Məhkəmə qərarları › İş №2(104)-784/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-784/2025

20.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-784/2025 20.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 2(023)-102/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 20 oktyabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 26 yanvar 2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı 7000 manat məbləğində pul almış və həmin pulu xx.xx.2023-cü il tarixə kimi qaytraracağına dair öhdəlik götürmüşdür.

2. 26 yanvar 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı Cavabdeh şahidlər X3 və X4 iştirakı ilə 7000 manat məbləğində pul vermiş və həmin pulu 15 avqust 2023-cü il tarixə kimi qaytaracağına dair öhdəlik götürmüşdür.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 7000 manat və ödənilmiş 90 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh əvvəllərdən tanıdığı üçün pula ehtiyacını nəzərə alıb 26 yanvar 2023-cü il tarixdə ona 7000 manat borc vermişdir. Bu barədə öz aralarında müqavilə bağlamışlar və həmin müqavilədə Cavabdeh özüdə imza etmişdir. Borcu 2023-cü ilin avqust ayının 15-ə kimi qaytaracağına dair söz versədə aldığı borcu qaytarmamışdır. Borc verməsini şahidlər təsdiq edər.

5. Qazax Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 2(023)-102/2025 nömrəli qətnaməsi ilə (hakim E.Mansırov) iddia tələbi təmin edilərək, Cavabdeh 7000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 90 manat, cəmi 7090 manat İddiaçı xeyrinə tutulması qət edilmişdir.

6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427.3, 448.1, 448.2, 882, 1091-ci maddələri, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119, 217.4, 218.3, 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinad etmişdir.

b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşadırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, o gözdən əlildir və heç bir müqaviləyə imza etməmişdir. Hafiz adlı şəxs iddiaçının qohumudur və digər mülki işlərində də şahid kimi çıxış etmişdir. Məhkəmə isə bunları araşdırmamışdır. Əqdə imza etmiş digər şahid Akifə Məmmədova isə iddiaçının bacısıdır.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. İddiaçı apellyasiya şikayətinə etiraz vermiş və etirazı onunla əsaslandırılmışdır ki, Cavabdeh ona 7000 manat borcu olduğuna görə Qazax Rayon məhkəməsində iddia qaldırmış və iddiası təmin olunmuşdur. X6 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Şikayətin dəlillərini əsaslı saymır. Belə ki, cavabdehə şahidlərin yanında pul verib., lakin qaytarmır. Eləcədə cavabdeh gözdən əlil olmasını bildirsədə, əslində onun əlilliyi yoxdur.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları,

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, cavabdehə ümumilikdə 7500 manat vermiş, sonuncu aldığı puldan 3500 manat qaytarsada, 4000 manat qaytarmamışdır. İddiaçı bu barədə məhkəmə kollegiyasına ərizə təqdim etmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünzülüyü barədə məlumat verməmişdir. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

12. Maddə 157.2. Mülkiyyətçi özgəsinin sahibliyindən öz əmlakını geri tələb edə bilr.

13. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

14. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

15. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

20. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

21. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

22. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

23. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

24. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

29. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, 26 yanvar 2023-cü ildə İddiaçı Cavabdeh 7000 manat vermiş, sonuncuda həmin pulu 2023-cü ilin avqust ayının 15-nə kimi qaytarmağı öhdəsinə götürür və bu barədə tərtib olunmuş 26 yanvar 2023-cü il tarixli qəbzə imza edir. Eləcədə həmin qəbz digər iki şahidin imzaları ilə təsdiq olunur. Həmçinin Cavabdeh 7000 manatın alınmasına dair eyni tarixli iki ədəd ərizə formasında yazılmış sənədi də imzalayır. Cavabdeh aldığı pulu qaytarmadığından iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edir, işə baxan birinci instansiyta məhkəməsidə iddianı təmin edir.

30. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır.

31. Belə ki, kollegiya ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia”-“məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil.

32. Bu kontekstdə kollegiya nəzərə alır ki, hazırkı iddia üzrə tələb iddiaçının vermiş olduğu pulun cavabdehdən tutularaq özünə (iddiaçıya) qaytarılması barəsindədir və yuxarıda qeyd olunan prinsipə görə iddia tələbinin qanuni əsasını müəyyənləşdirmək bilavasitə məhkəmənin vəzifəsidir.

33. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin borc və əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.

34. İddiaçı iddia ərizəsində Cavabdeh 7000 manat bnorc verdiyini, sonuncuda 26 yanvar 2023-cü il tarixli qəbzdə, eləcədə ərizələrdə 7000 manat borc aldığını qeyd etsədə, lakin birinci instansiya məhkəməsində icraat zamanı Qazax Rayon Polis Şəbəsindən alınmış materiallardan müəyyən olunur ki, İddiaçı bacısı X7 əlilliyə görə təqaüd təyin edilməsinə köməklik göstərmək üçün 26 yanvar 2023-cü ildə cavabdehə 7000 manat vermişdir.

35. İddiaçının 7000 manat pul vəsaitini cavabdehə verməsi sübuta yetirilsə də, lakin yuxarıdada qeyd olunduğu kimi həmin məbləğ borc qismində verilməmişdir.

36. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları əsas götürülməlidir; belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

37. Cavcabdeh Cavabdeh apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, 26 yanvar 2023-cü il tarixli qəbzə, eləcədə iki ədəd ərizə formasında yazılan sənədə imza etməmişdir.

38. Apellyasiya baxışı zamanı Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2025-ci il tarixli 2(104)-784/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xətşunaslıq ekspertizası təyin edilmiş və mülki iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Həmin Mərkəz tərəfindən Gəncə Apellyasiya Məhkəməsinə aşağıda göstərilən formada müvafiq vəsatət daxil olmuşdur- Cavabdeh 3-5 sənəddə sərbəst xətt və imza (şəxsiyyət vəsiqəsinin, sürücülük vəsiqəsinin, ərizə, izahat və s.) və 5-10 vərəqə ekspremental xətt və imza nümünələrinin (“Bu ərəzə mənim sözlərimlə yazılıb və imzamla təsdiq edirəm, (olunur”) sözləri dəfələrlə yazdırılmaqla.

39. Daxil olmuş vəsatətə əsasən 19 avqust 2025-ci il tarixdə Cavabdeh yaşadığı Qazax rayonu Quşçu Ayrım kəndinə məktub göndərilmiş və sonuncuya xətt və imza nümunələrinin verilməsi məqsədilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati binasına gəlməsi təklif olunmuşdur. Eləcədə sonuncunun istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefon vasitəsilə onunla əlaqə saxlanılaraq bu barədə məlumat verilmişdir. Bununla belə Cavabdeh ekspertiza tədqiqatının aparılması üçün tələb olunan imza və xətt nümunələrini verməkdən imtina etmişdir. Bu səbəbdən də ekspertiza tədqiqatının keçirilməsi mümkün olmamış,məhkəmə ekspertizasının aparılmasından imtina edilərək mülki iş məhkəməyə qaytarılmışdır.

40. Halbuki, irəli sürdüyü arqumentləri sübuta yetirmək üçün bilavasitə cavabdeh həmin ekspertizanın keçirilməsində maraqlı olmalı idi. Buna baxmayaraq Cavabdeh təyin edilmiş ekspertizanın keçirilməsi üçün lazım olan imza və xətt nümunələrini verməkdən yayınaraq ekspertizanın keçirilməsində maraqlı olmamışdır.

41. Nəzərə almaq lazımdır ki, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər (MPM maddə 97.5).

42. Kollegiya həmçinin qeyd edir ki, məhkəmə-xətşunaslıq ekspertizasının təyin edilməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2025-ci il tarixli, 2(104)-784/2025 nömrəli qərardadında da MPM-nin 97.5. maddəsinin tələbləri, yəni ekspertizadan imtina etməsi və ya digər hərəkətlərlə ona mane olmasının hüquqi nəticələri izah olunmuşdur. Qeyd olunan qərardad 20 iyun 2025-ci il tarixdə cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetinə yerləşdirilmişdir.

43. Bu maddənin tətbiqi Avropa Şurası Nazirlər Komitəsinin 28 fevral 1984-cü il tarixli R(84) 5 saylı “Nazirlər Komitəsi üzv dövlətlərə mülki icraatın məhkəmə sisteminin təkmilləşdirilməsinə yönəldilmiş prinsipləri haqqında” Tövsiyəsinə də uyğundur. Həmin Tövsiyyədə, mülki işlərin məhkəmə araşdırması prosedurlarının sadələşdirilməsi barədə qeyd olunan təkliflər sırasında, hər hansı tərəfin məhkəmə araşdırması zamanı özünü insafsız tərzdə apardığı və işin araşdırmasını uzatmaq məqsədi ilə proseduru aşkar şəkildə pozduğu hallarda, məhkəmənin mübahisənin mahiyyəti üzrə qərar qəbul etmək səlahiyyətinə malik olması və ya müəyyən sanksiyalar tətbiq etməli olduğu da göstərilmişdir.

44. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Bundan əvvəldə qeyd olunduğu kimi apellyasiya icraatı zamanı iddiaçı Məhəmbbət Məmmədob ərəzə verərək bildirmişdir ki, cavabdeh verdiyi 7500 manatdan 3500 manat cavabdeh qaytarmiş, 4000 manat qaytarmamışdır. İddia ərizəsində isə iddiaçı cavabdehdən 7000 manat tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi təıləblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Hazırkı iş üzrə tələbdən kənara çıxmanın müstəsna halı mövcud deyil.

46. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alan kollegiya hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı 3500 manat ödənildiyindən cavabdehdən 3500 manat (7000- 3500=3500) alınıb iddiaçıya verilməlidir. Çünki cavabdeh iddiaçının qeyd olunan məbləğdə pul vəsaitini heç bir hüquqi əsdas olmadan özündə saxlamaqlı onun hesabına əsassız olaraq varlanmışdır.

47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Qazax Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli 2(023)- 102/2025 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı 7000 manat pul tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 3500 manat alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə iddia təmin edilməməlidir. Kollegiya həmçinin qeyd edir ki, ödənlmiş dövlət rüsumunun əvəzi qismində 45 manat cavabdehdən alınıb iddiaçıya verilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

48. İşdən görünür ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 2(023)-102/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı 7000 manat pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 3500 manat alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 45 manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar