəticəsində iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-201/2023 saylı iş üzrə 11 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim X.Səfərli) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1643 (min altı yüz qırx üç) manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 36 (otuz altı) manat 43 (qırx üç) qəpik pulun müştərək qaydada tutularaq, İddiaçı verilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat pulun 20 (iyirmi) manatının İddiaçı, 80 (səksən) manatının müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 nümayəndəsi Vəkil apellyasiya Gəncə Şəhər şikayəti verərək, Məhkəməsinin 2(125)-201/2023 saylı iş üzrə 11 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, onun iddiaçı olan qonşusuna dəymiş ziyan haqqında məlumatı vardır. O, iddiaçıya bildirmişdir ki, onun tərəfindən dəymiş ziyanı həmin otağı təmir etdirməklə qarşılayır. Lakin, iddiaçı ondan pul istədiyinə görə razılaşmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 (həm də Cavabdeh2nin nümayəndəsi) apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilənlə etirazını bildirərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəməyə gəlməmişdir., gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edərək işə baxmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1096.1.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Apellyasiya baxışının hədləri MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş faktiki hallarına düzgün hüquqi qiymət verilmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına görə, iddiaçıya məxsus mənzilə həmin mənzilin yuxarı mərtəbəsindəki 22 saylı mənzildən suyun sızması nəticəsində mənzilin tavanına və divarlarına zərər vurulmuşdur. Yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin ümumi qiyməti ekspert rəyinə əsasən 1643 manat məbləğində hesablanmışdır Cavabdehlər dəymiş ziyanı könüllü şəkildə ödəmədiyindən, İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə iddia tələbini qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus mənzilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə ekspertiza təyin etmiş və rəy alınmışdır. Artıq yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1110 nömrəli ekspert rəyinə əsasən Gəncə şəhəri, H.Əliyev pr, 54B, 19 saylı mənzilin tavanı və divarları üzərində su sızması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyərinin mövcu bazar qiymətlərinə uyğun olaraq təqribən 1643 manat məbləğində olduğu müəyyən edilmişdir. Həmin rəyin iddiaçıya məxsus olan mənzilə dəymiş zərərin həddini müəyyən edən mötəbər sübut növü kimi qəbul edilməməsi üçün heç bir əsas yoxdur. Kollegiya qeyd edir ki, cavabdehlərin baş vermiş hadisədə təqsirli olması işin mübahisəsiz halıdır və irəli sürülən iddianın təmin olunması üçün əsaslar mövcuddur. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır. Kollegiya bu qətnamədən kassasiya şikayətinin verilməsinin mümkünlüyü məsələsini müzakirə edərək, qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki işdə isə iddianın qiyməti 5000 manatdan azdır və ona görə də bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-201/2023 saylı iş üzrə 11 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar