Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-777/2023 15.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X5 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alimentin artırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(125)-792/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 mart 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. AZ-İV 804334 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X2 atasl Cavabdeh anası İddiaçıdır.
2. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)- 1012/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 atasının Cavabdeh olması müəyyən edilmiş, xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 80 manat aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir.
3. 30.09.2022-ci il tarixli, MŞG/1-04823 saylı ilkin mediyasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediyasiya sessiyasından sonra prosesi davam etdirməmişlər. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə-Daşkəsən regional filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********5 saylı arayışdan görünür ki, Cavabdeh 2-ci dərəcə əlilliyə görə 180 manat sosial müavinət alır.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya sisteminin xx.xx.2023-cü il tarixli, ********** saylı məşğulluq haqqında məlumatından görünür ki, İddiaçı işsizdir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya sisteminin xx.xx.2023-cü il tarixli, ********** saylı məşğulluq haqqında məlumatından görünür ki, Cavabdeh işsizdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhər Məhkəməsinə müraciət edərək Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2018-ci ildə doğulmuş Həsənova (Nərimanova) Zeynəb İlkin qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı artırılaraq ayda 250 (iki yüz əlli) manat məbləğində müəyyən edilməsi, həmçinin ilkin mediasiya sesiyası ilə bağlı ödədiyi 50 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2017-ci ilin aprel ayında qeyri-rəsmi olaraq ailə həyatı qurmuş və birgə evliliklərindən xx.xx.2018-ci il təvəllüdlü X4 anadan olmuşdur. Evləndikdən sonra tez-tez aralarında olan mübahisələr ayrılmaqlarına səbəb olmuşdur. Son dövrdə mübahisələri daha da kəskinləşmişdir və artıq xeyli zamandır ki, ayrılmışlar. Məhz bu səbəbdən də, atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 04 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilərək, xx.xx.2018-ci ildə anadan olmuş Zeynəbin atasının Cavabdeh olması müəyyən edilmiş və cavabdehdən hər ay 80 manat alimentin alınıb ona verilməsi qət edilmişdir. Uşaq günü-gündən böyüyür və təbii ki, ehtiyacları və saxlama xərcləri də artır. Hazırkı şəraitdə 80 manatla 1 uşağa nəinki bir ay, hətta 10 gün də baxmaq mümkün deyildir. Hazırda maddi cəhətdən imkanı çox aşağıdır, işsizdir, başqa yerdən gəliri və ya qazancı yoxdur və valideyinlərinin himayəsində yaşayır. Cavabdehin isə vəziyyəti yaxşıdır, taksi fəaliyyəti ilə məşğul olur, əlavə gəlirlərləri də olur. Bundan başqa övladı Zeynəbin nitqində qüsurlar var, sərbəst danışa bilmir, yaşına görə geriləmə var, azyaşlı Zeynəbin müalicə və müayinəsi üçün təxminən 250-300 manat pul lazım olur. Lakin buna baxmayaraq cavabdeh alimentdən əlavə uşağın saxlanılması üçün hər hansı bir köməklik etmir.
9. Gəncə Şəhər Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(125)-792/2023 nömrəli qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddianın qismən təmin edilməsi, tərəflərin birgə nikahlarından xx.xx.2018-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-1012/2019 nömrəli qətnaməsi əsasında tutulan 80 manat alimentin məbləğinin artırılaraq, hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməsi və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməsi, ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin yarısının, yəni 25 (iyirmi beş) manatın Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh dövlət rüsumu hesabına 30 (otuz) manatın alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4 və 112-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(125)-792/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və ondan ölkə üzrə uşaqlar üçün yaşayış minimumu məbləğinin yarısı qədər, yəni 110 manat alimentin tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qətnamə qəbul etmişdir. Belə ki, valideynlər öz uşaqları barəsində bərabər vəzifələrə malikdirlər. Göründüyü kimi uşağın minimum yaşayış həddində təminatını nəzərə alarkən ölkə üzrə müəyyən edilmiş 220 manat məbləğin böyük hissəsi onun üzərinə qoyulması qanunvericiliyin tələbinə ziddir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə uşağın atası olmasının müəyyən edilməsi və 80 manat alimentin tutulması qət edilmişdir. Yəni uşağın əvvəlki təminatının səviyyəsi ötən 4 il ərzində bu cür müəyyən edilmişdir. Həmçinin diqqətəlayiq olan digər hallar o cümlədən onun gözdən əlil olması, görmə dərəcəsinin çox aşağı olması, ağır göz xəstəliyinin mövcudluğu qətiyyən nəzərə alınmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi qənaətinə gələrkən yalnız iddiaçının mənafeyini əsas götürmüş, işin faktiki hallarını və onun maddi durumunu nəzərə almamışdır. Belə ki, onun gözlərinin zəif olması, gözdən əlil olması nəzərə alınmamışdır. Həmçinin valideynlər uşaqların saxlanılmasında bərabər iştirak etməlidirlər, belə olan halda o yaşayış minimumu üzrə müəyyən edilən məbləğin yarısını ödəməlidir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, cavabdehlə qeyri-rəsmi nikahından olan uşaq hazırda onun himayəsindədir, onun maddi və mənəvi tələbatını o ödəyir. Uşağın saxlanılması üçün xərclər artmaqdadır, təyin edilmiş aliment məbləği isə xərclərin ödənilməsinə kifayət etmir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur.
17. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur Maddə 76.2. Valideynlərdən məhkəmə tərəfindən hər ay tutulan alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamsını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həmdə bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Uşaqların saxlanılması üçün alimentin, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarı 8.2-ci bəndində əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
19. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.
20. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği uşaqlar üçün 220 manat müəyyən edilmişdir.
21. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Uşağın maddi və mənəvi tələbətlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir.
22. Azərbaycan Respublikasında Yaşayış minimimu haqqında Qanunu Maddə 1. 2023-cü ilin yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.
23. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyası Maddə 3. Uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır.
24. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.2 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
25. MPM-in 376.1. İşdə iştirak edən şəxslərdən hər hansı biri işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədiyinə görə məhkəmə iclasına gəlmədikdə məhkəmə işə baxılmasını təxirə salır.
26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə şəhər Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(125)- 792/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Kollegiya əvvəla onu qeyd edir ki, tərəflərin qeyri-rəsmi nikahından olan uşaqlarına cavabdeh tərəfindən ödənilən alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə az olmuşdur və iddiaçı alimentin artırılması iddiası ilə məhkəməyə müraciət etmişdir. Hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşaqların normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşaqların zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşaqların minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşaqların maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan hər ay uşaq üçün 80 manat miqdarında aliment müəyyən edilməsi, hazırda uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının hər ay uşaq üçün 150 manat sabit pul məbləğində müəyyən edilməsi yetkinlik yaşına çatmayan uşağın mənafeyinə uyğundur. Həmçinin, yuxarıda qeyd olunduğu kimi nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin borcudur. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.
31. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslı deyil.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə şəhər Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(125)-792/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz.