Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-744/2024 18.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: maddi zərər Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı2, onun vəkili X6, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli 2(021)-3617/2023 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə 18 mart 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bərdə rayonu Hacıəhmədli bələdiyyəsi tərəfindən verilmiş 15 avqust 2023cü il tarixli 14 nömrəli arayışdan görünür ki, Həşimov X1 1,82 ha pay torpağı var. Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 və İddiaçı2 pay torpağının içərisindən su arxı keçirirlər.
2. Topağa mülkiyyət hüququna dair JN-0009 KOD 61018028 nömrəli Dövlət aktından görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1998-ci il tarixli, 15 nömrəli qərarı ilə X2, X7, İddiaçı2, İddiaçı1 və X3 Bərdə rayonu Vəliuşaqlı kəndində yerləşən 2,82 ha torpaq sahəsi verilmişdir.
3. Bərdə rayon İcra hakimiyyəti Başçısının Aparatının 24 avqust 2023-cü il tarixli, 3/635 nömrəli sorğuya cavabdan görünür ki, Bərdə rayonu, Vəliuşaqlı kəndi ərazinsində aqrotexniki qaydalara düzgün əməl edilərsə, 1,0 (bir) ha torpaq sahəsindən bir mövsümdə 45-50 ton qarpız məhsulu götürülə bilər. Hazırda qarpızın 1 kq-nın satış qiyməti 35-40 qəpikdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərərin ödənilməsi tələbinə dair Bərdə Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4500 manat maddi ziyanın alınıb onların xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1998-ci il tarixli, 15 nömrəli qərarı ilə X2, X7, İddiaçı2, İddiaçı1 və X3 Bərdə rayonu Vəliuşaqlı kəndində 2,82 ha torpaq sahəsi verilmiş və bu barədə Topağa mülkiyyət hüququna dair JN-0009 KOD 61018028 nömrəli Dövlət akt tərtib olunmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 topraq sahəsi onlarla qonşuluqda yerləşir. Sonuncuların əkin sahəsinə su arxı onların sahələrinin içərisindən keçir. 2023-cü ilin yaz əkin mövsümündə torpaq sahəsinin 0,60 hektarında faraş qarpız məhsulu əkmişlər və tam aqrotexniki qaydada qulluq edərək becərmişlər. 2023-cü ilin iyul ayında bir dəfə sahədən qarpızı toplayıb satmışlar. Lakin bir neçə gün sonra qarpız sahəsinə gedərkən cavabdehlərin əkin sahələrini suvarmaq məqsədi ilə öz sahələrinə su açdıqlarını və məsuliyyətsizlik edərək suyu əkin sahəsinə normadan artıq buraxdıqlarını görmüşlər. Bir neçə gün ərzində suyun axımının qarşısı kəsilmədiyindən qarpız sahələrinə su axmışdır. 0,60 hektar sahədə əkilmiş qarpız məhsulundan 0,35 hektarında qarpız məhsulları və tağları tamamilə məhv olunmuşdur. Cavabdehlərin etinasız hərəkətləri nəticəsində 2023-cü ilin əkin mövsümündə su basmış sahədən heç bir məhsul əldə etməmişlər, yəni qazanc götürə bilməmişlər və nəticədə onlara 4500 manat ziyan dəymişdir. 24 avqust 2023-cü il tarixli, 3/635 nömrəli məktuba əsasən Bərdə rayonu Vəliuşağı kəndi ərazisində aqrotexniki qaydalara düzgün əməl etməklə 1,0 (bir) hektar sahədən bir mövsümdə 45-50 ton qarpız məhsulu götürülə bilərdi. Qarpızın 1 kqnın satış qiyməti 35-40 qəpikdir. Belə olan təqdirdə 0,35 hektar torpaq sahəsindən 15750 kq qarpız əldə olunardı və bir kq qiyməti 0,35 manat olmaqla 4500 manat qazanc əldə edə bilərdilər. Dəfərlələ cavabdehlərdən ziyanın ödənilməsini tələb etsələrdə, sonuncular vurduqları ziyanı ödəməkdən imtina etmişlər.
6. Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli 2(021)-3617/2023 nömrəli qətnaməsi ilə (hakim F.Babaşov) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddianın təmin edilməməsi; İş üzrə ödənilmiş 66 manat dövlət rüsumunun İddiaçı1 özünə aid edilməsi qət olunmuşdur.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 448.2 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 119.1, 213, 214, 217, 216-220, 227, 233.1 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti iddia ərizəsində qeyd olunanlarla yanaşı onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalrının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə iclasında iştirakı təmin olunmamış və nəticədə çəkişmə prinsipinin tələbləri pozulmuşdur. Yeganə qazanc mənbəyi əkin mövsümündə əkib-becərdiyi məhsullardan əldə etdikləri gəlirdir. Lakin cavabdehlərin etinasız hərəkətləri nəticəsində su basmış sahədən heç bir məhsul əldə edə bilməmişlər və nəticədə onlara 4500 manat ziyan dəymişdir. Hazırlıq iclasında cavabdehlər izahatlarında onların pay torpaq sahəsində qarpız əkməklərini, həmin sahənin su basmasını, axan suyu onların kəsməsini və məhsulun məhv olmasını təstiq etmişlər. Lakin birinci instansiya məhkəməsi tərəflərin izahatlarında göstərilən xüsusatlar aydınlaşdırılmamış, iş üzrə şahidlər dindirilməmiş, mütəxəssis dəvət olunmamış, ekspertiza təyin edilməmiş, eləcədə əlavə sübutlar təqdim etmək üçün imkan verilməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, qarpızın əkilməsinə xərc onun tərəfindən çəkilmiş, qardaşı isə beçərmişdir. Suyun axıdılmasını şəxsən görməsədə, cavabdehlər bunu etiraf etmişlər. İddiaçı2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək, izahatında bildirmişdir ki, öz sahəsinə su açan zaman iddiaçıların da torpaq sahəsin su axdığını görmüş və həmin suyun qarşısını kəsmişdir. İstər onun, istərsədə digər cavabdeh tərəfindən iddiaçıların torpaq sahəsinə (bostana) su axıdılmamışdır. Cavabdeh1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 da apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçıların torpaq sahəsi ilə onların torpaq sahəsi qonşuluqda yerləşir. İstər onun, istərsədə digər cavabdeh tərəfindən iddiaçıların torpaq sahəsinə (bostana) su axıdılmamışdır. Əksinə Cavabdeh1 iddiaçıların bostanına suyun axdığını görmüş və qarşısını kəsmişdir. Cavabdeh2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı1 məhkəmə iclasına gəlməmiş, eləcədə gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
17. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
18. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
19. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
20. Maddə 1115 Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 384-385 Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2. birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
29. İşin hallarından müəyyən olunur ki, İddiaçı1 və İddiaçı2 mülkiyyətlərində (digər mülkiyyətçilərlə birlikdə) olan 2,82 ha torpaq sahəsinin 0,60 ha hissəsində əkilmiş qarpız sahəsin cavabdehlər tərəfindən su axıdılması və 0,35 ha hissənin yararsız hala düşduyünü və nəticədə onlara 4500 manat ziyan dəyməsini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etməmişdir.
30. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
31. Yuxarıda da qeyd olunduğu kimi iddiaçılar 0,60 ha torpaq sahəsində əkilmiş bistana, yəni qarpız sahəsinin 0,35 ha hissəsinə cavabdehlər tərəfindən su axıdılması nəticəsində onlara 4500 manat ziyan dəyməsini iddia edirlər. Sonuncular belə bir tələb irəli sürsədə, lakin 0,35 ha qarpız sahəsinə məhz cavabdehlər tərəfindən suyun axıdılmasını təsdiq edən hər hansı bir möhtəbər sübutu məhkəməyə təqdim etməmişlər.
32. Halbu ki, mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Apellyasiya şikayətinin məhkəmə iclasında iştiraklarının təmin edilməməsi, mütəxəssis dəvət olunmaması, ekspertiza təyin edilməməsı, hazırlıq iclasında cavabdehlər qarpız sahəsinə onlar tərəfindən su axıdılması nəticəsində məhsulun məhv olmasını etiraf etmələri, eləcədə əlavə sübutlar təqdim etmək üçün imkan verilməmsi dəlillərini kollegiya əsassız sayır və hesab edir ki şikayətin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Belə ki, İddiaçı2 apellyasiya şikayətində iştirakları olmadan işə baxılmasını qeyd etsədə, lakin işdən müəyyən olunur ki, 02 noyabr 2023-cü ildə keçirilmiş məhkəmə hazırlıq iclasında, eləcədə 04 dekabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçıların hər ikisi iştirak etmişlər. Bu da onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçılar məhkəməyə sübutlar, eləcədə vəsatətlər vermək imkanında olmuşlar. İşin 41-42-ci vərəqində olan 02 noyabr 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının protokolundan isə müəyyən olunur ki, həmin tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehlər iddiaçılara məxsus əkin sahəsinə onlar tərəfindən su axıdılmasını etiraf etməmişlər.
34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli 2(021)-3617/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.