Məhkəmə qərarları › İş №2(104)-785/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-785/2023

29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-785/2023 29.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, Tovuz Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(062)-2128/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 29 mart 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı və Cavabdeh arasında bağlanmış 31 may 2021-ci il tarixli müqavilədən görünür ki, tərəflər arasında iddiaçıya məxsus gözəllik mərkəzində cavabdeh tərəfindən xidmətin göstərilməsinə görə müqavilə bağlanılmış, bunun üçün iddiaçı 50000 manat məbləğində pulu cavabdehə vermiş, cavabdeh isə həmin pulu qəbul edərək 2023cü ilədək qaytaracağını öz üzərinə götürmüşdür. Tərəflər müqavilənin digər şərtlərini (faizlər, gəlirlər, vergi ödənilməsi və s.) mübahisələndirməmişlər.

2. 02.08.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 160 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 50000 manat pulun və ödənilmiş 160 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 31 may 2021-ci il tarixində notarial qaydada müqavilə bağlanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən birgə fəaliyyətin xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək həyata keçirilməsinə görə birinci tərəf ikinci tərəfə 50000 manat həcmində pul verir və ikinci tərəf isə bunu qəbul edir. Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən ikinci tərəf “Sevilla Baku” Gözəllik Mərkəzində xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək saç ustası kimi fəaliyyət göstərməyi və ona verilmiş məbləğin müqabilində birinci tərəfə verilən məbləğdən əlavə həmin müddət ərzində qazancından 50000 manat verməyi öz öhdəsinə götürür. Bundan başqa həmin müqavilənin 2.2.3-cü maddəsinə əsasən ikinci tərəf öhdəliyi yerinə yetirməzsə, müqavilə müddətinin etibarlı olduğu müddətdə müqavilə şərtlərini birtərəfli şəkildə pozarsa müqaviləyə görə ödəniləcək 50000 manat pulu tam olaraq müqavilə müddətindən verdiyi gəlirdən aslı olmayaraq birinci tərəfə geri qaytarmağı öz öhdəsinə götürür. Lakin cavabdeh tərəf müqavilə müddətində müqavilə şərtlərini əsassız olaraq birtərəfli pozaraq öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir.

5. Tovuz Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(062)-2128/2022 nömrəli qətnaməsi ilə (hakim Zaur Hünmətov) iddianın təmin edilməsi, 50000 manat pulun və ödənilmiş 160 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 442-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(062)-2128/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan, işin faktiki hallarına uyğun olmayan qətnamə çıxarmışdır. Belə ki, onun iddiaçı ilə notarial qaydada bağlanılmış razılaşma mövcud olsa da pandemiya səbəbindən işləyə bilmədiyi üçün həmin pulu ödəyə bilməmişdir. Xüsusi karantin rejimində gözəllik salonu işləməmilş, müştərilər olmamışdır. Bundan başqa da gözəllik salonunun yerləşdiyi ərazi də əlverişsiz şəraitdə olduğu üçün müştərilər də həmin əraziyə gələ bilməmişdir. Salonda internetin olmaması da müştərilərin həmin salona gəlməsinə mənfi mənada təsir göstərmişdir. Buna görə də o müştərilərini itirmişdir. Eyni izahatı məhkəmə iclasında verməsinə baxmayaraq məhkəmə iddiaçının iddiasını təmin etmişdir. Birinci instansiya məhkəməsi təqdim edilən sübutların mötəbərliyi düzgün araşdırılmamışdır, iddiaçının nümayəndəsinin izahatı əsas olaraq götürülmüşdür, onun izahatına isə qiymət verilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, tərəflər arasında notarial qaydada bağlanmış müqavilə vardır, cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsində cavabdeh tərəfin izahatında göstərilsə də məhkəmə həmin hallara qiymət verib qətnamə çıxarmışdır, apellyasiya şikayəti qətnamənin icrasını gecikdirməyə yönəlmişdir, heç bir əsaslı dəlil yoxdur, bununla belə iddia tələbinə dair sübut təqdim edilmiş və iddia təmin edilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

11. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə və məhkəmə bildirişini imzalayaraq almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. İddiaçı nümayəndə və vəkili vasitəsilə təmsil olunmuşdur. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

13. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

16. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

22. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

28. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Belə ki, işin müəyyən olunmuş hallarına görə, yuxarıda qeyd edilən müqavilənin tərəfləri olan hazırki iş üzrə iddiaçıya məxsus gözəllik mərkəzində iş üzrə cavabdeh tərəfindən xidmətin göstərilməsi barədə olmuşdur. Bunun müqabilində iddiaçı 50000 manat məbləğində pulu cavabdehə vermişdir. Hansı ki cavabdeh həmin pulu iddiaçıdan almasını inkar etməməklə iddianı etiraf edir. Tərəflər arasındakı razılaşmaya əsasən cavabdeh həmin pulu qəbul edərək 2023-cü ilədək qaytaracağını öz üzərinə götürmüşdür.

30. Apellyasiya şikayətinin dəlilləri iş üçün əhəmiyyəti olan faktiki halların araşdırılmaması olmaqla ölkə ərazisində pandemiya olduğundan xidmət göstərə bilməməsi və gözəllik mərkəzinin əlverişsiz yerdə yerləşməsi və mərkəzdə internet olmamasından ibarət olmuşdur. Yeri gəlmişkən qeyd edək ki, cavabdeh tərəf bu dəlilləri birinci instansiya məhkəməsinə iddia tələbinin təmin edilməməsi üçün əsaslar kimi qeyd etmiş və məhkəmə tərəfindən həmin hallara qiymət verilmişdir. Məhkəmənin haqlı olaraq qeyd etdiyi kimi sözügedən dövrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli 151 nömrəli qərarı ilə işçilərin etibarlı olan COVİD-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatının və ya COVUD-19-dan sağalaraq immunitetə malik olması təsdiq edən sənədinin olması, yaxud COVİD-19-a qarçl peyvəndə əksgöstərişi müəyyən edən əks-göstəriş sertifikatının olmasının tələb edildiyi iş və xidmət sahələrini, o cümlədən bərbərxana və gözəllik salonlarının fəaliyyətinə icazə verilmişdir. Belə olduğu halda pandemiyanın mövcudluğu səbəbindən işləyə bilməməsi kimi cavabdehin irəli sürdüyü dəlilləri məhkəmə qəbul etmir. Cavabdeh qeyd edilən səbəblərdən salona gələn müştərilərin azalmasını görsə də bununla bağlı iddiaçıya məlumat verməmişdir. Həmçinin cavabdeh müştərilərinin azalmasının məhz onun dediyi kimi pandemiya səbəbindən olmasına dair sübutu nə birinci instansiya məhkəməsinə nə də apellyasiya instansiyasına təqdim etməmişdir. Odur ki, göstərilən dəlillər əsassız olmaqla heç bir sübuta söykənmir.

31. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır. 32.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Tovuz Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(062)-2128/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar