Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-787/2023 18.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Daşkəsən Rayon Мəhkəməsinin 2(030)-470/2022 saylı mülki iş üzrə 04 noyabr 2022-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşkəsən rayonu Təzəkənd Bələdiyyəsinin keçmiş sədri Cavabdeh və üçüncü şəxs Daşkəsən rayonu Təzəkənd Bələdiyyəsinin sədri X1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən aldadılaraq ondan alınmış 3000 manat pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2006-cı ildə Daşkəsən rayonu Təzəkənd kəndində yaşayış evi tikmək üçün həmin vaxt bələdiyyə sədri olmuş Cavabdeh müraciət etmişdir. Cavabdeh ondan 3000 manat (köhnə pul ilə ******* AZM) almış və arvadı Xəyalə Abdullayevanın adına 12 sot torpaq sahəsi olması barədə imzalanmış və möhürlənmiş arayış vermişdir. Arayışda Daşkəsən rayonu Təzəkənd kəndi ərazisində “Kallvalar” adlanan sahədən avtomobil yolunun, təxminən “Qara bulağın” üst hissəsində yerləşən 12 sot torpaq sahəsi olması göstərilmişdir. Bundan sonra, o, həmin torpaq sahəsində yol açdırmış, ev tikmək üçün düzənlik sahə yaratmışdır. Lakin, maddi imkansızlıqdan ev tikdirə bilməmişdir. Bir müddətdən sonra Cavabdeh bələdiyyə sədrliyindən çıxmış və onun yerinə X2 bələdiyyə sədri seçilmişdir. Təxminən 2021-ci ildə bələdiyyə sədri Məhəmməd Cəfərovun həmin torpaq sahəsinə müştəri axtardığını eşitmiş, Məhəmməd Cəfərova torpaq sahəsini ona məxsus olduğunu, Cavabdeh həmin torpaq sahəsinə dair arayış verdiyini bildirmişdir. Lakin, Məhəmməd Cəfərov həmin arayışın əhəmiyyətsiz olduğunu, arayışın qeydiyyat kitabında qeydiyyata alınmadığını, torpaq sahəsini sənədləşdirmək üçün 3000 manat pul verməsini bildirmişdir. Lakin, pulu olmadığı üçün verə bilməmişdir. 2022-ci ilin aprel ayında Məhəmməd Cəfərov həmin torpaq sahəsini "xxxx" MMC-yə satmışdır. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daşkəsən Rayon Мəhkəməsinin 2(030)-470/2022 saylı mülki iş üzrə 04 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, şikayəti onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, 2006-cı ildə həmin vaxtı bələdiyyə sədri olan Cavabdeh köhnə məzənnə ilə 2500000manat, yəni indiki vəziyyətdə 3000 manat məbləğində pul verərək torpaq sahəsi almışdır. Həmin torpaq sahəsini 2022-ci ilin aprel ayında yeni bələdiyyə sədri X2 "xxxx" MMC-yə satmışdır. Hesab edir ki, məhkəmə işə baxarkən sübutları düzgün qiymətləndirməmiş, əhəmiyyət kəsb edən halları araşdırmamışdır. Ona görə də, Daşkəsən Rayon Мəhkəməsinin 2(030)-470/2022 saylı mülki iş üzrə 04 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv olunmasına və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilən məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh və üçüncü şəxs məhkəməyə gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək işə baxmışdır. Məhkəmə kollеgiyası iş materiallarını araşdırıb, məruzəçini və iddiaçını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı irəli sürülən iddianın təmin edilməsinə əsas verə bilən sübutları məhkəməyə təqdim edə bilmədiyindən, məhkəmə iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin uzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 88- ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həminsübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqlar üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Kollegiya göstərir ki, işə apellyasiya qaydasında baxılarkən də iddiaçı şikayətin təmin olunmasına əsas ola biləcək sübutları, yəni, iddia etdiyi məbləğdə pulu Daşkəsən rayonu Təzəkənd Bələdiyyəsinin keçmiş sədri Cavabdeh verdiyini təsdiq edə bilən mötəbər sübutları kollegiyaya təqdim etməmişdir. İddiaçı isə işin nəticəsində maraqlı olduğundan yalnız onun izahatına əsaslanmaqla irəli sürülən iddianın təmin edilməsi isə Azərbaycan Respublikasının MPM-in sübutlarla bağlı tələblərinə əsasən yolverilməzdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsaslanmaqla hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarilə haqlı olaraq iddianı təmin etməmişdir. Azərbaycan Respublikasının MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Мəhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, məhkəmə kollegiyası belə qərara gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Daşkəsən Rayon Мəhkəməsinin 2(030)-470/2022 saylı mülki iş üzrə 04 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya bu qətnamədən kassasiya şikayətinin verilməsinin mümkünlüyü məsələsini müzakirə edərək, qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinə əsasən, мülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki işdə isə iddianın qiyməti 5000 manatdan azdır və ona görə də bu qətnamədən kassasiya şikayətiverilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 402.1-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Daşkəsən Rayon Мəhkəməsinin 2(030)-470/2022 saylı mülki iş üzrə 04 noyabr 2022-ci il tarixli dəyişdirilmədən saxlansın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-787/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-787/2023
18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver