Məhkəmə qərarları › İş №2(104)-749/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-749/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-749/2023 16.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban оğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibаrət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2(015)-349/2022 nömrəli qərardadından Cavabdeh tərəfindən vеrilmiş şikаyətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N Е T D İ: İddiaçı Cavabdeh qarşı Ağstafa Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 7000 manat və ödənilmiş 90 manat dövlət rüsumu alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli 2(015)-349/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, 7000 manat və 90 manat dövlət rüsumu olmaqla, cəmi 7090 manat Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti hüququ olmayan şəxs tərəfindən imzalandığı üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2022-ci il tarixli 2(104)-2152/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Ağstafa Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli 2(015)-349/2022 nömrəli qətnaməsindən Cavabdeh vermiş olduğu apellyasiya şikayəti həmin məhkəmənin 16 noyabr 2022-ci il tarixli 2(015)-349/2022 nömrəli qərardadı ilə geri qaytarılmışdır. Qərardaddan narazı qalan Cavabdeh şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(015)-349/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdən müəyyən olunur ki, Ağstafa Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli 2(015)-349/2022 nömrəli qətnaməsinin surəti həmin tarixli müşaiətedici məktubla Cavabdeh yaşadığı ünvana göndərilmiş və qətnamənin surəti həmin ünvanda qəbul edilmışdir. Cavabdeh adından 21 iyun 2022-ci il tarixdə apellyasiya şikayəti verilsədə, apellyasiya şikayəti onun tərəfindən deyil, qardaşı X1 tərəfindən işzalanmışdır. Ona gərə də Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2022-ci il tarixli 2(104)-2152/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Cavabdeh 15 noyabr 2022-ci il tarixdə qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti prosessual qanunvericilikdə müəyyən olunmuş müddətdə verilmədiyindən Ağstafa Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2(015)- 349/2022 nömrəli qərardadı ilə geri qaytarılmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1. maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2. maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxlərdə malikdir. . Həmin Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1. maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1. maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 135.3. maddəsinə görə, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətini geri qaytarmaqda birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, bundan əvvəldə qeyd olunduğu kimi Ağstafa Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli 2(015)-349/2022 nömrəli qətnaməsinin surəti həmin 23 may 2022-ci il tarixdə Cavabdeh yaşadığı ünvana göndərilmişdir. 21 iyun 2022-ci il tarixdə verilmiş apellyasiya şikayəti onu deməyə əsas verir ki, qətnamənin surəti həmin ünvanda Cavabdeh çatdırılmışdır. Buna baxmayaraq sonuncu apellyasiya şikayətini 15 noyabr 2022-ci il tarixdə, yəni prosessual qanunvericilikdə nəzərdə tutulmuş 1 ay müddət keçdikdən sonra vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 128, 130, 263-264, 357, 360, 398, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Q Ə R А R А А L D İ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2(015)-349/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar