Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-759/2023 07.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: kredit borcunun qaytarılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, Göygöl Rayon Məhkəməsinin 2(066)-1211/2022 saylı mülki iş üzrə 19 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 07 mart 2023cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 10 iyul 2021-ci il tarixli, CC/66071/81/29 saylı kredit sazişindən müəyyən olunur ki, həmin sazişə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 21% dərəcəsi ilə, 8500 manat məbləğində kredit verilməsi barədə tərəflər arasında razılıq əldə edilmişdir. Müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən Cavabdeh aldığı kreditə ğörə İddiaçı ASC-yə 4138,56 manat məbləğində faiz ödəməyi öhdəsinə götürmüşdür.
2. İş materiallarında olan 3009 saylı 10 iyul 2021-ci il tarixli kassanın məxaric orderindən müəyyən olunur ki, həmin sazişə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 8500 manat məbləğində pul verilmişdir.
3. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 10.7.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 8160,29 manat məbləğində əsas, 1498,69 manat məbləğində faiz borcu vardır.
4. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı bildirişdən görünür ki, cavabdehə kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən İddiaçı ASC-nin xeyrinə 8160.29 manat məbləğində əsas borcun, 1498,69 manat məbləğində faiz borcunun, cəmi 9658,98 manat borcun və 117 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Göygöl Rayon Məhkəməsinin 2(066)-1211/2022 saylı mülki iş üzrə 19 dekabr 2022ci il tarixli qətnaməsi ilə (Ə.Kərimov) iddia təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10.7.2021-ci il tarixli, CC/66071/81/29 saylı nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 8160,29 manat əsas, 1498,69 manat faiz borcu olmaqla, cəmi 9658,98 (doqquz min altı yüz əlli səkkiz manat doxsan səkkiz qəpik) manat kredit borcu və 117 (yüz on yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 442, 445.1, 445.2.1, 448.1, 449, və 465.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 2(066)- 1211/2022 saylı mülki iş üzrə 19 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsini və onun nəticəsindən asılı olaraq yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, kredit müqaviəsi üzrə bank tərəfindən ona 48 ay müddətinə illik 21 faiz olmaqla 8500 manat məbləğində pul verilmişdir. Həmin kredit borcu mütəmadi olaraq ödənilmiş, lakin, işdən çıxarıldığı üçün sonradan ödənişlər edə bilməmişdir. Bank tərəfindən ona 1498.69 manat faiz borcu hesablanmış, işə baxan məhkəmə həmin faizlərin düzgün hesablanıb-hesablanmamasını araşdırmamışdır. Nəticədə, məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilmədən əsasız olaraq bankın iddiası təm şəkildə təmin edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edib, izahatinda göstərdi ki, müqaviləni bağladıqdan sonra aldığı kreditdən 700 manata yaxın bir məbləğdə pul ödəmişdir. Krediti aldıqdan sonra işdən çıxdığından borcunu ödəyə bilməmişdir. Ona görə də faiz borcunun hesablanmamasını xahiş edir. Şikayətinin dəlillərində göstərilməsinə baxmayaraq, iş üzrə mühasibat ekspertizasının keçirilməsini tələb etmir.
12. İş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
13. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
16. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
17. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
22. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslıdır.
27. Belə ki, işin məhkəmədə müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə 48 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 8500 manat kredit verilmişdir. Müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən Cavabdeh aldığı kreditə ğörə İddiaçı ASC-yə 4138,56 manat məbləğində faiz ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməmiş, özünün etirafına görə kredit borcundan cəmi 700 700 manata yaxın bir məbləğdə pul qaytarmışdır. Nəticədə cavabdehin iddiaçı Banka 8160.29 manat əsas, 1498.69 manat faiz borcu olmaqla, cəmi 9658.98 manat borcu yaranmışdır. Bu səbəbdən də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Apellyator şikayətində faiz borcunun düzgün hesablanmadığını qeyd etsə də, işin apellyasiya baxışı zamanı verdiyi izahatında göstərmişdir ki, müqaviləni bağladıqdan sonra aldığı kreditdən 700 manata yaxın bir məbləğdə pul ödəmişdir. Krediti aldıqdan sonra işdən çıxdığından borcunu ödəyə bilməmişdir. Ona görə də şikayətinin dəlillərində göstərilməsinə baxmayaraq, faiz borcunun yenidən hesablanması üçün iş üzrə mühasibat ekspertizasının keçirilməsini tələb etmir.
28. Beləliklə, iş materiallarına əsasən işin faktiki halları kimi müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehin kredit borcu düzgün müəyyən edilmişdir və irəli sürülən iddianın təmin edilməsi üçün qanuni əsaslar mövcuddur. İrəli sürülən iddianı təmin etməkdə məhkəmə haqlı olmuşdur, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-1211/2022 saylı mülki iş üzrə 19 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.