Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-774/2025 17.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Nürəddin oğlunun Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “4188 manat məbləğində vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-77/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. İşin halları: İddiaçı mülkiyyət hüququ ilə ona məxsus fərdi yaşayış evinin və talvarın dam örtüyünün yenilənməsi məqsədi ilə cavabdehlə razılaşmışlar. Cavabdeh tərəfindən işlər görülsə də iddiaçı işlərin keyfiyyətsiz görüldüyünü iddia edərək məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 oktyabr 2024-cü il tarixli, 10/5784 nömrəli ekspert rəyinə əsasən, iddiaçının ünvan 1 ünvanında yerləşən yaşayış evinin divarları üzərində su sızma izlərinin olduğunu və çardağ tikilisinin üzərinə vurulmuş metal şiferin bezi hissələrində şiferlərinin aralı şəkildə vurulduğunu nəzərə alaaraq yaşayış evinə və çardağdan suyun axıldığı müəyyən edilmişdir. Eyni zamanda tədqiq olunan yaşayış evinin və çardağ tikilsinin üzərinə vurulmuş metal şiferin biri birindən aralı olduğunu və su keçirtmə qabiliyyəti yetərincə olmadığını nəzərə alaraq yaşayış evinin damına və çardağa vurulmuş metal şiferin bir hissəsinin sökülüb yenidən vurulması zəruri olduğu müəyyən edilmiş, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və çardaq tikilsinin dam örtüyünün bərpası üçün yerinə yetirilməli tikinti-təmir işlərinin dəyərinin bazar qiymətlərinə uyğun olaraq təqribən 4188 manat məbləğində olduğu müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsində icraat: İddiaçı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin azaltması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4188 manat dəymiş maddi ziyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında yaşayır və həmin ev xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Evində uzun müddətdirki, təmirtikinti işləri aparır. Təmirlə bağlı dəfərlərlə evində çox ustalar işləmişdir. Cavabdeh də onlardan biri olmuşdur. Onu yaşadığı rayonunda tərifli usta kimi tanıyır. Cavabdeh ilə arasında olan şifahi razılaşmaya görə o evinin damını və tavanını vurmalı, qarşılığında isə o ödəniş etməli idi. Cavabdeh işini bitirdikdən sonra o cavabdehə zəhmət haqqı olaraq, aralarında olan şifahi razılaşmaya uyğun dediyi pulu ödəmişdir. Bir müddət sonra yağış yağdığı zaman ona məlum oldu ki, evin damı cavabdeh tərəfindən yaxşı vurulmamışdır. Belə ki, yağış yağan zaman su navaçadan axaraq, evin divarlarını yarasız hala salır. O, haqlı tərəf olaraq, cavabdehə zəng etmiş, evin vəziyyəti barədə ona məlumat vermişdir. Bu vəziyyətin onun səhlənkarlığı səbəbindən baş verdiyini demişdir Cavabdeh isə cavabında ona gəlib düzəldəcəyini bildirmişdir. Lakin, aylar keçməsinə baxmayaraq, cavabdeh bir dəfə də olsun onun evinə gəlməmişdir. O mütəmadi olaraq, ona zəng etsə də cavabeh artıq onun zənglərinə belə cavab verməmiş, evinə getdiyi zaman isə ailə üzvləri onun evdə olmadığını demişdir. Ümuminəticədə o məcbur olaraq, evin təmiri üçün başqa bir usta gətirmiş və o evə ilkin baxış keçirərək, evin damının yenidən bərpa işləri üçün hazırki vaxta qədər bütün materiallar alınmaqla 5000 manat həcmində olmasını müəyyən etmişdir. Buna maddi gücü olmadığı üçün o cavabdehə yenidən müraciət etmək məcburiyyətində qalmışdır. Yenə cavabdeh onun zənglərinə cavab vermədi. Hətta bu barədə Goranboy rayon Polis Şöbəsinə müraciət etmişdir. Cavabdeh Polis Şöbəsində ifadəsi alınan zaman evin damını yenidən düzəltməyəciyini bildirmişdir. Bundan sonra Polis Şöbəsi ona müraciətinin mülki xarakterli olması barədə məktub göndərmiş və məhkəməyə müraciət etməli olduğu bildirmişdir. O da bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Cavabdehin səhlənkar hərəkətlərinə görə ona dəymiş maddi ziyan onun tərəfindən ödənilməlidir. İddiaçı məhkəmə iclasında iddia ərzəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, o, cavabdehə gördüyü işin müqabilində 3500 manat məbləğində zəhmət haqqı ödəmişdir. Hazırda evin çardağının yenidən təmirinə onun daha çox xərci çıxacaqdır. Cavabdeh məhkəmə iclasında izahatında bildirmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evinin damı onun tərəfindən normal təmir olunaraq iddiaçıya təhvil verilmişdir. Aralarındakı şifahi razılaşmaya da iddiaçı əməl etməmiş və ona verilməli olan pulun 650 manatını verməmişdir. Bundan başqa iddiaçı onun təmirindən 1 il sonra yaşadığı evə başqa ustalar gətirmiş və gətirdiyi ustaların səhlənkarlığı səbəbindən evi su basmışdır. Çardağın qüsurlu vəziyyətə düşməsinə əsas səbəb müəyyən vaxt keçdikdən sonra təmir zamanı işlədilən materialların keyfiyyətinin itməsidir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-77/2024 saylı qətnaməsi ilə (hakim T.Mustafayev) iddia təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 4188 manat məbləğində pulun tutulması, Cavabdeh dövlət büdcəsinə 61,88 manat məbləğində dövlət rüsumu tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında podrat müqaviləsi bağlanmış, cavabdeh müqavilədə nəzərdə tutulan işi icra etməyi, iddiaçı isə cavabdehə razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh işi icra etmiş və bunun müqabilində şərtləşdirilmiş muzd almışdır. Daha sonra iddiaçı görülmüş işin qüsurlu olmasını müəyyən edərək, cavabdehdən qüsurun aradan qaldırılmasını tələb etsə də, nəticə olmamışdır. Bu halla bağlı məhkəmə qeyd edir ki, əgər icra edilmiş işin qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər, podratçı da öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məlumat hazırlaya bilər, belə olan halda podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra üçün müəyyənləşdirilmiş müddətdə qüsur aradan qaldırılmazsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini podratçıdan tələb etmək hüququ vardır. Məhkəmə, cavabdehin izahatında göstərdiyi xüsusata, yəni yaranmış qüsurun onun təqsiri ucbatından yox, digər ustaların və işlədilmiş materialların keyfiyyətinin zamanla keçməsi səbəbindən baş verməsinə dair qeyd edir ki, cavabdeh bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Qeyd olunanlar baxımından qüsurun aradan qaldırılması üçün çəkilən xərcin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi məhz sadalanan dispozisiya şərtlərinin mövcudluğu halında təmin olunmalıdır. Hazırkı mülki iş üzrə iddaçının evinin çardağının təmirinin qüsurlu olması, yəni çardağa vurulmuş metal şiferin bir-birindən aralı olması və su keçirtmə qabiliyyətinin yetərincə olmaması cavabdehin icra etdiyi işin nəticəsində baş verməsi tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş CD disk və ekspert rəyinə əsasən bu qənaətə gəlmək mümkündür və iddiaçının qüsurun aradan qaldırılması üçün zəruri xərci cavabdehdən tələb etməsi qanuni və əsaslıdır. Məhkəmə mövqeyini Mülki Məcəllənin 389, 442,752,753,762 və Müılki Prosessual Məcəllənin 14, 77, 88-ci maddələri ilə əsaslandırmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri O, evin damını təmir etdikdən xeyli müddət yəni təxminən 1 il sonra digər ustaları gətirmiş və evin qarşısına çardaq (navest) örtüyü ilə təmir etdirmişdir. Həmin ustalar da su novunun uzunluğunu 25 metr və boru ölçüsü nazik olduğuna görə su axını çox olmuş və novdan suyun axınını çatdıra bilməmişdir. Bununla da iddiaçı onun işini nöqsan bilmiş və bu iddia ilə məhkəməyə müraciət etmişdir. Lakin işin qüsuru digər ustalar tərəfindən baş vermişdir. O, 2020-ci il tarixdə təmir işlərini həyata keçirmişdir. Lakin iddiaçı indi məhkəməyə müraciət etmişdir. İndiyə qədər yağış yağmamışdı ki, indi yağış yağmış və bu problemlər ortaya çıxmışdır. Məhkəmə iddiaçını dinləmiş onun ifadələrini daha mötəbər qiymətləndirmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı ilə razılaşmaya əsasən onun evinin və talvarın təmirinə 2020-ci ilin dekabr ayında başlamışdır. 2021-ci ilin yanvar ayında işi qurtarıb təhvil vermişdir. Nbundan 4-5 ay sonra iddiaçının dəvəti ilə onun evinin tavanı vurmuş və iddiaçının ona 650 manat borcu qalmışdır. O, pis usta olsaydı 4-5 ay sonra iddiaçı onu dəvət etməzdi. Onun işindən sonra iddiaçı başqa ustalar vasitəsi ilə talvarı uzatmış və talvarın novdanə 75-lik olduğundan axan suyu götürə bilməmişdir. Onun işində qüsur olmamışdır. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, cavabdeh işi qurtarıb getdikdən sonra 4-5 ay yağış yağmadı. Sonra yağış yağanda talvarın şurup bağlanan yerlərindən su buraxmağa başlamışdır. Zəng vurub dedikdən osnra gəldi və ona yapışqan aldıraraq buraxan yerləri yapışqanla doldurmuşdur. Sonra yenidə yağış yağanda talvardan və novdan su buraxmağa başlamışdır. Cavabdeh bildirmişdir ki, o işini qurtarmışdır və onun işində qüsur yoxdur. Aralarında münasibətlər pozulmuş və o məhkəməyə müraciət etmişdir. Ekspert baxış keçirdən zaman məlum olmuşdur ki, evin dam örtüyü də eyni qaydada su buraxır. Cavabdehə cəmi 100 manat borcum qalmışdır. Cavabdeh qüsurlu işini aradan qaldırmaq istəmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissəhissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Maddə 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı mülkiyyət hüququ ilə ona məxsus fərdi yaşayış evinin və talvarın dam örtüyünün yenilənməsi məqsədi ilə cavabdehlə razılaşmışlar. Bundan sonra yağış yağdığı zaman, evin və talvarın dam örtüyünün cavabdeh tərəfindən yaxşı vurulmadığı, yağış yağan zaman suyun navalçadan axaraq, evin divarlarını yarasız hala saldığı iddiaçıya məlum olmuşdur. Belə ki, iddiaçı tərəfoindən təqdim edilmiş “CD” diskdən görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin damından yağış suyu daşaraq evin divarlarına axır. Birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 oktyabr 2024-cü il tarixli, 10/5784 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış evinin divarları üzərində su sızma izlərinin olduğunu və çardağ tikilisinin üzərinə vurulmuş metal şiferin bezi hissələrində şiferlərinin aralı şəkildə vurulduğunu nəzərə alaaraq yaşayış evinə və çardağdan suyun axıldığı müəyyən edilmişdir. Eyni zamanda qeyd olunur ki, tədqiq olunan yaşayış evinin və çardağ tikilsinin üzərinə vurulmuş metal şiferin biri birindən aralı olduğunu və su keçirtmə qabiliyyəti yetərincə olmadığını nəzərə alaraq yaşayış evinin damına və çardağa vurulmuş metal şiferin bir hissəsinin sökülüb yenidən vurulması zəruri olduğu müəyyən edilmiş, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və çardaq tikilsinin dam örtüyünün bərpası üçün yerinə yetirilməli tikinti-təmir işlərinin dəyərinin bazar qiymətlərinə uyğun olaraq təqribən 4188 manat məbləğində olduğu müəyyən olunmuşdur. Ekspertiza tədqiqatın dəyəri 100 manat təşkil edir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında və apellyasiya şikayətinin məzmunununda iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və talvarın dam örtüyünü təmir tikintisini həyata keçirdiyini təkzib etməmişdir. Apellyasiya şikayətinin dəlili kimi cavabdeh təmir işlərini 2020-ci ildən həyata keçirdiyini, ötən 5 il ərzində iddiaçının məhkəməyə müraciət etmədiyini və müddət axımının çox olmasını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. İşlər 2021-ci il tarixdə görülmüş və iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İşin qəbulu ilə bağlı tərəflərin isə mübahisə mövcuddur. Belə ki, iddiaçı cavabdehə bir necə dəfə müraciət etdiyini və sonuncunun qusurların aradan qaldırılması ilə bağlı işlər gördüyünü bildirir və cavabdeh bu halı inkar etmir. Göründüyü kimi işlərin təhvili baş tutmamışdır ki, apellyasiya şikayəti qeyd edilən hissədə əsassızdır. Bundan başqa məhkəmə araşdırması zamanı ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən görülmüş işlər qüsurla yerinə yetirilmiş və ekspert rəyini digər sübutlarla qiymətləndirən məhkəmə hesab edir ki, cavabdehin hərkətləri nəticəsində iddiaçıya zyan dəymiş və bu ziyan cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, iddia tələbi və tələbin mübahisə\ləndirilən hissəsi 5000 manatdan azdır. . Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-77/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-774/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-774/2025
17.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver