Məhkəmə qərarları › İş №2(104)-746/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-746/2023

15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-746/2023 15.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı X5 və Cavabdeh iştirakı ilə, Daşkəsən Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli 2(030)-480/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 mart 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşdə olan Cavabdeh tərəfindən verilmiş etirazdan görünür ki, o, X1 1800 manat faizə borc aldıgını bildirmişdir.

2. Diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçı X5 vəziyyətinin pis olduğunu və borcunun qaytarılmasını xahiş edir, Cavabdeh isə kredit götürüb borcu qaytaracağını bildirir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı X5 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 5000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə qonşudurlar. Cavabdeh Daşkəsən şəhər Anar Mürsəlov adına 2 saylı tam orta məktəbdə idman müəllimi işləyir. Təxminən 2 il bundan əvvəl cavabdeh onun yaşadığı mənzilə gələrək fərdi yaşayış evini sənədləşdirmək üçün pul vəsaitinə ehtiyacını olduğunu bildirmiş və ondan 5000 manat məbləğində borc pul istəmişdir. O, da illərlə əziyyət çəkib yığdığı 5000 manat pul vəsaitini 2 ay müddətində qaytarmaq şərti ilə Cavabdeh borc vermişdir. Lakin səhlənkarlıq edib bu barədə yazılı qəbz almamışdır. Cavabdeh borc məbləğini vaxtında geri ödəmədiyi üçün 2 aydan sonra o, cavabdehin yaşadığı evə getmiş və borc məbləğini geri ödəməsini tələb etmişdir. Cavabdeh tezliklə 5000 manat məbləği geri qaytaracağına dair söz versə də, sonradan müxtəlif bəhanələrlə bundan yayınmışdır. Cavabdehin ondan 5000 manat məbləğində borcu pul alması barədə səs yazısı mövcuddur.

5. Daşkəsən Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli 2(030)-480/2022 nömrəli qətnaməsi ilə (hakim Mustafa Mustafayev) iddianın qismən təmin edilməsi, Cavabdeh 1800 manat əsas borcun və ödənilmiş dövlət rüsmunun 25 manatı olmaqla, cəmi 1825 (bir min səkkiz yüz iyirmi beş) manat məbləğinin alınaraq iddiaçı X4 verilməsi, ödənilmiş dövlət rüsumunun 45 (qırx beş) manatının iddiaçı X4 aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 385.1, 433.3, 448.1, 739.1, 740.1, 742.1, 744.1-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 191.1 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək, Daşkəsən Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli 2(030)-480/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almamışdır, belə ki, o iddiaçıdan 5 il əvvəl 1800 manat faiz ilə qaytarmaq şərti ilə borc pul almışdır. Həmin pulu faizi ilə birlikdə də qaytarmışdır. Buna baxmayaraq iddiaçı 5000 manat pul tələb etmiş, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək ondan 1800 manat pulun tutulmasını qət etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 9.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh izahatında həmçinin göstərmişdir ki, o iddiaçıdan 5 il əvvəl aylıq 10 faiz ödəmək şərti ilə 1800 manat məbləğində borc pul almışdır. 2 il ərzində hər ay 180 manat olmaqla cəmi 6480 manat məbləğində pul qaytarmışdır. İddiaçı 2-3 il ərzində 1800 manata əlavə faiz hesablayaraq ondan 5000 manat məbləğində pul tələb edir. Cavabdeh sədrlik edənin sualına cavab olaraq iddiaçıya 6480 manat məbləğində pul qaytardığına dair sübutu olmadığını bildirmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 433.3. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun pisk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2 .Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.ğ Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

14. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, işin faktiki hallarına düzgün qiymət verilmişdir.

18. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Belə ki, işin müəyyən olunmuş hallarına görə, iddiaçı X5 Cavabdeh 5000 manat məbləğində pul tələb etsə də, Cavabdeh qeyd edilən məbləği verməsinə dair heç bir sübut təqdim etməmişdir. Bununla belə Cavabdeh iddiaçı X2 1800 manat borc pul aldığını, həmçinin 2 il müddətində 1800 manat üçün hər ay 180 manat olmaqla, cəmi 6480 manat məbləğində pul ödədiyini bildirmişdir. Lakin cavabdeh bu halı təsdiqləyən hər hansı sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində də bu hala istinad etsə də buna dair sübut təqdim etmədiyindən həmin hal öz təsdiqini tapmamışdır. Odur ki, Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırki işin hallarına münasibətdə əsassızdır.

20. Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı iş üzrə tərəflərin danışığını əks etdirən səs yazısı və cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi etiraz mötəbər sübut kimi qiymətləndirilir. Belə ki, həmin danışıq və səs yazısı əqdin tərəfləri üçün sirr olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.

21. Kollegiya qeyd edir ki, baxılan iş üzrə çıxarılan qətnamədən (qətnamənin mübahisələndirilən hissəsi iddianın qiyməti beş min manatdan az olduğu üçün) kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Daşkəsən Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli 2(030)-480/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar