Məhkəmə qərarları › İş №2(104)-732/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-732/2023

02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-732/2023 02.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(061)-1139/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: 11 sentyabr 2017-ci il tarixdə Şirvan RPŞ tərəfindən verilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 15 avqust 1967-ci il tarixdə Əli Bayramlı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. Ərizəyə əlavə edilmiş sadə yazılı əlyazmanın surətindən görünür ki, Cavabdeh İddiaçı 22 aprel 2019-cu il tarixdə 15.000 manat pul borc almışdır. AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh 09 yanvar 1994-cü il təvəllüdlüdür. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia tələbi irəli sürərək ondan 15.000 manat pulun və dövlət rüsumu kimi ödədiyi məbləğin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yaşayır. Tərtər Rayon Xoruzlu kənd sakini Cavabdeh ilə tanışlığı vardır. Cavabdeh xx.xx.2019cu il tarixində Şirvan şəhərinə gələrək ondan 15.000 manat şəxsi işi üçün borc pul istəmişdir. Cavabdehə inandığı üçün 15.000 manat pulu ona vermişdir. Cavabdeh ondan alması pul alması barədə sadə yazılı qəbz vermişdir. Ülfət ona söz vermişdir ki, aldığı pulu qısa müddətdə ona qaytaracaqdır. Qəbzdə göstərilən müddətdən xeyli vaxt keçməsinə baxmayaraq Cavabdeh borcunu etiraf etsə də hər dəfə müxtəlif bəhanələrlə borcunu qaytarmamışdır. Axırıncı dəfə 2022-ci ilin may ayının axırlarında ondan borc verdiyi 15.000 manat pulu tələb etmişdir. Cavabdeh bildirmişdir ki, 2022-ci ilin iyun 10-a kimi pulu qaytaracaqdır. Həmin vaxt da gəlib keçmiş, Ülfət pulu qaytarmamışdır. Bu barədə Tərtər Rayon Polis Şöbəsinə müraciət etmiş, cavabdeh U.Abbaslıdan ondan aldığı 15.000 manat pulun qaytarılması barədə köməklik etmələrini xahiş etmişdir. Lakin həmin gündən bu günə kimi müraciətinə heç bir cavab ala bilməmişdir. Belə başa düşmüşdür ki, cavabdehin aldığı pulları qaytarmaq fikri yoxdur. Bu barədə cavabdehə demiş və pulu geri tələb etməyə başlamışdır. Lakin Ülfət ona bildirmişdir ki, nə olsun ki, ona qəbz yazıb vermişdir, pulu qaytarmaq imkanı yoxdur, nə vaxt pulu olsa onda qaytaracaqdır. Ülfət ondan aldığı pulu könüllü surətdə qaytarmaq istəmir. Məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, Cavabdeh 15.000 manat pulun və 135 manat dövlət rüsumu kimi ödədiyi pulun tutulmasına və xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(061)-1139/2022 saylı qətnaməsi ilə (hakim E.Bayramov) iddianın təmin edilməsi, Cavabdehdan 15.000 (on beş min) manat məbləğində pul və 135 manat dövlət rüsumu kimi ödənilmiş məbləğin tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçıdan borc kimi aldığ pullan qaytarmamış, uzun müddətdir ki, iddiaçıya maxsus pullar onda qalmaqdadır. Cavabdeh məhkəmə iclasında sözügedən qəbzi mübahisələndirmədi, özü yazdığını bildirdi, lakin pulu qaytardığını bildirsə də bu barədə məhkəmnayə bər hansı ağlabatan sübut təqdim etmədi. Məhkəmə iclasında Cavabdeh şahidlər dəvət edəcəyini, İddiaçı onun barəsində yuxan dövlət orqanlanına yazdığı şikayətini pulun ödənilməsi ilə bağlı geri götürməsi ilə əlaqədar sənədləri məhkəməyə təqdim edəcəyini bildirsə də, bunlar etmədi, yenə də məhkəmə iclasının təxirə alınmasını xahiş etdi, məhkəməyə borcun ödənilməsi ilə bağlı heç bir sübut təqdim etmədi. Məhkəmə hesab edir ki, iddia tələbləri əsaslıdır və qanunamüvafiqdir ona görə ki, cavabdeh bu barədə iddiaçıya qəbz vermişdir, həmin qəbz hazırda cavabdeh tərəfdən mübahisələndirilmir. Göstərilənlərə əsasən məhkəmə iddia tələbini təmin edir, hesab edir ki, 15.000 manat borc olaraq cavabdehdən iddiaçının xeyrinə alınmalıdır. Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, atasının xəstəliyi ilə bağlı İddiaçı 10.000 manat sələm ödəmək şərti ilə pul götürmüş, lakin götürdüyü borca hesablanan sələmə görə 15.000 manatlıq qəbz yazmışdır. Özü həmin vaxt X1 işləmişdir. Sonradan pulu gecikdirdiyi üçün İddiaçı ondan Baş Dövlət Yol Polis idarəsinə və yuxarı dövlət orqanlarına şikayətlər etmişdir. Bu səbəbdən də Elşənə borclu olduğu pulu dostları Səlim və Sərdarla birlikdə, 15.000 manat pulu aparıb Elşənə vermişlər. Hətta, bundan sonra Elşən Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edərək şikayətini geri götürmüşdür. Həmin vaxt Elşən ona pulu alması barədə qəbz də yazıb vermişdir. Lakin həmin qəbzi itirmişdir və evdə tapa bilmir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Cavabdehin vəkili İlqar Tapdıqov isə teleqram göndərərək məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmiş olsa da, lakin buna dair sübut göndərməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilən hallara görə iddiaçı məhkəməyə müraciət etmiş və onun iddiası təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmışdır ki, Cavabdeh iddiaçıdan borc kimi aldığ pullan qaytarmamış, uzun müddətdir ki, iddiaçıya maxsus pullar onda qalmaqdadır. Cavabdeh məhkəmə iclasında sözügedən qəbzi mübahisələndirmədi, özü yazdığını bildirdi, lakin pulu qaytardığını bildirsə də bu barədə məhkəmnayə bər hansı ağlabatan sübut təqdim etmədi. Məhkəmə iclasında Cavabdeh şahidlər dəvət edəcəyini, İddiaçı onun barəsində yuxan dövlət orqanlanına yazdığı şikayətini pulun ödənilməsi ilə bağlı geri götürməsi ilə əlaqədar sənədləri məhkəməyə təqdim edəcəyini bildirsə də, bunlar etmədi, yenə də məhkəmə iclasının təxirə alınmasını xahiş etdi, məhkəməyə borcun ödənilməsi ilə bağlı heç bir sübut təqdim etmədi. Məhkəmə hesab edir ki, iddia tələbləri əsaslıdır və qanunamüvafiqdir ona görə ki, cavabdeh bu barədə iddiaçıya qəbz vermişdir, həmin qəbz hazırda cavabdeh tərəfdən mübahisələndirilmir. Göstərilənlərə əsasən məhkəmə iddia tələbini təmin edir, hesab edir ki, 15.000 manat borc olaraq cavabdehdən iddiaçının xeyrinə alınmalıdır. Məhkəmənin bu yanaşması əsaslıdır. Cavabdeh apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, atasının xəstəliyi ilə bağlı İddiaçı 10.000 manat sələm ödəmək şərti ilə pul götürmüş, lakin götürdüyü borca hesablanan sələmə görə 15.000 manatlıq qəbz yazmışdır. Özü həmin vaxt X1 işləmişdir. Sonradan pulu gecikdirdiyi üçün İddiaçı ondan Baş Dövlət Yol Polis idarəsinə və yuxarı dövlət orqanlarına şikayətlər etmişdir. Bu səbəbdən də Elşənə borclu olduğu pulu dostları Səlim və Sərdarla birlikdə, 15.000 manat pulu aparıb Elşənə vermişlər. Hətta, bundan sonra Elşən Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edərək şikayətini geri götürmüşdür. Həmin vaxt Elşən ona pulu alması barədə qəbz də yazıb vermişdir. Lakin həmin qəbzi itirmişdir və evdə tapa bilmir. Bundan başqa cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsində onun şahidləri dindirilməmişdir. Apellyasiya baxışı zamanı şahidləri məhkəmədə iştirak edib əsl həqiqəti deyəcəklər. Kollegiya qeyd edir ki, cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş və apellyasiya şikayətində qeyd etdiyi dəlillərə uyğun məhkəməyə sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında borcun etirafı müqaviləsinin 15.000 manata dair bağlandığı cavabdeh tərəfindən imzalanmış qəbzlə təsdiq, pulun qaytarılması isə təkzib edildiyi üçün cavabdehdən 15000 manat pul alınıb iddiaçıya verilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə əməl etməmiş, aldığı borcu qəbzdə müəyyən olunmuş məbləğdə ödəməmişdir. Bununla da iddiaçının hüquqlarını pozmuşdur. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əsaslı nəticəyə gəlmişdir. Qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(061)-1139/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar