Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-760/2023 27.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədirliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-1130/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24455 manat 64 qəpik, həmçinin dövlət rüsumuna görə ödənilmiş 163 manat pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-1130/2022 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Ə.Kərimov) iddia qismən təmin olunmuş, Cavabdeh 24453.56 (iyirmi dört min dörd yüz əlli üç manat, əlli altı qəpik) manat pul və 162 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-yə verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-1130/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iş üzrə məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilməmiş, prokurorluqda iş araşdırılarkən keçirilmiş ekspertiza rəyi nəzərə alınmışdır. Halbuki, həmin rəy prokurorluqda aparılan işlə aiddiyatı vardır, hazırki iddia tələbi ilə aidiyyatı yoxdur. Pul onun tərəfindən mənimsənilməmişdir. Məhkəmə heç bir araşdırma aparmadan, ekspertiza təyin etmədən 24455 manat 64 qəpik pulun ondan tutulmasını qanunsuz müəyyən etmişdir. İş üzrə iddiaçı və cavabdehə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-1130/2022 nömrəli qətnaməsi ləğv edilməli və iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəfindən İnternet Vergi İdarəsindən əldə edilmiş axtarış barədə çıxarışla müəyyən edilir ki, Cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən vergi ödəyicisi kimi vergi uçotuna alınmış və ona ********** saylı VÖEN verilmişdir. Azərbaycan Respublikası MPM-nin: 1-ci maddəsinə görə, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kollegiya qeyd edir ki, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Bu halda, həm mübahisənin subyekt tərkibi, həm də predmeti məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır. Hazırkı iş materiallarından görünür ki, iddiaçı hüquqi şəxs, cavabdeh isə sahibkarlıq subyekti olmaqla, tərəflərin arasında yaranmış hüquq münasibətlərinin xarakteri də məhz cavabdehin sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İnsan hüquqlarının və əsas azadlıqları müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini də xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə baxılarkən məhkəmə aidiyyəti qaydaları pozulmuş və Göygöl Rayon Məhkəməsi prosessual qanunvericiliyin aidiyyətlə bağlı tələblərini pozmaqla işi icraatına qəbul edərək, hazırkı qətnaməni qəbul etmişdir. Azərbaycan Respublikası MPM-i: Maddə 384.0.4. Apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Maddə 387.2.9. Şikayətin dəlillərindən asılı olmayaraq işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-1130/2022 nömrəli qətnaməsi ləğv edilməli və iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 387, 400 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-1130/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-760/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-760/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver