Məhkəmə qərarları › İş №2(104)-747/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-747/2025

06.05.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-747/2025 06.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X2 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) Nümayəndə1 və cavabdeh Azərbaycan Respublikası Təhsil İşçiləri Azad X5 Rayon Komitəsinin nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil İşçiləri Azad X5 Rayon Komitəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)- 4002/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Azərbaycan Respublikası Təhsil İşçiləri Azad X5 Rayon Komitəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2017–ci il tarixli, 03 nömrəli Protokoldan və Qərardan görünür ki, İddiaçı 01 noyabr 2017–ci ildə Azərbaycan Respublikası Təhsil İşçiləri Azad X5 Rayon Komitəsinə sürücü seçilməsi qərara alınmışdır.

2. xx.xx.2023–cü il tarixli aktdan görünür ki, 28 aprel 2023–cü il tarixdə ATİAHİ Şəmkir rayon Komitəsinə məxsus Renault Logan, 57–AA–257 nömrəli avtonəqliyyat vasitəsinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, sürücü İddiaçı səhlənkarlığı səbəbindən nəqliyyat vasitəsinin ön bamper hissəsi ciddi zədələnmiş və təmir üçün zərurət yaranmışdır. Bununla əlaqədar olaraq, sürücü intizam tənbehinə cəlb olunmamaq şərtilə xəbərdarlıq edilir. Dəymiş zərər ATİAHİ Şəmkir Rayon Komitəsi sədri Həsən İsmayılov tərəfindən ödənilmişdir.

3. xx.xx.2023–cü il tarixli aktdan görünür ki, 05 dekabr 2023–cü il tarixdə ATİAHİ Şəmkir rayon Komitəsinin sürücüsü İddiaçı saat 10:05–də işə gəlib və saat 12:10–da heç kəsə məlumat vermədən idarəni tərk etmiş, işin sonunda 16:40–da gəlmişdir. Sürücü İddiaçı icazəsiz iş yerini tərk etməsi barədə izahat yazmağı tələb edilmiş, lakin İddiaçı izahat verməkdən imtina etmişdir.

4. xx.xx.2023–cü il tarixli aktdan görünür ki, 12 dekabr 2023–cü il tarixdə ATİAHİ Şəmkir rayon Komitəsinin sürücüsü İddiaçı saat 09:00–da işə gəlib və saat 11:30–da heç kəsə məlumat vermədən idarəni tərk etmiş, işin sonunda 17:40–da gəlmişdir. Sürücü İddiaçı icazəsiz iş yerini tərk etməsi barədə izahat yazmağı tələb edilmiş, lakin İddiaçı izahat verməkdən imtina etmişdir.

5. xx.xx.2024–cü il tarixli aktdan görünür ki, 06 mart 2024–cü il tarixdə ATİAHİ Şəmkir rayon Komitəsinin sürücüsü İddiaçı saat 09:00–da işə gəlib tabelə qol çəkib və saat 10:00–da icazə almadan və heç kəsə məlumat vermədən idarəni tərk etmiş, işin sonunda 18:00–da gəlib tabelə imza çəkmişdir.

6. xx.xx.2024–cü il tarixli aktdan görünür ki, 13 mart 2024–cü il tarixdə ATİAHİ Şəmkir rayon Komitəsinin sürücüsü İddiaçı saat 09:00–da işə gəlib tabelə qol çəkib və saat 14:30–da icazə almadan və heç kəsə məlumat vermədən idarəni tərk etmiş, işin sonunda 17:50–də gəlib tabelə imza çəkmişdir.

7. xx.xx.2024–cü il tarixli aktdan görünür ki, 14 mart 2024–cü il tarixdə ATİAHİ Şəmkir rayon Komitəsinin sürücüsü İddiaçı sürücü kimi dəfələrlə İXM tələblərini pozaraq, qəzalı şərait yaratması və sürət həddini aşması səbəbilə müxətlif vaxtlarda 2 bal cərimə edilmişdir. Cərimə balı ATİAHİ Şəmkir Rayon Komitəsi tərəfindən ödənilmişdir. Bununla bağlı sürücü İddiaçı dəvət edilərək, ciddi xəbərdarlıq edilmişdir.

8. xx.xx.2024–cü il tarixli aktdan görünür ki, 18 mart 2024–cü il tarixdə ATİAHİ Şəmkir rayon Komitəsinin sürücüsü İddiaçı rayon ərazisində yerləşən restoranların birində spirtli içki qəbul edərək, Komitənin ictimai nüfuzuna xələl gətirəcək, Komitənin maliyyə–büdcə işlərinə aid sözlər danışmışdır. Bununla bağlı sürücü İddiaçı dəvət edilərək, ciddi xəbərdarlıq edilmiş, davranışlarına, danışığına düzəliş etməsi nəzərinə çatdırılmışdır. Həmçinin, növbəti dəfə sürücü İddiaçı bildirilmişdir ki, etdiyi bu neqativ hərəkətlərə görə onunla bağlanılmış əmək müqaviləsinin şərtlərinin düzgün yerinə yetirilməməsi ATİAHİ Şəmkir Rayon Komitəsinin Rəyasət Heyəti üzvlərinin müzakirəsinə çıxarılacaqdır.

9. xx.xx.2024–cü il tarixli aktdan görünür ki, 28 mart 2024–cü il tarixdə ATİAHİ Şəmkir rayon Komitəsinin sürücüsü İddiaçı saat 09:00–da işə gəlib tabelə qol çəkib və saat 10:40–da icazə almadan və heç kəsə məlumat vermədən idarəni tərk etmiş, işin sonunda 17:30–da gəlib tabelə imza çəkmişdir.

10. xx.xx.2024–cü il tarixli aktdan görünür ki, "29" mart 2024–cü il tarixdə ATİAHİ Şəmkir rayon Komitəsinin sürücüsü Aslanov X3 hesabat–seçki konfransından sonra dəvət edilərək, əvvəlki dövrlərdə sürücü kimi verilmiş tapşırıqları layiqincə yerinə yetirməməsi, Komitənin yerləşdiyi Fərman Salmanov adına şəhər tam orta məktəbinin inzibati binasında yerləşməsi səbəbi ilə, davranışları ilə məktəbin müəllim və uşaq kollektivini narahat edən hərəkətlər etməsi, həmçinin dəfələrlə öz könüllü ərizəsi ilə işdən azad edilməsi təkliflərinə məhəl qoymayaraq, sədrin və Komitənin işgüzar nüfuzuna xǝlǝl gətirən, şər–böhtan xarakterli informasiyaların yayılması barədə hərəkətlərinə düzəliş etməsi haqqında ciddi xəbərdarlıq edilmişdir. Həmçinin diqqətinə çatdırılmışdır ki, bu kimi neqativ hərəkətlərinə son verməyəcəyi halda, onun barəsində məsələ ATİAHİ Şəmkir RK Rəyasət heyəti üzvlərinin müzakirəsinə çıxarılacaqdır.

11. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024–cü il tarixli, 02 nömrəli əmrin surətindən görünür ki, Şəmkir Rayon Təhsil İşçiləri Azad X5 Rayon Komitəsi” bölməsində “komitə sədrinin sürücüsü” vəzifəsində işləyən İddiaçı Elmar oğlu ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə “AR ƏM–nin 68.2 “a”–tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024–cü il tarixindən xitam verilmişdir.

12. Cavabdeh Azərbaycan Respublikası Təhsil İşçiləri Azad X5 Rayon Komitəsinin sədri Həsən İsmayılov tərəfindən birinci instansiya məhkəməsinə məhkəməyə ünvanlanmış etiraz ərizəsindən görünür ki, cavabdeh tərəf iddia tələbini qəbul etmir və rədd olunmasını istəyir. Belə ki, 2017–2024–cü illərdə ATİAHİ Şəmkir rayon Komitəsinin sürücüsü işləmiş İddiaçı son dövlərdə fəalliyyətində bir çox nöqsanlar aşkar edilməyə başlamışdır. Sürücü kimi üzərinə düşən əmək funksiyalarını düzgün yerinə yetirməməsi, işində ciddi nöqsanlar buraxması, həmçinin Komitənin işgüzar nüfuzuna xələl gətirəcək hərəkətlər etməsi, nəticədə onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə əsaslı səbəblər yaratmışdır. Bununla bağlı dəfələrlə özünə şifahi xəbərdarlıq edilmiş, davranışlarında düzəlişlər edilməsi tövsiyyə edilməsinə baxmayaraq, özünü qeyri–səmimi aparmışdır. Həmkarlar İttifaqları seçkili orqan olduğu üçün, atılan bütün zəruri prosedurlar ancaq İdarə Heyəti üzvlərinin, səsvermə nəticəsində qəbul olunmuş qərarına əsasən aparılır. Edilmiş bütün xəbərdalıqlar, buraxılmış bütün nöqsanlar barədə aktlar tərtib olunmuşdur. Bununla bağlı İddiaçı xx.xx.2024–cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Qazax–Tovuz regional şöbəsinə müraciət etmişdir. Regional şöbənin Komitəyə yazılı sorğusu əsasında İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinin səbəbləri barədə bütün zəruri sənədlər təqdim olunmuşdur. Əldə etdikləri məlumata əsasən şöbə tərəfindən İddiaçı cavab olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən heç bir qanun pozuntusu aşkar edilmədiyi bildirilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbini əsassız hesab edir və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil İşçiləri Azad X5 Rayon Komitəsinə qarşı Azərbaycan Respublikası Təhsil İşçiləri Azad X5 Rayon Komitəsinin onun barəsində çıxardığı xx.xx.2024–cü il tarixli əmrinin ləğv edilməsi, onun əvvəlki işinə bərpa eidlməsi və məcburi iş buraxma dövrləri üçün cavabdeh tərəfindən əmək haqqının ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2017–ci il tarixdən cavabdeh Azərbaycan Təhsil İşçiləri Azad X5 rayon komitəsində sürücü işləmişdir. xx.xx.2024–cü il tarixdə cavabdeh idarə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2–ci maddəsinin "a" bəndinə əsasən onun əmək müqaviləsinə xitam vermişdir. İşlədiyi müddət ərzində işinə daim vaxtlı–vaxtında getmiş, ona verilən tapşırıqların öhdəsindən vaxtında, layiqincə gəlmiş, heç bir intizam məsuliyyətinə cəlb olunmamışdır. Buna baxmayaraq cavabeh tərəf heç bir əsas olmadan onu işdən azad etmişdir. Lakin o, 2017–ci ildən işdən azad olunduğu vaxtdadək öz vəzifə borcunu vicdanla yerinə yetirmişdir. Belə ki, o, rəhbərlik tərəfindən əmək müqaviləsində göstərilən işlərdən əlavə işlərin də öhdəsindən layiqincə gəlmişdir. Cavabdeh onu heç bir əsas olmadan işdən azad etmişdir. Yuxarıda qeyd olunanlara görə hesab edir ki, onun işdən azad olunması barədə əmr əsassız və qanunsuzdur. Belə ki, işdən azad olunması barədə keçirilmiş iclasa o, dəvət olunmamışdır. Ona işdən azad olunacağı barədə heç bir xəbərdarlıq olunmamışdır. Bundan başqa ona əmək kitabçası verilsə də, tələb etməsinə baxmayaraq əmrin surəti və digər işdən çıxmasına əsas olan sənədlər verilməmişdir. O, işinə bərpa olub yenidən işləmək istəyir. Belə ki, uzun müddətdir ki, həmin işdə işləyir və ailəsinin dolanışığını təmin etməkdədir. Həmçinin, hazırki mübahisənin məhkəmədən kənar həll edilməsi üçün Mediasiya Şurasına müraciət etmiş və Mediasiya Şurası tərəfindən mediasiya prosesinin aparılması barədə mediator təyin edilmişdir. Lakin, cavabdeh ilkin mediasiya sessiyasına çağırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Qeyd olunanlara görə də, məhkəməyə müraciət etmişdir. Odur ki, Azərbaycan Respublikası Təhsil İşçiləri Azad X5 Rayon Komitəsinin onun barəsində çıxardığı xx.xx.2024–cü il tarixli əmrinin ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma dövrləri üçün cavabdeh tərəfindən əmək haqqının ona ödənilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

15. Şəmkir Rayon Məhkəməsinin 2(076)-4002/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim T.Musayev) iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Təhsil İşçiləri Azad X5 Rayon Komitəsinin rəisinin 02 aprel 2024–cü il tarixli 02 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə, yəni Azərbaycan Respublikası Təhsil İşçiləri Azad X5 Rayon Komitəsinin sürücü vəzifəsinə bərpa edilməsi, İddiaçı Azərbaycan Respublikası Təhsil İşçiləri Azad X5 Rayon Komitəsi tərəfindən 03 aprel 2024–cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxdığı müddət üçün aylıq əmək haqqı hesablanaraq ödənilməsi qət edilmişdir.

16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəf iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmr verərkən əmək müqaviləsinin ləğv edilməsi əsasını göstərməmiş, əmək müqaviləsinin ləğv edilməsi qaydasını tənzimləyən maddi hüquq normasına düzgün istinad etməmişdir. Nəticədə, cavabdeh əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Məcəlləsində nəzərdə tutulmuş tələbləri pozmuşdur.

17. Məhkəmə öz hüquqi mövqeyində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-75, 80, 84 və 300-cü maddələrinin müddəalarına istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

18. Şəmkir Rayon Məhkəməsinin 2(076)-4002/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Azərbaycan Respublikası Təhsil İşçiləri Azad X5 Rayon Komitəsi apellyasiya şikayəti verərək, qətnаmənin ləğv еdilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış məhkəmə iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməsi üçün xüsusi əhəmiyyət kəsb edən halları araşdırmamışdır. Bu səbəbdən də, hesab etmişlər ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qətnamə ləğv olunmalıdır. Birinci instansiya məhkəməsi qeyd edir ki, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab etmişdir ki, iddia təmin edilməlidir. Lakin məhkəmə heç bir sübut əldə etmədən iddiaçının iddialarına əsaslanaraq qərar qəbul etmişdir. Məhkəmə qətnaməsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsini əsas gətirərək qeyd etmişdir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Lakin həmin maddə üzrə idarə tərəfindən hər-hansı pozuntu olmamışdır. Bundan başqa, iddiaçı qeyd olunan mübahisə ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl X4 Müfəttişliyinə müraciət etmiş, xx.xx.2024-cü il tarixli müraciətinə dair cavab məktubu ilə işəgötürən tərəfindən hər-hansı bir qanunpozuntusuna yol verilmədiyi bildirilmişdir. Lakin məhkəmə qərəzli olaraq İddiaçı iddia tələblərini təmin etmişdir. Məhkəmə qeyd olunan məsələləri araşdırmadan qərar qəbul etmişdir. Məhkəmə vacib amillərə diqqət etməmiş, qərəzli mövqe tutmuşdur. İddiaçı iş fəaliyyətində bir çox nöqsanlar aşkar edilmişdir ki, bununla da bağlı aktlar mövcuddur. Mütəmadi olaraq işə gecikməsi, iş yerini öz başına tərk etməsi də, tərtib olunmuş müvafiq aktlarla öz təsdiqini tapmışdır. Bundan başqa, İddiaçı idarəyə aid məlumatları digər yerlərdə danışmağı, işə məsuliyyətsiz yanaşması barədə dəfələrlə ciddi xəbərdarlıq olunmuşdur ki, buna da, məhəl qoymamışdır. Şəmkir Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçı və cavabdeh mübahisənin düzgün həlli üçün ilk növbədə əmək müqaviləsinə xitam verilməsinin əsaslarının əmək müqaviləsinin xitam verilməsi haqqında əmrin məzmununun əmək qanunvericiliyinə uyğun olub-olmamasının araşdırılmasını qeyd etmişdir. Onlar tərəfindən aktlar, qərar və protokol təqdim olunmuş, lakin məhkəmə təqdim olunmuş sənədləri mötəbər hesab etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci bəndinin mənasına görə, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Onlar tərəfindən həmkarlar ittifaqına təqdim olunmuş sənədlərə məhkəmə qiymət verməmişdir.

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Təhsil İşçiləri Azad X5 Rayon Komitəsinin nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, iddiaçı Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, işdən çıxarılmışdır.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, 2017-ci ildən həmin yerdə işləyir. Töhmət almağından xəbəri olmamışdır. O, işdən azad olunma barədə ərizə verməmişdir. Cavabdehə məxsus avtomobili o, vurmamışdır. İnzibati Xəta haqqında ona protokol tərtib olunmamışdır. Şəkildə də, mühasibin özünün avtomobili sürdüyü müəyyən olunur.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, aprel ayının 2-si iddiaçı işdən çıxarılıb, aprel ayının 3-də Həmkarlar Komitəsinin iclası keçirilmişdir. İş materiallarına iddiaçının barəsində aktlar əlavə edilmişdir ki, həmin aktlardan iddiaçının xəbəri olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

24. Maddə 35. İ. Əmək fərdi və ictimai rifahın əsasıdır.

25. Maddə 35. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

26. Maddə 84.1. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

27. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

28. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

29. Maddə 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

30. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

31. 80-ci maddəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

32. 2-ci bəndinə görə, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

33. Maddə 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də, nəzərdə tuta bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

34. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

40. Maddə 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

41. MPM-in 372.1-cı maddəsinə əsasən, instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

42. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-4002/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2017–ci il tarixli, 03 nömrəli Qərar ilə İddiaçı 01 noyabr 2017– ci ildə Azərbaycan Respublikası Təhsil İşçiləri Azad X5 Rayon Komitəsinə sürücü vəzifəsinə seçilməsi qərara alınmışdır. xx.xx.2024–cü il tarixli, 02 nömrəli əmr ilə Şəmkir Rayon Təhsil İşçiləri Azad X5 Rayon Komitəsi” bölməsində “komitə sədrinin sürücüsü” vəzifəsində işləyən İddiaçı Elmar oğlu ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə “AR ƏM–nin 68.2 “a”–tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024–cü il tarixindən xitam verilmişdir.

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, cavabdeh tərəf qeyd etmişdir ki, İddiaçı barəsində müxtəlif tarixli aktlar tərtib edilmişdir. Onlar içərisində istifadəsində olan xidməti avtomobil ilə ehtiyatsız davranması və avtomobilə ziyan vurması olmuşdur. İşəgötürən əmək vəzifələrini kobud şəkildə pozan İddiaçı ilə əmək müqaviləsinə xitam verərkən, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Məcəlləsində nəzərdə tutulmuş tələbləri pozmuşdur. Belə ki, həm iş materialları, həm də, cavabdehin təqdim etdiyi etirazdan müəyyən olunur ki, iddiaçının işdən çıxarılması əsası kimi, onun üzərinə düşən əmək funksiyalarını düzgün yerinə yetirməməsi və işində ciddi nöqsanlar buraxmasına istinad olunmuşdur. Lakin, qeyd olunan əmrdə İddiaçı işdən çıxarılmasının əsası göstərilmədən, yalnız Əmək Məcəlləsinin 68–ci maddəsinin 2–ci hissəsinin “a” bəndi göstərilməklə əmək müqaviləsinə xitam verilməsi barədə əmr tərtib edilmişdir. Birinci instansiya məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, əslində ƏM-nin 68-ci maddəsi əmək müqaviləsinə xitam verilməsinin ümumi əsaslarını meəyyən etmişdir. Yəni tərəflərin təşəbbüsü ilə dedikdə qanunverici işçi və işəgötürəni nəzərdə tutmuşdur. ƏM-nin 84.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda əmək müqaviləsinə xitam verilməsinin əsası, həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilir. İşçi və işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin konkret əsasları və qaydası isə müvafiq olaraq ƏMnin 69 və 70-ci maddələrində nəzərdə tulmuşdur.

48. ƏM-nin 186.2-ci maddəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin məcəllənin 80-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

49. Digər tərəfdən kollegiya qeyd edir ki, işəgötürən ilk növbədə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmaqla və həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almaqla, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verməli, əmək qanunvericiliyinin tələblərinə əməl etməli idi. Lakin iş materiallarından görünür ki, həm şiddətli töhmət verilərkən, iddiaçının izahatı alınmamış və iddiaçının həmkarlar ittifaqının iclasında iddiaçının iştirakı təmin edilməmişdir. Həmçinin, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024–cü il tarixli əmr əsasında xitam verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Təhsil İşçiləri Azad X5 Rayon Komitəsinin gündəlik iclası həmin əmrdən bir gün sonra, yəni 03 aprel 2024–cü il tarixdə keçirilmiş, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsi əmrdən sonra, 03 aprel 2024–cü il tarixdə müzakirə edilmişdir. Göründüyü kimi, işəgötürən iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən qanunvericiliyin tələblərinə əməl etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.

49. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.

50. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi: Şəmkir Rayon Məhkəməsinin 2(076)-4002/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Azərbaycan Respublikası Təhsil İşçiləri Azad X5 Rayon Komitəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-4002/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar