Məhkəmə qərarları › İş №2(104)-78/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-78/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-78/2024 08.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Ülvü oğluna qarşı mülki iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması. Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Ülvü oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli 2(013)-2199/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 08 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış № MK/09261/77/19 xx.xx.2020-ci il tarixli kredit sazişindən görünür ki, həmin saziş İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 24 faiz ödənilməsi şərtilə 24 ay müddətinə 30000 (otuz min) manat məbləğində kreditin verilməsi barədə bağlanmışdır.

2. Xəbərdarlıqdan görünür ki, kreditor tərəfindən borcalana və zaminlərə kredit borcunun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir;

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 avqust 2024-cü il tarixli 9/2321 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 16 sentyabr 2020-ci il tarixdə bağlanmış MK/09261/77/19 nömrəli kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə 11832,52 manat əsas, 946,60 manat faiz borcu olmaqla, ümumi borcu 12,779,12 manat təşkil edir;

4. İddiaçı ASC məhkəməyə təqdim etdiyi 08 oktyabr 2024-cü il tarixli ərizəsində qeyd etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə borcunu tam həcmdə ödəmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Ülvü oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlərdən birgə qaydada 14252.83 manat əsas, 1299.88 manat faiz borcu olmaqla, cəmi 15552.71 manat borcun və ödənilmiş 137 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı ASC tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli Nəğd pul layihəsi müqaviləsinə əsasən bank borcluya 24 ay müddətinə, illik 24 faizlə 30000 manat kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməməmişdir.

7. Ağdam Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli 2(013)-2199/2022 nömrəli qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Ülvü oğlundan müştərək qaydada 14252.83 manat əsas borc, 1299.88 manat faiz borcu olmaqla, cəmi 15552.71 (on beş min beş yüz əlli iki manat yetmiş bir qəpik) manat kredit borcu və dövlət rüsumu qismində ödənilmiş 137 (bir yüz otuz yeddi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 470.1, 472.1, 472.2 və 739.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, 16 sentyabr 2020-ci il tarixli MK/09261/77/19 saylı kredit sazişi etibarsız əqddir. Bankdan krediti faktiki olaraq sazişdə zamin kimi göstərilən Cavabdeh4 götürmüş və kredit müqaviləsi üzrə ödənişlər onun tərəfindən həyata keçirilmişdir. Lakin, saziş imzalandığı vaxt bank tərəfindən Cavabdeh4 kredit verilməsi mümkün olmadığından saziş İddiaçı ASC ilə Cavabdeh1 arasında formal olaraq rəsmiləşdirilmiş və krediti faktiki olaraq götürən şəxs-Cavabdeh4 sazişdə zamin olaraq göstərilmişdir. Hesab edir ki, hazırki iş üzrə iddia tələbinin əsasını təşkil edən 16 sentyabr 2020-ci il tarixli MK/09261/77/19 saylı kredit sazişi iddiaçı ilə cavabdeh/zamin Cavabdeh4 arasında mövcud olan faktiki müqavilə münasibətlərini pərdələmək məqsədilə bağlandığından əhəmiyyətsiz və etibarsız əqd sayılmalıdır. Bundan əlavə məhkəmə cavabdehin iştirakını təmin etməmiş, bu səbəbdən işin hallarını tam və hərtərəfli araşdırmadan, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirmədən, tərəfləri dinləmədən, yalnız iddiaçının təqdim etdiyi maliyyə arayışı və iddia ərizəsi əsasında qətnamə çıxartmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

e) Prosessual məsələlər:

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və kredit borcunun tam olaraq ödənilmiş olması nəzərə alınmaqla müvafiq qərar çıxarılmasını xahiş etmişdir.

13. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, məhkəmə araşdırmasının davam etdiyi müddətdə tərəflər arasında barışıq danışıqları aparılmış və əldə olunmuş razılaşmaya uyğun olaraq cavabdehlər tərəfindən iddia tələbi üzrə borcun ödənilməsi təmin edilmişdir. Hazırda cavabdehlərin iddiaçıya borcu yoxdur. Ona görə də apellyasiya şikayətindən imtina edirlər və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş edirlər.

14. Digər cavabdehlər məhkəmə iclasına gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 384.0.2. apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

24. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

26. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir.

30. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli MK/09261/77/19 nömrəli kredit sazişi bağlanmış və həmin sazişə əsasən sonuncuya illik 24 faizlə 24 ay müddətinə 30000 manat kredit verilmişdir. Borcalan kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Ona görə də kreditor hazırkı tələblə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də iddia tələbini qismən təmin etmişdir.

31. Apellyasiya baxışı zamanı İddiaçı ASC-nin məhkəməyə təqdim etdiyi 08 oktyabr 2024-cü il tarixli ərizəyə əsasən müəyyən olunur ki, Cavabdeh1 kredit müqaviləsi üzrə borcunu tam həcmdə ödəmişdir.

32. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, kredit müqaviləsi üzrə borc cavabdeh (borclu) Cavabdeh1 tərəfindən tam şəkildə iddiaçıya (kreditora) ödənilmiş, bununla da iddiaçının tələbini əsaslandırdığı faktiki əsaslar aradan qalxmışdır. Bu hal da iddia tələbinin təmin edilməməsinə hüquqi əsas verir.

33. Məhkəmə kollegiyası Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətindən imtinasını qəbul etməmişdir. Belə ki, Cavabdeh1 məhkəmə iclasında iştirak etmədiyindən apellyasiya şikayətindən imtinanın hüquqi nəticələrinin ona izah olunması mümkün olmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası şikayətdən imtinanı qəbul etməmişdir.

34. İşin şərh olunan hallarını əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.

35. Bundan əlavə, apellyasiya baxışı zamanı keçirilmiş mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, həmin vəsait Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385. 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli 2(013)-2199/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Ülvü oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 137 (bir yüz otuz yeddi) manat dövlət rüsumu İddiaçı ASC-nə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar