Məhkəmə qərarları › İş №2(104)-751/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-751/2025

12.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-751/2025 12.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: mənzildən maneəsiz istifadə hüququnun təmin edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən maneəsiz istifadə hüququnun təmin edilməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2(042)-1015/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 iyun 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 16 noyabr 2021-ci il tarixli, ********** nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X7 küçəsi ev 11, 8 nömrəli mənzil Cavabdeh xüsusi mülkiyyətindədir.

2. Doğum haqqında 25 aprel 2024-cü il tarixli, AZ-İV seriyalı 997892 nömrəli şəhadətnamənin surətindən görünür ki, X4 20 aprel 2024-cü il tarixdə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır.

3. Azərbaycan Respublikası DİN tərəfindən verilmiş № ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı, X2 və X3 Bakı şəhəri, Binəqədi rayonu, X7 küçəsi ev 11, mənzil 8-də qeydiyyatdadırlar.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, X7 11b mənzil 8 ünvanındakı mənzildən mənzildən maneəsiz istifadə hüququnun təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 12 yanvar 2023-cü ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahlarından 20 aprel 2024cü il tarixdə X4 adlı uşaqları anadan olmuşdur. Nikahdan sonra cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X7 11 b, mənzil 8 ünvanına qeydiyyata düşmüşdür. Lakin yoldaşı Cavabdeh və onun anası tərəfindən dəfələrlə evdə yaşamağı ilə bağlı zorakılıqlara məruz qalmışdır. Belə ki, himayəsində olan yeni doğulmuş övladı ilə birlikdə dəfələrlə qeydiyyatda olduğu həmin evə getsə də, evdə insanlar olduğu halda qapını açmamış, azyaşlı övladı ilə onu köməksiz vəziyyətdə buraxmışlar. Baş vermiş narazılıqla əlaqədar hazırda uşağı ilə birlikdə müvəqqəti olaraq başqa mənzillərdə yaşamağa məcbur olmuşdur. Rəsmi iş yeri və daimi gəliri olmadığı üçün kirayə tuta bilmir. Yaranmış vəziyyətlə əlaqədar polisə müraciət etsə də, heç bir nəticə əldə olunmamışdır.

6. Gədəbəy Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli 2(042)-1015/2024 nömrəli qətnaməsi ilə (hakim F.Mirzəquliyev) iddianın təmin edilməməsi; Ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsi, Mənzil Məcəlləsin 30.1, 30.2, 30.4-cü maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 216- 220, 227, 358-360, 362-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, onun maddi vəziyyəti yaşayış sahəsi ilə təmin etməyə imkan vermir. Ailə üzvü kimi azyaşlı uşağı ilə birlikdə mübahisəli mənzildən müvəqqəti istifadə hüququ saxlanılmalıdır. Nəzərə alınmalıdır ki, onun hazırda azyaşlı övladı ilə birlikdə yaşamağa başqa yeri yoxdur. Birinci instansiya məhkəməsi onun azyaşlı övladı ilə birlikdə yaşamağa başqa yerinin olmadığını nəzərə almaqla, ən azı mübahisəli mənzildən müəyyən müddətə istifadə hüququnu saxlaya bilərdi. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı Cavabdeh tərəfindən 13 aprel 2025-ci il tarixli etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları baxımından tam qanuni və əsaslıdır. Qətnamənin apellyasiya qaydasında ləğv edilməsinə hec bir hüququ əsas yoxdur. Gədəbəy Rayon Məhkəməsinin 11 dekbar 2024-cü il tarixli, 2(042)-1015/2024 saylı qətnaməsi qanuni və əsaslı olduğundan qüvvəsində saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, 2023-ci ilin yanvar ayında Cavabdehla evlənmiş və onun mülkiyyətində olan evə köçmüş, eləcədə həmin mənzilə qeydiyyata alınmışdır. Bir uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulsada, lakin nikahları hal-hazırda pozulmamışdır. Cavabdehin ailə üzvü kimi azyaşlı uşağı ilə birlikdə həmin mənzildə yaşamağa ehtiyacı var. Mənzildən maneəsiz istifadə hüququnun təmin edilməsi, həmin mənzilə köçürülməsi kimi başa düşülməlidir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və qeydiyyatda olduğu Bakı şəhəri, Binəqədi rayonu, X7 küçəsi 11 nömrəli evin, 8 saylı mənzilinə köçürülməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil da nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat vermişdir.

13. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, atası Ramiz Ələkbərovun 2020-ci ildə ölümündən sonra mübahisəli mənzil miras qalıb və miras əmlaka dair adına 2021-ci ildə mülkiyyət hüququna dair çıxarış verilmişdir. 2023-cü ildə iddiaçı ilə evlənmiş və o həmin mənzilə gəlin gəlmiş və həmin mənzilə qeydiyyata alınmışdır. Ailə münasibətləri pozulduğundan faktiki olaraq ayrılmışlar. Nikahları pozulmasada o artıq Aişə adlı qadınla faktiki olaraq evlənmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

14. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Dövlət vərəsəlik hüququna təminat verir.

15. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarına görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 01-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

16. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

17. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

22. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

23. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasslar: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.4. məhkəmənin gəldiyoi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;

Apellyasiya baxışının hədləri

24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

28. İşin müəyyən olunmuş faktiki hallardan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X7 küçəsi ev 11, 8 nömrəli mənzil vərəsəlik qaydasında Cavabdeh xüsusi mülkiyyətinə keçmiş və bu barədə ona daşınmaz əmlakın Dövlət reyestrindən 16 noyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdeh ilə Paşayeva (Ələkbərova) Nərmin Elşən qızı 12 yanvar 2023-cü ildə 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikahlarını qeydə aldıraraq evlənmışlər. Nikah qeydə alındıqdan sonra arvada Ələkbərova soyadı verilmişdir. İddiaçı 2023-cü ilin yanvar ayından hazırkı mübahisəli mənzilə gəlin köçmüş, eləcədə həmin mənzilə qeydiyyata alınmışdır. Tərəflərin birgə nikahlarından Ömür adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan tərəflər faktiki olaraq ayrılmışlar və iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında ailə münasibətləri 2023-cü ildə yaranmış, tərəflər arasında münasibətlərin yaranma vaxtına görə mübahisə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4. maddəsinə əsasən tənzimlənməli, iddiaçının cavabdehin mülkiyyətində olan mənzildən istifadə hüququnun yaranmaması nəzərə alınmalı və iddia tələbi təmin edilməməlidir.

29. Kollegiya iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

30. Belə ki, evə köçürülmə tələbinə dair işlərə baxılarkən ilk növbədə üç hal aydınlaşdırılmalıdır. Birinci şəxs köçmək istədiyi yerdə yaşayıbmı, ikincisi şəxs yaşadığı yerdən məhrum edilibmi, üçüncüsü məhrum edilmə qanunidirmi.

31. İş materiallarından, eləcədə tərəflərin izahatlarından müəyyən olunur ki, tərəflər 2023-cü ilin yanvar ayının 12-də rəsmi nikaha daxil olaraq evlənmış və iddiaçı cavabdehin mülkiyyətində (vərəsəlik qaydasında əldə olunan) olan Bakı şəhəri, Binəqədi rayonu, X7 küçəsi 11 nömrəli evin 8 saylı mənzilinə köçmüş, eləcədə həmin mənzilə qeydiyyata alınmışdır. Tərəflərin birgə nikalarından Ömür adlı bir uşaqlarıda anadan olmuşdur. İddiaçı faktiki olaraq ayrıldıqları vaxta dək mübahisəli mənzildə yaşamışdır. Hal-hazırda da tərəflərin nikahı pozulmamışdir, ailə münasibətlərindəki narazılıq səbəbindən sonuncular faktiki olaraq ayrılmışlar.

32. 2009-cu ilin oktyabr ayından qüvvədə olan mənzil qanunvericiliyinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

33. Kollegiya hesab edir kli, tərəflərin nikahı pozulmadığından İddiaçı Cavabdeh ailə üzvü sayılır. Bu isə onu deməyə əsas verir ki, İddiaçı Cavabdeh ailə üzvü kimi Bakı şəhəri, Binəqədi rayonu, X7 küçəsi 11 nömrəli evin 8 saylı mənzilindən istifadə hüququ var.

34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Gədəbəy Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli 2(042)- 1015/2024 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı mənzildən manesiz istifadə hüququna dair iddiası təmin edilməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli 2(042)-1015/2024 nömrəli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı qeydiyyatda olduğu mənzildən istifadə hüququna dair iddiası təmin edilsin. İddiaçı qeydiyyatda olduğu və Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X7 küçəsi 11b nömrəli binanın 8 saylı mənzilinə köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar