Məhkəmə qərarları › İş №2(104)-753/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-753/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-753/2025 08.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Firmasının Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli 2(042)-1059/2024 nömrəli qətnaməsindən İddiaçı Firması tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı firması MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli 01- 003/24 saylı müqaviləyə əsasən icarə öhdəliklərinin cavabdeh tərəfindən yerinə yetirilmədiyinə görə 1700 manat əsas borc və 37 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq, İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı firması tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə icarəyə verən İddiaçı firması arasında xx.xx.2024-cü il tarixli 0l-03\24 saylı icarə müqaviləsi bağlanılmış və dərhal müqavilənin icrasına başlanılmışdır. İddiaçı firması tərəfindən müqavilə öhdəlikləri lazımı qaydada yerinə yetirildiyi halda, icarədar Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan xidmətlərə görə vəsaitlər bu günə kimi ödənilməmişdir. Hazırkı tarixə cavabdehin 1700 manat borcu yaranmışdır. Dəfələrlə vəsaitin köçürülməsinin təmin edilməsi ilə bağlı telefon danışıqları aparılmasına baxmayaraq, cavabdeh borcu ödəyəcəyini bildirsə də, bir nəticə əldə olunmamışdır. Cavabdehə 03 iyul 2024-cit il tarixdə rəsmi qaydada pretenziya da göndərilmişdir. Gədəbəy Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli 2(042)-1059/2024 nömrəli qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddia tələbinin təmin edilməməsi; Ödənilmiş 37 manat dövlət rüsumunun İddiaçı Firmasına aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı Firması apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Firması apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli 01- 03\24 saylı icarə müqaviləsindən və SMS yazışmalarından görünür ki, öhdəliklər cavabdeh tərəfindən qismən yerinə yetirildiyindən 1700 manat borcu qalmaqdadır. Həmin borcu cavabdeh məhkəmə hazırlıq iclasında da qismən etiraf etmişdir. Bütün bunlara məhkəmə əhəmiyyət belə verməmişdir. İcarədar Cavabdeh ilə icarəyə verən İddiaçı firması arasında bağlanmış xx.xx.2024-cü il tarixli 01-03\24 saylı İcarə müqaviləsinə əsasən nəzərdə tutulan xidmətlərə görə vəsaitlərin icarədar tərəfindən köçürülməməsi ilə əlaqədar hallar araşdırılmamışdır. Məhkəmə cavabdehin etirafını və iş materallarına əlavə edilmiş sübutlara hüquqi qiymət vermədən, iddia tələbi üzrə heç bir araşdırma aparmadan iddianı əsassız olaraq təmin etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixli 0l-03\24 saylı icarə müqaviləsi üzrə obyekti icarə götürmüşdür və obyekt idman zalı olaraq fəaliyyət göstərir. Sədrlik edənin sualına cavab olaraq Cavabdeh bildirmişdir ki, adına VÖEN-i vardır və vergi ödəyicisidir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçı təşkilat məhkəməyə ərizə göndərərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İcarəyə verən İddiaçı ilə icarədar Cavabdeh arasında bağlanmış 01 mart 2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, Bakı şəhəri Səbail rayonu Salyan Şossesi, 14/2 ünvanında yerləşən idman meydançası 1 mart 2024-cü il tarixdən 15 iyun 2024-cü il tarixə qədər aylıq 1000 manata icarəyə verilməsi ilə əlaqədar bağlanılmışdır “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş vergi məlumatları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh adına xx.xx.2017-ci il tarixdən ********** nömrəli aktiv VÖEN mövcuddur. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, mülki işdə olan sənədləri araşdırıb məcmu halda hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, işə məhkəmə aidiyyəti pozulmaqla baxıldığına görə məhkəmənin qətnaməsi ləğv olunmalı, iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, mülki prosessual qanunvericilik işlərə baxılmasının aidiyyət qaydalarını dəqiq müəyyən etmişdir və bu qaydalara riayət olunmaması aparılmış prosessual hərəkətlərin qəbul edilməməsinə səbəb ola bilər. Çünki «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 15ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 24.1 və 24.2-ci maddələri). Məhkəmə kollegiyası xatırladır ki, iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində aidiyyət məsələsinin araşdırılması məhkəmənin vəzifəsi olmuşdur. Çünki verilmiş iddia üzrə məhkəmənin ilk növbədə fəaliyyəti MPM-nin 151-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyünün yoxlanılmasından ibarətdir. Bu mümkünlük şərtlərindən biri iddianın məhkəmə aidiyyətinin müəyyən olunmasıdır. Əgər aidiyyət pozulmuşdursa, MPM-nin 152.1.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarır. Birinci instansiya məhkəməsi işin bu mərhələsində aidiyyətlə bağlı uyğunsuzluq müəyyən etməmişdir. Halbuki, iddiaçı təşkilat dövlət qeydiyyatına alınmış hüquqi şəxsdir (VÖEN **********). Cavabdeh isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi orqanı tərəfindən ********** VÖEN nömrəsi ilə qeydiyyata alınmışdır. Yəni, iddiaçı hüquqi şəxs, cavabdeh isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmuş, aralarında olan münaqişə isə sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı daxil oluqları kommersiya xarakterli münasibətlərdən yaranmışdır. Qeyd edilməlidir ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına görə, MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məhkəmə kollegiyası xatırladır ki, tərəflərin vergi ödəyicisi kimi qeydiyyata alınması və sahibkarlıq fəaliyyəti ilə məşğul olması onunla bağlı istənilən mübahisəyə baxılmasının məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsinə aid olması anlamına gəlmir. Çünki, Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsində deyilir ki, mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Qanunun tələbindən görünür ki, şəxsin sahibkar statusunun olmasına baxmayaraq mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa həmin mübahisələrə ümumi məhkəmədə baxılmalıdır. Sahibkarlıq fəaliyyətinin anlayışı «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində verilmişdir. Orada göstərilir ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətdir. İddia tələbi təhlil olunarkən müəyyən olunur ki, tərəflər arasında olan mübahisə sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçının icarə hüquq münasibətlərindən qaynaqlanmışdır. Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Eyni zamanda kollegiya qeyd edir ki, hazırkı mübahisəyə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olduğu halda, ümumi məhkəmədə baxılması, işə buna hüququ olmayan hakim tərəfindən baxılması kimi qiymətləndirilməlidir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə ləğv olunmalı və iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.4-cü maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 26, 263-264, 384.0.4, 385.1.1, 387.2.1 və 402.2-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli 2(042)-1059/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar