Məhkəmə qərarları › İş №2(104)-79/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-79/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-79/2025 04.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh1 qarşı mülki iş üzrə Açar sözlər: birgə nikah dövründə inşa edilmiş evin tikinti və təmir xərcinin bölünməsi; ər-arvadın birgə mülkiyyətinin qanuni rejimi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, Cavabdeh1 və onun etibarnamə üzrə nümayəndəsi (anası) X3 iştirakı ilə, İddiaçı1 Cavabdeh1 qarşı birgə nikah dövründə inşa edilmiş fərdi yaşayış evinə çəkilən xərcin bölünməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(125)-1736/2023 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə 04 fevral 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tərəfflər xx.xx.2008-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü Paşa və xx.xx.2013-cü il təvəllüdlü Sadiq adlı uşaqları anadan olmuşdur;

2. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin 12 avqust 2004-cü il tarixli 318 saylı qərarından görünür ki, M.Ə.Rəsulzadə bələdiyyəsnin xx.xx.2004-cü il tarixli 57 saylı qərarı ilə M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində Binəqədi şossesinin sol tərəfində yerləşən 400 kv.m torpaq sahəsi Binəqədi RİH-nin memarlıq xidməti tərəfindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə Bakı şəhəri Xətai rayonu İ.İsmaylov küçəsi ev 44 mənzil 56-da yaşayan vətəndaş X4 mülkiyyətinə verilmişdir. Sonradan həmin vətəndaş xx.xx.2004-cü il tarixli ərizə ilə M.Ə.Rəzulzadə bələdiyyəsinə müraciət edərək maddi vəziyyətinin ağır olması nəzərə alınaraq mülkiyyətində olan 400 kv.m torpaq sahəsinin 200 kv.m hissəsinin başqa şəxsin adına sənədləşdirilməsini xx.xx.2004-cü il tarixli 57 saylı qərara dəyişiklik edilməsini xahiş etmişdir. xx.xx.2004-cü il tarixli 318 saylı qərarla M.Ə.Rəzulzadə bələdiyyəsinin vətəndaş X4 mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün 400 kv.m torpaq sahəsinin satılması haqqında xx.xx.2024-cü il tarixli 57 saylı qərarında qismən dəyişiklik edilərək 400 kv.m sözünün 200 kv.m kimi oxunması qərara alınmışdır;

3. Bakı şəhəri 11 saylı notariat kontorunda təsdiq edilmiş satıcı X8 ilə alıcı Cavabdeh1 arasında bağlanmış torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2015-ci il tarixli ilkin müqavilədən görünür ki, tərəflər xx.xx.2029-cu il tarixə kimi Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 318 saylı qərarına əsasən Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində Binəqədi şossesinin sol tərəfində satıcı X1 və istifadəsində olan 200 kv.m təşkil edən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra 100 kv metr hissəsini 25000 manata alıcı Cavabdeh1 satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər;

4. Bakı şəhəri 11 saylı notariat kontorunda rəsmiləşdirilmiş xx.xx.2015-ci il tarixli 7E- 487 reyestr nömrəli etibarnamədən görünür ki, X8 tərəfindən Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 318 saylı qərarına əsasən Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin ərazi hüquqları daxilində ona ayrılmış 200 kv.m torpaq sahəsindən 100 kv.m hissəsinin istifadəsi ilə bağlı müvafiq dövlət orqanları bələdiyyələr, fiziki və hüquqi şəxslər qarşısında onu təmsil etməyi, icra strukturunda və digər qurumlarda sənədləşdirmə işləri apamaq, elektrik, qaz və su idarələrində onu təmsil etmək, kodları dəyişdirmək, elektrik, qaz və su xətlərindən istifadə etmək, vergilər, digər ödəmələri ödəmək, torpaq sahəsindən imtina ilə bağlı ərizə vermək, imza etmək, həmin torpaq sahəsinə dair istənilən hərəkətlə bağlı bütün sənədləşdirmə işləri aparmaq, o cümlədən arxiv sənədlərindən müvafiq sənəd almaq, təqdim etmək, imza etmək, həmin torpaq sahəsinin 100 kv.m təşkil edən hissəsindən imtina ilə bağlı ərizə vermək, 100 kv.m torpaq sahəsi üzərində tikinti işləri aparmaq, tikililərdən istifadə etmək, tikinti işlərini səlahiyyətli qürumlarla razılaşdırmaq, qanunvericiliklə nəzərdə tutulduğu halda torpağı və tikililəri mülkiyyətinə keçirtmək (özəlləşdirmək) bununla bağlı müvafiq dövlət orqanlarında və digər qurumlarda o cümlədən Dövlət Xəritəçəkmə və Torpaq komitəsində sənədləşdirmə işlərini aparmaq, kadastr planı almaq, lazımi sənədlər və ərizələr təqdim etmək, almaq, imzalamaq, torpaq sahəsi və torpaq sahəsinin 100 kv.m təşkil edən hissəsi üzərindəki tikililərə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-dən çıxarış və Forma 1 almaq, 100 kv.m torpaq sahəsi üzərində tikililərlə bağlı sərəncam və.s səlahiyyətlərlə bağlı 50 il müddətinə, yəni xx.xx.2065-ci il tarixədək Cavabdeh1 səlahiyyət vermişdir; Etibarnamə üzrə səlahiyyətlərin üçüncü şəxslərə ötürülməsi nəzərdə tutulmuşdur;

5. "xxxx" ASC-nin Binəqədi filialı tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 olu tərəfindən alqı-satqı təyinatı üzrə 24300 manat vəsait notariat ofisinin depozit hesabına köçürülmüşdür;

6. “Azəriqaz” İB tərəfindən verilmiş ünvan 1 ünvanına dair abonent saldosuna əsasən müəyyən olunur ki, həmin ünvana qaz sayğacı 2010-cu ilin iyun ayında çəkilmişdir;

7. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-1599/2022 nömrəli qətnaməsinə əsasən İddiaçı1 ilə Cavabdeh1 arasında bağlanmış nikah pozulmuşdur

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/4812 saylı ekspert rəyində qeyd edilmişdir ki, ünvan 4 ünvanındakı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin təmir-tikintisinə sərf olunmuş ümumi xərclərin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 25034 manat təşkil edir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə birgə təsərrüfat aparmaqla bələdiyyənin qərarı ilə cavabdehin adına işlənmiş layihə əsasında ünvan 5 ünvanda torpaq sahəsində birgə təsərrüfatları hesabına evin inşası üçün çəkilmiş 50000 manat xərcin üzərində 50 faiz pay hüququnu tanımaqla 25000 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı1 tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə xx.xx.2008-ci il tarixdə nikaha daxil olmaqla ailə qurmuş, birgə nigahlarından xx.xx.2009-cu il təvəllüdlü Paşa və xx.xx.2013-cü il təvəllüdlü Sadiq adlı uşaqları doğulmuşdur. Cavabdehlə nikahda olduqları müddət ərzində ünvan 4 ünvanda torpaq sahəsi alaraq həmin torpaq sahəsində 50000 manat xərc çəkərək fərdi yaşayış evi inşa etdirmişlər. Həmçinin cavabdehlə birgə nigahda olduqları müddətdə bir sıra avtomobillər əldə etmişlər. Həmin avtomobilin üzərində o, cümlədən qeyd olunan ünvanda yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə çəkilmiş xərc üzərində payı müəyyən edilməlidir.

11. Cavabdeh1 iddiaya etiraz verərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı1 onunla nikah dövründə Binəqədi şossesi 2-ci döngə 9 nömrəli ünvanda torpaq alıb 50000 manat xərcləməklə orada ev tikdirdiklərini iddia edir və həmin xərcin ½ hissəsini yəni 25000 manat pul tələb edir. İddiaçının bu tələbi aşağıdakı hallara görə əsassızdır. İşin həqiqəti ondan ibarətdir ki, X8 adında şəxs M.Ə.Rəsulzadə bələdiyyəsindən xx.xx.2004-cü il tarixdə 100 kv.m torpaq sahəsi alıb, 2014-ci ilə kimi həmin torpaqda 2 kiçik otaqdan və bir açıq eyvandan ibarət yaşayış sahəsi tikdirib, xx.xx.2015-ci il tarixdə həmin əmlakı 24300 manata ona, əslində isə onun anasına satmışdır. Razılaşma onun adına olsa da, lakin əmlakın alqı-satqısına görə vəsait anası tərəfindən ödənilmişdir. Onun nəinki bu kiçik evi almağa, heç ailəsini dolandırmağa yetərli pulu olmamışdır. Belə ki, bazar və mənzil kirayə haqqı çox baha olan Bakı kimi bir şəhərdə kirayələrdə yaşayan, özü də ailə üzvləri tələbə arvadından və 2 oğlan uşağından ibarət olduğu halda 700-800 manat aldığı əməkhaqqı yalnız ailəsinin bir təhərlə yaşaması üçün yetərli olmuşdur. 2015-ci ilə kimi, yəni əvvəl tələbə, sonra da işsiz olan iddiaçı ilə birgə yaşadığı 7 il müddətində həm hər ay 300-400 manat kirayə haqqı ödəməklə, həm də 4 nəfərdən ibarət ailə saxlamaqla nəinki 24300 manat, heç 1 manat da toplamaq mümkün deyil, yalnız borclara girmək mümkündür. Evin alınmasına sərf edilmiş həmin vəsait anasına məxsus olmuşdur. Bu məbləğdən əlavə anası onun ailəsinə hər ay bu və ya başqa köməklik göstərmiş, arvadının və uşaqlarının ac qalmalarına imkan verməmişdir. Evi alan vaxtdan ailəsini ora köçürüb, kirayələrdən yığışmışdır. Təxminən 1 il bundan qabaq özünə həkim işi tapandan sonra İddiaçı1 onu bəyənməmiş, özünə onun hesabına “parlaq gələcək” qurmaq üçün 50000 manata ev tikməsi barədə nağıl uydurub, Halbuki, cəmi bir sot torpaq sahəsində yerləşən ev hazır alınmış, alınandan sonra ora cəmi 100 manat dəyərində 2 plastik qapı qoyulmuşdur ki, onun pulunu da anası vermişdir. İddiaçının ev tikdirməsi barədə sözləri aşkar uydurmadır. İddia ərizəsinin mətnindən və ona əlavə edilmiş sənədlərin siyahısından aydın olur ki, iddiaçı sübutlarla yox, arxasında tam boşluq olan sözlərlə manipulyasiya edir.

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Həmidə onun qızıdır. Qızı 2015-ci ildə ev almaq üçün kömək istəmiş, o, 15000 manat pulu qızına vermişdir. Kürəkəni Taryelgil isə 10000 manat əlavə etmişdir, həmin pulu yəqin onun anası vermişdi. Həmin evə Taryelin anası, qızı və onun əri getmişdir. Evi aldıqdan sonra təmir etmişlər, demək olar ki, təmir işləri indiyədək davam edir. Təmirdə döşəməni təzələmişlər, sement-suvaq vurulub, divar kağızı vurulmuşdu. Təmir-tikintinin xərci üçün pulu o, vermişdir. Tikintidə iki otağın qarşısı, giriş tikilərək bağlandı. Taryelgil təmir üçün gələn ustaların pulunu verdi. Bundan başqa, qapılar dəyişdirilib, darvaza qalxıb, həyət bərkidildi. Təxmini 10000 manat xərc çəkilmişdir. Qızının Bakı şəhərindəki kirayə yaşadığı evə gedərək pulu orada vermişdir, Taryelin anası da pul verib, iki günə satın alıblar. Taryelgillə aralarında cehiz qarşılığında evin satın alınması və təmir-tikintisi barədə razılaşma olmamışdır. Taryelin maşını var idi, təmir-tikinti üçün yəqin onu satmışdı, işlərə onun pulunu xərcləyirdi. Təmir-tikinti materialları onunla və ya onsuz satın alınmışdır, xərci o, ödəyirdi. Əri təmir-tikinti materialının satın alınması üçün getməyib.

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, Həmidə onun qızıdır, o, Taryelə qaçaraq evləndiyi üçün münasibətləri soyumuşdu, amma arvadı qızıgilə yardım göstərirdi. Qızıgil üçün kirayə haqqı vermək əvəzinə 15000 manat verib ev almışlar, sonra əsaslı təmir etdirmişlər. 2015-2016-cı ildə 15000 manat o, 10000 manat isə oğlangil vermiş, ev alınmışdır. Ev yarımçıq tikili idi, təxminən 1 il davam edən təmirə 10000 manatdan artıq pul xərcləmişlər. Həmin evin alındığı vaxtdan yerləşdiyi torpaq bələdiyyəyə məxsus idi. Notariat ofisində kassaya 15000 manat köçürüldü, Taryelə etibarnamə verildi, evin yiyəsi də pulu kassadan çıxardı. Notariat ofisində müqavilə imzalanmamışdır. Notariat ofisində ev yiyəsi, Taryel, onun anası, qızı Həmidə və o, olmuşdur, ev sahibinə cəmi 25000 manat pul verildi. Həmin ev 2 otaqlı, qarşısında balaca dəhlizi var idi, sökülüb yenidən tikildi. Hamam, tualet, dəhliz, zal tikildi. Mətbəx əvvəlcədən var idi, sonradan birləşdirildi. Həmin pulu qızına hədiyyə vermişdir. Oğlan maşınını 3000 manata satıb suvaq vurdu, o da töküldü.

14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Taryel ilə 15 ildir həm uşaqlıq və ailəvi dostdurlar. Taryel 2015-2016-cı ildə yeni evə köçmüşdür, onların evə köçməyinə kömək etmişdir. Evin dəqiq ünvanını bilmir, harada yerləşdiyini bilir. Ev 2 otaq idi, balaca həyəti, 1 mətbəx və 1 qonaq otağı var idi. Evin divar kağızları qopmağa başlamışdır, iclas günündən təxmini 10-11 ay əvvəl həmin kağızları dəyişmişlər. Qız evdən gedəndən sonra divar kağızlarını vurmuşlar. Ev köhnə tikili idi. Evi almaq fikri barədə Taryel demişdi, bundan 1-2 ay sonra əşyaları köçürməyə kömək edən evi görmüşdü. Ev köhnə təmirli idi. Onlar köçəndən təxminən 8-9 ay sonrada getmişdi, ev eyni təmirdə idi. Qız evdən köçəndən sonra da ev eyni təmirdə idi.

15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, Taryel onun dostudur, illərdir bir-birini tanıyırlar. Taryelin yaşadığı ev Bakı şəhərində yerləşir, dəqiq ünvanını bilmir. O, hərbçi idi, Bakı şəhərində olduğu vaxt Taryel evə köçməyə kömək üçün çağırıb. O, həmin evə əşyaların köçürülməsinə kömək etmişdir. Təxmini 2015-2016-cı il idi. Ev bir mərtəbəli idi, 2 otağı var idi, onun da qarşısında bala bir otaq var idi. Təxmini 1 il əvvəl divar kağızı aparıb vurmuşdur. Ev köhnə təmirli idi. Evin ilk gördüyü vəziyyəti ilə sonuncu vəziyyəti arasında fərq yox idi, tikilişində və təmirində heç bir fərq yox idi.

16. Gəncə Şəhər Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(125)-1736/2023 nömrəli qətnaməsi ilə (hakim Xədicə Səfərli) İddiaçı1 Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

17. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1, 180.2, 1091 və 1092-ci maddələrinə, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

18. İddiaçı1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. İddiaçı1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, tələb birgə nigаh dövründə çəkilmiş хərcin bölünməsi ilə bаğlıdır. İşdə оlаn şаhidlər ifadələrində göstərmişlər ki, оnlаr iddiаçıyа pulu hədiyyə еtmişlər və iddiаçı həmin pulu əvəzsiz оlаrаq öz mülkiyyətinə çеvirdikdən sоnrа gəlir оlаrаq əldə еtməklə еvin və tоrpаğın аlınmаsındа birgə хərc çəkmişlər. Bu hаldа isə məhkəmənin tikiliyə münаsibətdə iddiа tələbini rədd еtməsi tаm оlаrаq əsаssızdır. Məhkəmə həmçinin bu hаldа müvаfiq еkspеrtizаnın kеçirilməsini təmin еtməmişdir. Bахmаyаrаq ki, bunа dаir vəsаtət məhkəməyə təqdim еdilmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları,

21. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, tərəflər 2008-ci ildə nikaha daxil olaraq ailə qurmuşlar və birgə nikahda olduqları dövrdə, yəni 2015-ci ildə torpaq sahəsi almışlar. Torpaq sahəsini aldıqları vaxtdan 2019-2020-ci ilə qədər olan dövr ərzində evin tikintisi başa çatmışdır. Torpaq sahəsinin özü 25000 manata alınmışdır. Bundan sonra isə evin tikintisinə 25000 manat xərc çəkilmişdir. Evin tikintisinə sərf olunan pul vəsaiti İddiaçı1 məxsus olmuşdur. Belə ki, İddiaçı1 həkim işləyir və kifayət qədər əməkhaqqı alır. Həmin əməkhaqqı hesabına da mübahisəli ev inşa edilmişdir.

22. Əvvəlki, məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (anası) X10 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi 25000 manata satın alınmışdır. Alqı-satqı müqaviləsində yalnız torpaq sahəsinin satıldığı göstərilsə də, lakin əslində torpaq sahəsi üzərindəki ev ilə birlikdə alınmışdır. Cəmil adlı şəxs evi torpaq sahəsi ilə birlikdə oğlu Cavabdeh1 satmışdır. Evlə birlikdə torpaq sahəsinin ümumi dəyəri 25000 manat təşkil etmişdir.

23. Hazırkı məhkəmə kollegiyasının iclasına iştirak edən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli evi torpaqla birlikdə 25000 manata almışlar. Lakin, adına rəsmiləşdirilməmişdir. İddiaçının bildirdiyi kimi evdə əsaslı təmir işləri aparılmayıb. Hazırda ev necədirsə, həmin vəziyyətdə də alınıb. Evdə yalnız kosmetik işlər görülmüş, evin divar kağızı dəyişmiş, lakin artırmalar olmayıb. Torpaq sahəsinin sahibi Cəmil Ələkbərov torpağa dair adına çıxarış almamışdır. Ailə münasibətləri pozulduğuna görə iddiaçının mübahisəli evdə yaşamasını istəmir. Çünki, birgə nikahlarından iki uşaqları var, uşaqlardan biri iddiaçının, digəri isə onun himayəsindədir. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh1 bildirmişdir ki, evdə bəzi təmir işləri görülmüşdür. Hansı ki, həmin işlərin görülməsinə ümumilikdə 5000 manat xərc çəkilmişdir. Balaca evdir, iddiaçının iddia etdiyi kimi artırmalar olmayıb. Əmlakın alqısatqısına dair ilkin müqavilə bağlanıb, alqı-satqını rəsmiləşdirmək üçün 2029-cu ilə qədər vaxtı var. Məhkəmə mübahisəsi bitdikdən sonra evi sənədləşdirəcək. 2015-ci ilin mart ayında evə köçmüşdür, 24300 manat pulu da bank vasitəsilə ödəmişdir. Evə kafel-metlak vurulub. Həmin kafeli də iddiaçının dayısı vermişdir, yalnız 200 manat civarında usta pulu vermişdir. İddiaçı ilə birlikdə yaşadığı zaman evin otaqlarının divar kağızını dəyişmişlər, ev nəm çəkdiyi üçün ayrıldıqdan sonra bir dəfə də divar kağızlarını dəyişdirmişdir. Bundan başqa evin giriş hissəsinə taxta vurulub, üstündən döşəmə vurulub, 1 otağın döşəməsi sıyrılıb, lak çəkilib. Elektrik, su, kanalizasiya əvvəlcədən olmuşdur. Duş dəsti əvvəlcədən var idi, xarab olduğuna görə dəyişdirilmişdir. Həyətə daş döşənib, darvaza qoyulmuş, plastik qapı-pəncərələr quraşdırılmışdır. Bundan başqa heç bir iş görülməmişdir. Cavabdeh1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

24. Hazırkı məhkəmə kollegiyasının iclasına iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (anası) X10 apellyasiya şikayətini qəbul etmədiyini və məhkəmə kollegiyasının iclasında verdiyi əvvəlki izahatına əlavəsi olmadığını bildirərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

25. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər.

27. Maddə 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər.

28. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

29. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.

30. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.

31. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

32. Maddə 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

33. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

34. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

35. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

36. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

37. Maddə 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər.

38. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

39. Maddə 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.

43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 384.0.2. apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

46. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

47. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

48. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

49. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına ailə və mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli, Cavabdeh1 15525,50 manat tutularaq İddiaçı1 verilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

51. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər xx.xx.2008-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü Paşa və xx.xx.2013-cü il təvəllüdlü Sadiq adlı uşaqları anadan olmuşdur. Daha sonra ailədaxili narazılıqlara görə tərəflər ayrılmışlar və məhkəmə qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur. Bununla yanaşı müəyyən olunur ki, xx.xx.2015-ci il tarixdə, yəni tərəflərin birgə nikah dövründə satıcı X8 ilə alıcı Cavabdeh1 arasında torpaq sahəsinin alqısatqısına dair xx.xx.2015-ci il tarixli ilkin müqavilə bağlanmış və müqavilə tərəfləri xx.xx.2029-cu il tarixə kimi Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 318 saylı qərarına əsasən Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində Binəqədi şossesinin sol tərəfində satıcı X1 və istifadəsində olan 200 kv.m təşkil edən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra 100 kv metr hissəsini 25000 manata alıcı Cavabdeh1 satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. Bu məqsədlə alıcı Cavabdeh1 tərəfindən satıcıya 24300 manat vəsait ödənilmişdir. Satıcı da öz növbəsində alıcı Cavabdeh1 həmin əmlaka dair sahiblik, istifadə və sərəncam hüquqlarını özündə əks etdirən 50 il müddətinə etibarnamə vermişdir. İddiaçı1 həmin fərdi yaşayış evinin birgə nikah dövründə ümumi ailə gəlirləri hesabına 50000 manata inşa edildiyini (torpaq sahəsi ilə birgə) əsas gətirərək həmin xərclərin yarısının cavabdehdən tutulması tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də iddia tələbini təmin etməmişdir.

52. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.

53. Tərəflərin mübahisə predmetinə çevirdiyi fərdi yaşayış evi özbaşına tikinti olmaqla, həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb və tərəflərin həmin ev üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməyib. Lakin, həmin ev fiziki obyekt olaraq özündə tərəflərin əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərə malikdir və ev cavabdehin faktiki sahibliyindədir.

54. Nəzərə almaq lazımdır ki, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti qanunla müəyyən olunmuş qaydada sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından mərhum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır (Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Plenum Qərarı).

55. İşin müəyyən edilmiş və faktiki hallarından aydın olur ki, tərəflər xx.xx.2008-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar və mübahisəli əmlak tərəflərin birgə nikah dövründə (xx.xx.2015-ci il) Cavabdeh1 tərəfindən əldə edilmişdir.

56. İddiaçı1 mübahisəli əmlakın onların vəsaiti hesabına inşa edildiyini iddia etsə də, işin faktiki halları ilə bu hal öz təsdiqini tapmamış, habelə iddiaçı tərəfindən də bu barədə məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahidlər X5 və X6 ifadələri iddianın həlli baxımından mötəbər sübut hesab edilə bilməz. Ona görə ki, adları qeyd olunan şahidlərdən iddiaçının valideynləridir. Bu halda həmin şahidlərin işin iddiaçının xeyrinə həllində maraqlı olmaları istisna edilən hal deyil.

57. Bununla belə, cavabdeh tərəfin iddiaya etiraz ərizəsi, o cümlədən apellyasiya baxışı zamanı verdiyi izahatla mübahisəli əmlakın torpaq sahəsi ilə birlikdə 24300 manata alındığı müəyyən edilmişdir. Habelə cavabdeh tərəfin hazırkı məhkəmə iclasında verdiyi izahatla (bax qətnamənin 23-cü bəndi) müəyyən edilmişdir ki, tərəflərin birgə nikah dövründə sözügedən əmlakda bir sıra təmir işləri aparılmışdır. Belə ki, evin divar kağızı dəyişmiş, evə kafel-metlak vurulmuş, evin giriş hissəsinə taxta, üstündən də döşəmə vurulmuş, 1 otağın döşəməsi sıyrılmış və lak çəkilmiş, duş dəsti dəyişdirilmiş, evin həyətə daş döşənmiş və darvaza qoyulmuşdur.

58. Məsələnin obyektiv tədqiqi baxımından diqqət yetirilməli hallardan biri də odur ki, işə əlavə edilmiş “Azəriqaz” İB tərəfindən verilmiş ünvan 1 ünvanına dair abonent saldosuna əsasən müəyyən olunur ki, həmin ünvana qaz sayğacı 2010-cu ilin iyun ayında quraşdırılmışdır.

59. Məhkəmə kollegiyası işin şərh olunan hallarını ağlabatan məhkəmə mühakiməsi əsasında tədqiq edərək cavabdehin səmimi olduğu və həqiqəti bəyan etdiyi qənaətinə gəlmişdir. Çünki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli ilkin alqı-satqı müqaviləsi ilə ünvan 9 ünvanındakı 100 kv.m torpaq sahəsi 24300 manata alınarkən üzərində mübahisəli fərdi yaşayış evinin də mövcud olduğunu bildirmişdir. İşdəki sənədlərlə də həmin ünvana qaz sayğacının 2010-cu ilin iyun ayında quraşdırıldığı müəyyən edilmişdir ki, işin bu halı da 2010-cu ildən həmin ünvanda yaşayış sahəsi olduğuna və əmlakdan yaşayış məqsədilə istifadə edilmiş olduğuna dəlalət edir. İddiaçı1 isə mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin xx.xx.2015-ci il tarixdə onlar tərəfindən alındığını və bundan sonra öz hesablarına 50000 manat vəsait sərf edərək ev inşa etdirdiklərini iddia etdiyi halda, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə, işin müəyyən edilmiş və faktiki halları ilə iddia tələbinin əsaslandırıldığı hallar təkzib edilmişdir.

60. Yuxarıda aparılan təhlilin yekunu olaraq məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi tərəflərin birgə nikah dövründə inşa edilməmişdir. Həmin ev xx.xx.2015-ci il tarixli ilkin alqı-satqı müqaviləsi ilə ünvan 9 ünvanındakı 100 kv.m torpaq sahəsi ilə birlikdə alqı-satqı predmeti olmuşdur.

61. Bundan əlavə, mübahisəli əmlakda görülmüş təmir və tikinti işlərinin dəyərinin müəyyən edilməsi məqsədilə apellyasiya baxışı zamanı iş üzrə tikinti-texniki və torpaqşünaslıq ekspertizaları təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/4812 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, əmlakın təmir-tikintisinə sərf olunmuş ümumi xərclərin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 25034 manat təşkil edir.

62. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur.

63. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

64. Məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut olaraq qiymətləndirir və qeyd edir ki, rəyin obyektivliyini şübhə altına alacaq hər hansı hal mövcud deyildir. Digər tərəfdən də nəzərə almaq lazımdır ki, iş üzrə tərəflərin də ekspert rəyi ilə bağlı hər hansı arqumenti olmamışdır.

65. Ekspert rəyinin təsviri hissəsində mübahisəli əmlakda hansı təmir-tikinti işləri aparıldığı və bu işlərin görülməsinə hansı məbləğdə xərc çəkildiyi göstərilmişdir. Nəzərə almaq lazımdır ki, tərəflər mübahisəli əmlakı əldə edərkən ev yaşayış məqsədilə istifadə edilmiş əmlak olmuşdur. Yəni, evin əvvəlki mülkiyyətçisi tərəfindən də əmlakda müəyyən təmir işləri aparılmışdır. İddiaçı1 əmlakda aparılmış təmir işlərindən hansının Cavabdeh1la birgə nikah dövründə onlar tərəfindən həyata keçirildiyi barədə məhkəməyə sübut təqdim etməmişdir. Lakin, yuxarıda da göstərildiyi kimi Cavabdeh1 hazırkı məhkəmə iclasında verdiyi izahatla müəyyən edilmişdir ki, tərəflərin birgə nikah dövründə mübahisəli evin divar kağızı dəyişmiş, plastik qapı-pəncərələr quraşdırılmış, evə kafel-metlak vurulmuş, evin giriş hissəsinə taxta, üstündən də döşəmə vurulmuş, 1 otağın döşəməsi sıyrılmış və lak çəkilmiş, duş dəsti dəyişdirilmiş, evin həyətinə daş döşənmiş və darvaza qoyulmuşdur. Ekspert rəyinin təsviri hissəsindən isə aydın olur ki, evin divar kağızının dəyişdirilməsinə görə (700+476+45=1221) 1221 manat, kafel-metlak vurulmasına görə (300+150+300+70=820) 820 manat, evin giriş hissəsinə taxta, üstündən döşəmə vurulmasına görə (228+252+684+252+125+350+500=2391) 2391 manat, duş dəstinə görə 260 manat, evin həyətinə daş döşənməsinə görə (322+500+52=874) 874 manat, darvaza quraşdırılmasına görə 800 manat, plastik qapı-pəncərələrin quraşdırılmasına görə isə 385 manat, ümumilikdə 6751 manat vəsait sərf edilmişdir.

66. Beləliklə müəyyən edilmişdir ki, tərəflərin birgə nikah dövründə mübahisəli əmlakın alınmasına görə 24300 manat, təmir xərclərinə görə isə 6751 manat, ümumilikdə 31051 manat vəsait sərf edilmişdir.

67. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan fərdi yaşayış evi tərəflərin birgə nikah dövründə ümumi ailə gəlirləri hesabına əldə edilmiş, habelə evdə yuxarıda göstərilən təmir işləri aparılmışdır. Tərəflər birgə nikah dövründə mənzil ehtiyaclarını qarşılamaq məqsədilə ümumi ailə gəlirləri hesabına ümumilikdə 31051 manat vəsait sərf etməklə həmin əmlakı əldə etmişlər. Lakin, sonradan onlar arasındakı narazılıqlar səbəbindən nikahları pozulmuş və ayrılmışlar. Nəticədə isə İddiaçı1 birgə nikah dövründə ümumi ailə gəlirləri hesabına əldə edilmiş mənzildən istifadə imkanlarından məhrum olmuşdur. Ona görə də mübahisəli əmlakın əldə edilməsi üçün ödənilmiş 31051 manat vəsaitin ½ hissəsi 15525,50 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

68. Cavabdeh1 iddia ilə bağlı arqumenti ondan ibarət olmuşdur ki, həmin vəsait onun adından əmlakın satıcısına ödənilsə də, əslində sözügedən pul vəsaiti öz qazancı olmamış, həmin vəsait anası tərəfindən ona verilmişdir.

69. Cavabdeh tərəfin bu arqumentləri məhkəmə kollegiyası tərəfindən əsassız sayılmışdır. Ona görə ki, qanunverici birgə nikah dövründə ər-arvadın əldə etmiş olduğu əmlakın ümumiliyi prezumpsiyasını qəbul etmiş, ümumi birgə mülkiyyət ər-arvadın əmlakının qanuni rejimi olaraq tanınmışdır. Nikah dövründə əldə edilmiş əmlakın şəxsi əmlak olduğunu, o cümlədən əvəzsiz əqd əsasında əldə edilmiş vəsait hesabına alınmış əmlak olduğunu iddia edən tərəfin bunu təsdiqləyən kifayət qədər mötəbər, bariz sübutları əsasında həmin əmlakın şəxsi əmlak olduğu təsdiq edilə bilər.

70. «E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2023-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması ilə bağlı tələbin sübutetmə şərti kimi nəzərdə tutulmaması ər-arvadın əmlakının ümumiliyi prezumpsiyası baxımından Konstitusiyanın 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olmayan hesab edilsin.

71. Hazırkı işdə isə iddiaya etiraz edən tərəf cavabdehdir və etirazının əsası kimi istinad etdiyi halları sübut etmək yükü də bilavasitə onun üzərinə düşsə də, lakin o, sübutetmə öhdəliyinin öhdəsindən gələ bilməmiş və irəli sürdüyü arqumenti təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir.

72. Nəzərə almaq lazımdır ki, ailə hüquq münasibətlərini yaradan önəmli hüquqi fakt olan nikah kişi ilə qadının qanunla nəzərdə tutulan qaydada ailə qurmaq üçün bağladığı azad və könüllü ittifaqıdır. Nikahın bağlanması faktı ilə ər və arvadın şəxsi və əmlak xarakterli subyektiv hüquqları və vəzifələri yaranır.

73. Ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

74. İşin şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 15525,05 manat tutularaq İddiaçı1 verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

75. Həmçinin işdən müəyyən olunur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 166 (bir yüz altmış altı) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən 136,58 (bir yüz otuz altı manat əlli səkkiz qəpik) manat tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalıq məbləği iddiaçının özünə aid edilməlidir. Bundan əlavə, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Kollegiya həmçinin hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat vəsait cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir.

76. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(125)-1736/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh1 15525,50 (on beş min beş yüz iyirmi beş manat əlli qəpik) manat tutularaq İddiaçı1 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 136,58 (bir yüz otuz altı manat əlli səkkiz qəpik) manat Cavabdeh1 tutularaq İddiaçı1 ödənilsin. Ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar