Məhkəmə qərarları › İş №2(104)-747/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-747/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-747/2023 07.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)-2758/2022 saylı mülki iş üzrə 23 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 07 mart 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, VAZ 21074 minik markalı 20 DJ541 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan ƏN-Vİİ 861389 saylı etibarnamədən görünür ki, Cavabdeh VAZ 21074 minik markalı nəqliyyat vasitəsini İddiaçı etibar etmişdir. Həmin etibarnamə bir il müddətinə xx.xx.2022-ci il tarixədək qüvvədədir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı istifadəsinəd olan VAZ 21074 Minik markalı 20DJ541 qeydiyyayt nişanlı nəqliyyat vasitəsi Ağstafa rayon PŞ-nin DYPB-nin YPX tərəfindən saxlanca qəbul edilmiş, Cavabdeh təhvil alınmışdır. İş materiallarında olan Cavabdeh Ağstafa rayon PŞ-nə verdiyi izahatdan görünür ki, texniki pasportu onun adına olan etibarnamə ilə xx.xx.2021-ci il tarixdə 3400 manata Qazax rayon sakini İddiaçı satmışdır. Etibarnaməsi olan müddətdə adına rəsmiləşdirməmişdir. Etibarnamə bitdiyi üçün o həmin şəxsə etibarnamə verməkdən imtina etmişdir. Qarşı tərəflə narazılıqları olduğuna görə məhkəmə qərarı çıxana kimi avtomobilin maşın dayanacağında saxlanılmasına etiraz etmədiyini bildirmişdir. İşdə olan İddiaçı Ağstafa rayon PŞ-nə verdiyi izahatdan görünür ki, xx.xx.2021-ci il tarixdə etibarnamə əsasında Şəmkir rayon sakini Cavabdeh məxsus VAZ 2107 Minik markalı 20DJ541 nəqliyyat vasitəsini 3350 manata Qazax notariat kontorunda etibarnamə əsasında almışdır. Etibarnamə müddətində adına rəsmiləşdirə bilməmişdir. Qeydiyyat şəhadətnaməsi adına olan Cavabdeh etibarnamənin bitdiyi üçün təkrar etibarnamə verməmişdir. Qarşı tərəflə narazılıqları olduğuna görə məhkəmə qərarı çıxana kimi avtomobilin maşın dayanacağından buraxılmasına etiraz edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan 3400 (üç min dörd yüz) manat pulunun, avtomobilə çəkdiyi 450 (dörd yüz) manat xərcin və ödədiyi 59 (əlli doqquz) manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında razılaşaraq ** DJ *** qeydiyyat nömrəli VAZ-21075 markalı minik avtomobilini 3400 (üç min dörd yüz) manata almış, avtomobili aldıqdan sonra cavabdeh (mülkiyyətçi) tərəfindən bununla bağlı Qazax rayon notariat ofisində 07 avqust 2021-ci il tarixdə 1 il müddətinə baş etibarnamə verilmişdir. AD №441063 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ona təhvil verilmişdir. O maddi vəziyyətilə əlaqədar olaraq eləcə də avtomobilin təmir xərclərini ödədiyi üçün həmin müddətdə avtomobili adına özəlləşdirə bilməmişdir. Bundan sonra etibarnamənin müddəti bitdikdən sonra etibarnamə verməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh yenidən etibarnamə verməkdən imtina etmişdir. 23 avqust 2022-ci il tarixdə Ağstafa rayon Polis şöbəsinin Dövlət yol polisi bölməsi tərəfindən avtonəqliyyat vasitəsinin saxlanca qəbul barədə akt tərtib edilmiş və həmin aktda cavabdeh öz xətti ilə yazaraq qeyd etmişdir ki, şahidlərin iştirakı ilə avtomobli 3400 manata satdığı lakin etibarnaməsi bitdiyi İddiaçı şəxsi iradəsinə zidd olaraq üç xalq şahidinin iştirakı ilə VAZ 2107 markalı ** DJ *** nömrə nişanlı avtomobili mübahisəli şəkildə təhvil alır. Bununla da cavabdeh özüdə etiraf etmişdir ki, avtomobili ona satmışdır və etibarnaməsinin müddəti bitdiyi üçün avtomobilə etibarnamə vermir və avtomobili polis şöbəsində təhvil alıb aparmışdır. O isə bu avtomobilin təmirinə belə xərc çəkib onu cavabdehə pul ödəyərək almışdır. Bugün cavabdeh avtomobili əlindən alırsa onun ona alqı-satqı üçün ödədiyi pulu qaytarmalı və eləcədə ona dəymiş ziyanlığı ödəməlidir. Belə ki, o avtomobili aldıqdan sonra avtomobilə 450 manat xərc çəkib avtomobili təmir etdirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Cavabdeh ilə avtomobil bazarında razılaşaraq ** DJ *** qeydiyyat nömrəli VAZ-21075 markalı minik avtomobilini 3400 (üç min dörd yüz) manata satın almışdır. Onun madi imkanı olmadığı üçün aldığı avtomobili adına keçirə bilməmiş, satın aldığı avtomobilə görə verilmiş etibarnamənin vaxtı bitdiyi üçün avtomobili aldığı şəxs Cavabdeh zəng vurub etibarnamənin müddətinin uzadılmasını xahiş etmiş, lakin cavabdeh onun təklifini qəbul etməmişdir. Avtomobilin 1 il ərzində bütün xərclərini o çəkmişdir. Bundan sonra avtomobili Qazax rayonunda polis əməkdaşları tərəfindən saxlanılmış və duracağa qoyulmuşdur. O həmin vaxt cavabdehə zəng vurub nə üçün onu polis saxladığını soruşmuş, cavabdeh ona xərcə düşdüyünü və əlavə 600 manat ona pul ödəməli olduğunu bildirmişdir. Cavabdeh gəlib Yol Polis şöbəsində izahat verərək avtomobili ona 3400 manata satdığını etiraf etmişdir. İddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) X5 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, cavabdeh avtomobili iddiaçıya icarəyə vermiş və icra haqqı olaraq 3400 manat pul almışdır, lakin cavabdeh avtomobili iddiaçıya satmamışdır. Bu səbəbdən cavabdeh iddiaçıya 1 il müddətinə avtomobildən istifadə etməsi üçün etibarnamə vermişdir. Əgər tərəflər arasında alqı-satqı ilə bağlı razılaşma olmuşdursa o zaman iddiaçı avtomobili öz adına keçirərdi. İddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, Qazax rayonu Hüseynbəyli kəndində yaşayır, avtomobil təmiri, həmçinin alışı və satışı ilə məşğul olur. İddiaçı onun kəndçisidir, iş üzrə tərəflərlə qohumluğu və ya ədavəti yoxdur. O, 2021-ci ilin avqust ayında özünə məxsus avtomobili satmaq üçün maşın bazarına getmiş, həmin vaxt İddiaçı bazarda görmüş, İsmayıl ona avtomobil satın almağa gəldiyini, lakin pulunun az olduğunu demişdir. Bundan sonra İsmayıl bazarda Cavabdeh məxsus ** DJ *** qeydiyyat nömrəli VAZ-21075 markalı minik avtomobilini göstərərək qiymənin ucuz olduğu üçün satın almaq istədiyini və bir usta kimi həmin avtomobilə baxmasını xahiş etmişdir. O da həmin avtomobilə baxmış, avtomobil köhnə olsa da qiymətinə görə almasına dair ona təklif vermişdir. İddiaçı həmin avtomobili satın alması ilə bağlı Cavabdehla son olaraq 3400 (üç min dörd yüz) manata razılaşmışlar. Onlar arasında avtomobilin icrayə verilməsi ilə bağlı söhbət olmamış, İddiaçı icrayə deyil, satın almaq üçün avtomobil axtarmışdır. Bundan sonra o, həmin gün öz işi ilə bağlı Notariat Kontoruna getmiş, həmin vaxt Notariat Kontorunun qarşısında avtomobilin içərisində İddiaçı Cavabdeh pul verməsini görmüşdür. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, İddiaçı onun kəndçisidir və həmçinin sinif yoldaşı olmuşlar. İş üzrə tərəflərlə qohumluğu və ya ədavəti yoxdur. İddiaçı ona zəng edərək, aldığı avtomobilə görə verilmiş etibarnamənin vaxtı bitdiyi üçün yeni etibarnamə almaq üçün Şəmkir Rayonuna onunla birlikdə getmək istədiyini bildirmiş, o da razılaşmış və birlikdə Şəmkir Rayonuna avtomobili satan Cavabdeh yaşadığı evə gəlmişlər. Həmin vaxt Cavabdeh niyə bir ərzində avtomobili öz adına keçirməmisiniz deyərək, yeni etibarnamə verməkdən imtina etmişdir. Həmin vaxt onlar telefon nömrələrini Cavabdeh qardaşına vermişlər. Cavabdeh qardaşı onlara zəng edərək yeni etibarnamə vermələri üçün əlavə 600 manat pul verməli olduqlarını bildirmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2758/2022 saylı mülki iş üzrə 23 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 3400 (üç min dörd yüz) manat pul və məhkəmə xərci qismində 54 (əlli dörd) manat dövlət rüsumunun tutularaq, İddiaçı verilməsi, iddia tələbinin digər hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1 və1097.1-cimaddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 91.3, 106.1 və 217.4-cümaddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2758/2022 saylı mülki iş üzrə 23 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən əslində çoxlu sayda qanun normasına istinad etsə də, həmin qanun normalarının hazırki iddiaya nə aidiyyatı, nə də əlaqəsi olması açıqlanmamışdır. İddiaçı iddia tələbinin əsası olaraq məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Halbuki, iddia tərəfi öz iddiasının əsası kimi məhkəməyə mötəbər sübutlar təqdim etməyə borclu idi. İşin halları ondan ibarətdir ki, o, üzərinə düşən vəzifəni yerinə yetirmiş, iddiaçı isə danışdıqlarını pozmuş, avtomaşının dəyərini tam şəkildə ona ödəməmişdir. Bu səbəbdən də onun adına etibarnamə verməkdən imtina etmişdir. Məhkəmə iddia tələbini obyektiv qiymətləndirməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə, qanunvericiliyin tələblərini pozmuş, gəldiyi nəticə ilə tamamilə əsassız və qanunsuz olmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya məhkəməsində icraat Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili X4 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmiş, məhkəmə kollegiyasına teleqram ünvanlamış, üzürlü səbəbdən iştirak edə bilə bilmədiyini qeyd etsə də, buna dair hər hansı sübut əlavə etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 386.1 - Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 439.4 - Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 1091.1 - Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2 - Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1 - Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Maddə 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya Maddə 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Maddə 1092.2 - Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1092.3 - Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Maddə 1096.1 - Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2 - Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1 - Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Prosessual hüquq normaları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 77.1 – hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1 - sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 217.2 - qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Apellyasiya baxışının hədləri Maddə 372.1 - apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2 - yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6 - apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7 - apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1 - mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və məhkəmədə iştirak edən iddiaçını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı Cavabdeh ilə razılaşaraq ** DJ *** qydiyyat nömrəli VAZ-21075 markalı minik avtomobilini 3400 (üç min dörd yüz) manata satın almış və həmin məbləğ iddiaçı tərəfindən cavabdehə ödənilmiş, öz növbəsində cavabdeh (mülkiyyətçi) tərəfindən bununla bağlı Qazax rayon notariat ofisində 07 avqust 2021-ci il tarixdə 1 il müddətinə baş etibarnamə və AD №441063 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini iddiaçıya təhvil vermişdir. Bir illik müddət ərzində iddiaçı həmin avtomobili mülkiyyətinə keçirməmiş və avtomobillə bağlı verilmiş etibarnamənin müddəti bitmişdir. Bundan sonra iddiaçı yeni etibarnamə verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh yeni etibarnamə verməkdən imtina etmiş və müraciəti əsasında qeyd edilən avtomobil polis əməkdaşları tərəfindən iddiaçıdan alınaraq cavabdehə təhvil vermişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən qətnaməni qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıdan aldığı və qaytarmadığı pulla bağlı hərəkətləri əsassız varlanma kimi qiymətləndirilməlidir. Belə ki, mülki işin materiallarında olan Cavabdeh Ağstafa rayon PŞ-nə verdiyi izahatdan görünür ki, o, texniki pasportu onun adına olan etibarnamə ilə xx.xx.2021-ci il tarixdə 3400 manata Qazax rayon sakini İddiaçı satmış, etibarnaməsi olan müddətdə adına rəsmiləşdirməmişdir. Etibarnamə bitdiyi üçün o həmin şəxsə etibarnamə verməkdən imtina etmişdir. Qarşı tərəflə narazılıqları olduğuna görə məhkəmə qərarı çıxana kimi avtomobilin maşın dayanacağında saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Göründüyü kimi, cavabdeh özünə məxsus olan avtomobili iddiaçıya satdığını, bunun müqabilində iddiaçıdan 3400 manat pul aldığını etiraf etmişdir. Apellyasiya şikayətinin dəlillərində isə o, həmin avtomobili iddiaçıya icarəyə verdiyini və iddiaçıdan aldığı pulu icarə haqqı kimi aldığını bildirsə də, bunu təsdiq edən mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Beləliklə, kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsaslanan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş və haqlı olaraq iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, məhkəmə kollegiyası belə qərara gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin 2(076)-2758/2022 saylı mülki iş üzrə 23 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hazırki mülki işdə iddianın qiyməti beş min manatdan az olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-cı maddəsinə əsasən bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392 və 402.1-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2758/2022 saylı mülki iş üzrə 23 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar