Məhkəmə qərarları › İş №2(104)-795/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-795/2023

29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-795/2023 29.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: borcun silinməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi İddiaçı iştirakı ilə, Şəmkir Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(076)-2842/2022 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayətinə 29 mart 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2019-cu il tarixli ******* saylı aktdan görünür ki, həmin tarixdə abonentin sayğacına baxış keçirilərkən Şəmkir şəhəri, Səttarxan küçəsində yerləşən istehlakçı İddiaçı Məhəmməd oğluna məxsus ünvanda yoxlama zamanı sayğacın plastmas qapağının yan tərəfində iz, sayğacın hesablama mexanizminin qapağının yan tərəfinin əzilməsi və daxili qulaqcıqlarında kəsilmə izləri aşkarlanmaqla sayğaca müdaxilə edilməsi müəyyən edilmişdir.

2. İşdə olan abonentin saldosundan görünür ki, 2022-ci ilin avqust ayına ünvan 1 ünvanında olan abonent İddiaçı Məhəmməd oğlunun adına 1776.30 manat borc hesablanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, 31 oktyabr 2019–cu il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1108.80 (bir min yüz səkkiz manat səksən qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. “Azəriqaz” İB-nin əməkdaşları onu məlumatlandırmadan 31 oktyabr 2019-cu il tarixdə ona məxsus sayğaca baxış keçirmiş, guya sayğaca müdaxilə aşkarlandığı üçün tarixdə ******* nömrəli akt tərtib etmişlər. Eləcə də, həmin akt əsasında ona borc hesablamışlar. Hazırda həmin borcu qanunsuz hesab edir. Belə ki, o, istehlakçı kimi istifadə etdiyi qazın dəyərini vaxtlı-vaxtında ödəmiş, eləcə də sayğaca hər hansı müdaxilə etməmişdir. Bundan başqa, “Azəriqaz” İB-nin əməkdaşları 31 oktyabr 2019-cu il tarixdə akt tərtib edərkən yaşadığı evdən heç kəsi, o cümlədən onu dəvət etməmiş, sayğaca onun iştirakı olmadan baxış keçirərək qanunsuz akt tərtib etmişlər. Bununla da cavabdeh tərəfindən onun hüquqları pozulmuş, habelə barəsində əsassız akt tərtib edilərək, ona borc hesablanmışdır. Hazırda “Azəriqaz” İB-nin əməkdaşları ondan 1108.80 manat borcun ödənilməsini tələb edir və əks halda elektrik enerjisinin verilişini dayandıracaqlarını bildirirlər. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır.

5. Şəmkir Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(076)-2842/2022 nömrəli qətnaməsi ilə (hakim Könül Məmmədov) iddianın təmin edilməsi, cavabdeh “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş 31 oktyabr 2019-cu il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1108.80 (bir min yüz səkkiz manat səksən qəpik) manat məbləğində borcun silinməsi qət edilmişdir.

6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydalarının 4.2, 4.8, 4.9, 5.5, 6.7-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdehin nümayəndəsi X1 apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(076)-2842/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçının istismarında olan qaz sayğacının işləmədiyi işin mübahisəsiz halıdır və iddiaçıya xx.xx.2019-cu il tarixdə qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında 1108.80 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Abonentin ünvanına quraşdırılmış, sonradan abonent tərəfindən müdaxilə olunmuş qaz sayğacı əhali qrupuna aid olduğundan ilkin quraşdırılması “Azəriqaz” İB-nin hesabına aparılmışdır. Lakin sayğacın işlək vəziyyətdə saxlanılması abonent tərəfindən təmin edilməmiş, ona görə də ünvanda sayğaca müdaxilə halı qeydə alınmışdır. Sayğaca müdaxilə tarixi qeyri-müəyyən olduğundan müdaxilə halı aşkarlandığı vaxtdan 90 günlük hesabat aparılmışdır. Buna baxmayaraq məhkəmə 2019cu ilin noyabr ayında müəyyən edilmiş 1108.80 manat dəymiş ziyan məbləğinin tam olaraq silinməsini qət etmişdir. İddia tələbinin ilk hissəsində qeyd edilən 2022-ci ilin aprel ayında hesablanmış borc məbləği sayğaca qanunsuz müdaxilə nəticəsində abonent tərəfindən məsrəf edilmiş qaza görə hesablanmışdır və mövcud qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

11. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə və məhkəmə bildirişini imzalayaraq almasına baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydaları

14. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

15. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

16. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

21. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

22. 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

23. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

24. Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

25. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayır.

26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.

28. Belə ki, işin müəyyən olunmuş hallarına görə, iddiaçı İbrahimov X2 şəhəri, Səttarxan küçəsi 115 ünvanında “Azəriqaz” İB-nin xidmət dairəsində öz adına qeydə alınmış təbii qaz sayğacından istifadə edir. Həmin ünvanda istifadə edilən sayğaca xx.xx.2019-cu il tarixdə baxış zamanı sayğacın plastmas qapağının yan tərəfində iz, sayğacın hesablama mexanizminin qapağının yan tərəfinin əzilməsi və daxili qulaqcıqlarında kəsilmə izləri aşkar olunmuş, bu səbəbdən “Azəriqaz” İBnin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixli ******* saylı akt tərtib edilmişdir. Həmçinin, həmin akta əsasən istehlakçıya 1108.80 manat borc hesablanmışdır.

29. Cavabdeh apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, iddia tələbinin ilk hissəsində qeyd edilən 2022-ci ilin aprel ayında hesablanmış borc məbləği sayğaca qanunsuz müdaxilə nəticəsində abonent tərəfindən məsrəf edilmiş qaza görə hesablanmışdır və mövcud qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir. Lakin cavabdeh tərəf aşkarlanmış qüsurun iddiaçı tərəfindən törədilməsinə dair hər hansı sübut təqdim edilməmişdir, belə olan halda iddiaçıya qaz itkisinə görə pul hesablanması yolverilməzdir.

30. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırki işin hallarına münasibətdə əsassız olmaqla təsdiqini tapmamışdır.

31. Hazırki iş üzrə çıxarılan qətnamədən (qətnamənin mübahisələndirilən hissəsi iddianın qiyməti beş min manatdan az olduğu üçün) kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəmkir Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(076)-2842/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar