Məhkəmə qərarları › İş №e-2(006)-2804/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2804/2025

17.06.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2804/2025 17.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X1 və X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) «əmrin və töhmətin ləğv edilməsi və s.» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) «əmrin və töhmətin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona töhmət verilməsi barədə "xxxx" KB ASC-nin xx.xx.2025-ci il tarixli 1615-Ü nömrəli əmrinin ləğv edilməsi, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh "xxxx" KB ASC-nin xx.xx.2025-ci il tarixli əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsi və onun xx.xx.2025-ci il tarixdən işə bərpa olunan tarixədək məcburi iş buraxmağa görə əmək haqqının və digər ödənişlərin, həmçinin onun 2024-cü ilin oktyabr ayının əmək haqqından tutulmuş 621,78 manat məbləğində pulun, mənəvi ziyana görə 5.000 manat məbləğində pulun, 60 manat mediasiya xərcinin, hüquqi xidmət üçün vəkilə ödənilmiş 320 manat məbləğində pulun cavabdeh "xxxx" KB ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 20 iyun 2022-ci il tarixdə 40 gün sınaq müddəti müəyyən olunmaqla "xxxx" KB ASC-də əməyə cəlb olunmuşdur. xx.xx.2022-ci il tarixdən etibarən "xxxx" KB ASC-də işləməyə başlamışdır. Lakin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək haqqı ödənilməmişdir (Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin pozuntusu. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Bunu müəyyən etmək üçün binada olan videomüşahidə kameralarına baxmaq kifayət edir). Daha sonra sınaq müddətində özünü doğrultduğu üçün onunla xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanaraq "xxxx" KB ASC-də kiçik mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur. "xxxx" KB ASC-də işlədiyi müddət ərzində heç bir əmək intizamını pozmamış, öz vəzifəsini layiqincə yerinə yetirmiş və statistik göstəricilərdə üst sıralarda olmuşdur. "xxxx" KB ASCdə hər zaman nizam-intizam qaydalarına, əmək intizam qaydalarını riayət etmiş, öz vəzifə öhdəliklərini yüksək peşəkarlıqla icra etmişdir. xx.xx.2024-cü il tarixdə təxminən 18:10- 19:00 radələrində, iş vaxtından sonra, bankın ərazisindən kənarda, iş yerindən kənarda, başqa bir əməkdaşla mübahisəsi olmuşdur. Başqa bir şəxslə iş yerindən kənarda baş vermiş kiçik münaqişəsi bankın müşahidə kamerasına düşmüşdür. İş vaxtında sonra və bankın xaricində baş vermiş münaqişəni əks etdirən görüntülər bankın əməkdaşları tərəfindən götürülərək bankın digər əməkdaşlarına göstərilmişdir. Növbəti iş günü izahat yazması tələb olunsa da iş vaxtından sonra, müəssisənin xaricində olduğunu qeyd edib etiraz etmişdir. Onunla nə ədavətinin olduğunu anlaya bilmədiyi Hard Collection Bakı 2 bölmə rəhbəri Vüqar Hüseyinli şöbə müdirinin otağına gələrək səsini qaldırmışdır ki, «çox nazınla oynadılar deyəsən izahatını yaz». Sonra departament müdiri Araz Xəlilov hər ikisini otağına çağırmışdır. Şöbə müdiri Ramil Məmmədhəsənov məsələnin işdən sonra olduğunu qeyd edib məsələni sakitləşdirməyə çalışsa da, Vüqar Hüseynli otağa gəlib provokasiyaya davam etmişdir. İzahat yazmayacağı təqdirdə hər ikisinin də işdən çıxarılacağını qeyd edib, ona izahat yazmaq üçün saat 10:00-dək vaxt verilmişdir. Sözügedən banka kredit borcunun olmasını və maddi vəziyyətinin zəif olduğunu nəzərə alıb işsiz qalmamaq üçün izahat yazmışdır. Halbuki, iş yoldaşı ilə aralarında olan anlaşmazlığı danışıb həll etmişdilər. xx.xx.2024-cü il insan resurslarının əməkdaşı Şəhla Məmmədovaya da anlaşmazlığı həll etdiklərini demişlər. Lakin cavabdeh Bank iş vaxtından sonra baş vermiş münaqişəyə görə ona xx.xx.2024-cü il tarixdə töhmət vermiş, daha sonra haqlı etirazına görə onunla bağlanmış əmək müqaviləsinə qərəzli şəkildə xitam vermişdir. İşçilərinin əksəriyyətinin müddətli əmək müqaviləsi ilə çalışdığını və aylıq statistikada ön sıralarda olmasına baxmayaraq məhz onun müqaviləsinə xitam verilməsi düşünür ki, qərəzdən başqa bir şey deyil. Cavabdeh bank iş vaxtından sonra baş vermiş münaqişəni, həmin münaqişəyə görə ona verilmiş töhməti əsas gətirərək onunla bağlanmış xx.xx.2022-ci tarixli, 2992 saylı əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam vermişdir. Bundan əlavə guya tərəfindən intizam qaydaları pozulduğu üçün, ona töhmət verilmiş, xx.xx.2024-cü il tarixdə əmək haqqına əlavələrdən də 50 % tutulma həyata keçirilmişdir. Hesab edir ki, cavabdeh "xxxx" KB ASC tərəfindən onun iş vaxtından və işdən kənar baş vermiş kiçik münaqişəni əsas götrərək ona töhmət verməsi və əmək müqaviləsini uzatmaması və bununla bağlı əmək haqqından tutulmalar etməsi qanunsuzdur. Bunlardan əlavə bildirir ki, e-sosial.gov.az dövlət portalında aralarında bağlanmış əmək müqaviləsinə 2023-09-12 11:52:31 tarixli dəyişikliyin qoşma fayllar hissəsinə əlavə olunmuş sənəddə əmək müqaviləsinin bitmə tarixi xx.xx.2024-cü ilədək uzadılması əks olunmuşdur. Belə ki, müqavilənin müddəti xx.xx.2024-cü il tarixdə bitmiş, tərəflərdən heç biri müqavilənin müddətinin bitməsinə görə müqaviləyə xitam verilməsini tələb etmədiyi üçün, aralarında bağlanmış əmək müqaviləsi eyni müddətə, yəni 1 il, 6 ay, 1 gün müddətinə uzadılmışdır. Belə olduğu təqdirdə aralarında bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixdə bitməli idi. Lakin cavabdeh bank əmək müqaviləmizin bitməsinə 6 ay qalmasına baxmayaraq əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam vermişdir. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Ona görə də, hesab edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh "xxxx" KB ASC-nin xx.xx.2025-ci il tarixli əmri ləğv edilməli, ona verilmiş töhmət əmri ləğv edilməli, əvvəlki vəzifəsinə bərpa edilməli, əsassız olaraq əmək haqqına əlavələrdən tutulmuş 621,89 manat məbləğində pul cavabdehdən tutularaq ona qaytarılmalı, xx.xx.2025-ci il tarixdən işə bərpa olunan tarixədək məcburi iş buraxmağa görə əmək haqqının və digər ödənişlər cavabdeh "xxxx" KB ASC-dən tutularaq ona ödənilməlidir. Cavabdeh bank işdən kənar bir yerdə, bankın ərazisindən uzaqda olan bir hadisəni bankın müşahidə kameraları ilə əldə edib bununla bağlı ona töhmət verməsi tamamilə qanunsuzdur. O, iş vaxtı, iş yerində, bankın daxilində heç bir intizam qaydalarını pozmamışdır. Bunun əksini təsdiq edən heç bir sübut yoxdur. Lakin cavabdeh bankın bəzi əməkdaşları onunla münasibəti olmayan əməkdaşlar, onun iş vaxtının qurtarmasından sonra və işdən kənarda baş verdiyi hadisəni bankın daxilində yaymış, həmin görüntüləri qanunsuz olaraq götürüb bankın müvafiq səlahiyyətli nümayəndələrinə təqdim etmişlər. Cavabdeh orqan onunla əmək müqaviləsini müddətli bağlasa da, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işi daimi xarakterə malik olduğu qabaqcadan bəlli idi. İş funksiyasını yetərincə yüksək peşəkarlıqla yerinə yetirmişdir. Lakin cavabdeh "xxxx" KB ASC iş vaxtından sonra və işdən kənar baş vermiş münaqişə ilə bağlı ona qərəzli mövqe nümayış etdirərək, əsassız olaraq onun əmək haqqından tutmalar etmiş və əmək müqaviləsinə əsassız olaraq xitam vermişdir. İşin halları ilə bağlı bildirir ki, xx.xx.2024-cü il tarixdə, saat 18:00-dan, yəni iş vaxtından sonra, işdən kənar yerdə (işdən çıxması Fingerprint Scaner aparatı ilə təsdiqlənmişdir) müəssisə xaricində, bankın mülkiyyətində və istifadəsində olmayan yerdə iş yoldaşı Tural adlı şəxslə mübahisə etmişdir. Aralarında qısa münaqişə baş vermişdir. Daha sonra aralarında olan mübahisəni həll edib mübahisəyə son qoymuşlar. Onun tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin rəisi X5 ərizə ünvanlanmışdır. Həmin ərizədə cavabdeh bankın ona qarşı törətdiyi qanun pozuntularının araşdırılması, ona bank tərəfindən verilmiş töhmətin silinməsi, iş vaxtında sonra və iş yerindən kənar yerdə baş vermiş hadisə ilə bağlı hadisəni əsas gətirərək ona verilmiş töhmətin, əmək haqqından tutulmaların qanuni olub-olmaması, bir əmələ görə iki intizam tənbehinin verilməsinin araşdırılması, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş əmək haqqının və əmək məzuniyyəti günlərinin haqqının ödənilməsində ona köməklik göstərilməsi xahiş edilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə ərizə ilə "xxxx" KB ASC-yə (Fərid Abuşova) müraciət edərək, baş vermiş hadisənin təfərrüatlarını izah etmiş, baş vermiş hadisənin yenidən obyektiv araşdırılması, işdən sonra və bilavasitə işdən kənar yerdə baş vermiş münaqişə ilə bağlı ona verilmiş xx.xx.2024-cü il tarixli, 1615-Ü nömrəli töhmətin və töhmətə görə 2024-cü ilin əmək haqqından tutulmuş pul məbləğinin ona geri qaytarılması xahiş edilmişdir. Cavabdeh Bank tərəfindən ərizəsi xx.xx.2024-cü il tarixdə cavablandırılmış, cavab məktubunda bildirilmişdir ki, «Bildiririk ki, barənizdə sözügedən intizam tənbehinin tətbiq olunmasına xx.xx.2024-cü il tarixində iş yoldaşınızla aranızda baş vermiş fiziki zorakılıq faktı ehtiva edən münaqişə əsas olmuşdur. Hadisə digər əməkdaşlar tərəfindən müşahidə edilmiş, təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınmış, habelə sizin və hadisəni törədən digər əməkdaşın yazılı izahatı ilə də təsdiq olunmuşdur. Baş vermiş neqativ hal ətraflı şəkildə araşdırıldıqdan sonra, aydın olmuşdur ki, tərfinizdən Bankın daxili intizam qaydalarının və etik peşəkar davranış məcəlləsinin, qüvvədə olan əmək müqaviləsinin şərtlərinin, habelə, əmək qanunvericiliyinin tələblərinin pozuntusuna yol verilmişdir. Buna müvafiq olaraq, müəssisədaxili qaydaları və Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən, barənizdə «töhmət vermək növündə» intizam tənbehi tətbiq olunmuşdur.» İzahat yazdırılmasında xüsusi canfəşanlıq göstərməsi, işlədiyi müddətdə onunla qərəzli mövqe tutan və hətta işdən ayrıldıqdan sonra digər banklara müraciətlərlərinin uğurlu olmasına əngəl yaradan bankın X10 2 bölmə rəhbəri Vüqar Hüseynli qərəzli şəkildə bilavasitə işdən sonra baş vermiş mübahisəni bankın daxilində şişirdərək, işdə olmayan mübahisəni işə daşıyaraq ona qarşı qərəzli mövqe tutaraq işdən kənar və iş vaxtından sonra baş vermiş hadisə ilə bağlı ona töhmət verilməsinə nail olmuşdur. Qeyd edir ki, şəxsin onunla qərəzli mövqe seçməsi, hər nə qədər də gülünc olsa da doğum günündə tort almaması ilə başlamışdır. Daha sonralar bölmə müdiri Elnur Axundovnun məzuniyyətdə olmasından istifadə edib iş masasının yerini dəyişdirməsi, kinayəli şəkildə də tort almamısdan «radara düşmüsən» deməsi və borclu müştərilərin ünvanına bank bildirişi apardığı gün haqqında həqiqəti əks etdirməyən şayələr (guya ki digər şöbənin xanım əməkdaşını narahat etmişdir) yayması kollektivə məlumdur. Şöbə müdiri Ramil Məmmədhəsənovun məsələni obyektiv araşdırması nəticəsində xanımın onu heç tanımadığı məlum olmuşdur. Bilavasitə işdən sonra və iş yerindən kənarda baş vermiş hadisəyə görə xx.xx.2024-cü il tarixdə 1615-Ü nömrəli əmrlə ona əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməmək adı altında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2a bəndinə əsas götürülərək töhmət verilmiş və bu töhmətə görə də 2024-cü ilin oktyabr və noyabr ayları üçün əmək haqqından ümumilikdə 621,78 manat tutmalar olunmuşdur. Habuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin «f» bəndinə əsasən iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Göründüyü kimi, qanunvericilik əmək vəzifələrinin kobud şəkildə pozulması sırf iş vatı ərzində və bilavasitə iş yeri ilə şərtləndirilmişdir. Lakin cavabdeh Bank iş vaxtından sonra və bilavasitə işdən kənar baş vermiş hadisəyə görə ona töhmət vermişdir. Ona görə də hesab edir ki, ona əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2a bəndinə əsasən töhmət verilməsi Əmək qanunverciliyinin tələblərinə zidd olduğu üçün "xxxx" KB ASCnin xx.xx.2024-cü il tarixli N1615-Ü nömrəli əmri də ləğv edilməlidir. Bildirir ki, hazırda ona bu töhmətin verilməsində canfəşanlıq göstərən Vüqar Hüseynli işdən kənar və iş saatından sonra baş vermiş münaqişə ilə bağlı onu izahat yazmağa məcbur etmişdir. Onun izahat yazmamaq kimi hüququnun olduğunu bildirdiyi təqdirdə onunla daha yüksək tonla danışaraq izahat yazmamasının daha ağır nəticələrə gətirib çıxaracağını bildirmişdir. Vüqar Hüseynli onun iş fəaliyyətinə heç bir aidiyyəti olmayan və işdən sonra baş vermiş hadisə ilə bağlı departament müdiri Araz Xəlilova hadisəni tamam başqa çür məruzə etmiş, nəticədə onun işdən kənar baş vermiş mübahisə ilə bağlı izahatının alınmasına nail olmuşdur. Bu isə nəticədə onunla bağlanmış əmək müqaviləsinin uzadılmamasına gətirib çıxarmışdır. Bildirir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə əsas müqavilənin müddətinin bitməsi yox, ona qarşı tutulmuş qərəzli mövqe olmuşdur. Çünki o, cavabdehlə əmək müqaviləsi bağladığı zaman onun işinin daimi xarakter daşıdığı qabaqcadan bəlli idi. Yəni onun icra etdiyi iş mövsümi xarakterli olmamış, daimi xarakter daşımışdır. Onunla eyni işi görən mütəxəssislər öz işlərini davam etdirirlər (böyük əksəriyyəti müddətli əmək müqaviləsi ilə), çünki ona və onunla eyni işi görən mütəxəssislərə ehtiyac vardır. Bank ona qarşı qərəzli mövqe nümayiş etdirmiş, işə heç bir aidiyyəti olmayan məsələni işə daşımaqla onun barəsində əsassız və qanunsuz olaraq intizam tənbehi tətbiq etmişlər. Bunun nəticəsində isə əmək haqqından 50 % tutmanı həyata keçirmişlər. Hesab edir ki, onun barəsində intizam tənbeh tətbiqi də əsassız və qanunsuz olduğundan onun əsasında əmək haqqından tutulmalar da əsassızdır. Ona görə də, hesab edir ki, əsassız olaraq əmək haqqından tutulmuş 621,78 manat məbləğində pul da cavbdehdən tutularaq ona ödənilməlidir. Bundan əlavə qeyd etdiyi kimi "xxxx" KB ASC ilə aralarında bağlanmış əmək müqaviləsinin bitməsinə 6 ay qalmasına baxmayarq, işdən çıxarılma barədə əmrdə əsas kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin «b» bəndi qeyd edilmişdir. Göründüyü kimi, cavabdeh Bank Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq əmək müqaviləsinin müddətinin bitməsinə 6 ay qalmasına baxmayaraq işdən çıxma barədə əmrin əsasını aralarında bağlanmış müqavilənin bitməsini qeyd etmişdir. Ona görə də hesab edir ki, "xxxx" KB ASCnin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli əmri ləğv edilməlidir. Bütün yuxarıda qeyd edilənlərdən göründüyü kimi cavabdeh iş vaxtından sonra və iş vaxtından kənar yerdə baş vermiş kiçik münaqişəni işə daşımış, onun işdən sorakı davranışı ilə bağlı ona qərəzli mövqe göstərərək, işinin daimi xarakter daşımasına və statistik göstəricilərdə daim üst sıralarda olmasına baxmayaraq, əmək müqaviləsinin müddəti bitməməsinə baxmayaraq əsassız olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bunlardan əlavə bildirir ki, cavabdeh Bank onun işdən sonra baş vermiş hadisəni Bankın daxilində yayaraq (görüntüləri) onu iş kollektivi arasında nüfuzdan salmağa çalışmışlar, bu hal kollektiv və tanışlarında onun haqqında mənfi fikir oyanmasına yönəlmişdir. Bankın bu qanunsuz hərəkətlərinə görə ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. Belə ki, o, bunlardan sonra dərin sarsıntı keçirərək, depressiv hallara düşmüşdür. Bu sıxıntılar onun ürəyinə təsir etmişdir. O, mənəvi iztirab keçirmişdir. Həkimə müraciət etmişdir. Cavabdeh Bankın ona qarşı törətdiyi qanunsuz hərəkətləri nəticəsində o, mənəvi iztirab keçirmişdir. Səhhətində (ürəyində) nasazlıqlar yaranmışdır. O, həkimə müracət etmək məcburiyyətində qalmışdır. Həkimə müracət etdikdən sonra ürəyində yaranmış xəstəliklə bağlı müayinə və müalicələr almışdır. Ona görə də hesab edir ki, cavabdehdən vuduğu mənəvi ziyana görə 5.000 manat tutularaq ona ödənilməlidir. Onu da qeyd edir ki, tərəfindən rəsmi qaydada xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət olunaraq ona verilmiş töhmətin ləğv edilməsini və inzibati tənbeh tətbiqinə görə 2024-cü ilin oktyabr ayı üzrə əmək haqqından tutulmuş 621,78 manat məbləğində pulun ona geri qaytarılması xahiş edilsə də, müraciətinə müsbət cavab verilməmişdir. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müracət etmişdir. Göründüyü kimi, cavabdehin ona verdiyi töhmət, işdən çıxarılma barədə əmr və əmək haqqından tutmalar qanunvericiliyin tələbləri pozulmaqla həyata keçirildiyindən ləğv edilməlidir. Cavabdeh onun Konstitusion hüquqlarını və Azərbaycan Respublikası Əmək Qanunvericiliyinin tələblərini bilərəkdən kobud surətdə pozmuşdur. O, hazırda pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ayrı-ayrılıqda iddia tələbini müdafiə etdilər, iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh "xxxx" KB ASC məhkəməyə iddiaya etiraz göndərmiş və qeyd etmişdir ki, aşağıda qeyd olunan məqamlara əsasən qarşı tərəfin iddiası əsassız olduğu üçün rədd edilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi tələbi ilə bağlı bildirirlər ki, Bank ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə imzalanmış əmək müqaviləsinin 2.1-ci bəndinə əsasən əmək müqaviləsi 3 ay müddətində bağlanılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsinin 2-ci cümləsinə əsasən müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır. Belə ki, müvafiq əmək müqaviləsi eyni müddətə uzadılmalarla xx.xx.2025-ci il tarixədək qüvvədə olmuşdur. Sonuncu tarixdə isə qanunvericiliklə müəyyən olunmuş müddət əvvəlcədən bank tərəfindən İddiaçı həm elektron informasiya sistemi, həm də kağız daşıyıcıda (iddiaçıya xx.xx.2025-ci il tarixdə bildiriş ünvanlanmışdır) xəbərdarlıq edilməklə, əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən müqaviləyə xitam verilmişdir. Bildirirlər ki, sözügedən əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı əsasında təyin edilmiş müddətə bağlanmışdır və Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən müqavilənin qüvvədə olma müddəti bitdikdə, müvafiq qaydada bu müddəti uzatmamaq həm işçinin, həm də işəgötürənin hüququdur. Beləliklə, Bank ilə İddiaçı arasında əmək münasibətlərinə qanunvericiliyin tələblərinə tam riayət edilməklə xitam verilmişdir. İddia ərizəsində istinad edilən 2023-09-12 tarixli «əmək müqaviləsi bildirişinə dəyişiklik» sənədi ilə bağlı isə məlumat verirlər ki, sənəd iddiaçının əmək şəraiti şərtlərində baş tutan dəyişikliyin (əmək haqqı artımı ilə bağlı) e-sosial elektron sistemi vasitəsilə rəsmiləşdirilməsi üçün tərtib olunmuşdur və tərəflər arasında imzalanmış əmək müqaviləsinin müddətlə bağlı bəndlərinə hər hansı dəyişikliyin edilməsinə səbəb olmamışdır. E-sosial üzərindən tərtib olunan əmək müqaviləsi bildirişinə dəyişiklikdə qeyd olunmuş 1 il 6 ay müddət isə, elektron sistemin standart sənəd formasında mövcud olan qeyri-dəqiqlik olub, müqavilənin bağlandığı ilkin tarixdən uzadılmalar daxil olmaqla növbəti bitmə tarixinədək olan bütöv müddəti əks etdirir (xx.xx.2022 və xx.xx.2024-cü il tarixləri arasında 1 il 6 ay müddət mövcuddur və bu müddət daxilində müqavilənin hər dəfə eyni əmək müqaviləsinin 2.1-ci maddəsində razılaşdırılmış 3 aylıq müddətə uzadılması elektron sistem tərəfindən texniki problemlə əlaqədar nəzərə alınmamışdır). Müqavilənin 13.1-ci bəndinə əsasən ona edilmiş bütün dəyişikliklər və əlavələr yalnız tərəflərlə yazılı şəkildə tərtib edildikdə və imzalandıqda hüquqi qüvvəyə malikdir. Əlavə olaraq bildirirlər ki, tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndində göstərilən müddət şərtinin dəyişdirilməsinə dair heç bir yazılı razılaşma bağlanmamışdır. İddiaçı töhmət vermək növündə intizam məsuliyyəti tədbirinin görülməsi ilə bağlı xx.xx.2024-cü il tarixli əmrin verilməsinə xx.xx.2024-cü il tarixdə onunla iş yoldaşı arasında baş vermiş, fiziki zorakılıq faktını da ehtiva edən xoşagəlməz hadisə səbəb olmuşdur. Hadisə iş vaxtı ərzində, digər əməkdaşların gözü qarşısında baş vermiş, bununla da, daxili korporativ mühitin stabilliyi və əməkdaşlar arasında işgüzar münasibətlərin zədələnməsinə gətirib çıxarmışdır. Bundan əlavə, baş vermiş halın araşdırılması üzrə proseslər Bankın struktur bölmələrinin normal iş ahəngini pozmuş, daxildə işçilər arasında münasibətlərin gərginləşməsi və sadalanan halların onların məhsuldarlığına əhəmiyyətli şəkildə mənfi təsir göstərməsi ilə nəticələnmişdir. Hadisə iddiaçının və insidenti törədən digər işçinin yazılı izahatları, o cümlədən, insidentə şahid olmuş digər əməkdaşların məlumatları ilə təsdiqini tapmışdır. Müvafiq əmək müqaviləsinin 7.1.6-cı bəndinə əsasən əmək müqaviləsini imzalamaqla işəgötürən tərəfindən müəyyən edilmiş iş intizamı, daxili iş qaydaları, o cümlədən X8, Etik və peşəkar davranış Məcəlləsi, Maraqların toqquşmasının qarşısının alınması Siyasəti, İnformasiya təhlükəsizliyi Siyasəti, Məqbul istifadə Siyasəti və s. digər bankdaxili korporativ aktlar ilə tanış olmaq və həmişə riayət etmək işçinin öhdəliyidir. İddiaçı tərəfindən sözügedən hadisə törədilməklə müqavilənin, Bankın daxili «İntizam qaydaları» və «Etik və peşəkar davranış məcəlləsi»nin müddəalarının, habelə, əmək qanunvericiliyinin pozuntusuna yol verilmişdir. İddiaçı barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin «a)» bəndinə uyğun olaraq «töhmət vermək» növündə intizam tənbehi tətbiq olunması yuxarıda qeyd olunanlara əsasən həyata keçirilmişdir. Əlavə olaraq bildirirlər ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2ci maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Töhmətin verilməsi barədə əmrin ləğv edilməsi tələbi üzrə qanunvericiliklə müəyyənləşdirilmiş iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyünü nəzərə çatdırırlar. Əmək münasibətlərinin davam etdiyi müddət ərzində İddiaçı əmək müqaviləsi və ona edilmiş əlavələr üzrə razılaşdırılmış aylıq əmək haqqı məbləğinin Bank tərəfindən tam ödənildiyini bildirirlər. Belə ki, iddia ərizəsində sözügedən tutulma işçi ilə müqavilədə razılaşdırılmış və əmək qanunvericiliyinə əsasən məcburi qaydada ödənilməli olan əmək haqqı məbləği ona ödənməklə, əmək müqaviləsinin 4-cü bəndinə uyğun olaraq işəgötürənin müstəsna mülahizəsi əsasında verilən əlavə ödənişlərdən həyata keçirilmişdir. Beləliklə, razılaşdırılmış aylıq əmək haqqı məbləğinin işçiyə ödənilməsi öhdəliyi Bank tərəfindən müqaviləyə və qanunvericiliyin tələblərinə tam uyğun şəkildə şəkildə yerinə yetirilmişdir. Əlavə olaraq qeyd edirlər ki, iddiaçı tərəfindən qeyd olunan məsələ ilə bağlı səlahiyyətli quruma müraciət edilmiş (Banka Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli 3-17-5/2-9181/2025 nömrəli müraciət ünvanlanmışdır), bununla belə, banka yönləndirilən həmin müraciətlər üzrə Azərbaycan Respublikası ƏƏSMN DƏMX tərəfindən hər hansı pozuntu aşkar olunmamışdır. İddiaçı mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı hesab edirlər ki, yuxarıda qeyd olunanlara da əsasən Bank tərəfindən iddiaçının qanuni hüquqlarının pozuntusuna yol verilmədiyindən, şəxsin mənəvi ziyan və ya sağlamlığında baş verdiyi iddia etdiyi hallarla onun işəgötürən ilə olan münasibətləri arasında səbəbli əlaqə mövcud deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 3 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx.xx.2002-ci il tarixli qərarından aydın olur ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Qeyd olunduğu kimi, Bank tərəfindən iddiaçıya qarşı hər hansı qanunsuz addım atılmadığından, iddianın bu hissədə də rədd edilməsi uyğun hesab edilməlidir. İddiaçının ərizəsində qeyd etdiyi digər məqamlarla bağlı isə sadalanan halların həqiqiliyinin hər hansı sübutlarla təsdiq olunmadığını bildirirlər. Bu səbəbdən, İddiaçı cavabdeh "xxxx" Kommersiya Bankı ASC-yə qarşı «əmrin və töhmətin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və pul» tələbinə dair tələbi əsassız olduğundan, o cümlədən, töhmətin ləğv edilməsi ilə bağlı tələb üzrə iddia müddətinin keçməsi səbəbindən, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin nümayəndələri X4 və X3 məhkəmə iclasında ayrı-ayrılıqda iddianı qəbul etmədilər, iddiaya etirazın məzmununa uyğun izahat verdilər və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin və vəkilinin, cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq olunmuş: - İddiaçı ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2992 saylı əmək müqaviləsindən, həmçinin əmək müqaviləsi ilə bağlı əmək müqaviləsi bildirişinə xx.xx.2023-cü il tarixli dəyişiklikdən görünür ki, İddiaçı həmin banka baş ofis, əsas, Hard Collection Bakı 1 bölməsinin mütəxəssisi vəzifəsinə qəbul edilmişdir. Müqavilə 3 ay müddətinə bağlanmışdır. Dəyişiklikdə müqavilənin xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddəti əhatə etdiyi qeyd olunmuşdur. Sınaq müddəti 1 ay müəyyən edilmişdir. Əmək müqaviləsində işçinin iş vaxtı, əmək haqqı və s. barədə şərtlər aydın şəkildə qeyd olunmuşdur. - 1305624 saylı əmək kitabçasından görünür ki, 01 avqust 2022-ci il tarixdən iddiaçının əmək fəaliyyəti ilə bağlı bütün məlumatlar, yəni işə qəbul, işdən azad olunma barədə məlumat və bununla bağlı əmrlərin verildiyi tarixlər, işəgötürən, işçinin götürüldüyü peşə (vəzifə) kimi zəruri məlumatlar əmək kitabçasına işlənmişdir. - xx.xx.2024-cü il tarixli 1615-Ü saylı əmrdən görünür ki, "xxxx" KB ASC-nin borcların təhlili və kollektor departamentinin Problemli istehlak kreditlərinin təqibi şöbəsinin Hard Collection Bakı 1 bölməsinin Mütəxəssisinə əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2a bəndinə əsasən töhmət verilmişdir. - 30.10.2024-cü il tarixdə İddiaçı tərəfindən yazılmış izahatdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:00-dan sonra əməkdaşın şərəf və ləyaqətini alçaldan ifadələrdən istifadə etməsi nəticəsində əsəblərini cilovlaya bilməyib qarşı tərəfə ayaq zərbəsi atmışdır. Ancaq digər əməkdaşların müdaxiləsi nəticəsində heç kəsə zərbə dəyməyib və xəsarət almayıb. Ümid edir ki, heç kəsin şərəf və ləyaqətinin alçaldılmasının yolverilməz olduğundan subordinasiya qaydalarına riayət olunması bundan sonra əməkdaşlar arasında prioritet məsələlərdən biri olacaq. Qarşı tərəfdən şikayəti yoxdur. Ümidvardır ki, bir daha bu kimi məsələlərə daha diqqətlə yanaşar. - xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsinə "xxxx" KB ASC-də baxılmışdır. Bildirilmişdir ki, onun barəsində sözügedən intizam tənbehinin tətbiq olunmasına xx.xx.2024-cü il tarixində iş yoldaşı ilə aralarında baş vermiş, fiziki zorakılıq faktını da ehtiva edən münaqişə əsas olmuşdur. Hadisə digər əməkdaşlar tərəfindən müşahidə edilmiş, təhlükəsizlik kameraları vasitəsilə qeydə alınmış, habelə, onun və hadisəni törədən digər əməkdaşın yazılı izahatları ilə də təsdiq olunmuşdur. Baş vermiş neqativ hal ətraflı şəkildə araşdırıldıqdan sonra, aydın olmuşdur ki, onun tərəfindən Bankın daxili intizam qaydalarının (qaydalara «Əlavə 1»-in 24 və 46-cı bəndləri) və Etik və peşəkar davranış məcəlləsinin (2.5.2-ci və 2.5.3-cü bəndlər), qüvvədə olan əmək müqaviləsinin şərtlərinin, habelə, əmək qanunvericiliyinin tələblərinin pozuntusuna yol verilmişdir. Buna müvafiq olaraq, müəssisədaxili qaydalara və Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən, onun barəsində «töhmət vermək növündə» intizam tənbehi tətbiq olunmuşdur. Qeyd edilmişdir ki, Bank tərəfindən işçilərin törətdiyi qanunvericilik və/və ya daxili intizam qaydalarının pozulması hallarında müvafiq intizam məsuliyyəti tədbirinin görülməsi, əməkdaşların hüquqlarının və müəssisənin qanuni mənafelərini qorumaqla yanaşı, sağlam korporativ mühitin davamlılığını təmin etmək, həmçinin, işçilərin peşəkar etikaya və davranış standartlarına riayət etməklə, məsuliyyətli və səmərəli fəaliyyət göstərmələrinə şərait yaratmaq məqsədi daşıyır. Gələcəkdə Əmək Məcəlləsinin 190-cı maddəsinin 2-ci bəndinin müvafiq tələbləri müşahidə olunduğu halda, sözügedən intizam tənbehi verilməsi qərarının ləğv edilməsi məsələsinə baxıla bilər. - xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, "xxxx" KB ASC İddiaçı rəsmi şəkildə müraciət edərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə müqavilənin müddətinin bitməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixdə xitam veriləcəyi bildirilmişdir. - xx.xx.2025-ci il tarixli 202-K/Hard saylı əmrdən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi 03 fevral 2025-ci il tarixdə müvafiq sistemə daxil edilmişdir. - Bank tərəfindən təqdim olunmuş, çıxarış müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan cədvəldən (əmək haqqı hesabatından) görünür ki, bank tərəfindən iddiaçıya ödənilməli əmək haqqı və s. ödənişlər barədə müfəssəl məlumatlar qeyd olunmuş, əməliyyat tarixləri, mədaxil olan məbləğ, məxaric olunan məbləğ və ödənişlərin təyin aydın şəkildə göstərilmişdir. - "xxxx" KB ASC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı Xidmətə daxil olmuş müraciətinə baxılmışdır. Bildirilmişdir ki, İddiaçı intizam tənbehinin tətbiq olunmasına xx.xx.2024-cü il tarixdə iş yoldaşı ilə aralarında baş vermiş, fiziki zorakılıq faktını da ehtiva edən münaqişə əsas olmuşdur. Hadisə İddiaçı və insidenti törədən digər işçinin yazılı izahatları, o cümlədən onun şahidi olmuş digər əməkdaşların verdiyi məlumatlar ilə də təsdiq olunmuşdur. Sözügedən hal yuxarıda da qeyd edildiyi kimi digər işçilər, habelə kənar şəxslər tərəfindən müşahidə olunmaqla, bankın daxili iş mühitini və işgüzar nüfuzunu zədələyici amillər ehtiva etmişdir. Hadisənin araşdırılmasından sonra, işçi tərəfindən yol verilmiş neqativ halın özündə Bankın daxili «İntizam qaydaları» və «Etik və peşəkar davranış məcəlləsi»nin müddəalarının, əmək müqaviləsinin şərtlərinin, habelə, əmək qanunvericiliyinin tələblərinin pozuntusunu ehtiva etdiyi aydın olmuşdur. Buna müvafiq olaraq İddiaçı barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2ci hissəsinin a) bəndinə əsasən «töhmət vermək» növündə intizam tənbehi tətbiq olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, bank ilə arasında əmək münasibətlərinin davam etdiyi müddət ərzində İddiaçı əmək müqaviləsi üzrə razılaşdırılmış aylıq əmək haqqı məbləği hesablanaraq tam həcmdə ödənilmişdir. Beləliklə, əmək müqaviləsində nəzərdə tutulan aylıq əmək haqqı məbləğinin ödənilməsi öhdəliyi bank tərəfindən müqaviləyə və qanunvericiliyin tələblərinə tam uyğun şəkildə yerinə yetirilmişdir. - Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli MŞB/6- 00435 saylı ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixə saat 13.00-a təyin edilmiş ilkin mediasiya sessiyasına gəlmiş, cavabdehin nümayəndəsi isə bu barədə məlumat verilməsinə baxmayaraq, həmin sessiyaya gəlməmişdir. İddiaçı tərəfindən 50 manat İMS xərci və 10 manat kargüzarlıq xərci ödənilmişdir. - 09.10.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə elan edilmiş töhmət əmrini imzalamaqdan imtina etmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. - 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. - 73-cü maddəsinin 2-ci bəndinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. - 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. - 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. - 186-cı maddənin 1-ci hissəsinə əsasən işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hall arda isə digər məsuliyyətə cəlb edilirlər. - 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehlərindən birini verə bilər. - 186-cı maddənin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır - 187-ci maddənin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. - 187-ci maddənin 3-cü hissəsinə əsasən intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. - 187-ci maddənin 4-cü hissəsinə əsasən idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. - 189-cu maddənin 3-cü hissəsinə əsasən intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. - 190-cı maddənin 1-ci hissəsinə əsasən intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. - 190-cı maddənin 3-cü hissəsinə əsasən işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. - 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İddianın mahiyyətindən aydın olur ki, iddiaçı ilk əvvəl işə bərpa olunması üçün barəsində verilmiş əmrin qanuniliyini mübahisələndirir. Belə ki, əmrin qanuni olub olmamasından asılı olaraq tələbin digər törəmə hissələrinin təmin olunub olunmaması birbaşa asılıdır. İddiaçı onunla bağlanmış əmək müqaviləsinin müddəti qurtarmamış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilməsinin qanuniliyini mübahisələndirir və bildirir ki, onunla əmək münasibətlərinə davam edilməməsi ona verilmiş töhmətlə əlaqəli olmuşdur. Cavabdeh tərəf isə iddiaya olan etirazını əsası kimi iddiaçı ilə əmək münasibətlərinə davam edilməməsinin ona verilmiş töhmətlə səbəbli əlaqəsinin olmamasına və işəgötürən olmaqla müqavilə tərəfi kimi ona verilmiş hüquqdan istifadə edərək, müqavilə müddətini uzatmayaraq iddiaçının Əmək müqaviləsinin müddəti başa çatdığından xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinə əsasən xitam verilməsinə dair əmrin qanunuyğun olmasına istinad etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının işdən qanunsuz azad edilməsi ilə bağlı əmrin qanunsuz olmasına dair izahatı özü-özlüyündə iddiasının bu hissədə əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual Qanunvericiliyə əsasən, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə tərəflərin izahatları və iş materiallarına əsasən iddiaçının barəsində qəbul edilmiş əmrin qanunsuz olması barədə dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, onun işdən azad edilməsinə dair əmrin verilməsinə əsas məhz əmək müqaviləsinin müddətinin qurtarması olmuşdur. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Bank ilə iddiaçı arasında xx.xx.2022-ci il tarixdə imzalanmış əmək müqaviləsinin 2.1-ci bəndinə əsasən əmək müqaviləsi 3 ay müddətində bağlanılmış və həmin vaxt iddiaçının əmək qanunvericiliyində təsbit olunmuş hər hansı hüququ pozulmamışdır. Qanunvericiliyə əsasən sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər. İş materiallarından görünür ki, müvafiq əmək müqaviləsi eyni müddətə uzadılmalarla xx.xx.2025-ci il tarixədək qüvvədə olmuşdur. Sonuncu tarixdə isə qanunvericiliklə müəyyən olunmuş müddət əvvəlcədən bank tərəfindən iddiaçıya həm elektron informasiya sistemi, həm də kağız daşıyıcıda (iddiaçıya xx.xx.2025-ci il tarixdə bildiriş ünvanlanmışdır) xəbərdarlıq edilməklə, əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən müqaviləyə xitam verilmişdir. İş materiallarından daha sonra görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək müqaviləsinin müddəti qurtardığı üçün xx.xx.2025-cü il tarixindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilmişdir. Bundan əvvəl isə ona müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında xəbərdarlıq göndərilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Belə ki, müddətin qurtarması ilə əmək müqaviləsinin müddətinin uzadılmaması təşəbbüsü məhz işəgötürənə aiddir və hazırki işdə işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, müqavilə tərəfi kimi ona verilmiş hüquqdan istifadə edərək, müqavilə müddətini uzatmamış, əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. İşin göstərilən halları onu deməyə əsas verir ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən iddiaçı müqavilə şərtləri ilə tanış olaraq, müddətli əmək müqaviləsi bağlanmasına razı olmuş, hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin tərəflərin hüquq bərabərliyi prinsipinə zidd bağlandığını təsdiqi barədə sübutlar təqdim edilməmişdir. Yuxarıda sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti başa çatdığından xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinə əsasən xitam verilməsində heç bir qanun pozuntusuna yol verilməmiş, xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçının barəsində verilmiş əmrin qanunsuz olmasına dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Məhkəmə qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iddianın xx.xx.2025-ci il tarixli əmrinin ləğv edilməsi ilə bağlı hissəsinin əsassız olması nəticəsinə gəldiyi üçün digər tələblər, yəni işə bərpa edilməsi, işə bərpa olunan tarixədək məcburi iş buraxmağa görə əmək haqqının və digər ödənişlərin, mənəvi zərərə görə ona 5.000 manat məbləğində təzminat ödənilməsi kimi tələblərin törəmə tələblər olduğu üçün prosessual qənaət prinsipi baxımından həmin hissələri də əsassız saydığından onlara ayrıca hüquqi qiymət verilməsinə zərurət görmür. Məhkəmə iddianın 2024-cü ilin oktyabr ayının əmək haqqından tutulmuş 621,78 manat məbləğində pulun tutulması hissəsi ilə bağlı qeyd edir ki, müəyyən edilmişdir ki, əmək münasibətlərinin davam etdiyi müddət ərzində iddiaçıya əmək müqaviləsi və ona edilmiş əlavələr üzrə razılaşdırılmış aylıq əmək haqqı məbləğinin Bank tərəfindən tam ödənilmiş, tələbdə göstərilən sözügedən tutulma iddiaçı ilə müqavilədə razılaşdırılmış və əmək qanunvericiliyinə əsasən məcburi qaydada ödənilməli olan əmək haqqı məbləği ona ödənilməklə, əmək müqaviləsinin 4-cü bəndinə uyğun olaraq işəgötürənin müstəsna mülahizəsi əsasında verilən əlavə ödənişlərdən həyata keçirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, razılaşdırılmış aylıq əmək haqqı məbləğinin işçiyə ödənilməsi öhdəliyi Bank tərəfindən müqaviləyə və qanunvericiliyin tələblərinə tam uyğun şəkildə şəkildə yerinə yetirilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən tələbin qeyd olunan hissəsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət edilmiş, həmin müraciətlər üzrə Azərbaycan Respublikası ƏƏSMN DƏMX tərəfindən hər hansı pozuntu aşkar olunmamışdır. İş materiallarından daha sonra görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixli əmrlə yanaşı həm də ondan əvvəl barəsindən verilmiş «töhmət vermək» növündə intizam tənbehinə dair xx.xx.2024-cü il tarixli əmrin qanuniliyini mübahisələndirmişdir. Məhkəmə iddianın qeyd edilən hissəsi üzrə formalaşmış təcrübəyə əsasən ilk olaraq cavabdehin iddianın bu hissəsi ilə bağlı hazırki mübahisəyə iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə qiymət verərək xx.xx.2024-cü il tarixli əmrin qanuniliyinə dair iddia tələbinə iddia müddətinin tətbiq edilməli olub-olmaması aspektindən qiymət verilməsini zəruri hesab edir. Belə ki, iddia müddətinin tətbiqi anlayışı mülki və əmək mübahisələrində fərqli formada tənzimlənir. Mülki qanunvericiliyə əsasən iddia müddətinin tətbiqinin mümkünlüyü iddia əsaslı olduğu halda yaranır, iddia əsassız olduqda isə bu məsələyə hər hansı hüquqi zərurət qalmır. Əmək qanunvericiliyində isə bu proses fərqli qaydada tənzimlənir. Belə ki, əmək qanunvericiliyinə əsasən cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildikdə ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verilməli və yalnız iddia müddətinin ötürülməsi öz təsdiqini tapmadığı halda iddiaya mahiyyəti üzrə baxılmalı və hüquqi qiymət verilməlidir. Bu hal Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndində aydın formada təsbit edilmişdir. Həmin maddədə qeyd edilən “fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi iddia müddətinin ötürüldüyü və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyi halda mübahisəyə mahiyyəti üzrə baxılmasının qeyri-mümkün olduğunu özündə ehtiva edir. Hüquqi nəticə etibarı ilə iddia müddəti tətbiq edilməli olan mübahisəyə mahiyyəti üzrə baxılmalı deyil. Bu konteksdə məhkəmə qeyd edir ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarı). Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx.xx.2000-ci il tarixli qərar). Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin başlanğıcının müəyyən edilməsi üçün başlıca normanı Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsi təşkil edir. Həmin normaya əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmə müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır. Bu tələb həmçinin Mülki Məcəllənin 377.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin yuxarıda istinad olunan müddəalarına əsasən şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq isə qanunverici şəxsə əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin və ya son haqqhesab sənədlərinin verildiyi tarixi hesab edir. Əmək Məcəlləsinin həmin müddəası işçinin hüququnun pozulduğunu bildiyi tarixin müəyyən edilməsinin mümkün olmadığı hallara aiddir. Belə ki, məhkəmə hesab edir ki, əmək münasibətlərində işçi daha zəif tərəf olmaqla, məhkəmədə müdafiəsini təşkil etmək məqsədi ilə ona zəruri sənədlər təqdim olunmalıdır. Lakin, onun bu hüququndan sui-istifadəsinə də yol verilməməlidir. Əks halda, iddia müddəti institutunun mahiyyətinə və məqsədlərinə xələl gətirilmiş olardı. Digər tərəfdən məhkəmə o halı da qeyd edir ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsinin əmək mübahisələri üzrə bütün hallara şamil edildiyi düşünülsə belə, qanunverici şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq yuxarıda istinad edilən 3 sənədin verilməsinin əsas götürüldüyünü qeyd edərkən məsələyə hərfi mənada və zahiri konseptdən yanaşmamışdır. Başqa sözlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.3-cü maddəsinin ağlabatan mühakiməsi ondan ibarətdir ki, şəxs bu 3 sənədin verilməsi ilə işdən azad edildiyindən azad edilmə səbəbi barədə məlumatlı olur. Bu sənədlərin fiziki olaraq işçidə olmaması onun işdən azad edilməsi əsası barədə məlumatsız olması mənasını daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixli əmrin qanuniliyi ilə bağlı məhkəməyə müraciət edərkən artıq qanunla müəyyən olunmuş iddia müddətini ötürmüşdür. Başqa sözlə iddia müddəti başa çatdıqdan sonra məhkəməyə müraciət etmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı tərəfindən müddətin ötürülməsinin üzürlü hesab edilməsinə və ötürülmüş müddətin bərpasına dair hər hansı məzmunda ərizə də verilməmişdir. Cavabdeh isə əksinə məhkəməyə iddia müddətinin tədbiq edilməsi barədə ərizə təqdim edərək, iddianın bu əsasla rədd edilməsini tələb etmişdir. Göründüyü kimi, iddiaçı ona verilmiş töhmət intizam tənbehini vaxtında mübahisələndirməmişdir. Beləliklə də məhkəmə bu kateqoriya işlər üzrə formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, intizam tənbehi ilə bağlı hazırki mübahisəyə iddia müddəti tətbiq edildiyi üçün hüquqi nəticə etibarı ilə bu tələbə mahiyyəti üzrə baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» xx.xx.2002-ci il taixli qərarı) Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) «əmrin və töhmətin ləğv edilməsi və s.» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Ödənilmiş 50 manat İMS xərci və 10 manat poçt və kargüzarlıq xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) «əmrin və töhmətin ləğv edilməsi və s.» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 50 manat İMS xərci və 10 manat poçt və kargüzarlıq xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar