Məhkəmə qərarları › İş №2(104)-792/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-792/2024

19.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-792/2024 19.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli 2(030)-664/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 iyun 2011ci il tarixdə anadan olmuş X7 və 29 iyun 2013-cü il tarixdə anadan olmuş X1 üçün təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay Cavabdeh hər uşağa 220 manat olmaqla cəmi 440 manat məbləğində aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daşkəsən Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli 2(030)-664/2023 nömrəli qətnaməsi ilə (hakim Mustafa Mustafayev) iddia qismən təmin edilərək, Daşkəsən Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli 2(030)–130/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılması; 20 iyun 2011-ci ildə anadan olmuş X7 və 29 iyun 2013-cü ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat məbləğində aliment tutulub İddiaçı ödənilməsi; İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 55 (əlli beş) manat mediasiya xərcinin 27.50 (iyimi yeddi manat əllik qəpik) manatının Cavabdeh alınıb İddiaçı verilməsi; İddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 09 fevral 2011-ci ildə Daşkəsən rayon Qeydiyyat şöbəsində 19 saylı akt qeydi ilə nikah qeydə aldırmışlar. Birgə nikahlarından 20 iyun 2011-ci il tarixdə Lalə və 29 iyun 2013-cü il tarixdə Əli adlı iki uşaqları doğulmuşdur. Daşkəsən Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli 2(030)- 130/2019 saylı qətnaməsi ilə həmin məhkəmənin 25 aprel 2016-ci il tarixli 2(030)– 199/2016 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılmış, 20 iyun 2011-ci il tarixdə doğulmuş X7 və 29 iyun 2013-cü ildə doğulmuş X5 maddi təminatı üçün hər ay Cavabdeh hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qət edilmişdir. Uşaqlar böyüdükcə onların maddi və digər tələbatları artır. Təyin edilmiş alimentlə uşaqlarının maddi tələbatını ödəməkdə çətinlik çəkir. Hazırda cavabdeh işləyir və 1000 manat məbləğində əməkhaqqı alır. Cavabdeh uşaqlarının saxlanılması üçün alimentdən başqa heç bir köməklik göstərmir. İş materiallarında olan: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 20 iyun 2011-ci il tarixdə Daşkəsən rayonu Quşçu kəndində anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Aşağı Daşkəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında 07 iyul 2011- ci il tarixdə 16 nömrəli qeyd edilmişdir; Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 29 iyun 2013-cü il tarixdə Daşkəsən şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Aşağı Daşkəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında 07 iyul 2011ci il tarixdə 16 nömrəli qeyd edilmişdir; Daşkəsən Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli 2(030)-130/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Daşkəsən Rayon Məhkəməsinin 12 iyul 2016-cı il tarixli 2(030)–199/2016 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılması, 20 iyun 2011-ci ildə anadan olmuş X7 və 29 iyun 2013-cü ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa 100 (bir yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi, aliment tələbi üzrə Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub Azərbaycan Respublikası Mərkəzi Bankı - X8 ödənilməsi qət edilmişdir; Gəncə 1 saylı Mediasiya təşkilatının ilk mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 28 sentyabr 2023-cü il tarixli MŞG-03112 nömrəli arayışdan görünür ki, İddiaçı “alimentin artırılması tələbinə dair” müraciətinin yeri və vaxtı barədə əvvəlcədən məlumatlandırılan Cavabdeh mübahisə üzrə 28 sentyabr 2023-cü il tarixdə saat 15:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişdir. Lakin tərəflər razılığa gəlməmişlər. İddiaçı Cavabdeh mediasiyanın tətbiqi barədə 08 iyun 2023-cü il tarixli təklif məktubu göndərilmişdir. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 55 manat məbləğində mediasiya xərci ödənilmişdir. Elektron məhkəmə sistemindən görünür ki, Cavabdeh "xxxx" QSC-də quraşdırıcı çilingər vəzifəsində işləyir və 1215.2 manat əməkhaqqı alır; Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, əvvəlki məhkəmə qərarları ilə alimentin 200 manat miqdarında təyin olunmasına etiraz etməmişdir. Nəzərə alınsa ki, onun da dolanışığı, ehtiyacları və tələbatları var, bu zaman həmin məhkəmənin də qeyd olunan miqdardan da az aliment məbləğinin tutulmasını təmin etmək zərurəti olardı. Bundan başqa, iddiaçı ilə boşandıqdan sonra başqa xanımla nikaha daxil olaraq ailə qurmuşdur və həmin nikahdan 31 yanvar 2022-ci il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Ailə vəziyyətində dəyişiklik olmasından başqa ikinci nikahdan olan qızı Zeynəb yuxarı tənəffüz yollarının çox lokalizasiyalı digər kəskin infeksiyaları, baş beyinin digər zədələnmələri, Anemiya. İnkişaf etapların ləngiməsi Hipatrofiya xəstəliyindən əziyyət çəkir və mütəmadi müalicə alır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, qızıl mədənind işləyir və 1215 manat əməkhaqqı alır. İddiaçı ilə boşandıqdan sonra başqa qadınla nikaha daxil olaraq ailə qurmuşdur və həmin nikahdan bir uşağı dünyaya gəlmişdir. İddiaçı ilə birgə nikahlarından anadan olmuş uşaqların saxlanılmasına görə hər ay 400 manat aliment ödəmək onun üçün çətindir. İddiaçı da işləyir və uşaqların saxlanılmasında o da məsuliyyət daşıyır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) X3 da nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, xadiməçi işəyir və 300 manat əməkhaqqı alır. Bundan başqa gəliri yoxdur. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdeh apellyasiya şikayətində qətnamənin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin şikayətin məzmunundan görünür ki, qətnamə iddianın təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Ona görə də kollegiya hesab edir ki, qətnamənin əsaslılığı yalnız həmin hissə üzrə yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh aralarındakı nikahı 09 fevral 2011-ci ildə Daşkəsən rayon Qeydiyyat şöbəsində 19 saylı akt qeydi ilə qeydə aldırmışlar. Birgə nikahlarından 20 iyun 2011-ci ildə X7 və 29 iyun 2013-cü ildə X9 doğulmuşdur. Sonradan ailə münasibətləri pozulduğundan tərəflər ayrılmışlar və məhkəmə qətnaməsinə əsasən onlar arasındakı nikah pozulmuş və birgə nikahlarından anadan olmuş uşaqlar İddiaçı himayəsində qalmışdır, eləcə də uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmuşdur. Daşkəsən Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli 2(030)-130/2019 saylı qətnaməsi ilə həmin məhkəmənin 12 iyul 2016-cı il tarixli 2(030)–199/2016 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılması, 20 iyun 2011-ci ildə anadan olmuş X7 və 29 iyun 2013- cü ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa 100 (bir yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı həmin məbləğin uşaqların saxlanılması üçün kifayət etmədiyini bildirir və müəyyən olunmuş alimentin artırılmasını tələb edir. Cavabdeh isə bildirir ki, yenidən nikaha daxil olaraq ailə qurmuşdur və həmin nikahdan bir uşağı dünyaya gəlmişdir. Ona görə də iddiaçının himayəsində olan uşaqların saxlanılması üçün müəyyən olunmuş aliment məbləği artırılmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri valideynin aliment, habelə məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2023-ci ildə uşaqlar üçün yaşayış minimumu 220 manat təşkil edir. Sadalanan hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, aliment müəyyən olunan vaxtdan sonra uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılaraq 2023-ci il üçün 220 manat müəyyən edilmişdir. Hazırda hər ay hər uşaq üçün cavabdehdən tutulan 100 manat sabit pul məbləğində alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və uşaqların saxlanması üçün yetərli deyildir. Uşaqların yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmuşdur. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərinin hər biri tərəfindən ödənilməlidir. Valideyn (işləmədikdə belə) uşağın normal maddi təminatını ödəməyə, uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən cavabdehə müəyyən olunan alimentin miqdarı qanunauyğun və əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşaqların maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 200 manat məbləğdə müəyyən edilməsini uşaqların mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolverilən hesab edir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən alimentin miqdarının dəyişdirilərək hər ay hər uşaq üçün 200 manat müəyyən edilməsini əsaslı və qanuni sayır. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğvi üçün əsas deyil. Belə ki, məhkəmə kollegiyası cavabdehin 1215 manat əməkhaqqı almasını, habelə başqa şəxslə ailə münasibətlərindən azyaşlı uşağının olması barədə işin hallarını nəzərə alaraq iddiaçının himayəsində olan uşaqlar üçün hər ay ümumilikdə 400 manat aliment tutulmasını yolverilən hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. İşə baxan məhkəmə yoxlanılan hissədə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, yoxlanılan hissədə qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddia tələbi qismən təmin edildiyindən hər ay cavabdeh tərəfindən ödənilməli olan sabit pul məbləğində alimentin artırılmış hissəsinin bir il ərzində məcmusu 2400 manat təşkil edir. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Daşkəsən Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli 2(030)-664/2023 nömrəli qətnaməsi yoxlanılan, yəni iddianın təmin olunması hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul olunduğu andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar