Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-720/2024 13.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-3443/2023 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinin mümkünlüyünü Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 5500 (beş min beş yüz) manat; xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 20.000 (iyirmi min) manat; xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 10.000 (on min) manat, 35.500 (otuz beş min beş yüz) manat borc pulun, 5000 (beş min) manat dəbbə pulunun və 210 manat dövlət rüsumunun tutulub onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-3443/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(021)-3443/2023 saylı qərardadı ilə apellyasiya şikayətinin MPM-nin tələblərinə uyğun hesab edilməsi və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-3443/2023 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Bərdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli, 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləyə əlavə və dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən, Məcəlləyə dəyişiklər edilməsi barədə Qanun xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir. Keçid müddəalarının 2.2-ci bəndinə əsasən, qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. xx.xx.2021-ci il tarixdən qüvvəyə minmiş MPM-nin: 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 363.1-ci maddəsinə görə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə. 366.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.4-cü maddəsinə əsasən, аpellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Apellyasiya şikayətində göstərilməli rekvizitlər və şikayətin MPM ilə müəyyən edilmiş formada verilməsi imperativ norma kimi təsbit edilmiş, habelə apellyasiya şikayətinin forması MPM-ə 2 saylı əlavədə müəyyən edilmişdir. Şikayətin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, orada hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli və hər birinin qarşısında məhkəmə aktı çıxarılarkən nəzərə alınmayan hüquqi mövqenin nədən ibarət olduğuna dair münasibəti aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Hazırkı iş üzrə apellyasiya şikayətindən isə görünür ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə 2 saylı əlavədə müəyyən olunmuş formada tərtib edilməmiş, apellyator işin faktiki hallarına istinad etməklə birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Lakin apellyator qeyd olunan iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olmasını, hazırki mübahisəyə aidiyyatını göstərməmiş və bununla da, Azərbaycan Respublikası MPM-in 361.1.4, 361.1.5 və 361.1.6-cı maddələrinin tələblərini pozmuşdur. Bundan başqa, apellyasiya şikayətindən görünür ki, apellyasiya şikayətinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. İddianın qiyməti 40.500 manat olmaqla, iddia ərizəsi verilən zaman qanunla müəyyən edilmiş məbləğ 210 manat dövlət rüsumu ödənilmişdir. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin verilməsinə görə, qanunla müəyyən edilmiş məbləğ 105 manat (50 faizi) olduğu halda, “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinin tələbləri pozulmaqla, cəmi 100 manat dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə, bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin; 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(021)-3443/2023 saylı qərardadı ilə apellyasiya şikayətinin MPM-nin 361-ci maddələrinin tələblərinə uyğun hesab edilməsi qərara alınsa da, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş apellyasiya şikayətinin həmin maddənin tələblərinə uyğunluğunu tam yoxlamadan mülki işi apellyasiya instansiya məhkəməsinə göndərmiş və bununla da MPM-nin 364-cü maddəsinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını müzakirə edərək, qətnamədən verilmiş şikayətin Azərbaycan Respublikası MPM-nin 364.1-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayıb qanuni qərar qəbul etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-3443/2023 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Bərdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 360, 363- 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-3443/2023 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Bərdə Rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-720/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-720/2024
13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver