Məhkəmə qərarları › İş №2(104)-743/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-743/2023

13.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-743/2023 13.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: avtomobilə vurulmuş maddi zərərin və əlavə zərərin ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı avtoqəza nəticəsində avtomaşına vurulmuş maddi zərərin və əlavə ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(076)-2208/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 13 sentyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 09.09.2013-cü il tarixli, AB №875286 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, «VAZ-21063» minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı mülkiyyətinə verilmişdir.

2. xx.xx.2022-ci il tarixli ziyan aktından görünür ki, «VAZ-21063» minik markalı, **- BU-*** dövlət qeydiyyat nişanlı avtomaşına 2711 manat məbləğində ziyan dəymişdir.

3. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh və İddiaçı əməllərində cinayət tərkibi olmadığından onların barəsində cinayət işinin başlanılması rədd edilmişdir.

4. Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(076)-492/22 saylı qərarının surətindən görünür ki, inzibati xəta haqqında protokola görə Cavabdeh 08 yanvar 2022-ci il tarixdə saat 07:40 radələrində Şəmkir-Kür qəsəbə yolunda sürücülük hüququ olmadan idarə etdiyi VAZ-21723 markalı **-RM-*** nömrəli avtomşınla hərəkətdə olarkən manevr etmə qaydasını pozaraq VAZ-21063 markalı **-BU-*** nömrəli avtomaşınla toqquşmuş, nəticədə sonuncu avtomaşının sahibinə maddi zərər yetirmiş və buna görə Cavabdeh Azərbaycan Respublikasının İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir.

5. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3154 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1986-cı il buraxılışlı “VAZ 21063” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilə arxa sol tərəfdən dəymiş ziyanın məbləği hadisə baş verən tarixə təxminən 2711,0 manat müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı avtoqəza nəticəsində avtomaşına vurulmuş maddi zərərin və əlavə ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək cavabdehin törətdiyi inzibati xəta nəticəsində avtomaşına vurulmuş 2711 manat məbləğində maddi zərərin və çəkdiyi 900 manat məbləğində əlavə maddi ziyanın cəmi 3611 manat məbləğində pulun və 48 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehi hadisəyə qədər tanımamış və əvvəllər də aralarında narazılıqları olmamışdır. Ona məxsus olan VAZ 21063 markalı **-BU-*** minik avtosmaşını ilə Şəmkir rayonu Kür qəsəbə yolunda hərəkətdə olarkən qarşı zolaqda hərəkətdə olan VAZ-21723 markalı, ** RM *** dövlət qeydiyyat nişanlı minik avtomaşının onun üzərinə doğru gəlməsini görmüş, toqquşmadan yayınmaq istəsə də mümkün olmamış, nəticədə avtomaşınları toqquşmuş və ona məxsus avtomaşına 2711 (iki min yeddi yüz on bir) manat məbləğində maddi zərər vurulmuşdur. Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(076)-492/2022 saylı qərarı ilə Cavabdeh AR İXMnin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Dəfələrlə cavabdehdən avtomaşınına vurulmuş maddi ziyanın ona ödənilməsini tələb etməyinə baxmayaraq müxtəlif bəhanə ilə ödəməmişdir ki, avtomaşınını təmir edərək ailənin maddi təminatı üçün istifadə edə bilsin. Cavabdehin təqsirindən avtoqəza hadisəsi başlayandan etibarən avtomaşını işlək vəziyyətdə deyildir. O, fərdi əməklə məşğul olaraq sənətkar kimi işləyib ailəsinin maddi təminatını təmin etməyə çalışır, işlədiyi yerə avtomaşınla gedib-gəlir. Hadisədən sonra isə iş yerinə ayrıca avtomaşın tutmaqla hər gün həmin avtomaşın üçün 6 manat yol xərci ödəməli olmuşdur, Bu səbəbdən hadisə baş verəndən müalicə olunduğu müddəti çıxmaqla 5 ay müddətinə hər ayda 180 manat olmaqla cəmi 900 (doqquz yüz) manat əlavə maddi ziyan çəkmişdir, Ona görə cavabdehin təqsirindən çəkmiş olduğu həmin maddi ziyanın da cavabdehdən alınıb ona verilməsini tələb edir. Onu da əlavə edir ki, cavabdeh onun avtomaşınının sığorta olunduğu “Meqasığorta” Sığorta təşkilatından öz avtomaşınının təmiri üçün sığorta ödənişi almışdır. Cavabdehin avtomaşının sığorta olunduğu “Paşa sığorta” şığorta təşkilatı isə cavabdehin təqsirindən onun avtomaşınına vurulmuş zərər üçün sığorta ödənişi etməmiş, cavabdeh isə həmin ödənişin edilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Beləliklə, cavabdehin təqsirindən avtomaşınına vurulmuş 2711 manat maddi ziyanın və əlavə 900 manat maddi ziyanın cəmi məbləği olaraq 3611 (üç min altı yüz on bir) manat məbləğində pulun cavabdehdən alınıb ona ödənilməsi tələbinə dair məlum iddianı qaldırmalı olmuşdur.

8. Şəmkir Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 2(076)-2208/2022 nömrəli qətnaməsi ilə (hakim Şəfəq Məmmədova) iddianın qismən təmin edilməsi, Cavabdeh 2711 manat pulun və 30 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 213, 216-220, 233 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(076)-2208/2022 nömrəli qətnaməsinin qismən ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçıya məxsus avtomaşına vurulan zərər həddən artıq şişirdilmişdir. Həmçinin Mülki Prosessual Məcəllənin tələbləri pozularaq onun iştirakı olmadan, iş üzrə müvafiq ekspertiza təyin etmədən saxta ziyan aktına əsaslanmaqla qətnamə qəbul edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, sürücülük vəsiqəsinin olmamasını, hadisə törətdiyini, inzibati qaydada cərimə olunmasını bildirərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək məbləğin azaldılmasını xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ogli apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

18. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

19. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

20. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

21. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

23. Maddə 76.1. Sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

28. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

29. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

31. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

34. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

37. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdeh qətnamənin ləğvini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, qətnamənin iddianın təmin edilmiş hissəsindən narazıdır. İddianın rədd edilmiş hissəsi onun mənafeyinə toxunmur. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissə üzrə yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

39. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(076)- 2208/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Cavabdeh 08 yanvar 022-ci il tarixdə saat 07:40 radələrində Şəmkir-Kür qəsəbə yolunda sürücülük hüququ olmadan idarə etdiyi VAZ-21723 markalı **-RM-*** nömrəli avtomaşınla hərəkətdə olarkən manevr etmə qaydasını pozaraq VAZ-21063 markalı **- BU-*** nömrəli avtomaşınla toqquşmuş, nəticədə sonuncu avtomaşının sahibinə maddi zərər yetirmişdir. İddiaçının mülkiyyətində olan “VAZ-21063” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərin məbləğinin 2711 manat təşkil etdiyi müəyyən edilmişdir.

42. Məhkəmə kollegiyası yuxarıda sadalanan hüquq normalarının tələblərini işin faktik halları baxımından qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın maddi ziyan hissəsinin 2711 manat həddində müəyyən edilməsi əsaslı olmuşdur. Belə ki, iş materialları ilə cavabdehin ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətməsi tam sübuta yetirilmişdir.

43. İddiaçının mülkiyyətində olan avtomobilə dəymiş zərərin düzgün müəyyən edilməsi üçün məhkəmə kollegiyası tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertin xx.xx.2023-cü il tarixli, 9/3154 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1986-cı il buraxılışlı “VAZ 21063” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilə arxa soil tərəfdən dəymiş ziyanın məbləği hadisə baş verən tarixə təxminən 2711,0 manat müəyyən edilmişdir.

44. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.

45. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.

46. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert hesablama apararkən qüsur aktına əsaslanmış, qiymətin satış məntəqələrində və servis müəssisələrində sabitliyi, toplam stabil qiymətlərin ortalaşdırılmasını nəzərə almışdır.

47. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan üş üzrə düzgün nəticəyə gəlmişdir. Həmin nəticə faktlar nöqteyi-nəzərindən düzgündür və qətnamənin bu hissədə ləğv edilməsi üçün əsas yoxdur.

48. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

51. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

53. Eyni zamanda kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən 50 manat ekspertiza xərci cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

54. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəmkir Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(076)-2208/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat pul Cavabdeh tululub SAP (XİİS), X1, kod210005, VÖEN**********, m/h Az41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilsin. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar