Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-782/2024 05.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Qazax Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli 2(023)-338/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət etmişdir. Qazax Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli 2(023)-338/2024 nömrəli qərardadı ilə (hakim Nemət Musayev) İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair 2(023)-338/2024 saylı mülki işin aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə cavabdehin xahişi ilə işi baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərməkdə haqlı olmamış və uşağın mənafeyinə uyğun olmayan qərardad qəbul etmişdir. Onun qeydiyyat və yaşayış yeri Qazax rayonu Qarapapaq kəndidir. Hazırkı iddia ərizəsini də MPM-nin 36.3-cü maddəsinə əsasən, yaşayış yeri üzrə məhkəməyə vermişdir. Qazax Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli 2(023)-338/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini mülki iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin 05 fevral 2024-cü il tarixli 2(023)- 338/2024 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 08 fevral 2024-cü il tarixli 2(023)- 338/2024 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilməli, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki iş baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə müvafiq olaraq, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Nəzərə alınmalıdır ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir (Konstitusiya Məhkəməsi Plenumunun M.A.Muradovun şikayəti üzrə 2004-cü il 28 aprel tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il 28 mart tarixli Qərarları). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Konstitusiyanın norma və prinsiplərini inkişaf etdirən Mülki Prosessual Məcəllənin 4cü Fəsli ərazi aidiyyəti qaydalarını müəyyən etməklə işlərə ədalət mühakiməsinin həyata keçirilməsi şərtlərinə uyğun olaraq tam, hərtərəfli və vaxtında baxılmasının təmin edilməsinə yönəlmişdir. Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: şəxslərin məhkəməyə əlçatanlığının, işlərə ağlabatan müddətdə baxılmasının; prosessual qənaət prinsipinin, ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə müəyyən olunur. Həmin Məcəllənin 34-cü maddəsinə əsasən, məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət etmiş işə baxan məhkəmə tərəfindən cavabdehin yaşayış yeri Yevlax şəhərində olduğuna görə iş ərazi aidiyyəti üzrə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. «Yaşayış yeri» məfhumunun anlayışı qanunla müəyyən olunmuşdur. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə görə Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə görə, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən olunur. İşdən müəyyən olunur ki, İddiaçı yaşayış yeri Qazax rayonu Ağköynək kəndidir, Cavabdeh yaşayış yeri isə Yevlax şəhəridir. Mülki Prosessual Məcəllənin iddiaçının seçməsinə görə aidiyyət qaydalarından bəhs edən 36.3-cü maddəsinə görə, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Həmin Məcəllənin 36.13-cü maddəsinə görə, bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, aliment tutulması və alimentin miqdarının artırılması tələbinə dair iddialar iddiaçının seçməsinə görə onun yaşadığı yerə görə də verilə bilər (MPM-nin 36.3-cü maddəsi). Aliment ödəyən şəxs tərəfindən alimentin miqdarının azaldılması barədə iddia isə MPM-nin 35.1-ci maddəsinin tələbinə müvafiq olaraq yalnız cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın predmeti alimentin artırılması olduğundan İddiaçı hazırkı iddia ərizəsi ilə ərazi aidiyyəti üzrə Qazax Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur. İşə baxan birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almadan işin ərazi aidiyyəti üzrə cavabdehin yaşadığı yerin məhkəməsinə, yəni Yevlax Rayon Məhkəməsinə göndərilməsi qənaətinə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 398.0.1.-ci maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 33-34, 36, 263-264, 267, 398 və 402-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Qazax Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli 2(023)-338/2024 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 08 fevral 2024-cü il tarixli 2(023)-338/2024 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilsin. İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki iş baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-782/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-782/2024
05.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver