Məhkəmə qərarları › İş №2(104)-767/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-767/2023

09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-767/2023 09.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, Xocalı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(070)-133/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasmda baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Xocalı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, 3M-2 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən 3100 manat borcun və 52 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xocalı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(070)-133/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 3.100 (üç min yüz) manat məbləğində pul və ödənilmiş 52 (əlli iki) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Xocalı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(070)-133/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 2021-ci ilin əvvəllərindən başlamaqla ona sələmi ilə borc vermiş və iddiaçıda olan kartları vasitəsi ilə borclarını tam ödəmişdir. O, iddiaçıdan 3100 manat borc pul almamış və axırıncı dəfə notariusda iddiaçıdan cəmi 300 manat borc pul almışdır. O, cərrahiyyə əməliyyatı keçirdiyindən özündə olmamış və Nemət onu aldadaraq müqaviləyə imza etdirmişdir. İddiaçı işə baxılmanın vaxtı və yeri haqqında xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddələrinə əsasən, işə onun iştirakı olmadan baxılmasmı mümkün hesab etmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, Xocalı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(070)-133/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Xocalı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(070)-133/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığmı onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarm ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarma riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş Notarial qaydada təsdiq edilmiş 10 yanvar 2022-ci il tarixli 3M-2 NQ-İİ kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 3.100 manat məbləğində borca pul verir, sonuncu isə xx.xx.2022-ci il tarixədək borcu tam olaraq ödəməyi öhdəsinə götürür. Xocalı Rayon Məhkəməsinin sorğusuna əsasən, Göygöl rayon notariat ofisi tərəfindən göndərilən 10 yanvar 2022-ci il tarixli 3M-2 NQ-İİ kredit müqaviləsi və həmin müqaviləyə əlavə edilmiş sənədlərdən görünür ki, həmin kredit müqaviləsi əsasında həmin gün müvafiq məxaric qəbzi ilə 3.100 manat məbləğində pul vəsaiti notariatın depozit hesabına qəbul edilmişdir. Xocalı Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli qərardadı ilə Cavabdeh və həyat yoldaşı X2 məxsus bank kartlarından 2020-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayınadək nə qədər vəsaitin çıxarılması və həmin vəsaiti çıxaran şəxsin video və foto götrüntülərinin "xxxx"ASC- dən götürülməsi qərara alınmış və həmin qərardadın icrası qaydasında "xxxx"ASC tərəfindən Cavabdeh və X1 Bank kartlarından pul çıxaran şəxslərin foto şəkilləri təqdim edilmişdir. Həmin foto şəkillərdən 10 yanvar 2022-ci il tarixdən sonra Cavabdeh məxsus Bank kartından İddiaçı tərəfindən hər hansı məbləğin çıxarılması müəyyən olunmamışdır. İddianı təmin edən birinci instansiya məhkəməsi öz nəticəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında yazılı formada kredit müqaviləsi bağlanmış və tərəflər bu müqavilənin mühüm şərtlərində razılığa gəlmişlər. İddiaçı öhdəliklərini yerinə yetirsə də, cavabdeh öz öhdəliyini yerinə yetirməmiş və 3.100 manat məbləğində borcunu qaytarmamışdır. Ona görə də iddia tələbi əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşakarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formadabağlanır. 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğində asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Notarial qaydada təsdiq edilmiş 10 yanvar 2022-ci il tarixli 3M-2 NQ-İİ kredit müqaviləsi ilə İddiaçı Cavabdeh 3.100 manat məbləğində borca pul vermiş, sonuncu isə xx.xx.2022-ci il tarixədək həmin borcunu tam olaraq ödəməyi öhdəsinə götürsə də, cavabdeh öhdəliyini icra etməmiş və borcu ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 157.2-ci maddəsində nəzərdə tutulduğu kimi, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 425.1-ci maddəsinə uyğun olaraq, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Göründüyü kimi, Cavabdeh xx.xx.2022-ci il tarixli borc müqaviləsi ilə borcunu xx.xx.2022ci il tarixədək ödəmək öhdəliyini götürsə də, müqavilə şərtlərini əhəmiyyətli şəkildə pozaraq üzərinə düşən vəzifələri icra etməmiş və nəticədə iddiaçıya 3100 manat məbləğində borclu qalmışdır. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası İddiaçı 2021-ci ilin əvvəllərindən başlamaqla ona sələmi ilə borc verməsi və iddiaçıda olan kartları vasitəsi ilə borclarını tam ödəməsi barədə cavabdehin apellyasiya dəlillərinə münasibətdə qeyd edir ki, bununla bağlı Xocalı Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli qərardadı ilə Cavabdeh və həyat yoldaşı X2 məxsus bank kartlarından 2020-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayınadək nə qədər vəsaitin çıxarılması və həmin vəsaiti çıxaran şəxsin video və foto götrüntülərinin "xxxx"ASC- dən götürülməsi qərara alınmış və həmin qərardadın icrası qaydasında "xxxx"ASC tərəfindən Cavabdeh və X1 Bank kartlarından pul çıxaran şəxslərin foto şəkilləri təqdim edilmişdir. Həmin foto şəkillərdən 10 yanvar 2022-ci il tarixdən sonra Cavabdeh məxsus Bank kartından İddiaçı tərəfindən hər hansı məbləğin çıxarılması müəyyən olunmamış və bununla da, cavabdehin həmin dəlilləri öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlili qanuni və əsaslı məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Xocalı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(070)-133/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Xocalı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(070)-133/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar