Məhkəmə qərarları › İş №2(104)-789/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-789/2025

14.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-789/2025 14.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli 2(013)-1972/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13640 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli 2(013)-1972/2024 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək Cavabdeh 13640 (on üç min altı yız qırx) manat alınaraq İddiaçı verilməsi, Cavabdeh 130 (yüz otuz ) manat 92 (doxsan iki) qəpik dövlət rüsumunun tutulması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti, eləcə də apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatət vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamənin surətini 10 noyabr 2024-cü il tarixdə almış, 30 noyabr 2024-cü il tarixdə bacısı X3, 12 yanvar 2025-ci il tarixdə anası X2 vəfat etmiş, bununla əlaqədər qətnamədən vaxtında apellyasiya şikayəti verə bilməmişdir. Ağdam Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli 2(013)-1972/2024 nömrəli qərardadı ilə (hakim Mahir Niftəliyev) Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-1972/2024 saylı qətnaməsindən Cavabdeh apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddət buraxılmasının səbəbinin üzrsüz olduğundan bərpa edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Cavabdeh şikayət verərək, qərardadın ləğv olunmasını və ərizənin təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ard-arda ailələrində baş verən faciələr səbəbindən qanunla müəyyən edilmiş müddətdə qətnamədən apellyasiya şikayəti verə bilməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə bacısı avtoqəza hadisəsi nəticəsində dünyasını dəyişmiş, bacısının faciəsinə dözməyən anası xx.xx.2025- ci il tarixdə vəfat etmişdir. İndi-indi özünə gəlir. Qətnaməni xx.xx.2024-cü il tarixdə alsa da, yuxarıda qeyd etdiyim faciəvi hadisələrdən vaxtında apellyasiya şikayəti verə bilməmişdir. Ağdam Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli 2(013)-1972/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək 7 gün müddətində işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb aşağıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmçinin həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə qəbzə şəxsən imza etməklə Ağdam Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli 2(013)-1972/2024 saylı qətnaməsinin surətini rəsmi qaydada qəbul etmişdir. Bundan sonra Cavabdeh qətnamədən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ərizənin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Cavabdeh apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. «xx.xx.2024-cü il tarixdə bacısı avtoqəza hadisəsi nəticəsində dünyasını dəyişmiş, bacısının faciəsinə dözməyən anası xx.xx.2025- ci il tarixdə vəfat etmişdir. Faciəvi hadisələrdən vaxtında apellyasiya şikayəti verə bilməmişdir» barədə cavabdehin dəlilləri də məhkəmə kollegiyası tərəfindən əsassız sayılmışdır. Ona görə ki, yuxarıda da göstərildiyi kimi cavabdeh xx.xx.2024-cü il tarixdə qəbzə imza etməklə birinci instansiya məhkəməsinin qətnaməsini rəsmi qaydada qəbul etmiş, xx.xx.2024-cü il tarixdə də qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət bitmişdir. Bir sözlə, apellyasiya şikayəti verilməsi üçün müddətin buraxılmasının səbəbi kimi iddiaçının istinad etdiyi hadisələr qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət axımı bitdikdən sonra baş vermişdir. Odur ki, ərizədə göstərilən hallar qətnamədən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası üçün üzrlü səbəb kimi qəbul edilə bilməz. Diqqətə alınmalıdır ki, X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Şikayətin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadının ləğvi üçün əsas deyildir. MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-nin 128-130, 133, 263-264, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli 2(013)-1972/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardadan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar