Məhkəmə qərarları › İş №2(104)-775/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-775/2025

06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-775/2025 06.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X2 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı QSC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 2(061)-43/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2022-ci il tarixli ərizənin (müştəri kodu **********) surətindən görünür ki, Cavabdeh "xxxx" QSC-ə təqdim etdiyi ərizəyə əsasən 20 faiz dərəcəsi olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaq hissəsi olan 1 saylı əlavədə müəyyən olunumş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 21000 manat məbləğində kredit verilmişdir.

2. Maliyyə arayışının surətindən görünür ki, Cavabdeh "xxxx" QSC -ə olan borcu, 17452 (on yeddi min dörd yüz əlli iki) manat 35 (otuz beş) qəpik əsas, 2315 (iki min üç yüz on beş) manat 20 (iyirmi) qəpik faiz, 481 (dörd yüz səksən bir) manat 65 (altmış beş) qəpik cərimə, ümumilikdə 20249 (iyirmi min iki yüz qırx doqquz) manat 20 (iyirmi) qəpik təşkil edir.

3. xx.xx.2024-cü xəbərdarlığın surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixədək gecikdirilmiş ödəniş məbləğini banka qaytarması, kredit müqaviləsinin ləğv edilməsi təklif olunmuş, əks təqdirdə kredit müqaviləsi vaxtından əvvəl ləğv ediləciyi, onun banka olan borclu olduğu 17452 (on yeddi min dörd yüz əlli iki) manat 35 (otuz beş) qəpik əsas, 2315 (iki min üç yüz on beş) manat 20 (iyirmi) qəpik faiz, 481 (dörd yüz səksən bir) manat 65 (altmış beş) qəpik cərimə, ümumilikdə 20249 (iyirmi min iki yüz qırx doqquz) manat 20 (iyirmi) qəpik, həmçinin xx.xx.2024-cü il tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğinin məcburi alınması üçün məhkəməyə müraciət edikləcəyi, bu halda təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəməli olacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

4. Cavabdehin Cavabdeh nümayəndəsi X1 təqdim etdiyi ərizəsindən görünür ki, nümayəndə əsas və faiz borcu hissəsində iddianı qəbul etmiş, yalnız cərimə borcu hissəsində borcun azaldılmasını xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" QSC Cavabdeh qarşı borcun tutulması tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən "xxxx" QSC -in xeyrinə 17452 (on yeddi min dörd yüz əlli iki) manat 35 (otuz beş) qəpik əsas, 2315 (iki min üç yüz on beş) manat 20 (iyirmi) qəpik faiz, 481 (dörd yüz səksən bir) manat 65 (altmış beş) qəpik cərimə, ümumilikdə 20249 (iyirmi min iki yüz qırx doqquz) manat 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 150 (yüz əlli) manat 75 (yetmiş beş) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 016A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığı öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1,6667 faiz olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaq hissəsi olan 1 saylı əlavədə müəyyən olunumş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 21000 manat məbləğində kredit götürmüşdür. O, dəfələrlə ödənişi yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 3547,65 manat ödəniş etmiş və onun iddiaçıya 17452,35 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən krediyin ərizədə razılaşdırılmışkart hesabına və ya cari hesaba kömürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, o, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixdə 217 gün üçün hesablanmış faiz borcu 2315,20 manat təşkil edir. Müqavilənin 7,20-ci bəndinə uyğun olaraq borclu kredit və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0,1 faizi məbləğində cərimə ödənilməlidir. xx.xx.2024- cü il tarixə 217 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 625,81 manat təşkil edir. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh 17452 (on yeddi min dörd yüz əlli iki) manat 35 (otuz beş) qəpik əsas, 2315 (iki min üç yüz on beş) manat 20 (iyirmi) qəpik faiz, 481 (dörd yüz səksən bir) manat 65 (altmış beş) qəpik cərimə, ümumilikdə 20249 (iyirmi min iki yüz qırx doqquz) manat 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 150 (yüz əlli) manat 75 (yetmiş beş) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Tərtər Rayon Məhkəməsinin 2(061)-43/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Kamil Rzayev) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 17452 (on yeddi min dörd yüz əlli iki) manat 35 (otuz beş) qəpik əsas, 2315 (iki min üç yüz on beş) manat 20 (iyirmi) qəpik faiz, 40 (qırx) manat cərimə, ümumilikdə 19.807 (on doqquz min səkkiz yüz yeddi) manat 55 (əlli beş) qəpik məbləğində pul və ödənilmiş 150 (yüz əlli) manat 75 (yetmiş beş) qəpik dövlət rüsumu alınıb iddiaçı "xxxx" QSC-ə verilməsi, iddianın cərimə borcuna aid olan qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh dəfələrlə ödənişi yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 3547,65 manat ödəniş etmiş və onun iddiaçıya 17452,35 manat məbləğində kredit borcu qalmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması üçün heç bir tədbir görülməmişdir. Odur ki, iddiaçı sözügedən iddia ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423, 442, 449 və 467-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 78.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

10. Tərtər Rayon Məhkəməsinin 2(061)-43/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə yalnız Bankın təqdim etdiyi maliyyə arayışını əsas götürərək iddia tələbini təmin etmişdir. İş üzrə düzgün nəticəyə gəlmək üçün məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi zəruri olduğu halda, işə baxan məhkəmə bunu etməmişdir. Banka olan borcundan iddiaçı tərəfin təqdim etdiyi arayışda qeyd edildiyi kimi 3547,65 manat deyil, ən azı 10.000 (on min) manatdan artıq pul ödəmişdir. Ən azı Bankdan hesabından çıxarış alınması yolu ilə bildirdiyi öz təsdiqini tapardı. Ödədiyi məbləğlər nəzərə alınmamışdır. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmədən, borc məbləğini dəqiq müəyyən etmədən ondan yuxarı həddə pul tutulması qanunsuzdur. Ödədiyi qəbzlərin əksəriyyətini özündə saxlamasa da, bəziləri qalıb, məhkəmədə təqdim edəcəkdir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsini xahiş etmişdir. Yalnız bundan sonra, iş üzrə borc məbləği dəqiq müəyyən edilər və doğru nəticəyə gəlmək olar. Sadalananlara əsasən hesab etmişdir ki, apelyasiya şikayəti təmin edilməli və sözügedən qətnamə ləğv edilməlidir.

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, cavabdeh (apellyator) gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçı QSC məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin rədd edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

14. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

15. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

16. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.

17. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.

18. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.

19. 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın.

20. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

21. 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.

22. 746-2.1. İstehlak krediti müqaviləsi yazılı formada kağız və ya digər davamlı daşıyıcıda tərtib edilir.

23. Maddə 386.1 Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

24. Maddə 399.4 Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.

25. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

26. Maddə 425.2 Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

27. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Maddə 448.1 Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

29. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

36. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

37. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tərtər Rayon Məhkəməsinin 2(061)-43/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" QSC-ə təqdim etdiyi ərizəyə əsasən, ona 20 faiz dərəcəsi olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaq hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 21.000 manat məbləğində kredit verilmişdir. O, müqavilə öhdəliyini pozmuş, kredit müqaviləsi üzrə ödənilməsi planlaşdırılmış aylıq kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. İddiaçının təqdim etdiyi maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" QSC -ə olan borcu, 17452 (on yeddi min dörd yüz əlli iki) manat 35 (otuz beş) qəpik əsas, 2315 (iki min üç yüz on beş) manat 20 (iyirmi) qəpik faiz, 481 (dörd yüz səksən bir) manat 65 (altmış beş) qəpik cərimə, ümumilikdə 20249 (iyirmi min iki yüz qırx doqquz) manat 20 (iyirmi) qəpik təşkil edir. Ona dəfələrlə xəbərdarlıq edilmiş, gecikdirilmiş ödəniş məbləğini banka qaytarması, kredit müqaviləsinin ləğv edilməsi təklif olunmuş, əks təqdirdə kredit müqaviləsi vaxtından əvvəl ləğv ediləciyi, onun banka olan borclu olduğu 2337,04 manat məbləğində, həmçinin xx.xx.2024-cü il tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi, bu halda təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəməli olacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məbləğin düzgün hesablanmaması və məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, qanunvericiliyə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Hazırki iş üzrə iddiaçı bank tərəfindən iş materiallarına maliyyə arayışı, hesabdan çıxarış, ödəniş planı və digər əhəmiyyətli bütün sənədlər təqdim edilmişdir. Cavabdeh apellyasiya şikayətində məbləğin düzgün hesablanmaması və məhkəmə mühasibatlıq ekspertizası keçirilməsini tələb etsə də, iş materiallarında olan cavabdehin nümayəndəsi X1 birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizəsindən görünür ki, nümayəndə əsas və faiz borcu hissəsində iddianı qəbul etmiş, yalnız cərimə borcu hissəsində borcun azaldılmasını xahiş etmişdir. Göründüyü kimi, cavabdeh birici instansiya məhkəməsində əsas borc və faiz borcu hissəsində iddia tələbini mübahisələndirməmiş, əksinə qəbul etmişdir. Cərimə borcu hissəsində isə məbləğ birinci instansiya tərəfindən bütün əsaslı mənafelər nəzərə alınaraq azaldılmışdır. Ona görə də, kollegiya onun şikayətinin dəlillərini formal mülahizələr kimi qəbul edərək, hesab edir ki, apellyasiya şikayətinin hazırki dəlilləri yalnız məhkəmə qətnaməsinin icrasını yubatmaq məqsədi daşıyır.

43. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh müqavilə şərtləri ilə razı olarkən mövcud riskləri də, qəbul etmişdir. Onun öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsi kreditorun hüquqlarını pozmaqla onun mənafeyinə cidd ziyan vura bilər. Bundan başqa, işə baxan birinci instansiya məhkəməsi cavabdehin maddi durumunu nəzərə alaraq, cərimə məbləğini minimum həddə hesablamış, faiz borcunun isə tərəflər arasında müqavilənin ləğv olunduğu tarixə uyğun hesablanmasına nail olmuşdur.

44. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki hallarına uyğun olaraq, iddianın qismən təmin edilmiş hissəsində düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

Qət etdi: Tərtər Rayon Məhkəməsinin 2(061)-43/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 2(061)-43/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar