Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-748/2023 13.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Asif oğlunun Cavabdeh qarşı əmlaka vurulmuş maddi zərərin və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: avtomobilə vurulmuş maddi ziyan və mənəvi zərərin əvəzinin ödənilməsi) Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(030)-75/2020 nömrəli qətnaməsindən İddiaçı Akif oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə 13 aprel 2023cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. 26 iyun 2011-ci il tarixdə saat 22:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsində Cavabdeh idarə etdiyi “VAZ-2107” markalı, AZ **-HB-*** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı Akif oğlunun idarə etdiyi “Mercedes” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur.
2. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 02 iyul 2011-ci il tarixli qərarla HK-1/255 və 256 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilmiş, Cavabdeh (bundan sonra - cavabdeh) əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.5-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi üçün toplanmış materiallar Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir.
3. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 17 fevral 2012-ci il tarixli 3(009)-65/2012 saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə, inzibati xəta törətmiş cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.5-ci maddəsi ilə təqsirli bilinib, barəsində Məcəllənin 36.1-ci maddəsi tətbiq edilməklə iş üzrə icraata xitam verilmişdir. Zərərçəkmiş şəxs İddiaçı Akif oğluna (bundan sonra – iddiaçı) hadisə vaxtı dəymiş maddi ziyanla bağlı mülki qaydada tələb etmək hüququnun olması izah edilmişdir.
4. Daşkəsən Rayon Məhkəməsinin 09 sentyabr 2014-cü il tarixli 2(030)-356/2014 saylı qərardadı ilə, iddiaçının cavabdehə qarşı pul tələbinə dair mülki işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərinə görə iddia ərizəsi baxılmamış saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il tarixdə saat 22:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsində “VAZ-2107” markalı AZ **-HB-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünün hərəkətdə olarkən manevr qaydasını pozmaqla “Mercedes” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmaqla ona vurulmuş 9030 manat məbləğində maddi ziyan, 30 manat məbləğində dövlət rüsumu, 250 manat məbləğində vəkil-nümayəndənin xərci, 1000 manat məbləğində mənəvi zərər, 100 manat yol xərci və 100 manat məbləğində əlavə xərc olmaqla, ümumilikdə 10510 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh idarə etdiyi avtomaşınla hərəkətdə olarkən manevr qaydasını pozmaqla onun idarə etdiyi avtomaşınla toqquşmuş, nəticədə avtomobili zədələnərək, ona maddi ziyan dəymişdir. Hadisə zamanı dayısı qızı xəsarət almışdır. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh həmin məbləği ödəməkdən imtina etmişdir.
7. İddiaçı ona dəymiş ziyanın həcmini təsdiq edən sübut kimi "xxxx" Avtoservis Müəssisəsi tərəfindən tərtib edilmiş 13 iyul 2011-ci il tarixli baxış aktını təqdim etmişdir. Aktda “Mersedes Benz E-320” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın həcminin 9030 manat məbləğində olduğu qeyd edilmişdir.
8. Məhkəmə baxışı zamanı cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə təqdim edərək, iddiaçı ilə 9 il müddətində aralarında ziyanla bağlı heç bir danışıq olmamış, iddiaçı ondan pul tələb etməmişdir. Hadisə 26 iyun 2011-ci il tarixdə olmasına baxmayaraq, iddiaçı 9 il ərzində iddia tələbi irəli sürməmişdir. Odur ki, məhkəmədən iddia müddətinin tətbiq olunmasını və iddianın əsassız olmaqla iddia müddəti ötürüldüyü üçün rədd olunmasını xahiş etmişdir. 9.Daşkəsən Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) (030)-75/2020 nömrəli iş üzrə 20 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakim Azad Əliyev) iddia tələbi təmin edilməmişdir. 10.Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hadisə 26 iyun 2011-ci il tarixdə olmasına baxmayaraq, iddia ərizəsi 06 fevral 2020-ci il tarixdə, yəni 26 iyun 2011-ci il tarixdən hesablanmaqla 9 il müddət keçdikdən sonra verilmişdir. İddiaçı hüquqlarının pozulduğunu hadisə baş verdiyi vaxtdan bilmiş, eyni zamanda, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 17 fevral 2012-ci il tarixli qərarı ilə ona vurulmuş ziyanın tələb etmək hüququnun olması rəsmi surətdə izah edilmişdir. İddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia müddətinin keçməsi səbəbinə görə iddia rədd edilməlidir.
11. Məhkəmə işdə olan sübutları tam hərtərəfli və obyektiv araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia təmin edilməməlidir. 12.Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 372.1, 372.2, 373.2, 373.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4- cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiya məhkəməsində birinci icraat:
13. İddiaçı Akif oğlu apellyasiya şikayəti verərək, apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianı təmin etməyən birinci instansiya məhkəməsi iddia müddətinin ötürüldüyü qənaətinə gəlmişdir. Mülki Məcəllənin 373-cü maddəsində iddia müddətləri tam dəqiq və aydın qeyd edilmişdir. Həmin maddədə qeyd olunur ki, ümumi iddia müddəti on ildir. İddia tələbi yol-nəqliyyat hadisəsi ilə bağlı olmuş, həmin hadisə 2011-ci il tarixdə törədilmişdir. Hadisə nəticəsində ona mülki zərər vurulmuş. Belə tələblə bağlı hər hansı bir xüsusi iddia müddəti qanunvericilikdə öz əksini tapmamışdır.
15. Apellyasiya baxışı zamanı təyin edilmiş ekspertiza üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 noyabr 2021-ci il tarixli 9/5675 saylı ekspert rəyi ilə “Avanqard - 777” avtoservis tərəfindən tərtib edilmiş xx.xx.2011-ci il tarixli qüsur aktı məlumatlarına əsasən 1998-ci il buraxılışlı, “Mercedes Benz E230” markalı 10- UN-886 dövlət qeydiyyat nişanlı, mühərrik tutumu 3200 sm3 avtomobilin 2011-ci il tarixə təmir-bərpa xərci təxminən dəyişilməli hissələrin qiyməti 5470 manat, təmir bərpa işlərinin qiyməti 3045 manat olmaqla 8515 manat müəyyən edilmişdir.
16. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(104)-170/22 nömrəli iş üzrə 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Ədil Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, cavabdehdən 8515 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməkdə haqlı olmamış və düzgün nəticəyə gəlməmişdır.
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia qismən – dəymiş ziyanın ekspert rəyi ilə müəyyən edilmiş məbləği həddində təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı mənəvi ziyan və çəkilmiş əlavə xərclə bağlı sübut təqdim etməmişdir. Ona görə də iddia tələbi sübut olunan hissədə, ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə təmin edilməlidir.
19. Apellyasiya instansiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib belə nəticəyə gəlmişdir ki, iş üzrə cavabdeh apellyasiya şikayətində şikayətinin dəlillərini qismən əsaslandıra bilmiş, apellyasiya şikayətinin dəlilləri iş materialları ilə və məhkəmə baxışı zamanı qismən təsdiqini tapmışdır.
20. Apellyasiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 372.2, 373.1, 373.2, 21.1, 21.2, 1096.1, 1096.2, MPM-in 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya instansiya məhkəməsində icraat
21. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. İş materiallarında iddiaçının təqdim etdiyi heç bir sübut mötəbər sübut deyil. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. 24.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-5614/2022 saylı qərarı ilə (sədrlik edən və məruzəçi Abiddin Hüseynov, hakimlər Əhməd Nurməmmədov və Zaur Əliyevdən ibarət tərkibdə) Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 yanvar 2022-ci il tarixli, 2(104)-170/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə- iddia tələbinin cavabdehdən 8515 manat məbləğində maddi ziyanın tutulması hissəsində ləğv edilmiş və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır.
Apellyasiya instansiya məhkəməsində ikinci icraat
25. İddiaçı Akif oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 26.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, xx.xx.2011-ci il tarixdə Bakı şəhərində onun idarə etdiyi “VAZ-2107” markalı AZ **-HB-*** dövlət qeydiyyat nişanlı avtomaşını iləiddiaçının idarə etdiyi “Mercedes” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomaşın toqquşmuşdur. Hadisədən sonra, iddiaçı onun maşınında olan qohumu Ruslan ilə əlbəyaxa dalaşaraq, ona xəsarətlər yetirmiş və bununla bağlı Ruslan Polisə şikayət etmişdir. Polis şöbəsində iddiaçı Ruslanla barığaraq, şikayətindən imtina etməsini və əvəzində avtomobilinə dəytmiş ziyana görə ondan tələbi olmayacağını bildirmiş və qohumu Ruslan da, razılığa gələrək, şikayətini geri götürmüşdür. Məhz bu səbəbdən də, Ruslanın müaloicə xərcini o, çəkmiş və iddiaçı da, bu səbəbdən 10 ilə yaxın müddətdə ona qarşı iddia qaldırmamışdır. Bununla belə, hadisə zamanı iddiaçının avtomobilinə cüzi ziyan dəymiş və hadisədən 2 ay sonra həmin avtomobilini satmışdır.Məhkəmənin qətnaməsini qanunı hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-293/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
29. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-5614/2022 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 yanvar 2022-ci il tarixli, 2(104)-170/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə- iddia tələbinin cavabdehdən 8515 manat məbləğində maddi ziyanın tutulması hissəsində ləğv edildiyi və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya baxışına qaytarıldığı üçün, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı iddia tələbinin həmin hissəsində yoxlanılır. Qətnamənin digər hissəsi bağlı araşdırılma aparılmır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(030)- 75/2020 nömrəli qətnaməsi Cavabdeh 8515 manat məbləğində maddi ziyanın tutulması hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı Asif oğlunun Cavabdeh qarşı iddiasının 8515 manat məbləğində maddi ziyanın tutulması hissəsi təmin edilməməlidir.
33. Qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür.
34. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, ona baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilmiş faktlardan irəli gələn nəticə onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun.
35. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. 36.Baxılan işdə iddia tələbi mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş ziyanın ödənilməsi ilə bağlıdır. 37.Tələbin qanuni əsasını Mülki Məcəllənin 1096, 1097.1 və 1108.1-ci maddələri təşkil edir. Qeyd edilən normaların birlikdə dispozitiv şərtlərinin mövcud olması üçün yüksək təhlükə mənbəyindən istifadə nəticəsində iddiaçıya zərərin vurulduğu, zərərin cavabdehin hüquqa zidd və təqsirli əməli nəticəsində törədildiyi və iddiaçıya dəymiş ziyanla cavabdehin hüquqa zidd (təqsirli) hərəkətləri arasında səbəbli əlaqənin olduğu müəyyən edilməlidir. 38.Baxılan işin mübahisələndirilməyən hallarına görə xx.xx.2011-ci il tarixdə saat 22:30 radələrində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində cavabdeh “VAZ-2107” markalı, AZ **-HB-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən iddiaçının mülkiyyətində olan “Mercedes” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, hadisə nəticəsində cavabdehə maddi ziyan dəymişdir. 39.İşdə olan qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında həmin hadisənin baş verməsində cavabdehin təqsirli olduğu məhkəmələr tərəfindən müəyyən edilmişdir.
40. Bununla yanaşı, MPM-in 77.1-ci maddəsinə əsasən cavabdehin təqsiri sübuta yetirildiyi halda belə, iddiaçıya tələb edilən həcmdə maddi zərərin vurulduğunu sübut etmək yükü də iddiaçının üzərində olmuşdur.
41. İddianı təmin etməyən birinci instansiya məhkəməsi iddia müddətinin ötürüldüyü qənaətinə gəlmişdir. 42.Kollegiya birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmır. Belə ki, Mülki Məcəllənin 373-cü maddəsində iddia müddətləri tam dəqiq və aydın qeyd edilmişdir. Həmin maddədə qeyd olunur ki, ümumi iddia müddəti on ildir. İddia tələbi yol-nəqliyyat hadisəsi ilə bağlı olmuş, həmin hadisə 2011-ci il tarixdə törədilmişdir. Hadisə nəticəsində ona mülki zərər vurulmuşdur. Belə tələblə bağlı hər hansı bir xüsusi iddia müddəti qanunvericilikdə öz əksini tapmamışdır. 43.Həmçinin, apellyasiya instansiyası məhkəməsində birinci icraat zamanı zərərin məbləğini müəyyən edərkən yeganə mötəbər sübut kimi ekspertiza rəyinə istinad etmiş və cavabdehdən 8515 manat pulun iddiaçının xeyrinə tutulmasını qət etmişdir. 44.Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən işdə olan sübutları MPM-in 88, 101.7 və 103.1-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. 45.Belə ki, işin müəyyən edilmiş hallarına görə iş üzrə tərəflər arasında olan hadisə 2011-ci ildə baş vermiş, həmin vaxt iddiaçıya məxsus avtomobilə dəymiş ziyanla bağlı avtomobillərə texniki xidmət mərkəzi tərəfindən qüsur aktı tərtib edilmiş, iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi ilə dəymiş ziyan nəzəri qaydada, iddiaçının təqdim etdiyi həmin sənədin məlumatları müəyyən edilmişdir. 46.Nəzərə alınmalıdır ki, mülki prosesdə işin konkret hallarının müəyyən edilməsi üçün təqdim edilmiş sübutlar mümkün və aid olmaqla yanaşı, həm də mötəbər və yetərli olmalıdır. Sübutların yetərli olması dedikdə, işin sübutetmə predmetinə daxil olan hallarının mövcud olub-olmadığı barədə etibarlı qənaətə gəlməyə imkan verən sübutlar məcmusu başa düşülür. Sübutların iş üçün əhəmiyyətli halların müəyyən edilməsinə yetərli olubolmaması məsələsini isə məhkəmə öz daxili inamına əsasən həll edir.
47. Qəzaya uğramış minik avtomobili barəsində qüsur aktının tərtib edilməsi həmin avtomobilin təmiri üçün çəkilmiş xərc kimi qəbul edilə bilməz.
48. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi üzrə sübut etmə yükü iddiaçının üzərində olduğundan avtomobilinə dəymiş ziyanla bağlı mötəbər və yetərli sübutları məhkəməyə təqdim etmək vəzifəsi də həmin tərəfin üzərinə düşür. Lakin baş vermiş hadisənin üzərindən 9 ilə yaxın müddət keçmiş (iddia tələbi verilən vaxta), iddiaçı bu keçən müddət ərzində məhkəmə müdafiəsi hüququndan istifadə etməmiş, bu da öz növbəsində təqdim edilən sübutun yetərliliyi və mötəbərliliyi baxımından qiymətləndirilməsində çətinlik yaratmışdır. 49.Halbuki, mülki hüquq subyektləri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidirlər. Eyni zamanda mülki prosesdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 50.Mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş bu qaydalar digər məsələlərlə yanaşı, həm də məhkəmədə işlərə baxılması zamanı qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət edir. Bu baxımdan mülki və mülki prosessual hüquqlarından ağlabatan müddətlər ərzində istifadə etməyən subyektlər öz tələblərinin təsdiq olunması üçün təqdim etdikləri sübutların mötəbərliyi və yetərliliyi ilə bağlı yaranmış qeyri-müəyyənliklərdən irəli gələn riskləri daşıyırlar və iddianın uğurlu olması üçün sübutetmə bölgüsünə uyğun olaraq üzərilərinə düşən prosessual vəzifələri yerinə yetirməlidirlər.
51. Digər tərəfdən, məhkəmə kollegiyasının iclasında izahat verən Cavabdeh öz izahatında göstərmişdir ki, hadisədən sonra, iddiaçı onun maşınında olan qohumu Ruslan ilə əlbəyaxa dalaşaraq, ona xəsarətlər yetirmiş və bununla bağlı Ruslan Polisə şikayət etmişdir. Polis şöbəsində iddiaçı Ruslanla barığaraq, şikayətindən imtina etməsini və əvəzində avtomobilinə dəytmiş ziyana görə ondan tələbi olmayacağını bildirmiş və qohumu Ruslan da, razılığa gələrək, şikayətini geri götürmüşdür. Məhz bu səbəbdən də, Ruslanın müaloicə xərcini o, çəkmiş və iddiaçı da, bu səbəbdən 10 ilə yaxın müddətdə ona qarşı iddia qaldırmamışdır. Bununla belə, hadisə zamanı iddiaçının avtomobilinə cüzi ziyan dəymiş və hadisədən 2 ay sonra həmin avtomobilini satmışdır.
52. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi üzrə sübut etmə yükü iddiaçının üzərində olduğundan, avtomobilinə dəymiş ziyanla bağlı mötəbər və yetərli sübutları məhkəməyə təqdim etmək vəzifəsi də həmin tərəfin üzərinə düşdüyü üçün, İddiaçı Asif oğlunun məhkəmə kollegiyasının iclasında iştirakının təmin edilməsiu üçün, məhkəmə iclasını bir dəfə təxirə almış və yenə də, İddiaçı Akif oğluna heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və avtomobilinə dəymiş ziyanla bağlı mötəbər və yetərli sübutları məhkəməyə təqdim etməmişdir.
53. Məhkəmə kollegiyası işdə olan ekspertiza rəyini MPM-nin 88 və 103-cü maddələrinin tələbləri baxımından qiymətləndirərək, həmin rəyi iddianın təmini baxımından mötəbər və yetərli hesab etmir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, iş üzrə tərəflər arasında olan hadisə 2011-ci ildə baş vermiş, həmin vaxt iddiaçıya məxsus avtomobilə dəymiş ziyanla bağlı avtomobillərə texniki xidmət mərkəzi tərəfindən qüsur aktı tərtib edilmiş, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi də, iddiaçının təqdim etdiyi həmin sənədin məlumatları əsasında müəyyən edilmişdir.
54. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin maddi-prosessual hüquqi əsalarını düzgün müəyyən etməmiş, hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu tətbiq etməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(030)-75/2020 nömrəli qətnaməsi Cavabdeh 8515 manat məbləğində maddi ziyanın tutulması hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı Asif oğlunun Cavabdeh qarşı iddiasının 8515 manat məbləğində maddi ziyanın tutulması hissəsi təmin edilməməlidir.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392- 393, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ :
Apellyasiya şikayəti qismən təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(030)-75/2020 nömrəli qətnaməsi Cavabdeh 8515 manat məbləğində maddi ziyanın tutulması hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Asif oğlunun Cavabdeh qarşı iddiasının 8515 manat məbləğində maddi ziyanın tutulması hissəsi təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.