Məhkəmə qərarları › İş №2(104)-763/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-763/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-763/2023 07.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: borcun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borc tələbinə” dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2(013)-2621/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əsas kredit müqaviləsi üzrə 100000 manat 120 ay müddətinə kredit xətti ayrılmış və xx.xx.2021-ci il tarixli əlavə kredit müqaviləsi üzrə borcluya 24 ay müddətinə illik 19 % ödəmək şərtilə 10478 manat məbləğində borc verilmişdir.

2. xx.xx.2021-ci il tarixli, 1107micBRD/21 nömrəli Zaminlik müqavilədən görünür ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 kreditor qarşısında borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyırlar.

3. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin kredit müqaviləsi üzrə ödənilməmiş borc üzrə 10478 manat əsas kredit borcu, 1240.20 manat faiz borcu, 299.97 manat cərimə borcu, 0 manat komisya haqqı borcu olmaqla, cəmi 12018.17 manat təşkil edir.

4. xx.xx.2021-ci il tarixli, 1107micBRD/21 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh1 10478 manat əsas borc, 2645.7 manat faiz borcu olmaqla, ümumilikdə 13123,7 manat kredit borcunu xx.xx.2023-cü il tarixə kimi ödəməyə dair öhdəlik götürmüşdür.

5. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından və şəxsi hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ümümilikdə 4 dəfə-1226.90 manat məbləğində ödəniş edilmiş, həmin məbləğdən 1219.12 manat faiz borcu üzrə, 7.78 manat cərimə borcu üzrə silinmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 10478 manat əsas kredit borcu, 1240.20 manat faiz borcu, 299.97 manat cərimə borcu, 0 manat komisya haqqı borcu olmaqla, cəmi 12018.17 manat pulun və ödənilmiş 126.06 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə cavabdeh X3 oglu arasında bağlanmış xx.xx.2021-ci il tarixli əsas kredit müqaviləsi üzrə 100000 manat 120 ay müddətinə kredit xətti ayrılmış və xx.xx.2021-ci il tarixli əlavə kredit müqaviləsi üzrə borcluya 24 ay müddətinə illik 19% ödəmək şərtilə 10478 manat məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 1-ci maddəsi). Tərəflər arasında bağlanmış Kredit xətti Müqaviləsinin 1.1.-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin cavabdehlər müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduqları kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişlər. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 16 sentyabr 2022-ci il tarixinə "xxxx" KB ASC-yə 10478 manat əsas, 1240,2 manat faiz, 299,97 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 12018,17 manat borcu yaranmışdır. Cavabdehin kredit müqaviləsi üzrə ödənilməmiş 10478 manat əsas kredit borc, 1240.20 manat faiz borc, 299.97 manat cərimə borc, 0 manat komisya haqqı borcu olmaqla, cəmi 12018.17 manat pul və ödənilmiş 126.06 manat məbləğində dövlət rüsumu təşkil edir.

8. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh X3 oglu izahatında iddiaçı "xxxx" KB ASC-yə göstərilən məbləğdə borcunun olduğunu, lakin onun həmin borcu ödəməyə maddi imkanın olmadığını bildirmişdir.

9. Ağdam Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2(013)-2621/2022 nömrəli qətnaməsi ilə (hakim R.Məmmədov) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 10478 manat əsas kredit borcu, 1240.20 manat faiz borcu və 99.97 manat cərimə borcu olmaqla, cəmi 11818.17 (on bir min səkkiz yüz on səkkiz manat on yeddi qəpik) manat məbləğində borc və dövlət rüsumu qismində ödənilmiş 126.06 (yüz iyirmi altı manat altı qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 442, 462.1 və 467-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 119.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh1 apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2(013)-2621/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Borc məbləği düzgün müəyyən edilməmiş, məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinin tamamilə əsassız olduğunu, odur ki, şikayətin təmin edilməməsini, Ağdam Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2(013)-2621/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

14. İş üzrə Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Yuxarıda göstərilən normaların dispoziya şərtlərindən görünür ki, qanunverici işdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməməsinin əsası kimi göstərilmiş halların üzürlü səbəblərlə əlaqədar olması və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borclu olmaları ilə şərtləndirmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş müraciətə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, teleqramda göstərilən halı əsaslandıracaq mötəbər sübutlar məhkəmə kollegiyasına təqdim edilməmişdir. Ona görə məhkəmə kollegiyası işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 449.1 Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

16. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəldiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

20. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 21 Məhkəmələr tərəfindən aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, iddiaçı “Unibank» KB ASC ilə Cavabdeh1 Sakir oglu arasında bağlanmış xx.xx.2021-ci il tarixli əsas kredit müqaviləsi üzrə 100000 manat 120 ay müddətina kredit xətti avrılmış və xx.xx.2021-ci il tarixli əlavə kredit müqaviləsi üzrə borcluya 24 ay müddətinə illik 19% ödəmək şərtilə 10478 manat məbləğində kredit verilmiş, borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 bank qarşısında iddiaçı öhdəliyini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. Tərəflər arasında yaranan öhdəlik münasibətləri üzrə iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə öhdəliklərini vaxtında icra etməmişdir. Məhkəmə kollegiyası işdə olan sənədləri araşdıraraq hesab edir ki, cavabdeh kredit müqaviləsinə əsasən verilmiş kredit borcunu vaxtında icra etmədiyindən, onun banka borcu yaranmış, cavabdeh borcu ödəməsi üçün xəbərdarlıq edilsə də, borcun ödənilməsi təmin edilməmişdir.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, mülki işin materiallarında olan ödəniş qrafiki, maliyyə arayışı, şəxsi hesabdan çıxarışla müəyyən edilir ki, borc məbləği birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyənləşdirilmişdir. İş materiallarında olan kredit müqaviləsinə əlavədən görünür ki, Cavabdeh1 10478 manat əsas borc, 2645.7 manat faiz borcu olmaqla, ümumilikdə 13123,7 manat kredit borcunu 24 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixə kimi ödəməyə dair öhdəlik götürmüşdür. Qanunvericiliyə əsasən kreditor borcalandan kredit müqaviləsinin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək faizləri tələb edə bilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kredit müqaviləsinin şərtlərindən görünür ki, ödənişlər ilk olaraq cərimə və faiz borcuna, daha sonra isə əsas borc hesabına silinmə ardıcıllığı ilə aparılır. İş materiallarına əlavə edilmiş maliyyə arayışları və şəxsi hesabdan çıxarış ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə cəmi 4 dəfə, ümumilikdə 1226.90 manat məbləğində ödəniş edilmiş, həmin məbləğdən 1219.12 manat faiz borcu üzrə, 7.78 manat cərimə borcu üzrə silinmişdir. Apellyator apellyasiya şikayətinin dəlillərində borc məbləğinin hesablanması üçün müvafiq ekspertiza təyin edilməsini xahiş etmişdir. Lakin məhkəmə kollegiyası buna münasibətdə qeyd etməyi zəruri hesab edir ki, hazırkı halda kredit müqaviləsi üzrə ödəniləmiş borc məbləği iddiaçı tərəfindən düzgün hesablandığından ekspertiza təyin edilməsinə zərurət yoxdur. Belə ki, qanunvericiliyin normasının təhlili zamanı da müəyyən edilir ki, ekspertiza yalnız xüsusi bilik tələb edən hallarda məhkəmənin təşəbbüsü və ya tərəflərin vəsatəti əsasında təyin edilir. Hazırkı halda isə borc məbləğinin dəqiq hesablandığı işdə olan sənədlərlə müəyyən edildiyindən əlavə mütəxəssis tədqiqatının aparılması istisna edilir.

23. Cərimə borcu isə birinci instansiya məhkəməsi tərəfindən tərəflərin əmlak vəziyyətini və bütün əsaslı mənafelərini nəzərə alaraq minimum həddə qədər azaldılmışdır. Cərimə borcunun isə tamamilə silinməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi mülki mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyinəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2(013)-2621/2022 nömrəli qətnaməsi Cavabdeh1 aid hissədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Azər Bayramov

Hakimlər: Rəşad Mamedov

Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar