Məhkəmə qərarları › İş №2(104)-738/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-738/2024

13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-738/2024 13.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit borcunun ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X3 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X9, Cavabdeh2 və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) X13 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli 2(013)-2113/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 13 may 2024cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 28 fevral 2018-ci il tarixli 003L**********24 nömrəli uzunmüddətli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC tərəfindən X8 120 ay müddətində 300000 ABŞ dolları kredit xətti açılmışdır.

2. 07 aprel 2021-ci il tarixli 003R********** nömrəli razılaşmanın surətindən görünür ki, İddiaçı QSC tərəfindən X8 24 ay müddətində aylıq 1,8333 faiz olmaqla 10000 manat kredit verilmişdir.

3. 25 iyul 2018-ci il tarixli 003S**********01 zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC tərəfindən X8 verilmiş kreditin təminatı kimi bank ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır.

4. 05 oktyabr 2021-ci il tarixli 003R**********S nömrəli sazişdən görünür ki, X4 vərəsəsi Cavabdeh1 28 fevral 2018-ci il tarixli 003L**********24 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə 07 aprel 2021-ci il tarixdə bağlanmış 003R********** nömrəli kredit razılaşması üzrə götürülmüş kreditin qalığını və hesablanmış faizləri razılşamaya əlavə olunmuş 05 oktyabr 2021-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməyi öhdəsinə götürmüşdür.

5. Maliyyə arayışından görünür ki, 07 aprel 2021-ci il tarixli 003R********** nömrəli razılaşma üzrə 7126,65 manat əsas, 739,76 manat faiz və 1464,08 manat cərimə olmaqla cəmi 9330,49 manat borc yaranmışdır.

6. Ölüm haqqında 28 aprel 2021-ci il tarixli AZ-İİ seriyalı 174375 nömrəli şəhadətnamənin surətindən görünür ki, X11 15 aprel 2021-ci il tarixdə ölmüşdür.

7. Qanun üzrə vərəsəlik hüququ haqqında 01 sentyabr 2022-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, 15 aprel 2021-ci il tarixdə vəfat etmiş X4 vərəsələri hər birinin payı ½ olmaqla Cavabdeh1 və X5r.

8. 01 sentyabr 2022-ci il tarixli Miras payının bağışlanması müqaviləsinin surətindən görünür ki, X1 üzrə vərəsəlik hüququ haqqında 01 sentyabr 2022-ci il tarixli şəhadətnamə üzrə payını Cavabdeh1 bağışlamışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, X11 ilə bağlanmış 07 aprel 2021-ci il tarixli 003R********** nömrəli razılaşmanın və Cavabdeh1 ilə bağlanmış 05 oktyabr 2021ci il tarixli 003R**********S nömrəli sazişin ləğv edilməsi; Cavabdehlər Cavabdeh2 və Cavabdeh1dan müştərək qaydada 7126,65 manat əsas, 739,76 manat faiz və 1464,08 manat cərimə olmaqla cəmi 9330,49 manat borc, 100 manat mediasiya xərci və ödənilmiş 13,30 manat dövlət rüsumu alınaraq İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə X11 arasında 28 fevral 2018-ci il tarixli 003L**********24 nömrəli uzunmüddətli kredit müqaviləsi bağlanmış və sonuncuya 120 ay müddətində 300000 ABŞ dolları kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış 07 aprel 2021-ci il tarixli 003R********** nömrəli razılaşmaya əsasən bank tərəfindən X8 24 ay müddətində aylıq 1,8333 faiz olmaqla 10000 manat kredit verilmişdir. Eləcədə kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh2 arasında 25 iyul 2018-ci il tarixli 003S**********01 zaminlik müqaviləsi bağlanmışdır. X4 vəfatından sonra vərəsəsi Cavabdeh1 uzunmüddətli kredit müqaviləsi, kredit razılaşması və saziş üzrə götürülmüş kreditin qalığını və hesablanmış faizləri razılşamaya əlavə olunmuş 05 oktyabr 2021-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməyi öhdəsinə götürmüş və bu barədə 05 oktyabr 2021-ci il tarixli 003R**********S nömrəli saziş bağlanmışdır. Həmçinin Qanun üzrə vərəsəlik hüququ haqqında 01 sentyabr 2022ci il tarixli şəhadətnaməyə əsasən X4 vərəsələri hər birinin payı ½ olmaqla Cavabdeh1 və X5r. Lakin X1 üzrə vərəsəlik hüququ haqqında 01 sentyabr 2022-ci il tarixli şəhadətnamə üzrə payını Cavabdeh1 bağışlamışdır. Cavabdehlər kredit razılaşması üzrə öhdəliklərini pozmuş, ödənişləri dəfələrlə gecikdirmiş, nəticədə əsas və faiz borcundan ibarət olmaqla ödənilməli olan borc 07 yanvar 2022-ci il tarixdən banka geri qaytarılmamışdır.

11. Gəncə Kommersiya Məhkəməsinin 06 iyul 2023-cü il tarixli 2-2(115)- 690/2023 nömrəli qərardadı ilə iş adiyyəti üzrə baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilmişdir.

12. Ağdam Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli 2(013)- 2113/2023 nömrəli qətnaməsi ilə (hakim E.Bayramov) iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 7126,65 manat əsas borc, 739,76 manat faiz borcu və 1464,08 manat cərimə borcu olmaqla, cəmi 9330,49 manat, 100 manat mediasiya xərci və dövlət rüsumu kimi ödənilmiş 13,30 manat tutulması, 07 aprel 2021-ci il tarixli 003R********** nömrəli kredit razılaşması və 05 oktyabr 2021-ci il tarixli 003R**********S nömrəli sazişin ləğv olunması qət edilmişdir.

13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1, 385, 386.1, 443.1, 445.1, 448.1, 449.1 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-237 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh2 apellyasiya şikayəti verərək, ona münasibətdə qətnamənin ləğv olunması və zaminlik müqaviləsinə xitam verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, Səadət Əliyeva ilə bağlanmış kredit müqaviləsi üzrə zamin durmuş, lakin Cavabdeh1la bağlanmış 05 oktyabr 2021-ci il tarixli 003R**********S nömrəli saziş üzrə zamin deyil. Beləliklə razılığı və imzası olmadığı halda 05 oktyabr 2021-ci il tarixli 003R**********S nömrəli saziş üzrə zamin kimi onun üzərinə öhdəlik qoyulmuşdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, kredit müqaviləsi üzrə iş yoldaşı X6 zamin durmuşdur. Sonuncunun ölümündən sonra oğlu İlkinlə yeni saziş bağlanmış və o həmin saziş üzrə İlkinə zamin durmamışdır. Buna baxmayaraq borcun müştərək qaydada tutulması təmin edilmişdir. Halbu ki, ondan pul tutulmamalıdır. Cavabdeh2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, kredit müqaviləsi üzrə yaranmış borcun müştərək qaydada ondan tutulması hissədə qətnamənin ləğv edilməsini, həmin hissədə iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 18 aprel 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında isə sonuncu izahatında göstərmişdir ki, kredit müqaviləsi üzrə yaranmış borcdan 3000 manat ödəniş etmək istəyini banka təklif etmiş, lakin bank onunla razılaşmayaraq borcun tam ödənilməsinı bildirmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkil) X19 da apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, əslində bank borcalanın ölümündən sonra yaranmış borc onun əmlakına yönəltməliydi. 05 oktyabr 2021-ci il tarixli razılaşmadakı imza da nümayəndəsi olduğu şəxs tərəfindən icra olunmamışdır. Eləcə də, Cavabdeh1la kreditor arasında bağlanmış 05 oktyabr 2021-ci il tarixli razılaşma üzrə Cavabdeh2 Cavabdeh1 zamin durmadığı halda borc müştərək qaydada tutulmuşdur. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, kredit müqaviləsi üzrə yaranmış borcun müştərək qaydada Cavabdeh2 tutulması hissədə qətnamənin ləğv olunmasını, həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X9 iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə, yəni kredit borcunun cavabdehlərdən müştərək qaydada tutulması hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

25. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

26. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

27. Maddə 449 Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

28. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.

29. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

30. Maddə 471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

31. Maddə 472.1 və 472.2. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

32. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

33. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

34. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.

35. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Apellyasiya baxışının hədləri

41. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Verilmiş apellyasiya şikayətindən görünür ki, qətnamə kredit borcunun müştərək qaydada tutulması hisasədə mübahisələndirilir. Ona görə də kollegiya hesab edir ki, qətnamə mübahisələndirilən hissədə yoxlanılmalıdır.

44. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

46. Hazırkı işin faktiki hallarından görünür ki, İddiaçı QSC ilə X11 arasında 28 fevral 2018-ci il tarixli 003L**********24 nömrəli uzunmüddətli kredit müqaviləsi bağlanmış və sonuncuya 120 ay müddətində 300000 ABŞ dolları kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış 07 aprel 2021-ci il tarixli 003R********** nömrəli razılaşmaya əsasən X8 24 ay müddətində aylıq 1,8333 faiz olmaqla 10000 manat kredit verilmişdir. Eləcədə kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh2 arasında 25 iyul 2018-ci il tarixli 003S**********01 zaminlik müqaviləsi bağlanmışdır. X11 15 aprel 2021-ci il tarixdə ölmüşdür. Sonuncunun vəfatından sonra birinci növbə vərəsələr Cavabdeh1 və X7 notariat orqanı tərəfindən hər birinin payı ½ olmaqla 01 sentyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, X1 üzrə vərəsəlik hüququ haqqında 01 sentyabr 2022-ci il tarixli şəhadətnamə üzrə payını Cavabdeh1 bağışlamışdır. Daha sonra İddiaçı QSC ilə Cavabdeh1 arasında 05 oktyabr 2021-ci il tarixli 003R**********S nömrəli saziş bağlanmış və sonuncu uzunmüddətli kredit müqaviləsi, kredit razılaşması və saziş üzrə götürülmüş kreditin qalığını və hesablanmış faizləri ödəniş planına uyğun banka ödəməyi öhdəsinə götürmüşdür. Öhdəlik lazımı qaydada yerinə yetirilmədiyindən kreditor zaminə və borcalanın ölümündən sonra mirası qəbul etmiş vərəsəyə, yəni Cavabdeh1 qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də kredit borcunun cavabdehlərdən müştərək qaydada tutulmasını qət etmişdir.

47. Qətnamə mübahisələndirilən hissədə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin “Səadət Əliyeva ilə bağlanmış kredit müqaviləsi üzrə zamin durması, Cavabdeh1la bağlanmış 05 oktyabr 2021-ci il tarixli 003R**********S nömrəli saziş üzrə zamin olmaması, razılığı və imzası olmadığı halda 05 oktyabr 2021-ci il tarixli 003R**********S nömrəli saziş üzrə zamin kimi onun üzərinə öhdəlik qoyulması” dəlilini kollegiya əsassız sayır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas deyil.

48. Belə ki, yuxarıda da qeyd olunduğu kimi İddiaçı QSC ilə X11 arasında bağlanmış 28 fevral 2018-ci il tarixli uzun müddətli kredit müqaviləsi çərçivəsində tərəflər arasında bağlanmış 07 aprel 2021-ci il tarixli 003R********** nömrəli razılaşma üzrə 24 ay müddətinə aylıq faiz dərəcəsi 1,8333 olmaqla verilmiş 10000 manat kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə kreditor arasında 25 iyul 2018-ci il tarixli 003S**********01 zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 4.6-cı bəndində qeyd olunmuşdur ki, uzunmüddətli kredit müqaviləsi üzrə borclunun öhtəlikləri başqa şəxsə keçirildikdə Zamin yeni borclu üçün də hazırkı müqavilıə ilə müəyyən olunmuş həcmdə cavabdeh olacaqdır. Belə olan təqdirdə kollegiya hesab edir ki, 07 aprel 2021-ci il tarixli 003R********** nömrəli razılaşma üzrə yaranmış borcu zamindən, eləcədə borcalanın ölümündən sonra mirası qəbul etmiş vərəsədən müştərək qaydada tutmaqda birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, hətda borcalanın ölümündən sonra kreditorla borcalanın vərəsəsi arasında bağlanmış 05 oktyabr 2021-ci il tarixli razılaşma üzrə Cavabdeh2 zamin durmaması, ödəniş planına razılıq verib-verməməsi, eləcədə həmin razılaşmadakı imzanın onun tərəfindən icra olunub-olunmaması 07 aprel 2021-ci il tarixli 003R********** nömrəli razılaşma üzrə yaranmış borcun müştərək qaydada tutulmasını özlüyündə istisna etmir. Çünki, bundan əvvəldə qeyd olunduğu kimi Cavabdeh2 ilə kreditor arasında bağlanmış 25 iyul 2018-ci il tarixli 003S**********01 zaminlik müqaviləsinin 4.6-cı bəndində zamin uzunmüddətli kredit müqaviləsi üzrə borclunun öhtəliklərinin başqa şəxsə keçirildiyi halda da yeni borclu üçün də hazırkı müqavilə ilə müəyyən olunmuş həcmdə cavabdeh olacağı barədə öhdəlik götürmüşdür.

49. Mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən, yəni “İddiaçı QSC-nin xeyrinə 7126,65 manat əsas borc, 739,76 manat faiz borcu və 1464,08 manat cərimə borcu olmaqla, cəmi 9330,49 manatın müştərək qaydada Cavabdeh2 tutulması” hissədə dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli 2(013)-2113/2023 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “İddiaçı QSC-nin xeyrinə 7126,65 manat əsas borc, 739,76 manat faiz borcu və 1464,08 manat cərimə borcu olmaqla, cəmi 9330,49 manatın müştərək qaydada Cavabdeh2 tutulması” hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar