Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-752/2025 02.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Gədəbəy Kommunal Müəssisələri Kombinatına qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X3 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı və cavabdeh Gədəbəy Kommunal Müəssisələri Kombinatının nümayəndəsi (rəisi) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Gədəbəy Kommunal Müəssisələri Kombinatına qarşı pul tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-1070/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 02 aprel 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gədəbəy Kommunal Müəssisələri Kombinatının xx.xx.2024-cü il tarixli, 25 nömrəli məktubundan görünür ki, İddiaçı tərəfindən qeyd edilən məbləğdə xərclənən vəsaitlə bağlı Kombinatın mühasibatlığında hər hansı təsdiqedici sənəd (akt ağ, qaimə və s) mövcud deyildir. Bununla yanaşı ərizəyə əlavə edilmiş aktlarda adları qeyd olunan əməkdaşlar qeyd edilən məsələlərlə bağlı məlumatlarının olmadıqları barədə izahatlar vermişdirlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Gədəbəy Kommunal Müəssisələri Kombinatına qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 8379 manat borc, ödənilmiş 104 manat dövlət rüsumunun, borcun alınması məqsədi ilə xərclədiyi yol xərclərinə görə 100 manat və hüquqi yardımla əlaqədar xərclənmiş 50 manat, cəmi, 8633 manatın alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə 01 fevral 2023-cü il tarixdən 04 aprel 2023-cü il tarixədək Gədəbəy Kommunal Müəssisələri Kombinatının rəisi vəzifəsini müvəqqəti icra etmişdir. Həmin vəzifəni icra etdiyi müddətdə “ASAN” imza aktiv olmadığından yerli icra hakimiyyəti orqanının tapşırığını vaxtında yerinə yetirmək və ehtimadı doğrultmaq üçün öz şəxsi vəsaiti hesabına kombinata məxsus xüsusi təyinatlı nasaz texnikalara yeni ehtiyyat hissələri almış və sıradan çıxan hissələri təmir etdirmişdir. İşçilərin xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə onları mövsümlə əlaqədar zəruri ehtiyac olunan şiş, lapatka, kürək, süpürgə və sair avadanlıqlarla təmin etmişdir. Bu dövr ərzində ümumilikdə kombinata çəkdiyi xərc 8379 manat olmuşdur. Çəkdiyi xərclər kombinatın bir sıra işçilərinin iştirakı ilə sənədləşdirilmiş və təsdiqedici sənədlərin surətlərini kombinatın mühasibatlığına təhvil vermişdir. Bu dövr ərzində çəkdiyi xərclərə görə cavabdehin ona olan borcunun ödənilməsi üçün xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, lakin ona əsassız olaraq imtina edilmişdir. Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının rəisi Nümayəndə xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, xərclənən vəsaitlə bağlı Kombinatın mühasibatlığında hər hansı təsdiqedici sənəd mövcüd deyildir. Bundan başqa, ərizəyə əlavə etdiyi aktlarda adları qeyd olunan əməkdaşlar, güya, qeyd etdiyi məsələlərlə əlaqədar məlumatlarının olmadıqları barədə izahatlar vermişlər. Halbuki, həmin məktubda göstərilənlər yalandır. Müvafiq sənədlər Kombinata təqdim edilmişdir. Məktubda qeyd olunan şəxslər bu faktı təsdiq edə bilərlər. İddia ərizəsinə əlavə edilmiş onun, Gədəbəy Kommunal Müəssisələri Kombinatının yerli Həmkarlar Təşkilatının sədri və icraçısı X14, sürücülər X2, X5, X4, X8, X13 və X6 iştirakları ilə tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan və cədvəldən görünür ki, 01 fevral 2023-cü 1 tarixdən 04 aprel 2023-cü il tarixədək yəni, Gədəbəy Kommunal Müəssisələri Kombinatının rəisi vəzifəsini müvəqqəti icra edən zaman Gədəbəy şəhərinin ərazisindəki park, meydança və küçələrdə mütəmadi təmizlik işlərinin aparılması və şəhər ərazisində yaranmış məişət tullantılarının vaxtı-vaxtmda daşınması üçün Gədəbəy Kommunal Müəssisələri Kombinatına məxsus xüsusi təyinatlı texnikalarda yaranmış nasazlığı aradan qaldırılmasını Baş mühəndis İddiaçı öz şəxsi vəsaiti ilə təmir etdirmişdir. Bununla da o, Kombinatın iş əmsalını artırılmasına və xidmət səviyyəsinin yüksəldilməsinə öz töhvəsini vermişdir. Ərizəyə əlavə edilmiş Gədəbəy Kommunal Müəssisələri Kombinatının yerli Həmkarlar Təşkilatının sədri və icraçısı X14, briqadir X1, fəhlələr X9, X20 və X11 iştirakları ilə tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan və cədvəldən görünür ki, Gədəbəy şəhərinin ərazisindəki park, meydança və küçələrdə mütəmadi təmizlik işlərinin aparılması üçün Gədəbəy Kommunal Müəssisələri Kombinatında çalışan işçilərin xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə Kombinatının rəisi əvəzi İddiaçı öz şəxsi vəsaiti hesabına idarəyə avadanlıqlar almışdır. Ərizəyə əlavə edilmiş “Qaimə Fakturalar” ilə çəkdiyi xərclər təsdiq edilmişdir. O, cavabdehdən borcun ödənilməsini tələb etsə də, cavabdeh ödəməkdən boyun qaçırmışdır.
4. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-1070/2024 nömrəli qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev), iddianın təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1, 1091.2 və 1091.2-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 89.3, 106.1, 119.1, 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-1070/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, qeyd etdiyi dövr ərzində çəkmiş olduğu xərcə görə kombinatın ona olan kreditor borcunun ödənilməsi üçün xx.xx.2024-cü il tarixli ərizə ilə Azərbaycan Respublikası Gədəbəy rayon İcra Hakimiyəti Kommunal Müəssisələri Kombinatına müraciət etsə də əsassız olaraq onun müraciətinin təmin edilməsindən Azərbaycan Respublikası Gədəbəy rayon İcra Hakimiyəti Kommunal Müəssisələri Kombinatı rəisi Nümayəndə imzası ilə xx.xx.2024-cü il tarixli 25 nömrəli məktubu ilə imtina edilmişdir. Azərbaycan Respublikası Gədəbəy rayon İcra Hakimiyəti Kommunal Müəssisələri Kombinatı rəisi Nümayəndə imzası ilə xx.xx.2024-cü il tarixli 25 nömrəli məktubunda göstərilmişdir ki, qeyd etdiyi məbləğdə xərclənən vəsaitlə bağlı Kombinatın mühasibatlığında hər hansı təsdiqedici sənəd (qaimə və s.) mövcud deyildir. Bununla yanaşı ərizəyə əlavə etdiyi aktlarda adları qeyd olunan əməkdaşlar guya qeyd etdiyi məsələlərlə bağlı məlumatlarının olmadıqları barədə izahatlar vermişdirlər. Gədəbəy Rayon Məhkəməsinin işə baxan hakimdən cavabdeh Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatına təqdim etdiyi sənədlərin əslini Kombinatdan götürülməsini xahiş etmiş, lakin məhkəmə ona irad bildirir ki, sənədlərin əsli səndədir təqdim et, lakin sənədlərin əsli onda olmadığı üçün təqdim edə bilməmiş, lakin bütün sənədlərin kserosurətlərini təqdim etmiş, bu halın nəzərə alınmasını xahiş etmişdir. Əgər məhkəmə sorğu verib o qeyd etdiyi sənədlərin əslinin Kombinatdan götürsəyidi onda hər şey aydın olardı ki, həqiqətən Gədəbəy rayon İcra Hakimiyəti Kommunal Müəssisələri Kombinatının ona 8379 manat borcu var. Həmçinin, məhkəmə onun izahatını sübut kimi qəbul etməmişdir. Cavabdeh tərəf isə onun izahatına qarşı öz etirazını və yaxud əsaslandırılmış dəlillərini təqdim etməyibdir, onun izahatı iş üzrə sübut kimi qəbul olunmalıdır. Qeyd olunan prosessual hüquq normasının pozulması onda ifadə olunmuşdur ki, məhkəmə sübutlara düzgün qiymət verməmiş, təqdim etdiyim sübutlar iddianın təmini üçün əsas olduğu halda heç bir qanuni əsas olmadan sübutlarına tənqidi yanaşmış, yanaşmasını qanunun tələbləri ilə əsaslandırmamışdır. Yuxarıda qeyd olunan prosessual hüquq normalarının pozulması sübutların düzgün qiymətləndirilməməsində, onun əsassız iddiasının təmin olunmamasında ifadə olunmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə 01 fevral 2023-cü il tarixdən 04 aprel 2023-cü il tarixədək Gədəbəy Kommunal Müəssisələri Kombinatının rəisi vəzifəsini müvəqqəti icra etmişdir. Həmin vəzifəni icra etdiyi müddətdə “ASAN” imza aktiv olmadığından yerli icra hakimiyyəti orqanının tapşırığını vaxtında yerinə yetirmək və ehtimadı doğrultmaq üçün öz şəxsi vəsaiti hesabına kombinata məxsus xüsusi təyinatlı nasaz texnikalara yeni ehtiyyat hissələri almış və sıradan çıxan hissələri təmir etdirmişdir. İşçilərin xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə onları mövsümlə əlaqədar zəruri ehtiyac olunan şiş, lapatka, kürək, süpürgə və sair avadanlıqlarla təmin etmişdir. Bu dövr ərzində ümumilikdə kombinata çəkdiyi xərc 8379 manat olmuşdur. Xərclərin çəkilməsi barədə alınan mallara dair qaimələrin əsli Gədəbəy Kommunal Müəssisələri Kombinatının mühasibatlığında saxlanılır. Onda isə yalnız həmin qaimələrin kserosurətləri vardır. Gədəbəy rayon İcra Hakimiyyətində sosial-iqtisadi şöbənin müdiri Musa Musayevin göstərişləri əsasında öz vəsaiti hesabına xərclər çəkmiş və təmir-bərpa işləri aparılmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Gədəbəy Kommunal Müəssisələri Kombinatının nümayəndəsi (rəisi) Nümayəndə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, iddiaçının rəis vəzifəsini müvəqqəti icra etdiyi dövrdə, guya, xərclədiyi vəsaitin qaytarılması ilə əlaqədar müraciəti üzrə araşdırılma aparılmış, mühasibatlıqda hər hansı təsdiqedici sənəd, yəni, akt və ya qaimə aşkar edilməmişdir. İddiaçının təqdim etdiyi sənədlər sonradan geri tarixlə tərtib edilmiş sənədlərdir. Həmin sənədlərin heç bir hüquqi əsası yoxdur. İddiaçı öz vəsaiti hesabına heç bir iş görməmişdir. Həmçinin aldığı əmək haqqının müqabilində bu işləri görməsi inandırıcı deyildir. Bundan başqa, iddiaçının göstərdiyi əməkdaşlar da iddiaçının hər hansı xərclər çəkdiyini təsdiq etməmişlər. Əgər iddiaçının Kombinatın işi ilə əlaqədar şəxsi xərcləri olmuşdursa, xidməti vəzifəsinə görə bilməli idi ki, bunun qaytarılması hər hansı qanun və ya qayda ilə tənzimlənmir, yəni, qaytarılması mümkün deyildir. İddiaçı öz şəxsi vəsaitini Kombinat üçün xərcləməmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
11. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
12. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.
14. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
16. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
17. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
24. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
25. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
30. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
32. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)- 1070/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur.
35. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
36. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
37. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikanın MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
38. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
39. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.
40. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
41. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
42. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı Gədəbəy Kommunal Müəssisələri Kombinatında rəis vəzifəsini icra edən zaman müəssisənin büdcəsindən deyil, öz şəxsi vəsaiti hesabına təmir-bərpa işlərini aparıdığını və çəkilmiş xərclərə görə müəssisə tərəfindən onun pulunun geri qaytarılmadığını bildirmişdir. Həqiqətən də, həmin halları yalnız iddiaçının subyektiv izahatı ilə öz təsdiqini tapmışdır. Halbuki, bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
44. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
45. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
46. Göründüyü kimi, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni, cavabdehin ona borcunun yaranması, yaranmışsa belə, borcun miqdarını, həmçinin, yarandığı ehtimal edilən borcun qaytarılması üçün çəkdiyi xərcləri təsdiq edən hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda, iddiaçı cavabdehin ondan hər hansı xidmətlərin göstərməsini, xərclər çəkməsini tələb etməsi də işin faktiki halları ilə öz təsdiqini tapmamışdır.
47. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.
48. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
49. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
50. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
51. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
55. Məhkəmə Kollegiyası tərəfindən işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı Quliyev X15 Kommunal Müəssisələri Kombinatında rəis vəzifəsini icra edən zaman müəssisənin büdcəsindən deyil, öz şəxsi vəsaiti hesabına təmir-bərpa işlərini apardığını və çəkilmiş xərclərə görə müəssisə tərəfindən onun pulunun geri qaytarılmadığını bildirsədə, İddiaçı çəkilmiş xərclərlə bağlı sübutlarını nə birinci instansiya məhkəməsinə nədəki məhkəmə kollegiyasına təqdim etməmişdir. Göründüyü kimi, işdə iddia tələbinin təmin edilməsi üçün mötəbər sübut yoxdur.
56. Beləliklə, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
58. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-1070/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.