Məhkəmə qərarları › İş №2(104)-735/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-735/2025

10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-735/2025 10.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı pul tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları 2022-ci ildə iddiaçı cavabdehə borc olaraq 10.700 ABŞ dolları(18.190 manat) pul vermişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi məhkəməyə müraciət edərək, 16.000 (on altı min) manat pulun, 139 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun həmkəndlisidir. Təxminən bir il altı ay bundan əvvəl cavabdehǝ pul vermişdir. Həmin puldan bir hissəsini cavabdeh qaytarmış, lakin 16.000 manat borcu qalmışdır. Cavabdeh hazırda həmin pulu qaytarmaqdan imtina edir. Buna görə də o, Şəmkir Rayon Polis Şöbəsinə müraciət etmişdir. Şəmkir Rayon Polis Şöbəsi ona tələbinin mülki xarakterli olmasını və məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(076)- 4027/2024 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim H.Məhəmmədi) iddia tələbinin təmin edilməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, tərəflər arasında 10.700 ABŞ dollar pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdeh tərəfin etirafı həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı isə cavabdeh tərəfin 18.000 manat puldan 3000 qaytardığını bildirsə də qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçı verilmiş borcdan 2000 manat qaytarılmasını əsas gətirərək 16.000 manat pul tələb edir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 386.1, 739.2, 1091, 1092.1, 1095-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 217.4cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdehin iddiaçının tələb etdiyi məbləğdə borcu yoxdur. Belə ki cavabdeh iddiaçıdan aldığı 10.700 ABŞ dolları puldan ona 3000 manat qaytarmışdır. Cavabdehin iddiaçıya 15.000 manat borcu qalmışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, o, cavabdehə 10.700 ABŞ dolları pul vermişdir, cavabdeh həmin puldan ona cəmi 2000 manat pul qaytarmışdır. Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində, cavabdehdən tutulması qət olunan 16.000 manat pulun 1000 manat hissəsi mübahisələndirildiyindən məhkəmə qətnaməni mübahisələndirilən hissədə yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə, mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassız, Rayon Məhkəməsinin qətnaməsi isə əsaslı və qanunidir. Rayon Məhkəməsi apellyasiya baxışnın predmeti olan hissədə iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəmişdir. Belə ki, işin mübahisəsiz halı kimi kimi müəyyən olunur ki, cavabdeh iddiaçıdan 10.700 ABŞ dolları borc pul almışdır. Cavabdehə qarşı 16.000 manat məbləğində pulun qaytarılması barədə tələb irəli sürən iddiaçı bildirir ki, 10.700 ABŞ dolları(18.000 manat) pulu, cavabdehə təxminən 1 il 6 ay əvvəl borc olaraq vermiş, cavabdeh həmin puldan 2000 manatı ona qaytarmışdır. İddiaya etiraz edən cavabdeh, iddiaçının 10.700 ABŞ dolları məbləğində pulunu qəbul etdiyini, lakin həmin vəsaitdən 3000 manatı iddiaçıya qaytardığını bildirir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə verilmiş 10.700 ABŞ dolları məbləğində pul sonuncuya borc olaraq verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bu maddi hüquq normasının mənasından göründüyü kimi, etibarlı borc müqaviləsinin bağlanması üçün həmin müqavimlənin yazılı formasına riayət edilməsi tələb olunur. Məhkəmə bildirir ki, iş üzrə tərəflər arasında borc müqaviləsi faktiki olaraq bağlanmışdır. Lakin həmin müqavilə yazılı formada bağlanmadığı üçün özü-özlüyündə etibarsız müqavilədir. Bununla yanaşı Məhkəmə bildirir ki, cavabdehdən tutulması tələb olunan pul vəsaitinin cavabdehdə qalması onun iddiaçının hesabına əsassız olaraq varlanması deməkdir. Bu baxımdan, iddiaçı cavabdehdən 16.000 manat məbləğində pulun qaytarılmasını tələb etməkdə haqlıdır. Cavabdeh tələb olunan məbləğdən 3000 manat pulu qaytardığını bildirsə də bildirdiklərini təsdiq edən sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Halbuki MPM-nin 77-ci maddəsinə görə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın – cavabdeh tərəfin üzərinə düşür. Lakin cavabdeh öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilmir. Beləliklə də apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışnın predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəmkir Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 dekabr 2024-cü il tarixli qətnamə apellyasiya baxışnını predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar