Məhkəmə qərarları › İş №2(104)-762/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-762/2024

27.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-762/2024 27.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alimentin artırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5421/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 27 mart 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-931/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatana kimi saxlanılmaları üçün xx.xx.2021-ci il tarixindən başlayaraq, Cavabdeh hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

2. 20.09.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ilkin mediasiya xidmətinə görə 50 manat məbləğində dövlət rüsumunu ödəmişdir.

3. X6 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, xx.xx.2022-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 931/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, yetkinlik yaşına çatmayan 30 yanvar 2012-ci il təvəllüdlü X2 və 10 sentyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh tutulan aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2010-cu il tarixində rəsmi qaydada qeydə alınmaqla nikaha daxil olmuşdur. Onların nikahlarından 30 yanvar 2012-ci il təvəllüdlü X4 və 10 sentyabr 2015-ci il təvəllüdlü X5 adlı uşaqları dünyaya gəlmişdir. Lakin sonradan ailədən gördüyü fiziki və mənəvi şiddət, ona edilən xəyanət üzündən ailə münasibətləri pozulmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-931/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında Gəncə şəhəri Nikah evində xx.xx.2010-cu il tarixli, 403 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2021-ci il tarixindən başlayaraq, Cavabdeh hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Bundan sonra, cavabdehlə onun arasında olan nikahın pozulması haqqında AZ-İ 386132 seriya nömrəli şəhadətnamə verilmişdir. Hazırda cavabdehlə birgə nikahlarından doğulmuş Rəsul və Ayla onun himayəsindədir, cavabdeh hər uşaq üçün 130 manat aliment məbləğini hər ay gecikdirə-gecikdirə ödəsə də, qalan bütün xərclər onun üzərinə düşür. Uşaqların hər ikisi məktəbə getdiyindən onların məsrəfləri daha da artmışdır. Bununla yanaşı, bugünkü dövrdə qiymətlərin sürətlə yüksəlməsi səbəbilə məişət, qida, geyim, nəqliyyat və bu kimi digər zəruri tələbat üçün olan xərclər də artmışdır. Bundan başqa, uşaqların təhsil və əlavə olaraq hazırlıq xərcləri də yarandığından maddi vəziyyəti uşaqların saxlanılması üçün lazımi hərəkətləri həyata keçirməkdə çətinlik yaradır. Təmin edilmiş aliment məbləği isə bugünkü gündə uşaqların normal, sağlam həyat şəraitində saxlanılması üçün kifayət etmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı onların bütün zəruri maddi tələbatlarını qarşılamaqda çətinlik çəkir. Cavabdeh aralarında olan nikahın pozulması prosesi başlarkən yüksək aliment ödəməmək üçün öz xahişi ilə rəsmi işindən ayrılmışdır. Lakin cavabdehin bu işindən əlavə illərdir məşğul olduğu lakin vergidən qeydiyyatdan keçirtmədiyi, bütün Abşeron və Gəncəbasar bölgəsini təmin etdiyi hər növ dekorativ ağacların yetişdirilib satılmasından ibarət olan biznesi var. Bu biznesindən gəliri çox yüksəkdir. Cavabdehin yaşadığı evin torpaq səhəsinə və həmin evin qarşısında yerləşən istifadəsində olan böyük əraziyə baxış keçirilsə bu işdən nə qədər yüksək gəlir əldə etdiyini anlamaq çətin olmaz. Cavabdeh 10 ilə yaxındır istifadə etdiyi “İnstagram” sosial şəbəkəsində (dekor_agac_online_satış və dekorativ_agac satısı gence) hesab açaraq bu cür ağacların satışını həyata keçirir və Gəncə şəhərinin sakinlərinin böyük əksəriyyəti bu ağac bisnesmenini yaxşı tanıyır. Bu hal onun maddi vəziyyətinin yaxşı olduğunu aliment məbləğinin artırılmasının zəruri olduğunu və bunun uşaqların təminat səviyyəsinin yaxşılaşdırılmasına təsir edəcəyini təsdiq edir. Cavabdehin gəlirlərinin yüksək olmasına baxmayaraq, uşaqları üçün normal aliment ödəməkdən boyun qaçırmaqla uşaqların hərəsi üçün 130 manat, cəmi 260 manat ödəməsi cavabdeh tərəfindən uşaqların saxlanılmasının yüksək səviyyədə həyata keçirilməməsinə səbəb olur.

6. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5421/2023 nömrəli qətnaməsi (hakim Xədivə Səfərli) ilə, iddianın qismən təmin edilməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-931/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılması, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh mediasiya xərcinin əvəzi kimi 25 (iyirmi beş) manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 30 dekabr 2023-ci il tarixli Azərbaycan Respublikası Qanununa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndinə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 119.1, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(125)-5421/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, onun belə bir çətin maddi durumunda olduğu halda, məhkəmə heç bir möhtəbər sübut gətirmədən bir uşaq üçün 180 manat, iki uşaq üçün 360 manat aliment miqdarının artırılması, barədə qətnamə qət olunmuşdur. Bu tam həqiqətə uyğun olmayan yanlış bir qətnamədir. Bunun icrası mümkün deyil. O, bu məbləği necə qazana bilər. O iş qabiliyyətini itirmiş, 2 qrup əlil hesab edilmişdir. Hal hazırda onun əliliyi ləğv edilmişdir, buna görə aldığı müavinət dayandırılmışdır. Onun aylıq gəliri yoxdur. Ancaq ata-ananın gəliri ilə 260 manat alimenti ödəyir 360 manatı hans mənbədən ödəməlidir. Bu meyar çatışmadıqda onu dövlətin “Ünvanlı Sosial Yardım” qanunu ilə dövlət tənzimləyir. İddiaçı həm dövlətdən sosial yardım alır, həmdə ondan olmayan qazancını tələb edir. Bu hal məhkəmədə araşdırılmadan qətnamə qəbul edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, o, çətin maddi durumda olduğu halda, məhkəmə heç bir sübut olmadan bir uşaq üçün 180 manat, iki uşaq üçün 360 manat aliment miqdarının artırılması, barədə qətnamə qəbul olunmuşdur. O, bu məbləği necə qazana bilər. O iş qabiliyyətini itirmiş, əvvəllər 2-ci qrup əlil hesab edilmişdir. Hal hazırda onun əliliyi ləğv edilmişdir, buna görə aldığı müavinət dayandırılmışdır. Onun aylıq gəliri yoxdur. Apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2010-cu il tarixində rəsmi qaydada qeydə alınmaqla nikaha daxil olmuşdur. Onların nikahlarından 30 yanvar 2012-ci ildə Rəsul və 10 sentyabr 2015-ci ildə Ayla adlı uşaqları olmuşdur. Lakin sonradan ailə münasibətləri pozulmuş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-931/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında Gəncə şəhəri Nikah evində xx.xx.2010-cu il tarixli, 403 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2021-ci il tarixindən başlayaraq, Cavabdeh hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Hazırda cavabdehlə birgə nikahlarından doğulmuş Rəsul və Ayla onun himayəsindədir, cavabdeh hər uşaq üçün 130 manat aliment məbləğini hər ay gecikdirə-gecikdirə ödəsə də, qalan bütün xərclər onun üzərinə düşür. Uşaqların hər ikisi məktəbə gedir, məişət, qida, geyim, nəqliyyat və bu kimi digər zəruri tələbata olan xərclər də artmışdır. Bundan başqa, uşaqların təhsil və əlavə olaraq hazırlıq xərcləri də yarandığından maddi vəziyyəti uşaqların saxlanılması üçün lazımi hərəkətləri həyata keçirməkdə çətinlik yaradır. Cavabdeh bütün Abşeron və Gəncəbasar bölgəsini təmin etdiyi hər növ dekorativ ağacların yetişdirilib satılmasından ibarət olan biznesi var. Bu biznesindən gəliri çox yüksəkdir. Cavabdeh 10 ilə yaxındır istifadə etdiyi “İnstagram” sosial şəbəkəsində (dekor_agac_online_satış və dekorativ_agac satısı gence) hesab açaraq bu cür ağacların satışını həyata keçirir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

13. Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

14. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

15. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

16. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

17. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

18. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

19. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu

20. Maddə 3.1. Mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr;

21. Maddə 3.2. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

22. Maddə 28.1. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.

23. Maddə 36.1. Mediasiya prosesinə dair xərclərə daxildir: 36.1.1. mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat;

24. Maddə 36.5. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu

25. Maddə 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir

“Uşaq hüquqları haqqında” Konvensiya

26. Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

27. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

28. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır.

29. Maddə 13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır.

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8 nömrəli Qərarı

30. 8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimimu haqqında Azərbaycan Respublikası Qanunu

31. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə;

36. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

41. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər;

42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

43. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

44. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

47. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdeh qətnamənin yalnız təyin edilmiş alimentin miqdarını mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissə üzrə yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 5421/2023 nömrəli qətnaməsi - Cavabdeh mediasiya xərcinin əvəzi kimi 25 (iyirmi beş) manat tutularaq İddiaçı ödənilməsi - hissəsində dəyişdirilməli, Cavabdeh mediasiya xərcinin əvəzi kimi 50 manat tutularaq İddiaçı verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

49. Belə ki, işin halları ondan ibarətdir ki, tərəflər xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Tərəflərin birgə ailə münasibətlərindən xx.xx.2012-ci ildə Rəsul və xx.xx.2015-ci ildə Ayla adlı uşaqları doğulmuşdur. Daha sonra ailədaxili narazılıqlara görə faktiki olaraq ayrılmışlar. Bundan sonra Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-931/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatana kimi saxlanılmaları üçün xx.xx.2021-ci il tarixindən başlayaraq, Cavabdeh hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimcntin tutularaq mənə ödənilməsi qət edilmişdir. Lakin, həmin vaxtdan uzun müddət keçmiş, uşaqlar böyüdüyü və onların xərclərinin artdığı üçün qət edilmiş hər uşaq üçün 130 manat məbləğində aliment uşaqların saxlanması üçün yetərli olmadığından, cavabdeh uşaqların saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

50. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri valideynin aliment, habelə məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.

51. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

52. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

53. “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat təşkil edir.

54. Yuxarıda qeyd olunan hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, aliment müəyyən olunan vaxtdan sonra uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılaraq 2023-cü il üçün 220 manat müəyyən edilmişdir. Hazırda hər ay hər uşaq üçün cavabdehdən tutulan 260 manat sabit pul məbləğində alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və uşağın saxlanması üçün yetərli deyildir. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər.

55. Ona görə də, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmuşdur. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərinin hər biri tərəfindən ödənilməlidir. Valideyn (işləmədikdə belə) uşağın normal maddi təminatını ödəməyə, uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən cavabdehə müəyyən olunan alimentin miqdarı qanunauyğun və əsaslıdır.

56. Beləliklə, məhkəmə kollegiyası tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının artırılaraq hər ay hər uşağa 180 manat məbləğdə müəyyən edilməsini uşaqların mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolverilən hesab edir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən alimentin miqdarının dəyişdirilərək hər ay hər uşağa 180 manat müəyyən edilməsini əsaslı və qanuni sayır.

57. Apellyatorun maddi vəziyyətinin aşağı olması barədə dəlillərini kollegiya əsassız sayır. Çünki, cavabdehin uşaqları saxlaması qanunla onun üzərinə düşən vəzifədən başqa həm də ata kimi mənəvi borcudur.

58. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

59. Lakin, birinci instansiya məhkəməsi məhkəmə xərcləri məsələsini araşdıran zaman mediasiya prosesində çəkilən xərcin məbləğini düzgün müəyyən etməmiş və tərəflərə bərabər şəkildə aid edərək, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin yarısı cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir.

60. Belə ki, X6 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, xx.xx.2022-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. Həmçinin, 50 manat məbləğində dövlət rüsumu İddiaçı tərəfindən ödənilmişdir.

61. Göründüyü kimi, Cavabdeh üzürlü səbəb göstərmədən ilkin mediasiya sessiyasında iştirak etməmiş və 50 manat məbləğində olan dövlət rüsumu sessiyada iştirak edən İddiaçı tərəfindən ödənilmişdir.

62. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

63. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin mediasiya sessiyasında iştirak edən İddiaçı tərəfindən dövlət rüsumu ödənildiyindən və cavabdeh tərəfindən üzrlü səbəb olmadan sessiyada iştirak edilmədiyindən, 50 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

64. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi - Cavabdeh mediasiya xərcinin əvəzi kimi 25 (iyirmi beş) manat tutularaq İddiaçı ödənilməsi - hissəsində dəyişdirilməli, Cavabdeh mediasiya xərcinin əvəzi kimi 50 manat tutularaq İddiaçı verilməli, qətnamə qalana hissədə dəyişdirilmədən saxlanılmalıdır.

65. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddia tələbi qismən təmin edildiyindən ona hər ay cavabdeh tərəfindən ödənilməli olan sabit pul məbləğində alimentin artırılmış hissəsinin bir il ərzində məcmusu 1200 manat təşkil edir.

66. Göründüyü kimi, hazırki iddianın alimentin tutulması hissəsində iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382.1, 384.0.3, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5421/2023 nömrəli qətnaməsi - Cavabdeh mediasiya xərcinin əvəzi kimi 25 (iyirmi beş) manat tutularaq İddiaçı ödənilməsi - hissəsində dəyişdirilsin. Cavabdeh mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat tutularaq, İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar