Məhkəmə qərarları › İş №2(104)-774/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-774/2023

28.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-774/2023 28.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və X1 ibarət tərkibdə Əliyev Rafiq Çingiz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) Nümayəndə və Cavabdeh vəkili X2iştirakı ilə, İddiaçı X5 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2(015)-422/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 58600 manat borcun və 270 manat dövlət rüsumu olmaqla, cəmi 58870 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2(015)-422/2022 saylı qətnaməsi ilə (hakim N.Abbasov) iddianın qismən təmin edilməsi, Cavabdeh 52000 manat borc və 270 manat dövlət rüsumu olmaqla, cəmi 52270 (əlli iki min iki yüz yetmiş) manat pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Ağstafa rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(015)-422/2022 saylı qətnaməsinin ləğv olunmasına və iddiaçının ərizəsinin təmin olunmamasına dair məhkəmə aktı qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2020-ci ilin yay aylarında həmkəndlisi Cavabdeh 53000 manat və "xxxx" QSC-dən götürdüyü kreditdən isə 5600 manat olmaqla, cəmi 58600 manat borc pul vermişdir. Bankdan kredit götürən zaman cavabdehin atası və anası iddiaçıya zamin durmuşlar. Cavabdeh iddiaçıya olan borcunu vermədiyinə görə iddiaçı onun barəsində Ağstafa RPŞ-yə şikayət vermiş, həmin şikayət əsasında Ağstafa RPŞ-nin TB-də araşdırma aparılmış və 07 mart 2022-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Həmin araşdırma zamanı, eyni zamanda cavabdeh iddiaçıya göndərdiyi səs yazısında borcunu etiraf etmişdir. Ona görə də, Cavabdeh 58600 manat borcun və 270 manat dövlət rüsumu olmaqla, cəmi 58870 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş cavabdehin atası X3 ifadəsində göstərmişdir ki, iş üzrə iddiaçı həmkəndlisi, cavabdeh isə oğludur. Oğlu Əhliman hal-hazırda Rusiya Federasiyasındadır. Əhliman ilə İlham arasında münasibətlər əvvəllər yaxşı olmuşdur. Belə ki, oğlu Əhliman İlhamdan pul götürərək faizlə hərbçilərə vermişdir. Lakin sonradan müharibə başladığından və hərbçilər pulunu qaytarmadığından oğlu İlhamdan aldığı pulu geri qaytara bilməmişdir. Bundan başqa, İlham onun və həyat yoldaşının zaminliyi ilə "xxxx" QSC-dən 10000 manat kredit götürmüş, həmin krediti oğlu Əhliman banka ödəmişdir. İddiaçının telefonuna göndərilmiş səs yazısı həqiqətən oğlu Əhlimana məxsusdur və oğlu həmin səs yazsısında iddiaçıya 52000 manat borcu olmasını etiraf edir. Həmın borc oğluna aiddir və gələcəkdə oğlu tərəfindən ödənilməlidir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı deyil. Belə ki, məhkəmə onun iddiaçıya 52000 manat borcunun olmasının guya etiraf etməyinə dair səs yazısı, iddiaçının nümayəndəsinin və şahidin ifadəsi ilə təsdiq olunduğunu qəbul etdiynii qətnaməsində göstərmişdir. Halbuki həmin səs yazısında “52000 olsun, o biri pul olsun hamısı sənə qəpiyinə kimi sənə qaytarılacaqdır” sözləridir. Göründüyü kimi pulun Azərbaycan manatı olması qeyd olunmur. Belə olan halda məhkəmə məhz onun iddiaçıya Azərbaycan manatı ilə borcunun olmasını sübut etməli idi. Hansı ki, İddiaçı işçisi olmuş və onun tapşırıqlarını yerinə yetirmişdir. Bunun üçün isə iddiaçı ona ayda 500 manat ödəyirdi. Həmin əmək haqqının 3000 manatı iddiaçı tərəfindən indiyə qədər də ona ödənilməmişdir. Şahid qismində dindirilmiş Məhərrəm İsmayılov da həmin səs yazısında qeyd edilən 52000 sözünə görə onun iddiaçıya 52000 manat borcunun olduğunu qeyd etmişdir. Bundan əlavə məhkəmə qətnaməsindən də göründüyü kimi məhkəmədə İddiaçı iştirak etməmişdir. Onun iştirakı işin obyektiv və ədalətli araşdırılması üçün vacibdir. Belə ki, birinci instansiya məhkəməsində “iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə” iddiaçı İlharn Quliyev tərəfındən verilmiş ərizədə onun İddiaçı guya xəbəri olmadan hərbiçilərə qanunsuz kredit verməklə faiz əldə etdiyini və iddiaçının hesabına əsassız varlandığını əsas gətirərək onun barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Halbuki, İddiaçı sələmçiliklə məşğuldur və onun iddiaçıya cəmi 52000 rusiya rublu borcu vardır (Rusiyaya getmək üçün ondan almışdır). Onun tapşırığı ilə onun pulunu hərbçilərə çatdırmış və onlar da həmin pulu faizi ilə ona qaytarmışlar. Bununla bağlı onlarla olan Whatsapp səs yazılarını məhkəməyə təqdim edir. Məhkəmə onun Rusiya Federasiyasında olduğu, göndərilən məhkəmə bildirişlərini onun almadığı haqda məlumatlı olduğu halda işə baxmışdır. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin vəkili məhkəmə iclasında iştirak etsə də, özü gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edib, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb həmin şikayətin təmin edilmədən, iş üzrə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı əlavə olaraq göstərdi ki, cavabdeh onun həmkəndlisi olmaqla bərabər həm də onun sürücüsü, yəni ona məxsus mikroavtobusla Ağstafa rayonundan Bakı şəhərinə və və əks istiqamətə sərnişin aparıb gətirən şəxs kimi çalışmış, bir-birilərinə qarşılıqlı etibarları olmuşdur. Ona görə də cavabdehə həmin pulları müqavilə bağlamadan vermişdir. Lakin sonradan cavabdeh borcunu qaytarmadan və ona bildirmədən çıxıb Rusiya Federasiyasına getmişdir. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı cavabdehin vəkilini, iddiaçını və vəkilini dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə baxışının hədləri ilə bağlı kollegiya qeyd edir ki, iddia ərizəsi qismən təmin edilmiş olsa da, iddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermədiyinə görə, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını cavabdehin apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi İddiaçı həmkəndlisi olan cavabdeh Əhliman İsmayılovun 2020-ci ilin yay aylarında 53000 manat və "xxxx" QSC-dən götürdüyü kreditdən isə 5600 manat olmaqla, cəmi 58600 manat borc pul verdiyini, lakin sonuncunun həmin borcunu qaytarmadığını bildirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddianı 52000 manat borc və ödənilmiş 270 manat dövlət rüsumu hissəsində təmin etmişdir. İş materiallarında olan cavabdeh Əhliman İsmayılovun iddiaçıya telefon vasitəsilə göndərdiyi səs yazısına məhkəmə iclasında proses iştirakçılarının iştirakı ilə dinləmələr aparılarkən də təsdiq olunmuşdur ki, cavabdeh iddiaçıya 52000 manat borcunun olmasını bildirmiş, həmin borcunu maddi imkanı olan kimi qaytarmasına söz vermişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçı X4 2020-ci ildə 52000 manat borc pul almış, həmin borcunu qaytarmamış və müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Ona görə də iddiaçı məcbur olub hazırki tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh 52000 manat borc pul verdiyindən cavabdeh həmin pulu qaytarmaq öhdəliyi daşıyır. Bundan başqa məhkəmə iddiaçının cavabdehdən tələb etdiyi "xxxx" QSC-dən götürdüyü kreditdən 5600 manata münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin müqavilə üzrə sonuncu üzərinə hər hansı bir öhdəlik götürməmiş, iş üzrə iddiaçı bankdan götürdüyü kreditdən cavabdehə 5600 manat verilməsini qeyd etsə də, həmin faktları təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmiş, qeyd edilən faktlar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Ona görə də iddia tələbi həmin hissədə də təmin oluna bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından göründüyü kimi tərəflər arasındakı münasibət borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləridir. Cavabdeh İddiaçı 2020-ci ildə götürdüyü borcdan 52000 manatı qaytarmamış və şifahi razılaşma üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Bu isə yuxarıda istinad olunan mülki qanunvericiliyin tələbinə əsasən borclunun icranı gecikdirməsi sayılır. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda göstərilən qaydada – qismən təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin iddiaçının birinci instansiya məhkəməsində iştirak etməməsi, onun iştirakı işin obyektiv və ədalətli araşdırılması üçün vacib olması dəlili ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. İşdən görünür ki, işə birinci instansiya məhkəməsində baxılanda iddiaçı məhkəmə iclaslarında nümayəndəsi vasitəsi ilə təmsil olunmuşdur. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini əsassız sayır. Apellyasiya şikayətinin iddiaçıya 52000 manat yox, 52000 rubl borclu olması dəlili ilə bağlı kollegiya qeyd edir ki, bir tərəfdən cavabdeh şikayətində iddiaçıda 3000 manat pulunun olduğunu, digər tərəfdən iddiaçıya 52000 rubl borclu olduğunu qeyd edir ki, bu da inandırıcı deyildir. Çünki birincisi, iddiaçının izahatından göründüyü kimi cavabdehin Rusiyaya getməsindən iddiaçının xəbəri olmamışdır. İkincisi cavabdehin iddiaçıda 3000 manat pulu olduğu halda onun iddiaçıdan 52000 rubl (təxminən 1100 manat) borc pul alması ağlabatan deyildir. Belə olan halda kollegiya apellyasiya şikayətinin həmin dəlilini də əsassız sayır. Kollegiya qeyd edir ki, cavabdeh məhkəməyə yazılı vəsatət göndərərək göstərmişdir ki, o, şikayətində iddiaçının hərbçilərə sələmə pul verdiyini və ondan da həmin sələm pullarını şişirdilmiş məbləğdə tələb etdiyini, hazırda hərbçilərlə olan səs yazılarını məhkəməyə göndərdiyini göstərmiş, kollegiya məhkəmə iclaslarını dəfələrlə təxirə salıb cavabdehi sübutların hərtərəfli araşdırılması üçün məhkəməyə dəvət etmiş olsa da, cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Kollegiya isə cavabdehin məhkəməyə göndərmiş olduğu həmin vəsatəti qətnamənin ləğv edilməsi üçün əsas olan mötəbər sübut hesab etmir. Mülki prosessual qanunvericiliyin tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, həmin şikayət təmin edilmədən Ağstafa Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2(015)-422/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası: Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2(015)-422/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar