Məhkəmə qərarları › İş №2(104)-797/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-797/2024

21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-797/2024 21.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X4 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı X5, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) X9 iştirakı ilə İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2(125)-6491/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 may 2024cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin HK-1/50 nömrəli xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı vəfat etmiş oğlu Röyalla 2019-cu ilin noyabr ayından başlayaraq birlikdə qızıl-zinət əşyalarının alqısatqısı ilə məşğul olmuşlar. Qızıl sifarişi olanda Röyala demiş, oda qızılları satmaq üçün ona vermişdir. Röyal vəfat etməmişdən 40000 manat dəyərində qızıl-zinət əşyalarını Gəncə şəhəri Sabir küçəsində Mərhəmət adlı şəxsə məxsus Firuzə qızılzinət mağazasından, Gəncə şəhəri Mərkəzi Univermaqda işləyən Ramin və Elnur adlı şəxslərdən götürüb satmaq üçün ona vermişdir. O, da qızıl-zinət əşyalarının müəyyən hissəsinin pulunu hissə-hissə Röyala qaytarmışdır. Şahid1 götürülən qızılların pulundan 13000 manat qalmış, Röyalın ölümündən sonra isə 500 manat anasına vermişdir. Şahid2 Röyal vəfat etməmişdən əvvəl 3030 manat borcu qalmış, həmin borcdan 680 manat qaytarıb vermiş, Ramindən götürülən qızılın pulundan hazırda 2350 manat qalmışdır. Əliyev Elnura isə onun hazırda 2120 manat borcu qalmışdır.

2. X-ЖГ seriyalı, 85747 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X10 18 yanvar 1986-cı il tarixdə doğulmuşdur. X18, anası İddiaçıdır.

3. AZ-İİ 130476 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 17 oktyabr 2020-ci il tarixdə “hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr” səbəbindən Gəncə şəhərində vəfat etmişdir

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11805 manat və ödənilmiş 125,50 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci il oktyabr ayının 17-də oğlu X2 şəhərində erməni terrorçularının törətdikləri terror aktı nəticəsində ailəsi ilə birlikdə həlak olmuşdur. Oğlu Röyal qızıl alqı-satqısı ilə məşğul olmuş, eləcədə Gəncə şəhəri Sabir küçəsindəyerləşən lombardda qızıl əşyalarına baxıb keyfiyyətini yoxlayıb qiymət qoymaqla məşğul olmuşdur. 2018-ci ildə Röyal Səmayə adlı qadınla tanış olmuş və ölməmişdən əvvəl müxtəlif şəxslərdən qızıl-zinət əşyaları götürüb satmaq üçün Səmayə xanıma vermişdir. Röyal müxtəlif şəxslərdən ümumilikdə 30000 manat dəyərində qızıl-zinət əşyalarını götürüb satmaq üçün Səmayəyə vermişdir. Səmayənin Röyala ümumilikdə 23000 manat borcu qalmışdır. Belə ki, oğlu Röyal, Gəncə şəhəri Sabir küçəsində yerləşən “Firuzə” adlı qızıl-zinət əşyaları satılan mağazadan, yəni Şahid1 14956 manat dəyərində, X6-zinət əşyalarının satışı ilə məşğul olan Şahid2 Elburus oğlundan 4500 manat dəyərində, X7 isə 2430 manat dəyərində qızıl-zinət əşyalarını götürüb Səmayəyə vermişdir. 2020-ci ilin oktyabr ayının 16-da Bakı şəhərində olarkən oğlu Röyala zəng etmiş və ailəsi ilə birlikdə Bakı şəhərinə gəlmələrini təkid etmişdir. Lakin Röyal telefonda ona bildirmişdir ki, Səmayə qızılların pulundan 6000 manat gətirib verməlidir, həmin pulu Səmayədən alıb Mərhəmətə verdikdən sonra Bakı şəhərinə gələcəkdir. Lakin Səmayə həmin pulu gətirib oğluna verməmişdir. Əslində, Səmayə oğlunun borcunu qaytarmaqdan yayınaraq mənimsəmək istəmişdir. Cavabdehin hərəkətləri barədə polisə şikayət etmiş, izahatı alınarkən Səmayə pulu tezliklə ödəyəcəyini bildirsədə, pulu ödəməkdən yayınmışdır. Səmayənin Şahid1 7305 manat, Şahid2 3400 manat və Əliyev Elnura 1100 manat borcu qalmışdır.

6. Gəncə Şəhər Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2(125)-6491/2023 nömrəli qətnaməsi ilə (hakim F.Fərhadov) iddia təmin edilərək Cavabdeh 11805 (on bir min səkkiz yüz beş) manat və ödənilmiş dövlət rüsumuna görə 125,42 (bir yüz iyirmi beş manat qırx iki qəpik) manat alınaraq İddiaçı verilməsi qət olunmuşdur.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567, 600, 1134, 1159-cu maddələrinə, Mülki Prosessual Məcəlləsinin 4, 76, 77, 106.3, 218-ci maddələrinə istinad etmişdir.

b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşadırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, iddiaçının tələb etdiyi məbləğdə borcun olması sübut olunmur, eləcədə polis idarəsində verdiyi izahatında nisyə alqı-satqıya münasibətdə yaranmış borcla bağlı münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş şahidlər də onun nə qədər borcunun olmasına münasibət bildirməmişlər.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları,

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra, əlavə olaraq bildirmişdir ki, oğlu Röyalın digər şəxslərdən alıb cavabdehə verdiyi qızı-zinət əşyalarının pulunu qaytarmaq istəyir. Bu səbəbdən də hazırkı iddianı qaldırmışdır. İddiaçı sonda kollegiyadan ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddiaçının oğlu Röyaldan satmaq üçün nisyə 50000-60000 manat dəyərində qızıl-zinət əşyaları götürmüş, Röyal ölən günə isə ona 13000 manat borcu qalmışdır. Röyal ona verdiyi qızılları Mərhəmət, Ramin və Elnurdan götürmüşdür. Gəncə şəhərinə raket atıldığına görə qızıl satdığı adamların hərəsi bir tərəfə getdiyindən pulu yığa bilməmişdir. Röyalın ölümündən sonra Mərhəmətə 6350 manat, Raminə isə 1200 manat qaytarılmamış borc qalmışdır. Elnurdan götürülən qızılların pulu isə tam qaytarılmışdır. Röyalın ona verdiyi qızılların pulundan hazırda 7550 manat qalmış və həmin pulu da onun anası Təzəgülə qaytarmağa etiraz etmir. Cavabdeh sonda məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) X14 da nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat vermişdir.

14. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, İddiaçı oğlu Röyal Şahnəzorov müxtəlif vaxtlarda ondan qızıl-zinət əşyalarını nisyə götürərək satmaq üçün Səmayə adlı qadına vermişdir. Röyal ölən günə 5400 manat borcu qalmışdır. Sonuncunun ölümündən sonra Səmayə borcun bir qismini qaytarsada, 3300 manat qaytarılmamışdır.

15. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, İddiaçı oğlu Röyal Şahnəzorov müxtəlif vaxtlarda ondan qızıl-zinət əşyalarını nisyə götürərək satmaq üçün Səmayə adlı qadına vermişdir. Röyal ölən günə 15000 manat borcu qalmışdır. Sonuncunun ölümündən sonra Röyalın anası Təzəgül xanımla Səmayə 6600 manat qaytarmışdır.

16. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X13 bildirmişdir ki, Gəncə şəhəri Mərkəzi univermaqda qızıl satışı ilə məşğul olur. İddiaçı oğlu Röyalla dost olmuşlar. Röyal satmaq məqsədilə müxtəlif vaxtlarda ondan qızıl-zinət əşyalarını nisyə götürmüş, ölən günə isə 5200 manat borcu qalmış, onun ölümündən sonra Səmayə həmin puldan qaytarsada, lakin 1100 manat borc qalmışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. Maddə 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

20. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

21. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

22. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

23. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

24. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

25. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

26. Maddə 1134. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

27. Maddə 1159. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) ölən şəxsin birinci növbə vərəsələri hesab edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

33. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

35. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması

Apellyasiya baxışının hədləri

36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

40. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, iddiaçı X10 müxtəlif vaxtlarda Gəncə şəhəri Sabir küçəsində yerləşən “Firuzə” adlı qızıl-zinət əşyaları satılan mağazadan, yəni Şahid1, X6-zinət əşyalarının satışı ilə məşğul olan Şahid2 Elburus oğlundan və X7 qızıl-zinət əşyalarını satmaq məqsədilə nisyə götürərək Cavabdeh vermiş, sonuncuda öz növbəsində həmin əşyaları satıb pulunu qaytarmağı öhdəsinə götürmüşdür. 2020-ci il oktyabr ayının 17-də ermənilərin Gəncə şəhərinə atdığı raket partlayışı nəticəsində X10 və onun arvadı ölmüşlər. İddiaçı oğlu Röyalın ölümündən sonra Cavabdeh oğlu Röyaldan nisyə götürdüyü qızıl-zinət əşyalarının pulunu qaytarmadığını bilib hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmişdir. Cavabdeh da qətnamədən apellyasiya şikayəti vermişdir. Kollegiya şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, iddia tələbini tam təmin etməkdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır.

41. Belə ki, yuxarıda daqeyd olunduğu kimi iddiaçı X5 Cavabdeh onun oğlu Röyala 11805 manat borcunun olduğunu iddia etmişdir. Sonuncu Cavabdeh satmaq üçün oğlu Röyaldan nisyə götürdüyü qızıl-zinət əşyalarının dəyərindən 11805 manat ödənilməməsini qeyd etsədə, lakin bu barədə məhkəməyə hər hansi bir möhtəbər sübut təqdim etməmişdir. Apellyasiya icraatı zamanı isə cavabdeh izahatında bildirmişdir ki, Röyal satmaq üçün ona verdiyi qızılları Mərhəmət, Ramin və Elnur adlı şəxslərdən götürmüş, o da öz növbəsində qızılları satıb pulunun bir qismini Röyala versədə, lakin 13000 manat ödənilməmişdir. Hazırkı iş üzrə iddiaçının polisə etdiyi şikayətdən sonra pulun bir qismini da qızıl sahiblərinə qaytarmışdır. X8 götürüb ona verdiyi qızılın pulundan 6350 manat, Raminin qızıllarının pulundan isə 1200 manat qalmışdır ki, həmin məbləğidə iddiaçıya qaytarmağa etiraz etmir.

42. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).

43. Eləcədə, mülki prosessual qanunvericiliyə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində çağrıla bilər. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Şahid ifadəsi sübut növüdür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, şahid işin nəticəsində maraqlı olmayan, işə aid olan hallar barəsində hər hansı məlumata malik olan, işin araşdırılması üçün məhkəməyə çağrılan şəxsdir. Şahidin işin nəticəsində hüquqi marağı olmasa da, onun başqa marağı (tərəflərdən biri və ya hər ikisi ilə xüsusi münasibətləri- xidməti asılılıq, qohumluq, dostluq və.s.) ola bilər. Belə maraq şəxsi şahid qismində cəlb etmək üçün maneçilik yaratmır, lakin məhkəmə hər bir halda şahidin işdə iştirak edən şəxslərlə, habelə prosesin digər iştirakçıları ilə münasibətlərini aydınlaşdırmalı, onun ifadələrini ciddi yoxlamalı və hərtərəfli qiymətləndirməlidir. Bundan əvvəldə qeyd olunduğu kimi, şahid Eldar Atakişiyev iddiaçının xalasının əridir. Belə olan təqdirdə, kollegiya hesab edir ki, adı qeyd olunan şahidin cavabdehlərlə qohumluq münasibəti, eləcə də iddiaçı tələbinin əsaslı olmasına dair məhkəmə kollegiyasına hər hansı mötəbər subut təqdim etməmişdir. Ona görədə məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin olunması yolverilməzdir.

44. Apellyasiya icraatı zamanı Şahid2, Şahid1 və X13 şahid qismində dindirilmişlər. Şahid2 Röyala verdiyi qızıl-zinət əşyalarının pulundan hal-hazırda 3300 manat, Şahid1 8400 manat, Elnur Əliyev isə 1100 manat qaldığını bildirmişlər. Cavabdeh isə apellyasiya icraatı zamanı Röyalın satmaq üçün ona nisyə verdiyi qızıl-zinət əşyalarının pulundan ümumilikdə 7550 manat (Mərhəmətdən götürülən qızılın pulundan 6350 manat, Şahid2 götürülən qızılın pulundan isə 1200 manat) ödənilməmiş qaldığını göstərmişdir. Göründüyü kimi cavabdeh iddiaçının oğlu Röyalın satmaq üçün ona verdiyi qızıl-zinət əşyalarının dəyərindən ümumilikdə 7550 manat qaytarılmamasını öz izahatı ilə təsdiq edir.

45. Şahid ifadələrinə münasibətdə isə kollegiya qeyd etməyi zəruri hesab edir ki, adları qeyd olunan şahidlərin verdiyi ifadələr hazırkı iddianın tam həcmdə təmin olunması üçün sübut kimi qəbul edilə bilməz. Kollegiya gəldiyi bu nəticəni onunla əsaslandırır ki, iddianın tam, yəni 11805 manat təmin olunması hissədə şahidlərin hər biri maraqlıdır. Çünki hazırkı iddia tələbinin ümumi dəyərini təşkil edən məbləğ məhz adları qeyd olunan şahidlərin iddiaçıya onun oğlu Royalın onlara (hər birinə münasibətdə) borclu olması barədə ötürdüyü məlumat əsasında qaldırılmışdır.

46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Gəncə Şəhər Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2(125)-6491/2023 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmalı, iddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin olunmalı, Cavabdeh 7550 manat alınıb iddiaçı X3 verilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, eləcədə ödənilmiş 125,50 manat dövlət rüsumunun əvəzində 95,50 manat Cavabdeh alınıb iddiaçı X3 verilməli, qalan hissədə iddiaçıya aid edilməlidir.

47. Kollegiya hesab edir ki, iddianın təmin olunması hissədə cavabdeh bu qətnamədən kassasiya şikayəti verə bilər, iddianın təmin olunmaması hissədə isə iddiaçı qətnamədən kassasiya şikayəti verə bilməz.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372- 375, 392-393, 402, 403, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2(125)-6491/2023 nömrəli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin olunsun. Cavabdeh 7550 manat alınıb iddiaçı X3 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi 95,50 manat alınıb iddiaçı X3 verilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçı X3 aid edilsin. İddia tələbinin təmin olunması hissədə cavabdeh qətnamə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. İddia tələbinin təmin edilməməsi hissədə bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar