Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-727/2023 03.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X6 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı pul tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 2(040)-632/2022 nömrəli qətnaməsindən cavabdeh X10 tərəfindən verilmiş apellyasiya şikayətinə 03 aprel 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 14 may 2019-cu il tarixli 183GTKR0098457AB nömrəli kredit müqaviləsindən görünür ki, X8 "xxxx" ASC-nin Göygöl rayon filialından 48 ay müddətinə illik 24,72 faiz odəmək şərti ilə 3000 manat kredit götürmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh X6 qarşı pul tələbi ilə Kəlbəcər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 4754,81 manat tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X10 mal-qara saxlamaqla məşğul olduğundan ondan həmişə pendir, yağ və digər ağartı məhsullarını almış və aralarında ailəvi münasibətlər yaranmışdır. Cavabdeh 2018-ci ildə onun ərinin adına "xxxx" ASC-dən kredit götürmüş, qeyd olunan krediti ödədikdən sonra yenidən kredit götürüb ona verməsini xahiş etmişdir. 14 may 2019-cu il tarixdə o, "xxxx" ASCdən illik faiz dərəcəsi 24,7 faiz olmaqla 48 ay müddətinə ödəmək şərti ilə 3000 (üç min) manat kredit götürüb nagd şəkildə Yunis Abbasova vermişdir. Cavabdeh qrafik üzrə iki ay ödəniş etmiş, lakin sonradan heç bir ödəniş etməmiş və əvəzinə əmək haqqı kartını vermişdir. Sonradan cavabdeh kartı bağlatmış, eləcədə istifadə müddəti bitmişdir. Kreditə görə banka ümumilikdə 4754,81 manat ödəməlidir və kreditin son ödəmə müddəti 15 may 2023-cü il tarixdə bitir, lakin cavabdeh heç bir ödəniş etmir və hər ay kredit borcu onun kartından tutulur. Dəfələrlə cavabdehdən kreditin ödəməsini tələb etsədə, sonuncu bundan imtina edərək onu təhqir etmişdir.
4. Kəlbəcər Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 2(040)-632/2022 nömrəli qətnaməsi ilə (hakim H.Qəniyev) iddia tələbi qismən təmin edilərək, cavabdeh X2 2802 manat alınaraq iddiaçı X5 verilməsi; İddia tələbi qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi qismən-2802 manat hissədə əsaslı olduğundan, həmin hissədə təmin edilməlidir. İddiaçı cavabdehə 3000 manat borc verdiyini bildirir, tərəflər arasında borc müqaviləsi ilə bağlı yazılı razılaşma olmasa da, iddiaçının cavabdehə 3000 manat borc verməsi şahid ifadələri ilə təsdiq olunmuşdur. İddiaçı həmçinin cavabdehin iki ay ərzində hər ay 99 manat olmaqla, cəmi 198 manat ödədiyini etiraf etmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427.4, 442.1, 739.1, 739.2, 740.1 maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh X10 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normasının pozulması ilə çıxarılmışdır. Belə ki, iddia ərizəsinə qarşı etirazlarında qeyd etmişdir ki, iddiaçıdan borc almamış və sonuncunun ona qarşı ədavəti olduğundan hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı onun iştirakı olmadan bankdan kredit götürmüş, eləcədə həmin pulu ona verməmişdir. Həmçinin iddia tələbinin əsaslı olmasına dair məhkəməyə hər hansı subut təqdim etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları,
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmumuna uyğun izahat verərək bildirmişdir ki, cavabdehlə münasibətləri yaxşı olduğundan onun xahişi ilə 2019-cu ilin yay aylarında "xxxx" ASC-nin Göygöl filialından 3000 manat kredit götürmüş və həmin məbləği də bankda ona vermişdir. Pulu cavabdehə verən zaman əri Mamed və gəlini Pərvanə yanında olmuşdur. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh X10 məhkəmə iclasına gəlməmişdir. X10 məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək iddiaçıdan borc almadığını bildirərək işə onun iştirakı olmadan baxılmasını və iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
12. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
13. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
14. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
15. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
16. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.
17. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
18. Maddə 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
21. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.
22. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
23. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
29. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
31. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması
32. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
33. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
34. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilsədə, lakin apellyasiya şikayətinin mıəzmunundan görünür ki, qətnamə iddianın təmin olunması hissədə mübahisələndirilir. Ona görə də hazırki apellyasiya baxışının hədlərini qətnamənin mübahisələndirilən hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 2(040)-632/2022 nömrəli qətnaməsi iddianın təmin olunması hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə də təmin edilməməməlidir.
39. Belə ki, işin hallarından müəyyən olunur ki, İddiaçı "xxxx" ASC-dən 48 ay müddətinə illik 24,72 faiz odəmək şərti ilə 3000 manat kredit alaraq cavabdeh X6 verməsini, sonuncu isə almış olduğu borcu qaytarmadığından iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı qismən təmin etmişdir.
40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, İddiaçı 14 may 2019-cu il tarixdə cavabdeh Yunis Abbasova 3000 manat borc verməsi barədə hər hansı möhtəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi isə İddiaçı tərəfindən dəvət olunmuş şahid ifadələrini sübut kimi qəbul etmişdir. Qeyd olunan şahidlər iddiaçının əri X9 və gəlini X3 olmuşdur. İddiaçının əri Mamed Həsənov arvadı İddiaçı 14 may 2019-cu il tarixdə “KapitalBankdan” götürdüyü 3000 manat kreditin hamısını cavabdehə verdiyinı, iddiaçının gəlini Pərvanə Həsənova isə qaynanası İddiaçı 14 may 2019-cu il tarixdə “KapitalBankdan” 3000 manat kredit götürüb cavabdeh X7 verdiyini bildirsədə, lakin pulun verilməsini şəxsən görmədiyini, lakin bu barədə qaynanası Nubarın, qaynatası Mamedin və yunisin onun yanında dediklərini, pulu götürəndə qaynatası X4 onların yanında olduğunu və ona kreditin götürüldüyünü və Yunisə verildiyinin deyilməsini bildirmişdir.
41. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, öhdəliyin əmələ gəlməsi üçün onun tərəfləri arasında əqdin bağlanması zəruridir. Əqddən yalnız o halda bəhs etmək mümkündür ki, əqdi əmələ gətirən iradə ifadəsi, görünüş etibarı ilə hüquqi nəticəni gerçəkləşdirmək məqsədilə edilmiş olsun. İradə ifadəsi müəyyən bir hüquqi nəticəyə yönəlmiş olmalı, hansı hüquqi nəticəni əmələ gətirmək üçün edildiyi müəyyən edilə bilinmədiyi təqdirdə əqd əmələ gəlmir. Qarşılıqlı bir-birinə uyğun iradə ifadələri nəticəsində əmələ gələn əqd növünə müqavilə deyilir. Əsas etibarı ilə müqavilələr fərqli mənafe və məqsədlərlə (məsələn biri satmaq digəri isə almaq) hərəkət edən şəxslər arasında müəyyən hüquqi nəticəni əmələ gətirmək üçün bağlanır. Müqavilə ikitərəfli əqd növüdür və bu anlayışı əmələ gətirən meyar öhdəlikdir. Əgər müqavilə üzrə tərəflərdən hər birinin öhdəliyi, sırf qarşı tərəfin öhdəliyinin yaranması əvəzində əmələ gəlirsə onda bu cür müqavilələrə tam ikitərəfli müqavilədir. Nəticə etibarı ilə qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən müqavilə anlayışına və müqavilələrin bağlanılmasının ümumi şərt və əsaslarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405-424 maddələri ilə tənzimlənən ümumi sisteminə uyğun olaraq razılaşma ilə əmələ gələn bir əqd mahiyyətindədir.
42. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ilə cavabdeh X10 arasında 3000 manat borcun verilməsi barədə nə şifahi, nədə yazılı əqd mövcud deyil. Belə ki, əqdlər görnüşdə arzu edilən hüquqi nəticəni əmələ gətirən iradə ifadələrini özündə əks etdirir. İradə ifadə olunmalı, yəni bəyan edilməli və müəyyən bir hüquqi nəticəyə yönəldilməlidir. Hüquq sistemi tərəfindən görünüşdə bu iradə ifadəsinə uyğun hüquqi nəticə bağlanmış olmalıdır. Beləliklə əqdlər arzu olunan hüquqi nəticəni əmələ gətirən iradə ifadəsi olduğuna görə, şəxsin birbaşa iradəsinin təşəkkülü ilə bağlı şərtlər də mahiyyəti etibarlı ilə ümumi etibarlılıq şərtlərinə daixildir. Hazırkı işdə ddiaçı cavabdehə 3000 manat borc verməsini, cavabdeh isə iddiaçıdan 3000 manat borc almadığını bildirir.
43. İddia tələbinin əsaslı olmasını subut etmə yükü İddiaçı üzərinə düşsədə, sonuncu buna dair hər hansı möhtəbər subut təqdim etməmişdir. Halbu ki, mülki prosessual qanunvericiliyə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlara obyektiv baxılması məhkəmədən tələb edir ki, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlilləri və faktları qiymətləndirsin. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutlara hərtərəfli baxaraq qiymətləndirmək dedikdə, sübut edilməli olan halları və faktları həm təsdiq, həm də inkar edən sübutların dəqiq araşdırılaraq qiymətləndirilməsi, həm də istənilən sübutun qanunvericiliyin bütün tələblərinə cavab verib-vermədiyinin yoxlanılması başa düşülür.
44. Eləcədə, mülki prosessual qanunvericiliyə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində çağrıla bilər. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Şahid ifadəsi sübut növüdür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, şahid işin nəticəsində maraqlı olmayan, işə aid olan hallar barəsində hər hansı məlumata malik olan, işin araşdırılması üçün məhkəməyə çağrılan şəxsdir. Şahidin işin nəticəsində hüquqi marağı olmasa da, onun başqa marağı (tərəflərdən biri və ya hər ikisi ilə xüsusi münasibətləri- xidməti asılılıq, qohumluq, dostluq və.s.) ola bilər. Belə maraq şəxsi şahid qismində cəlb etmək üçün maneçilik yaratmır, lakin məhkəmə hər bir halda şahidin işdə iştirak edən şəxslərlə, habelə prosesin digər iştirakçıları ilə münasibətlərini aydınlaşdırmalı, onun ifadələrini ciddi yoxlamalı və hərtərəfli qiymətləndirməlidir.
45. Bundan əvvəldə qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi şahid qismində dindirilmiş iddiaçının əri X9 və gəlini X1 ifadələrinə istinadən iddianı qismən təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehə 3000 manat borc verməsi şahid ifadələri ilə təsdiq olunur, eləcədə həmin məbləğdən cavabdehin iki ay ərzində 198 manat qaytarmasını iddiaçı etiraf edir.
46. İşdən müəyyən olunur ki, iddiaçının cavabdehə 3000 manat borc verməsi onun özünün və ailə üzvlərinin (əri və gəlini) deməsindən başqa digər sübutlarla təsdiq olunmur.
47. Belə olan təqdirdə kollegiya şahid ifadələrinin, eləcədə cavabdeh tərəfindən 198 manat qaytarılması barədə iddiaçının etirafının birinci instansiya məhkəməsi tərəfindən əsas götürülməklə iddianın qismən təmin olunması barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Kollegiya bir daha qeyd etməyi zəruri hesab edir ki, adı qeyd olunan şahidlər iddiaçının ailə üzvüdür və iddiaçının cavabdehə 3000 manat borc verməsi barədə sonuncuların ifadələri möhtəbər subut kimi qəbul oluna bilməz.
48. Kollegiya yuxarıda qeyd olunanlara əsasən apellyasiya şikayətinin dəlillərini hazırkı işin hallarına münasibətdə əsaslı sayır və hesab edir ki, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir.
49. İşdən görünür ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh X10 tərəfindən verilmiş verilmiş apellyasiya şikayəti təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 2(040)-632/2022 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “cavabdeh X2 2802 manat alınaraq iddiaçı X5 verilməsi” hissədə ləğv edilsin. Həmin hissədə iddia təmin edilməsin. Qətnamədən kassasiya şikayət verilə bilməz.