Məhkəmə qərarları › İş №2(104)-734/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-734/2023

12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-734/2023 12.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızının sədrliyi və məruzəsi, Bayramov Azər Vahid oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, “borc tələbinə” dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 26 oktyabr 2022ci il tarixli, 2(045)-1816/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: 21 noyabr 2014-cü il tarixli, 4917 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçıASC tərəfindən Cavabdeh bank tərəfindən 36 (otuz altı) ay müddətinə 300 (üç yüz) manat məbləğində kredit verilmişdir. 16 oktyabr 2020-ci il tarixli, **********936 nömrəli maliyyə arayışında qeyd olunur ki, Cavabdeh 29 oktyabr 2014-cü il tarixli, 678220 nömrəli kredit müqaviləsi üzrə 221,39 manat əsas borc, 574,26 manat cərimə borcu, 31,86 manat Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu olmaqla, ümumilikdə 827,51 manat borcu vardır. 24 sentyabr 2020-ci il tarixli, **********750 nömrəli bildiriş məktubundan görünür ki, borclu yaranmış borc məbləği ilə bağlı xəbərdar edilmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı ləğv prosesində olan İddiaçı ASC məhkəməyə müraciət edərək, Cavabdeh 221,39 manat əsas, 574,26 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 31,86 manat borc, ümumilikdə 827,51 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli, 678220 saylı kredit kartının verilməsi ve istifadəsi üzrə müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin bitmə tarixi 21 noyabr 2017-ci ildir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina etmişdir. xx.xx.2020-ci il tarixinədək Cavabdeh ləğv prosesində olan "DəmirBank” ASC-yə 221,39 manat əsas, 574,26 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 31,86 manat borc, ümumilikdə 827,51 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən imtina edir. Goranboy Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(045)-1816/2022 nömrəli qətnaməsi ilə (hakim T.Ələkbərov) iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit kartın verilməsi və istifadəsi üzrə müqavilədə borcun qaytarılması üçün 36 ay müddət müəyyən edilmiş və onun icra müddəti başa çatmışdır. İddiaçı isə borc pulun geri qaytarılmasını xx.xx.2021-ci il tarixdə məhkəmə müstəvisində mübahisələndirmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 373.3 və 375-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçı qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə iddia tələbini rədd edərkən iddia tələbi üzrə dəlilləri araşdırmamış, yalnız cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəyə əsaslanaraq qətnamə qəbul etmişdir. Belə ki, iddia müddətinin axımı müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Sözügedən müqavilə üzrə iddia müddəti xx.xx.2020-ci il tarixdə bitmiş, iddiaçı tərəf isə iddia ərizəsi ilə məhkəməyə 1 gün əvvəl, yəni xx.xx.2020- ci il tarixdə müraciət etmişdir. Mübahisə edilən bu halı təsdiq edən poçt göndərişidir. Apellyasiya şikayətinə əlavə ediləcək "xxxx" MMC-nin 264460 seriyalı göndərişindən görünür ki, **********845 qeydiyyat nömrəli iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Goranboy Rayon Məhkəməsinə göndərilməsi üçün xx.xx.2020-ci il tarixdə poçt xidmətinə təqdim edilmişdir. (Göndərişin surəti apellyasiya şikayətinə əlavə olunur). Lakin məhkəmə tərəfindən isə xx.xx.2020-ci il tarixdə “Mustafayeva” soyadlı şəxs tərəfindən göndəriş imzalanmaqla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qəbul edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən borc tələbi qətnamədə qeyd edildiyi kimi xx.xx.2021-ci il tarixdə deyil, xx.xx.2020-ci il tarixdə məhkəmə müstəvisində mübahisələndirilmişdir. Bununla da müəyyən edilir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. İş üzrə iddiaçının nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə nəlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 554.3. Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarı: Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarını nəzərdən keçirərkən müəyyən olunur ki, 21 noyabr 2014-cü il tarixli, 4917 nömrəli kredit müqaviləsinə əsasən İddiaçıASC tərəfindən Cavabdeh bank tərəfindən 36 ay müddətinə 300 manat məbləğində kredit verilmişdir. Bank hazırki iddia tələbinə dair ərizəni xx.xx.2021-ci il tarixdə poçt məntəqəsinə təqdim etməklə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim edərək iddia tələbinin rədd olunmasını xahiş etmiş, birinci instansiya məhkəməsi ərizəni əsaslı hesab edərək kredit müqaviləsinin müddətinin 36 ay müəyyən olunması və müqavilənin müdddətinin 21 noyabr 2020-ci ildə artıq bitməsi əsası ilə iddia müddəti tətbiq etməklə iddia tələbini rədd etmişdir. İddiaçı bununla razılaşmayaraq apellyasiya şikayəti vermiş və qeyd etmişdir ki, iddia ərizəsi xx.xx.2020-ci il tarixdə il tarixdə kuryer şirkətə verildiyindən tərəflərindən iddia müddəti ötürülməmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsi xüsusilə qeyd edilməlidir. Sübutların qiymətləndirilməsi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqini ehtiva edir. Ədalətli məhkəmə qərarı isə yalnız obyektiv, qərəzsiz və mötəbər sübutlara əsaslanır. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən apellyasiya şikayətinə əlavə olunan "xxxx" MMC-nin bildirişində təqdim olunan sənədlərin məhkəmə tərəfindən qəbul edilməsini təsdiq edən möhür yoxdur. Halbuki hüquqi şəxs tərəfindən qəbul olunan sənədlər möhürlə təsdiqlənməlidir. Bundan başqa iş materiallarında olan Goranboy Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli məktubunda qeyd olunur ki, LPO İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər Goranboy Rayon Məhkəməsində xx.xx.2021-ci il tarixdə qeyd alınmışdır. Həmçinin dəftərxana müdiri tərəfindən verilən izahatda "xxxx" MMC-nin təqdim etdiyi bildirişdə imzanın onun olmadığı, qeydiyyat kitabında isə ərizənin məhkəməyə xx.xx.2021-ci il tarixdə daxil olması qeyd edilmişdir. Beləliklə, iddiaçının apellyasiya şikayətinin iddia müddətinin ötürülməməsi, cavabdehin ərizəsinə əsasən iddia müddətinin tətbiq olunmasının əsassız olması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehdən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını, o cümlədən qalıq kredit borcunu tələb etmək üçün qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürməsi, cavabdeh müddətin tətbiqi barədə ərizə verdiyindən iddianın rədd edilməli olması barədə birinci instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Belə olan da məhkəmə kollegiyası hesab edir ki, birinci instasiya məhkəməsi tərəfindən işə baxılarkən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 387, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(045)-1816/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar