Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-772/2023 14.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, Ağstafa Rayon Məhkəməsinin 2(015)-910/2022 saylı mülki iş üzrə 14 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18000 (on səkkiz min) manat borc məbləğinin və ödənilmiş dövlət rüsumuna görə 144 manat, cəmi 18144 manat pulun alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Kürdəmir rayonunda anadan olmuşdur. Lakin, işi ilə bağlı olaraq müvəqqəti olaraq Bakı şəhərində yaşayır. Cavabdeh ilə tanışlığı olub. Cavabdeh ondan 18.000 manat borc pul istəmiş və yaxın vaxtlarda verəcəyinə söz vermişdir. O, Afəti tanıdığı üçün ona 18.000 manat borc pul vermişdir. Lakin o, həmin məbləğdə borc pulu ona notarial qaydada verməyi qərarlaşdırmışdır. Bu səbəbdən də xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat kontorunda borc müqaviləsi bağlamışlar. Müqaviləyə əsasən Cavabdeh ona olan 18.000 manat borcunu xx.xx.2020-ci il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. Lakin, buna baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyə əməl etməmişdir. O, cavabdehdən pulunu tələb etməyə başlamışdır. Cavabdeh müxtəlif bəhanələr gətirməklə ona olan borcunu ödəməkdən yayınır. Bu müddət ərzində üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ağstafa Rayon Məhkəməsinin 2(015)-910/2022 saylı mülki iş üzrə 14 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Z.Rəsulov) iddia təmin edilmiş, 18.000 (on səkkiz min) manat pul və 144 (bir yüz qırx dörd) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 18.144 (on səkkiz min bir yüz qırx dörd) manat məbləğində pulun Cavabdeh alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək, şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarını düzgün araşdırmamış, maddi və proesssual hüquq normalarının pozulması ilə qətnamə çıxarmışdır. Belə ki, X1 təqsirləndirildiyi cinayət işi üzrə İddiaçı Əlibaba oğlu zərərçəkmiş şəxs olmuş, X3 Süleymanova 18000 manat ziyan vurmuşdur. Naib Quliyevin daha yüngül cəza alması üçün İddiaçı onun barəsində şikayət və tələbinin olmaması, zərərin tam ödənilməsi barədə ərizəsi tələb edilmiş və zərəri ödəyə bilməyən Naib Quliyev onun adından borc müqaviləsi bağlayaraq niyyətinə nail olmuşdur. Qeyd edilən müqavilə formal bağlanmışdır. Ona görə də, Ağstafa Rayon Məhkəməsinin 2(015)-910/2022 saylı mülki iş üzrə 14 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı Əlibaba oğlu məhkəmə kollegiyasına teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə onların iştirkı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, məruzəçini dinləyib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Ağstafa Rayon Məhkəməsinin 2(015)-910/2022 saylı mülki iş üzrə 14 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Əlibaba oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Konstitusiyanın 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Azərbaycan Respublikası MPM-nin 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Lakin, nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Buraya mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət olunması (Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat idddia ərizəsinə əlavə edilməlidir) və s. kimi qanunla nəzərdə tutulmuş hallar aiddir. Hazırki işdə apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisənin məhkəməyə qədər nizama salınması qaydasına riayət edilməsinə dair sənəd təqdim edilmədiyini müəyyən etdiyindən, qətnamənin ləğv edilməsi və işin baxılmamış saxlanılması qənaətinə gəlir. Belə ki, mülki işin materiallarında olan, İddiaçı Əlibaba oğlu ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat kontorunda bağlanmış borc müqaviləsindən müəyyən olunur ki, həmin müqavilə İddiaçı Əlibaba oğlu tərəfindən Cavabdeh 18.000 manat borc verilməsi barədə bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh borcunu xx.xx.2020-ci il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. Həmin müqavilənin 7-ci bəndi ilə nəzərdə tutulmuşdur ki, ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsi ilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Göründüyü kimi, tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış borc müqaviləsində mübahisənin məhkəməyə qədər nizama salınması qaydası nəzərdə tutulmuşdur və iddiaçının bu qaydaya riayət etməsi müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, məhkəmə kollegiyası belə qərara gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin 2(015)-910/2022 saylı mülki iş üzrə 14 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1, 384.0.5, 385.1.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 2(015)-910/2022 saylı mülki iş üzrə 14 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Əlibaba oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Bu qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi gündən qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-772/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-772/2023
14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver